Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Azərbaycanda ötən
əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
(əvvəli ötən
şənbə saylarımızda)
Bağırov və Şəkinski
1963-cü ilin iyununda
Azərbacan KP MK-nın məsul işçisi Vəli Məmmədovun
Arxiv İdarəsinə göndərdiyi məktub hansı zərurətdən
doğmuşdu?
Həmin il yanvar
ayının 26-da məşhur Azərbaycan alimi, pedaqoq və
ictimai xadim, 1912-ci ildə ilk dəfə nəşr olunmuş
məşhur "Balalara hədiyyə" kitabının
müəllifi Firidun bəy Köçərlinin anadan
olmasının 100 illiyi tamam olmuşdu. Hələ Bakı
Universitetinin aspirantı ikən Azərbaycanda Nəriman Nərimanovun
həyat və fəaliyyətinin ilk
araşdırıcısı olmuş Vəli Məmmədov
altmışıncı illərdə Firidun bəy
Köçərli və onun ömür-gün yoldaşı
Badisabah xanım Köçərli barədə də ilk mənbələrə
əsaslanan materiallar toplamışdı. Bunların
arasında 1903-cü ildə Tiflisdə nəşr olunmuş
"Literatura azerbaydjanskix tatar", 1925-1926-cı illərdə
Firidun bəy Köçərlinin Bakıda işıq
üzü görmüş "Azərbaycan ədəbiyyatı
tarixi materialları" kitabları, Mir Cəlalın "Azərbaycanda
ədəbi məktəblər" doktorluq və Sabir Gəncəlinin
"XIX əsrin axırları və XX əsrin əvvəllərində
Azərbaycanda maarif və mədəniyyətin inkişaf
etdirilməsində Azərbaycan qadınlarının rolu"
namizədlik dissertasiyaları vardı.
Qeyd etmək
lazımdır ki, Vəli Məmmədov Məmmədəmin
Şəkinskinin gənclik illərində yaxından
tanıdığı Nəriman Nərimanov və Firidun bəy
Köçərli münasibətlərinin ilk tədqiqatçılarındandır.
Altmışıncı illərdə Mərkəzi Komitənin
bölmə müdirinə məlum olan həqiqətləri
2010-cu ildə mərhum təqiqatçı-jurnalist Xanlar
Bayramov (bax: Xanlar Bayramov. Gəncə üsyanı - 1920. Sənədlər
və materiallar. Bakı, "Ləman Nəşriyyat-Poliqrafiya"
MMC, 2010, səh.79-80) göstərmişdi: "Gəncə
üsyanı və Nəriman Nərimanov" fəslində
(səh.79-80) oxuyuruq: "1920-ci il iyun ayının əvvəlində
N.Nərimanov "Kommunist" qəzetində yazırdı:
"Qızıl Ordu və ya Azərbaycan Sovet Hökuməti
zarafat etməyi sevmir. İndi ürəkdən gələn təşəkkürümüzü
Qızıl Orduya veririk". Lakin hadisələrin öz məcrasından
çıxması və Gəncədə baş verən
qırğınlardan xəbər tutması Nəriman Nərimanovu
Gəncəyə gəlməyə vadar edir. Gəncə
üsyanından sonrakı qanunsuz həbslər o qədər
genişləndirilmişdi ki, şəhər həbsxanasında
və cəza məntəqələrində yer
tapılmırdı. XI Qırmızı Ordunun xüsusi
şöbəsinin rəisi Libermanın göstərişinə
əsasən II hissədəki erməni evlərinin zirzəmiləri
də ağzınacan müsəlmanlarla doldurulmuşdu. Minlərlə
günahsız insan isə heç bir şəraiti, suyu
olmayan rus kilsəsinin yanında hasara alınmış ərazidə
dözülməz vəziyyətdə
saxlanılırdı... Gəncəyə gələn Nəriman
Nərimanov tutulanların və öldürülənlərin
siyahısını tələb edir. Siyahıda görkəmli
şəxsiyyət Firidun bəy Köçərlinin adı
ilə rastlaşanda qəzəblənir. Həmid Sultanovu tənbeh
edir, Xanbudaqovla birlikdə həbsxananı və dustaqlar
saxlanan yerləri gəzir, yüzlərlə şikayət
eşidir. Bir çox günahsız tutulanları azad etdirir. Bəzi
məlumatlara görə, xüsusi şöbə rəisi
Libermanı və erməni mauzeristləri həbs etdirir".
1963-cü ilin
mayında Azərbaycan KP MK-nın İdeoloji Şöbəsinin
Ədəbiyyat və İncəsənət bölməsinin
müdiri Vəli Məmmədov Firidun bəy Köçərlinin
anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq onun
xatirəsini əbədiləşdirmək məqsədilə
dəyərli bir təşəbbüs göstərir: AZƏRBAYCANDA
DÖVLƏT UŞAQ KİTABXANALARI YARADILSIN VƏ
KİTABXANAYA FİRİDUN BƏY KÖÇƏRLİNİN
ADI VERİLSİN.
