Bağırov və Şəkinski

 

   (əvvəli ötən şənbə   saylarımızda)

 

   Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb...

   Qeyd: Artıq 5 ilə yaxındır, Teyyub müəllimin Mir Cəfər Bağırovla bağlı arxivlərdən gün işığına çıxardığı materialları, müxtəlif sənədləri qəzetimizin hər şənbə sayında "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığı altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin məhkəməsi ilə, məhkəmənin ətrafında cərəyan edən hadisələrlə və ictimaiyyətə məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur. Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.

   Yaxın saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığını yalnız rubrika kimi saxlayırıq.

   Dayım sonra dediklərinə bunları da əlavə etdi: "Mən elə bilirdim ki, M.Şəkinski məndən iyirmi yaş böyük olar. Sonradan öyrəndim ki, hər ikimiz 1900-cü ilin martında doğulduğumuz üçün həmyaşıd imişik. O, çox cəsur insan idi. Şəhərdə onun sorağını eşidən kimi hamı özünü yığışdırırdı".

   Xalq şairi Süleyman Rüstəmin yazdığı xatirələrdən: "30-cu illərdə Sovet dövlət mexanizmi iynə aparatı kimi dəqiq işləyirdi. Hətta Yevlax rayon İcraiyyə Komitəsinin sədri işləyən Məmmədəmin Şəkinskinin rəhbərliyi ilə həmin rayonun malyariya mənbəyi sayılan bütün gölməçələri, bataqlıqları qurudulmuş və ağcaqanadların kökü kəsilmişdi. Xatirimdədir, bir gün Şəkinski rayondakı bütün məsul işçiləri toplayıb bildirmişdi: Kim bu gün rayon ərazisindən bir diri ağcaqanad tapıb gətirsə, ona aylıq əmək haqqı məbləğində mükafat və yazılı təşəkkür verəcəm. Bununla belə həmin gün heç kəs rayon ərazisindən diri ağcaqanad tapıb gətirməyəndə Şəkinski rahat nəfəs alıb bildirmişdi: "İndi deyə bilərəm ki, Yevlaxda təhlükəli malyariyanın kökünü kəsə bilmişəm"."

   Mənimlə birlikdə çalışan bir əməkdaş kimi M.Şəkinski ilə daha yaxın münasibətdə olmuş Qara Nəbiyevin 47 il bundan əvvəl söylədiklərini indi də unutmamışam. Qara Nəbiyevin dediklərindən: "Bizim rəisimiz Məmmədəmin Şəkinski ötən xidmətlərindən danışmağı sevmirdi. Hamı onun keçmiş cəsurluğundan danışır, lakin onun özü bu barədə heç nə demək istəmirdi. Ölkədə milis orqanlarının növbəti yubileyi ərəfəsində M.Şəkinski, nəhayət ki, mənim dəfələrlə etdiyim xahişlərimi nəzərə alıb 1924-1927-ci illərdə Bakı şəhəri və onun ətraf rayonları üzrə milis rəisi işlədiyi zaman rastlaşdığı bir hadisəni xatırlamalı oldu. Mən o çətin illərdə inzibati dövlət orqanlarında çalışarkən indikilər kimi işləmirdim. Demək olar ki, hər gün təkrar-təkrar davam edən müxtəlif cinayət törədənlərlə, daha çox çapavulçularla, cibgirlərlə, dövlət əleyhinə işləyən banditlərlə qarşılaşırdım. Mən belələrini zərərsizləşdirmək üçün bütün üsullardan istifadə etməyə məchur olurdum. O illərdə seçdiyim üsullarından biri belə idi. Əksər millətlərə və müxtəlif yaş hədlərinə məxsus tikdirdiyim paltarlar və üzümə çəkdirdiyim qrim vasitələri daim karıma gəlirdi. Bu geyimlərin köməyi ilə mən həm cinayətkarı, həm də cinayətə məruz qalanı asanlıqla ələ keçirə bilirdim.

