Tamaşaçını təəccübləndirmək
çətinləşib...
Aktyorluq fəaliyyətində
artıq 42-ci teatr mövsümünü yola salan Hacı
İsmayılovla uzun illərdən bəri
çalışdığı Akademik Milli Dram Teatrında
görüşdük. Bir saatlıq söhbətimizdə
yalnız teatrdan danışdıq.
- Növbəti teatr
mövsümünü yola salırsınız. Yəqin ki, hər
bir aktyor köhnə mövsüm bitən kimi yenisinin
başlanmasını həyəcanla gözləyir...
- Sənətə məbədgah
kimi baxanlar sənətin qiymətini daha dərindən
anladıqları üçün, illər keçsə belə,
yenə də ilk gündəki kimi həyəcanlı olurlar.
Mən teatra 1970-ci ildə gəlmişəm, odur ki, tam dəqiqliklə
deyə bilərəm ki, 42-ci mövsümü yola
salırıq.
- Eyni həyəcanı
42-ci dəfə keçirirsinizmi?
- Təbii ki, həyəcan
var, ancaq eyni olduğunu deməzdim. Çünki hər
dövrün, hər ilin, hətta hər anın öz
hökmü var. Məsələn, bizim keçən əsrdə
gördüyümüz işlərlə XXI əsrdə
gördüyümüz işlər arasında fərq
çoxdur, hətta fərq çox böyükdür. Zaman dəyişib,
şərait dəyişib, münasibətlər dəyişib,
insanların dünyaya baxışı dəyişib və s.
Bu baxımdan bir qədər çalışmalısan ki,
vaxtdan, zamandan geri qalmayasan. Bilirsinizmi, XX əsrin
tamaşaçısıyla XXI əsrin
tamaşaçıları bir-birindən tamamilə fərqlənir.
- Konkret olaraq fərq nədədir?
- Məsələn,
indiki tamaşaçıları təəccübləndirmək
bir qədər çətinləşib. Ancaq XX əsrin
tamaşaçısını təəccübləndirmək
çox asan idi. Bəlkə də ona görə ki, əvvəlki
insanlar daha təbii idi, hər şeyə inanırdılar. Təbii
ki, bütün bu dəyişikliklərdə texnikanın da
böyük rolu oldu. Vaxt var idi heç kimin evində televizor,
telefon yox idi, teatra olan maraq üstünlük təşkil
edirdi. Ancaq hazırda maşallah texnologiyalar güclü şəkildə
və sürətlə inkişaf edir. İnternet vasitəsilə
dünyanı səyahət edirsən, əvvəllər
arxivlərdə axtardığın materialları asanlıqla
tapırsan, yəni bütün proseslər bir düymənin
hərəkətiylə həll olunur. Belə olan halda indiki
insanları necə asanlıqla təəccübləndirmək
olar?! Sadəcə bir yol var ki, daha artıq zəhmət
çəkməli, daha çox məsuliyyətli olmalısan
ki, nəticədə düşündürməyi,
inandırmağı bacarasan. Əgər inandıra bilməsən,
deməli sənət tamamilə diqqətdən uzaq qalıb.
- Təbii ki, müasir
dünyanın prosesləri də sənətə öz təsirini
göstərir...
- Çox təsir
göstərir. Ümumiyyətlə, dünyada baş verənlər
sənətlə həmahəng gedir. Sənət zamandan geri
qala bilməz, çünki geri qaldığı zaman
axsayır və tamaşaçılarını itirir. Bu
baxımdan zamanla addımlamaq lazımdır, hətta bir
addım da zamanı qabaqlamaq lazımdır ki,
tamaşaçı təəccüblənsin.
Ümumiyyətlə,
hazırda nə iş görürsənsə, mütləq
dövrün xüsusiyyətlərini nəzərə
almalısan.
- Məsələn...
