Böyük nəslin sonuncu
mogikanı
Sadə insan, gözəl
pedaqoq, əvəzolunmaz ifaçı, yoxsa zadəgan nəslin
nümayəndəsi... Bu keyfiyyətlərin
hamısını özündə birləşdirən şəxsiyyət
haqqında mübaliğəsiz demək olar: sadəcə Əhməd
müəllim.
Mən sənətə
gəldiyim ilk günlərdə Əhməd Bakıxanova qibtə
edir, onun əlçatmaz bir şəxsiyyət olduğunu hiss
edirdim. Həsrətlə onun Azərbaycan radiosunun
qızıl fondunda olan, çox zövqlə
çaldığı "Xaric segah",
"Bayatı-qacar", "Şur", "Humayun" və
s. muğamlarına diqqətlə qulaq asır, vurduğu mizrabları
bircə-bircə izləyərək ifaçılıq
xüsusiyyətlərini qismən mənimsəyirdim...
Böyük ustad, mərhum
xanəndə Hacıbaba Hüseynov tar
ifaçılığıma qulaq asandan sonra məni Əhməd
Bakıxanovun yanına aparacağına söz vermişdi. O
vaxt Əhməd Bakıxanovun rəhbərlik etdiyi Xalq
Çalğı Alətləri ansamblının məşqləri
tibb işçilərinin mədəniyyət evində
keçirilirdi. Nəhayət, 1970-ci ildə Hacıbaba
Hüseynov məni müəllimin yanına apardı. Evdən
çıxanda tarı "Xaric segah" muğamına
kökləmişdim. Binaya daxil olarkən Əhməd
Bakıxanovu, ansamblın konsertmeysteri Həbib Bayramovu və
digər ansambl üzvlərini görərək
özümü itirdim. Hava soyuq olduğundan əllərimin
donu açılmamış Əhməd Bakıxanov mənə
dedi ki, tarı çal qulaq asım. Özümə qürrə
olaraq başladım ifa etməyə. Əhməd
Bakıxanovun barmaqlarını görmədən "Xaric
segah"ı radiodan necə eşitmişdim, elə onun
üslubu ilə də ifa etdim. İfamı bitirdikdən sonra
müəllim mənə dedi ki, mənimlə əlaqə
saxla ki, vaxtı deyim bizə gələsən. Hiss etdim ki,
ifam müəllimə xoş gəldi. Mən Hacıbaba
Hüseynovdan soruşdum ki, müəllim nə dedi. O isə
cavabında: "Hacıbaba, bu lap qaraciyərdən
çaldı ki..." Həmin gün mənim sevincimin həddi-hüdudu
yox idi. Sonra mən müəllimin evinə vaxtaşırı
gedib, onun məsləhətlərinə və
çalğısına dönə-dönə qulaq asaraq
ondan muğam sənətinin dərinliklərini mənimsəyirdim.
Əhməd Bakıxanovun tövsiyəsi ilə Asəf
Zeynallı adına Bakı Musiqi Texnikumunun Xalq
Çalğı Alətləri Şöbəsinə qəbul
olundum. Əhməd Bakıxanov məni özünə tələbə
götürdü. Muğamlarımızın mahir bilicisi,
böyük pedaqoq Əhməd Bakıxanovdan muğam dərsləri
aldım. O, bütün tələbələrə ata kimi
yanaşar və onların qayğısına qalardı.
Ömür-gün yoldaşı Məsmə xanım tələbələri
doğması kimi əzizləyər, onlara nəvaziş
göstərərdi. Müəllim mənə deyərdi ki, təhsilini
bitirdikdən sonra səni Asəf Zeynallıya muğam sinfinə
müəllim götürəcəyəm.