   Növbəti günlərin birində məlumat aldım ki, Yevlax rayonundan Bakıya gəlmiş 72 yaşlı bir kişinin cibini soyublar və oradakı ərazi-milis nəfəri də bu hadisəyə biganə baxıb. Düşündüm ki, şəhərdə tez-tez təkrarlanan belə hallara biganə baxan milis nəfərinin sayıqlığını yoxlayım. Səhər lap erkən 72 yaşlı Yevlax kəndlisinin qiyafəsinə girib cinayətin baş verdiyi vağzalətrafı əraziyə gəldim. Hansı ki, o vaxt mənim 25 yaşım var idi. Çiynimdəki xurcunla birlikdə əyləşdiyim və bilərəkdən yuxuladığım oturacaqda cibimdəki pullar görünürdü. Anladım ki, bura dadanan dünənki cibgir yenə gəlməlidir. Belə də oldu. Xarici görkəmi günəş şüasından yanmış çəlimsiz bir oğlan kənardan nəzarət edən milisin papağını görüb cibimdəki pulu götürməyə cürət etmədi. Onun dalınca mənə yanaşan pəhləvan görkəmli digər bir oğlan cibimə əl atanda mən onun qolundan yapışıb özüm seçib təyin etdiyim milisin yanına gətirdim. 72 yaşlı yevlaxlı qocanın dili ilə milisə yalvardım ki, pulumu alıb qaytarsın. Milis nəfəri nəinki pulumu alıb vermədi, hətta məni yalan danışmaqda günahlandırdı. Hay-küyə toplaşan adamların tələbi ilə o, məni yaxınlıqdakı mlis şöbəsinə gətirməli oldu. Bu şöbəni mən özüm təşkil etmişdim. Şöbə rəisi və onun müavini pürrəngi çay içə-içə nərd oynayırdılar. Onlar da məni böhtançı adlandırıb qapıdan bayıra itələdilər. Elə bu an başımdakı maskanı qaldırıb özümün Şəkinski olduğumu bildirdim. Artıq hər şey aydın idi. Bura təyin etdiyim milis işçiləri o illərin qaydaları üzrə öz cəzalarını aldılar. Şöbəyə gəlmiş digər milis işçilərinə bildirdim ki, o gənc oğlanı ağzından qan gəlincə döysünlər. Özü də mənim təşəbbüsümlə düzəldilmiş cavan dana quyruğundan olan şallaqla. Sonra da bildirdim ki, cibimdən çıxardığı pulu ondan alıb qaçan digər oğlanı tutub gətirmək üçün o gənci sərbəst buraxsınlar. Heç yarım saat keçməmiş sərbəst buraxdığım güclü oğlan pulu alıb qaçanı sürüyə-sürüyə dartıb yanıma gətirdi. Mən pulu alıb qaçanı cəzalandırmaq üçün saxlatdırdım və şallağımın ləzzətini görmüş cüssəlini isə şəhər milis idarəsinə gətirib özümə köməkçi etdim. Elə bu cür köməkçilərin əli ilə mən yüzlərlə cinayətkarı zərərsizləşdirməyə nail oldum".

   M.Şəkinski barəsində başqa bir məlumatı 1965-1967-ci illərdə mütəmadi olaraq təyin olunduğum Səbail (26-lar - Ş.H.) rayon seçki məntəqələrinin sədri işlərkən eşitmişəm. Komissiya üzvü seçilmiş yaşlı bir kişi harada işlədiyimi öyrənən kimi M.Şəkinskinin Kommunal Təsərrüfatı Komissarının müavini vəzifəsində işlədiyi illərdə apardığı təşkilatçılıq işlərindən söhbətə başladı. Həmin ağsaqqalın düz 45 il bundan əvvəl söylədiklərini indi də xatırlayıram: "Sizin indiki rəisiniz M.Şəkinskini yaxşı tanıyırdım. O illərdə mən də şəhərin mənzil-istismar kontorlarından birində rəis işləyirdim. Bakının kanalizasiya sistemləri işləmədiyindən yaşayış binalarındakı tualet tullantıları ayrılmış xüsusi faytonlara yüklənir, məhv olunmaq üçün təyin olunmuş ərazilərə daşınırdı. Bu vacib işin vaxtında icra olunmasına nəzarət işlərinə Şəkinskinin özü rəhbərlik edirdi. O, bəzən kiminsə səhlənkarlığı üzündən yollara, yaxud ətrafa tökülmüş tullantıları aşkar etdikdə təqsirkarları möhkəmcə cəzalandırırdı".

