Böyük ustad
1972-ci ilin iyun ayı
idi. O zamanlar Bakıda çox məşhur olan Beşmərtəbənin qarşısındakı
bağda böyük alim, Quranın, klassik ədəbiyyatımızın
və əruzun gözəl bilicisi Əli Fəhmi Ələkbərovla görüşdük.
Görüşümüzdən məqsəd ustad
sənətkarımız, muğam
sənətimizin ən
kamil bilicilərindən
biri Əhməd Bakıxanovla bir məsələ barəsində
məsləhətləşmək idi. Əhməd Bakıxanovun Beşmərtəbənin
yaxınlığındakı evinə tərəf yollandıq. Mən o
zamanlar Azərbaycan Dövlət Universiteti ilə yanaşı (o zaman Bakı Dövlət Universiteti belə adlanırdı), həm də Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində
işlədiyim üçün
Əhməd Bakıxanovu,
onunla şəxsən
tanışlığım omasa da, üzdən
yaxşı tanıyırdım.
O dövrdə respublikamızda
ən məşhur xalq çalğı alətləri ansamblının
bədii rəhbəri
olan Əhməd müəllimi mən, demək olar ki, həftədə bir-iki dəfə komitənin binasında, yaxud həyətində görür, onun əzəmətli yerişindən,
ağır-batman davranışından
xüsusi bir zövq alırdım
Xoşbəxtlikdən Əhməd müəllim
evdə idi. Əli Fəhmi ilə görüşüb öpüşdükdən
sonra mənimlə də əl tutub görüşdü.
Əli Fəhmi ona mənim kim olduğumu
nişan verdi. Əhməd müəllim
gülümsəyib atam
Məmmədəli doktoru
yaxşı tanıdığını
dedi. Bu isə
təbii idi, çünki atam o zaman Dövlət Radiosunda "Sağlamlıq"
verilişinin redaktoru idi.
Əhməd
müəllim həyat
yoldaşına: "Məsmə
xanım, zəhmət
olmasa, bizə bir çay ver," - dedi. Stolun üstünə mürəbbəli
çay və şirniyyat gəldikdən
sonra söhbət qızışdı, nə
qızışdı. Əli Fəhmi ilə Əhməd müəllim
Baba Tahirdən, Xəyyamdan,
Sədidən, Hafizdən,
Rumidən farsca şeirlər oxuyub onları təhlil etməyə başladılar.
Mən böyük bir diqqətlə onlara qulaq asır və söhbətlərindən
ləzzət alırdım.
Mən o
vaxta qədər Əhməd müəllimin
mahir tarzən, böyük muğam ustadı olduğunu bilirdim. Lakin onun klassik Azərbaycan
və fars
poeziyasını belə
gözəl bilməsindən
xəbərim yox idi. İki saatdan
artıq çəkən
bu görüşdən
sonra mən Əhməd Bakıxanovun musiqi ilə yanaşı, şeiri, xüsusilə Firdovsi, Rudəki, Nizami, Xaqani, Baba Tahir, Sədi, Hafiz, Cəlaləddin
Rumi, Füzuli kimi nəhənglərin yaradıcılığını belə gözəl bilməsinə heyran oldum və ona
hörmətim daha da artdı.
Yeri gəlmişkən
qeyd edim ki, mən Əhməd
müəllimin böyük
qardaşı Məmmədxan
Bakıxanovu da keçən əsrin əllinci illərinin əvvəllərində Kürdəxanı
kəndində qurulmuş
bir toyda dahi sənətkarımız
Seyid Şuşinski ilə birlikdə görmüşəm. O zaman
Məmmədxan Bakıxanov
toya iki tarla - Azərbaycan və İran tarı ilə gəlmişdi. O hər iki tarda eyni
məharətlə çalırdı.
Əhməd Bakıxanovun
Azərbaycan muğamının
qorunmasında və inkişafında böyük
xidməti vardır.
Tara, muğama hücum
edilən keçən
əsrin 30-cu illərində
Əhməd müəllim
dahi bəstəkarımız
Üzeyir Hacıbəyli
ilə çiyin-çiyinə
verərək milli sərvətimiz muğamın,
musiqi alətlərimizin
şahı olan tarın qorunub saxlanılmasında az iş görməmişdir.
Əhməd müəllim
qocaman musiqiçilərə
dərin hörmət
bəsləyir, gənc
xanəndə və sazəndələrə böyük
qayğı ilə yanaşır, onların xalq içərisində tanınması üçün
əlindən gələni
edirdi.
Əhməd Bakıxanovun
çalğısında lentə
alınmış muğamlarımız,
onun bəslədiyi rənglər və dəramədlər ən
gözəl sənət
nümunələri kimi
musiqi tariximizdə həmişə yaşayacaqdır.
Əhməd müəllimin
yaradıb ömrünün
axırına qədər
rəhbərlik etdiyi Azərbaycan Televiziya və Radiosunun Xalq Çalğı Alətləri Ansamblı sözün həqiqi mənasında əzəmətli
bir musiqi kollektivi idi. Azərbaycanda indiyə qədər
bir çox xalq çalğı alətləri ansamblları
olmuş və indi də vardır.
Tam cəsarətlə deyə bilərəm ki, mən bu
musiqi kollektivlərinin
heç birindən Əhməd müəllimin
ansamblından aldığım
zövqü ala bilməmişəm.
Sevindirici haldır ki,
indi Əhməd Bakıxanovun adını daşıyan həmin ansambl istedadlı tarzənimiz, respublikanın
xalq artisti Möhlət Müslümovun
rəhbərliyi ilə
unudulmaz səntəkarımızın
ənənələrini davam
və inkişaf etdirmək yolunda əzmlə çalışır.
Əhməd Bakıxanov
xoşbəxt sənətkardır,
çünki xalqımız,
dövlətimiz onun əməyini yüksək
qiymətləndirmiş, xatirəsini
əbədiləşdirmişdir. Əhməd müəllimin bir xoşbəxtliyi də ondadır ki, o, vətənimiz Azərbaycana
Tofiq Bakıxanov kimi görkəmli bir bəstəkar bəxş etmişdir.
Vasim Məmmədəliyev,
Akademik
Ekspress.- 2012.- 25-27 fevral.- S.12.