- Məsələn, əvvəllər
tamaşanın bir pərdəsi, bir şəkli
qurtarırdısa, pərdə bağlanırdı,
başlayırdı dekorasiya qurulmağa. Pərdə
arxasında olan proses səs-küylü olduğu
üçün bir qədər narahatlıq yaradırdı -
çəkic, mismar səsi bütün tamaşa salonunu
bürüyürdü. 15-20 dəqiqədən sonra yeni bir səhnə
tamaşaçıya təqdim olunurdu. Ancaq hazırda hər
şey fərqlidir, bəhs etdiyim duruma heç ehtiyac belə
yoxdu. Tamaşaçılara gəlincə, indiki
tamaşaçılar o qədər dinamik, hadisələrin
tez cərəyan etməsinə o qədər maraqlıdır
ki, sən də məcbursan ki, istər səhnədə, istərsə
də sənətdə bir hadisə qurtardığı zaman
hər şeyi ani surətdə dəyişəsən. Təbii
ki, bu da aktyordan böyük diqqət, böyük məsuliyyət
tələb edir. Daha çox özündə olan qabiliyyəti,
mənəvi, fiziki talantı tamaşaçıya
çatdırmaq lazım gəlir. Ona görə də indiki
sürət keçmişlə müqayisə oluna bilməz.
İndi hadisələr çox sürətlə inkişaf
edir.
Mobil telefonların,
kompyuterlərin, informasiyanın bu qədər zəngin
olduğu bir dövrdə təbii ki, insanları təəccübləndirmək
çətin olacaq. Ona görə də tamaşaçı
daha çox təəccüblənməyə ehtiyac hiss edir.
Ancaq sənətin ecazkar qüvvəsi var ki,
tamaşaçının hər zaman o qüvvəyə
ehtiyacı var. Tamaşaçının ehtiyacı var ki, pərdə
açılsın, gözünün önündə yeni bir
hadisə canladırılsın, elə bir hadisə ki, həyatda
baş verib və yaxud da həyatda baş vermiş hadisəyə
fərqli yanaşmanı seyr etsin və s. Yəni mütləq
tamaşaçını cəlb etməlisən, onu cazibə
qüvvəsi kimi özünə çəkməlisən.
- Siz həm kinoda, həm
də teatrda çalışmısınız. Əslində
hazırda teatrda baş verən proseslərlə kinodakılar
eynilik təşkil edir...
- Bilirsinizmi, istər
kinoda, istərsə də teatrda sənət insanları o
zaman özünə cəlb edir ki, orda yeknəsəklik
olmasın. Məsələn, vaxtilə biz "Bəyin
oğurlanması", "Yol əhvalatı" filmlərinə
çəkilmişdik. O dövrdə bizə qəribə gəlirdi
bəhs etdiyim filmlərin mövzusu,
düşünürdük ki, bəlkə
tamaşaçı qəbul etməyəcək. Ancaq illər
keçdikcə bu filmlər, eləcə də digər filmlərimiz
daha çox baxımlı olur, tamaşaçı sanki hər
dəfə özü üçün yeni bir tapıntı əldə
edir, yeni bir şey götürür. Bu barədə mənə
dəfələrlə tamaşaçılar da deyir, filmlərdəki
sözlər, fikirlər dillər əzbərinə
çevrilir. İllər keçsə də,
tamaşaçını o filmlərdə hələ cəlb
edən cazibə qüvvəsi qalmaqdadır.
- Bir çox film
zamanında deyil, illər sonra qiymətini alır,
düşündürücü mövzu olaraq gündəmə
gəlir.
- Zaman dəyişdikcə
nəsillər də dəyişir. Yəni bir zamanlar Azərbaycan
filmlərinin ən gözəl nümunələrini yaradan sənətkarlar
artıq dünyalarını dəyişiblər, onların
yolunu yeni nəsil rejissorlar davam etdirir. Doğrudur, indiki nəsil
hələlik o dövrün rejissorlarının səviyyəsinə
qalxa bilməyib, ancaq inanıram ki, zaman keçdikcə yeni nəsil
də püxtələşəcək. Rejissor sənəti,
teatr, kino vaxt, zaman tələb edir. Çünki insan müəyyən
dövrdən sonra bir sənətkar kimi püxtələşir,
müəyyən bir dövrdən sonra hər şeyi hiss
edir. Aktyor gənclik illərində üzərinə
düşən rolu instinkt olaraq ifa edirsə, bir qədər
təcrübə qazandıqdan sonra rola həm instinktiv, həm
emosional, həm də intellektual cəhətdən
yanaşır. Aktyor üç cəhəti birləşdirərək
hərəkət etməlidir. Nəzərə alaq ki, Sovetlər
Birliyi dağıldıqdan sonra müstəqillik qazanan ölkəmiz
bir şox çətinliklərlı üz-üzə
qaldı ki, nəticədə də hər sahədə
böhranlar yaşandı. Azərbaycan kinosu və teatrı da
bu böhrandan uzaq qalmadı. Buna baxmayaraq dövlət yenidən
kinonu və teatrı diqqətə aldı, yeni filmlər
çəkilir, yeni əsərlər səhnələşdirilir.