   Məmmədəmin Şəkinskinin keçmiş təşkilatçılığı barədə eşitdiklərimdən daha ikisi xatirəmdən çıxmayıb. Mən 1964-cü ildə Şəmkir (sabiq Şamxor - Ş.H.) rayonundan ezamiyyətdən qayıdarkən qatarda yaşlı bir kişi ilə həmsöhbət oldum. Təəssüf olsun ki, adı yadımdan çıxıb. O, Şəmkirə respublikanın arxiv idarəsindən gəldiyimi eşidən kimi M.Şəkinskinin 20-ci illərdə göstərdiyi cəsurluq nümunələrindən xatirə söylədi. Yaşlı kişinin danışdığını dinlədikcə sanki kitablarda oxuduğum əfsanələr yadıma düşürdü. Başqa kupelərdəki adamlar da bizim ətrafımıza toplaşıb yol yoldaşımın söhbətini maraqla dinləyirdilər. Vaqon yoldaşımın danışdığı o qədər cəzbedici idi ki, biz gecə saat 2-yə qədər onu dinləməkdən yorulmadıq. Vaqon yoldaşımın dediklərindən yadımda qalanlar: "M.Şəkinski 20-ci illərdə şəhər milis rəisi işləyəndə mən həmin sistemdə milis nəfəri idim. Şəkinskidən əvvəl Bakıda vəziyyət olduqca gərgin idi. Hələ inqilabdan qabaq şəhərdə dərin kök salmış yüzlərlə quldur dəstələri, demək olar ki, hər addımbaşı yaşayış evlərini, inzibati binaları talan edir, dinc sakinləri qətlə yetirir, misli görünməmiş cinayətlər törədirdilər. Qatarlar Bakıya daxil olanda peşəkar oğru dəstələri vağzalın ətarfında toplaşır, əllərində tutduğu uzun kəndirin uclarına bərkidilmiş dəmir qarmaqları kupelərin, vaqonların içinə atır, sərnişin bağlamalarını yerə salırdılar. Hətta elə hallar olurdu ki, qarmaqlara ilişmiş canlı insanlar da yerə düşüb ölür, yaxul ölümcül xəsarət alırdılar. Belə hallar tez-tez təkrarlanırdı.

   1924-cü il idi. Bir gün eşitdim ki, Mirbəşir Qasımovun təklifi ilə şəhərə çox cəsur bir milis rəisi təyin olunub. Nə qədər çalışsam da, onun üzünü görə bilmədim. Nəhayət, bir gün təzə milis rəisinin rəhbərliyi ilə keçirilən geniş müşavirədə mən onun özünü gördüm. Çox olsa, 24-25 yaşı var idi. Maraqlıdır ki, elə özümo yaşda idim.

   M.Şəkinski şəhərdə dərin kök salmış cinayəktarlığın qarşısını almaq məqsədilə əvvəlcə ayrıca proqram tərtib etdi və həmin proqramın icrasına başlandı. Bütün şəhər və onun ətraf qəsəbələri ərazi-mühafizə dairələrinə bölündü. Eyni zamanda, həmin ərazi-mühafimzə dairələrində yerləşən inzibati binalarının, yaşayış və sosial yönümlü müəssisə binalarının istənilən təcavüzdən qorunması işi bu dairələrə təyin olunmuş kiçik milis dəstələrinə tapşırıldı. Sabahı gün şəhərdə tamamilə başqa mənzərənin şahidi oldum. Bir çox binaların pəncərə və qapı girəcəyində ağır cinayət törədənlərin cəsədləri var idi. Sanki ildırım sürətilə şəhərə yayılan bu xəbər quldur dəstələrini və çapavulçuları lərzəyə gətirmişdi. Bakı şəhərində ilk baxışdan əmin-amanlıq müşahidə edildi. Lakin bu asayiş müddəti o qədər də uzun çəkmədi. Cinayətkar dəstələri yenidən baş qalırdılar. M.Şəkinskinin təşkilatçılığı ilə cinayətkarlığa qarşı mübarizə 1927-ci ilədək davam etdi. Artıq dinc əhalinin rahat yaşamasına normal şərait yaradılmışdı. Hamı sevinirdi".