Müəllimin
stolüstü iri bir qeyd dəftəri vardı. O, ibrətamiz
sözləri, zərb məsəlləri, atalar sözlərini
kimin dilindən eşitsəydi, dərhal dəftərə
qeyd edərdi. Bir dəfə televiziya ekranlarında bir xanəndənin
zəif ifasına qulaq asdım. Mən müəllimgilə
gedəndə dedim ki, müəllim, o günkü eşitdiyim
ifa xoşuma gəlmədi. O isə cavabında mənə:
"Vamiq, bədrəng də bir rəngdir" dedi. O vaxtdan mən
bu misalı dönə-dönə işlədərək
müəllimi yad edir, onun bu ibrətamiz cavabına heyran
oluram.
El arasında həmyaşıdları
ona "Əhmədxan" deyə müraciət edirdilər.
Bu ad ona çox yaraşaraq onun soyadının qismən birləşməsi
kimi məşhur nəslin nümayəndəsi kimi ehtiva edir və
ən nəhayəti görkəmli şəxsiyyət
olduğunu təsdiq edirdi.
Tələbə
olduğum dövrlərdə tarım birdən-birə
çox pis hala - çalınmayacaq hala düşdü. Müəllimin
evinə getdim. Tarı ona göstərən kimi diqqətlə
baxandan sonra dedi: "Tarın üz pərdəsi dəyişməlidir.
Eyni zamanda sevinərək dedi ki, yaxşı gəlmisən.
Bu gün həm qonağım olacaqsan, həm də tara üz
çəkəcəyik". Nəhayət, müəllimin
göstərişi ilə tarın üz pərdəsini dəyişəndən
sonra xeyli söhbət elədik. Şam yeməyinə
yaxşı plov hazırlamışdılar. Çox ləzzətlə
plov yedik. Müəllimin qalaylı mis camı var idi. O mənə
dedi ki, çörək yedikdən sonra belə qabda su
içmək çox faydalıdır. Xülasə, gecəni
onlarda qaldım. Səhər yuxudan ayılanda mənə
hökmən çörək yeyəcəksən - deyə
bu kəlamı işlətdi: "Vamiq, səhər yeməyi
bədənin sütunudur. Vəsiyyətim budur ki, heç
vaxt səhər yeməyi yemədən evdən
çıxma".
1973-cü ildə
müəllimin həyatının son günləri idi. Dostum
müğənni Zaur Rzayevlə birlikdə müəllimi
yoluxmağa getdik. Onu da qeyd edim ki, Zaurun sənətə gəlməyində
Əhməd Bakıxanovun çox böyük rolu olmuşdur.
Müəllim artıq yataqda ağır vəziyyətdə
idi. Biz onunla görüşdükdən sonra bizə dedi ki,
Zabul Segah çalıb oxuyaq. Mən Zaurla ifanı bitirdikdən
sonra müəllimin huşda olduğunu nəzərə alaraq
dərindən köks ötürdük və evi tərk
etdik. Bu müəllimlə son görüşüm oldu.
90-cı illərdə
Azərbaycan Televiziyası və Radiosunun fondu
üçün ifa elədiyim "Nəva" muğamı Əhməd
müəllimdən sonra ilk dəfə idi ki, bu səpkidə
səslənirdi. Mən o ifanı 20 Yanvar Şəhidlərimizin
ruhuna ithaf etməklə bərabər Əhməd
Bakıxanovun da əziz xatirəsi üçün işləyib
hazırlamışdım. Hər dəfə o muğam səslənəndə
ürəyimdən bir tikan çıxararaq məni sizinlə
bölüşdüyüm xatirələr aləminə qərq
edir. Tam səmimiyyətlə deyə bilərəm ki, əziz
müəllimim Əhməd Bakıxanova bütün həyatım
boyu özümü borclu hesab edir və sənətimdə
olan bütün uğurlara görə ömrüm boyu ona minnətdar
olaraq ruhu qarşısında baş əyirəm.
Vamiq Məmmədəliyev,
Azərbaycanın Əməkdar artisti,
dosent
Ekspress.- 2012.- 25-27 fevral.- S.12.