Vəli Məmmədov
F.Köçərli barədə bütün materialları
Nazirlər Sovetinin Mədəniyyət şöbəsinə
təqdim edir. Ondan xahiş edirlər ki, məsələyə
hökumət səviyyəsində baxılması
üçün F.Köçərli barədə arxiv sənədləri
də qərar layihəsinə əlavə olunsun. 1963-cü
il iyun ayının 13-də Vəli Məmmədov yoldaşa
Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsindən
aşağıdakı məktub göndərilmişdir:
"Azərbaycan KP MK
ideoloji şöbəsi ədəbiyyat və incəsənət
bölməsinin müdiri V.H.Məmmədov yoldaşa
Göstərişinizi
yerinə yetirərkən F.Köçərlinski barədə
arxiv arayışını Sizə göndəriirik.
ƏLAVƏ. 1 vərəq.
Azərbaycan SSR Nazirlər
Soveti yanında Arxiv İdarəsi rəisinin müavini
M.Naydel".
Bəs bir vərəq
arxiv arayışını kim hazırlamışdır? Oktyabr
inqilabı və Sosializm Quruculuğu Mərkəzi Dövlət
Arxivinin rəisi Şakaryan Amaliya Aramovna. Tanış olun:
"ARXİV
ARAYIŞI
Arxivin "1918-1920-ci
illərdə Azərbaycanda əksinqilabi müsavat
parlamenti" fondunda və "1920-ci ildə Azərbaycan
respublikasının ünvan-təqvim" məlumat
kitabçasında Firidun bəy Köçərlinski belə
səciyyələndirilir: müsavat partiyasından (1919-cu il
yanvarın 8-dək olan siyahıya görə) parlament
üzvü, Müsəlman milli şurasının
üzvü olmuşdur. 1919-cu il fevralın 23-də tərtib
edilmiş siyahıdan məlum olur ki, 1918-ci il noyabrın 16-dan
dekabrın 2-dək müddətdə Qazax müəllimlər
seminariyasının direktoru vəzifəsində işləyərkən
ondan müsəlman milli şurasının üzvü kimi yemək
pulu tutulmuşdur.
Arxivdə 1919-cu il
fevralın 3-də F.Köçərlinskinin parlamentə
teleqramı da saxlanılır. Burada deyilir ki, seminariyadakı
fəaliyyətilə əlaqədar onun parlamentdə fəaliyyəti
bir araya sığmadığına görə parlamentin
1919-cu il 25 yanvar tarixli qərarına uyğun olaraq
deputatlıqdan azad edilsin.
Parlamentin 1919-cu il iclas
protokolunda Köçərlinskinin deputatların tərkibindən
çıxarılması göstərilir.
Azərbaycan SSR Nazirlər
Soveti yanında Arxiv İdarəsi oktyabr inqilabı və
sosializm quruculuğu mərkəzi dövlət arxivinin rəisi
A.Şakaryan".
Beləliklə, Azərbaycan
hökumətinin rəhbərliyi Vəli Məmmədovu məyus
etmişdir. Mərkəzi Komitənin bölmə müdirini
deyil, arxiv rəisi Amaliya Aramovna Şakaryanın mövqeyi
üstün tutulmuşdur: Firidun bəy Köçərli əksinqilabi
müsavat partiyasından parlament üzvü
seçilmişdir. Uşaqlarımızı hansı ruhda tərbiyə
edirik?