   Vaqon yoldaşım bir qədər fikrə gedib söhbətini yenidən davam etdi: "M.Şəkinski sözün əsl mənasında cəsur insan idi. O, əsas mərkəzləri Rostovda, Leninqradda, Moskvada, Tiflisdə və ölkənin digər şəhərlərində yerləşən cinayətkar dəstələrini, banda başçılarını, daha təhlükəli dəstə üzvlərini, şəhərdəki çoxsaylı quldurları, cibgirləri ələ keçirmək üçün özünün şəxsi üsullarından geniş istifadə edirdi. O, bu məqsədlə Azərbaycanda, xüsusilə Bakı şəhərində və onun ətraf kəndlərində yaşayan müxtəlif millətlərə, müxtəlif yaş hədlərinə məxsus çoxsaylı paltarlar tikdirmiş, maskalar hazırlatmışdı. Cinayətkarı və cinayətə məruz qalanları həmin paltarları geyməklə, maskaları taxmaqla aşkar edirdi. M.Şəkinskinin ayrıca qrim qoyanı var idi ki, heç kəs onun yerini bilmirdi. Cinayətkarların belə üsullarla zərərsizləşdirilməsi işini o, Bakının milis şöbələrinə də tapşırmışdı".

   Məmmədəmin Şəkinskinin çevik təşkilatçılığı haqqında sonuncu əhvalatı mən 53 il bundan əvvəl - 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix Fakültəsində sonuncu kurs tələbəsi olarkən "Sovet hüququnun əsasları" fənnindən dərs deyən müəllimimdən eşitmişdim. Uzun illər keçdiyindən adı yadımdan çıxsa da, onun xarici görkəmi yadımdadır. Ucaboy, xeyli mədəni görkəmli və ayağının birində xəsarət olduğuna görə əlində tutduğu əsa ilə gəzən hörmətli müəllimim bizi maraqlandıran hər bir suala yetərincə cavab verirdi. Növbəti dərs zamanı mən ona belə bir sual verdim: "Əgər sovet qanunu hamı üçün eynidirsə, bəs onda niyə hamıya tətbiq olunmur?" Müəllimimin cavabı çox qısa oldu: "Əlbəttə, belə də olmalıdır; əgər yüksək rütbəlilər 30-cu illərin Şəkinskisi kimi işləsələr..." Bundan sonra müəllim həmin gün bütün dərsi M.Şəkinskinin 28 il əvvəlki illərdə göstərdiyi cəsurluğuna həsr etdi. "Sovet hüququnun əsasları" fənnindən dərs deyən müəllimimdən eşitdiklərimin bəziləri yadımdan çıxmayıb. Müəllimimin dediklərindən: "Məmmədəmin Şəkinski 30-cu illərin əvvəllərində Azərbaycan SSR Dövlət Siyasi İdarəsində Baş Milisin rəis müavini vəzifəsini aparırdı. Əslində Bakı şəhərində və rayonlarımızda əmin-amanlığın təmin edilməsi onun səlahiyyətində idi. Bundan əvvəllər o, Bakı Milis İdarəsinin rəisi işlərkən cinayətkarlığın qarşısının alınmasında ciddi işlər aparmışdı və respublika rəhbərliyi səviyyəsində böyük nüfuzu var idi. Onun rəhbərliyi ilə əmin-amanlıq yaradıldıqdan sonra Respublika Xalq Komissarlığında şəhərdə nəqliyyat hərəkətinin tənzimlənməsi barədə məsələ müzakirə olunur. Bakı Sovetinə tapşırıq verilir ki, şəhərin mərkəzi küçələrində nəqliyyatın hərəkət istiqaməti birtərəfli olsun. Hökumətin tapşırığı əsasında bu işin icrasına nəzarət M.Şəkinskiyə həavlə olunur. Özüo illərdə şəhərdə avtomobillərin sayı az idi və küçələrdə faytonlara, konkalara daha çox rast gəlmək olurdu. Hətta küçələrdən keçən at və dəvə karvanları da az olmurdu. Qərara görə, şəhərdə hər bir nəqliyyat növünün hərəkət istiqaməti müəyyən olunmalı idi. Qərarın qüvvəyə minməsindən bir gün sonra yoxlanış reydinə çıxan Şəkinski görür ki, Kommunist küçəsi istiqamətindən (hazırda İstiqlaliyyət küçəsi adlanır - Ş.H.) əks istiqamətə doğru bir fayton irəliləyir. O, qərara əməl etməyən faytonun qabağını kəsəndə oturacaqda tanınmış dövlət xadimi Mirbəşir Qasımovu görür. M.Qasımov əsəbiləşərək özünün kim olduğunu bildirdikdə Şəkinski ona belə cavab verir: "Yoldaş Qasımov, əgər dünən qəbul olunmuş dövlət qərarını siz özünüz pozursunuzsa, onda başqalarından nə tələb etmək olar?..""

 

 

   Teyyub Qurban

 

   Ekspress .- 2012.- 9-11 iyul.-  S. 15.