Bu məqamda iki cəhəti xüsusi olaraq qeyd etmək istəyirəm.
Əvvəla kino kinostudiyada yaranır...
- Çox təəssüf
ki, "Azərbaycanfilm"in əsaslı təmirə
ehtiyacı olsa da, hələ də diqqətdən kənarda
qalıb...
- Haqlısınız,
çox təəssüf ki, kinostidiya hələ də fəaliyyətini
tam olaraq bərpa etməyib. İnanıram ki, "Azərbaycanfilm"
fəaliyyətini bərpa edən kimi yenə də ən
gözəl sənət nümunələrinə imza atacaq.
Bir vaxtlar "Azərbaycanfilm" kinostudiyasında
böyük rəqabət olub. Bütün rejissorlar
güclü sənət nümunəsi yaratmaq
üçün yaxşı mənada rəqabət
aparıblar. Bəlkə də bu səbəbdəndir ki, məhz
o illərin filmləri tamaşaçıların daha
çox diqqət mərkəzində dayandı. Axı hər
filmin yaranmasında böyük güc özünü
göstərirdi. Ancaq hazırda filmlər müəyyən
prodakşınlar tərəfindən çəkilir. Şəxsən
mənim bu duruma bir etirazım yoxdu, ancaq düşünürəm
ki, film konostudiyada yaranmalıdır. Bir var ki, ayrı-ayrı
adamlar müxtəlif yerlərdə məşğul olsunlar,
bir də var ki, böyük bir yaradıcı heyət bir araya
gələrək çalışsın. Bunlar arasında fərq
böyükdür. Yeni yaranan filmlərə gəlincəsə,
əksəriyyəti əcnəbi ölkələrdə
mükafatlar, prizlər alıb. Bu yaxşı tərəfi.
Ancaq narahat edən məqamlar da var. Yeni çəkilən
filmlər bir dəfə tamaşaçılara təqdim
olunur, sonra elə bil ki yox olur. Hara qoyulur, necə olur, bax bu durum məni
narahat edir. Bir-iki dəfə kinoteatrlarda
nümayiş olunur, bəs sonra, heç olmasa TV-lərdə də nümayiş olunsun.
- Yeni
çəkilən filmlər
bəzən TV-lərdə
nümayiş olunur, çox vaxt isə, ümumiyyətlə,
nümayiş olunmur...
- Narahatedici
məqam məhz budur. Necə olur ki, filmlər əcnəbi ölkələrdə mükafat
qazanır, əcnəbi
bu filmi görür, ancaq özümüz filmə həsrət qalırıq?!
- Kino dövlətin
himayəsində qalmalıdır,
yoxsa sərbəst buraxılmalıdır?
- Kinonun Mədəniyyət
və Turizm Nazirliyinin nəzdində və diqqətində olması daha önəmlidir. Həm maddi
cəhətdən, həm
də mənəvi cəhətdən də bu çox böyük
önəm daşıyır.
Ancaq özəl formada olsa, çox qarışıqlıq yaranar.
Yenə də təkrar edirəm ki, kinomuzun geridə qalmasının, inkişaf
etməməsinin səbəbi
odur ki, Azərbaycan kinosu öz işini hələ də tam olaraq bərpa etməyib, mütləq öz işini bərpa etməlidir.
Bunun üçün böyük
vəsait, böyük
diqqət lazımdır.
Mən inanıram ki, başqa mədəniyyət
ocaqlarına göstərilən
o diqqət, qayğı
lap yaxın zamanlarda Azərbaycan kinosuna da mütləq sirayət edəcək.
Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycan kinosunun tarixi Azərbaycan xalqının
salnaməsidir. Yəni
bir xalqı tanımaq üçün,
onun adət-ənənəsini,
mənəviyyatını tanımaq
üçün onun kinosuna baxmaq lazımdır ki, nəticədə də necə xalq olduğunu təyin edəsən...
Ulduzə QARAQIZI
Ekspress
.- 2012.- 7-9 iyul.- S.18.