Vəli Məmmədovun təklifinin
birinci hissəsi, yəni Respublika Dövlət Uşaq
Kitabxanası yaradılması isə Azərbaycan SSR Nazirlər
Sovetinin qərarı ilə deyil, Azərbaycan SSR Mədəniyyət
Nazirliyinin əmri ilə həll olunmuşdur. Arxiv sənədləri
ilə tanış olun:
"Azərbaycan SSR Mədəniyyət
Nazirliyi
Bakı şəhəri
Əmr N322 31 dekabr 1964-cü il
Azərbaycan SSR
Respublika Dövlət Uşaq Kitabxanasının
yaradılması haqqında
Əmr edirəm:
1. Azərbaycan SSR
Respublika Dövlət Uşaq Kitabxanasının ştat vahidləri
aşağıdakı tərkibdə təsdiq edilsin:
Əliyev N.A. - Direktor
Trubskaya Q.S. - Baş
mühasib
Mehdiyeva M. - Xidmət
şöbəsinin müdiri
Mahmudova S.M. - Təsərrüfat
müdiri
Əhmədova S.M. -
Xidmət şöbəsinin baş kitabxanaçısı
Axundova Q.A. - Oxu
zalının kitabxanaçısı
Basser N.M. - Oxu zalının kitabxanaçısı
Abdullayeva M. - Oxu
zalının kitabxanaçısı
Popova T.P. - Abonoment
şöbəsinin kitabxanaçısı
Rabin E. - Abonoment
şöbəsinin kitabxanaçısı
Ter-Stepanova A.A. - Kütləvi
işlər üzrə baş kitabxanaçı
Nəcəfova S. -
Biblioqrafiya və metodika şöbəsinin müdiri
Malkova M. - Biblioqrafiya və
metodika şöbəsinin metodisti
Hüsenynova Ə. -
Biblioqrafiya və metodika şöbəsinin metodisti
Rudneva T. - Biblioqrafiya və
metodika şöbəsinin biblioqrafı
Dorfman B. - Biblioqrafiya və
metodika şöbəsinin kitabxanaçısı
Əliyeva S. - Komplektləşdirmə
şöbəsinin müdiri
Abdullayeva T. - Komplektləşdirmə
şöbəsinin böyük kitabxanaçısı
Hüseynova Ş. -
Komplektləşdirmə şöbəsinin
kitabxanaçısı
Yusifova T. - Kitab
mühafizə şöbəsinin müdiri
Şəmsiyeva R. - Kitab
mühafizə şöbəsinin kitabxanaçısı
Ağacanova N. - Kitab
mühafizə şöbəsinin kitabxanaçısı
Kərimova Z. -
süpürgəçi
Borisova Y. - süpürgəçi
2. 1965-ci il
yanvarın 1-dək aşağıda adları
göstərilənlər Respublika
Dövlət Uşaq Kitabxanasına keçirilsinlər:
Əliyeva N. - Azərbaycan
SSR Mədəniyyət Nazirliyi
Baş Kitabxanaçılar
müfəttişliyinin baş
inspektoru
Trubskaya Q. - M.F.Axundova adına
Respublika Kitabxanası
mühasibinin müavini
Mahmudova S. - M.F.Axundov adına
Respublika Kitabxanasının
böyük kitabxanaçısı
Əhmədova S. -
M.F.Axundov adına Respublika
Kitabxanasının kitab
mühafizə şöbəsinin
böyük kitabxanaçısı
Nəcəfova S. - M.F.Axundov adına
Respublika Kitabxanasının
baş kitabxanaçısı
Malkova M. - M.F.Axundov adına Respublika Kitabxanası kitab mühafizə şöbəsinin
böyük kitabxanaçısı
Hüseynova A. -
M.F.Axundova adına Respublika Kitabxanası kitab mühafizə şöbəsinin kitabxanaçısı
Rudneva T. - M.F.Axundova adına Respublika
Kitabxanası komplektləşdirmə
şöbəsinin böyük
kitabxanaçısı
Əliyeva S. - M.F.Axundova adına Respublika
Kitabxanası gənclər
oxu zalının müdiri
Abdullayeva T. - M.F.Axundov adınea Respublika Kitabxanası komplektləşdirmə şöbəsinin
kitabxanaçısı
Yusifova T. - M.F.Axundov adına Respublika
Kitabxanası sahə zalları üzrə müdir
Şəmsiyeva R. -
M.F.Axundov adına Respublika Kitabxanası kitab mühafizə şöbəsinin kitabxanaçısı
Basser N. - N.Nərimanov
rayonundakı Abdulla Şaiq adına kitabxananın
oxu zalının müdiri
Popova T. - C.Cabbarlı
adına kitabxananın uşaq şöbəsinin müdiri
Dorfman B. - M.F.Axundov adına
Respublika Kitabxanasının
kitabxanaçı köməkçisi
3. 1965-ci il yanvarın 1-dən
etibarən M.Qorki adına kitabxananın işçilərindən
S.Hüseynova Oktyabr rayonundakı C.Cabbarlı adına
kitabxanaya uşaq şöbəsinin müdiri, Avanesova N.Nərimanov
rayonundakı A.Şaiq adına
oxu zalının müdiri vəzifəsinə
keçirilsin.
4. M.Qorki adına
kitabxananın kitabxanaçısı Ə.Əhmədov
1965-ci il yanvarın 1-dən vəzifəsindən
azad edilsin. Bakı Şəhər İcraiyyə Komitəsi mədəniyyət
şöbəsinin rəisi L.Əlixanov, Azərbaycan SSR Mədəniyyət
Nazirliyi Baş kitabxanaçılıq müfəttişliyinin
rəisi B.Abdullayev yoldaşlara tapşırılsın ki, Ə.Əhmədovu
iki həftə ərzində Bakı şəhəri
kitabxanalarının birində işlə təmin etsinlər.
Azərbaycan SSR Mədəniyyət
naziri M.Q.Qurbanov
31 dekabr 1964-cü il."
(ardı
var)
Teyyub Qurban
Ekspress.-
2012.- 25-27 fevral.-S.15.