işıq

 

   Eyvaz Əlləzoğlunun xatirəsinə

 

   Estetik, etik-estetik, psixoloji mahiyyəti ilə dünyagörüşü formalaşdıran, duyğular, duyumlar vasitəsilə cəmiyyətin sosial güzgüsünə çevrilən bədii ədəbiyyat kifayət qədər böyük təsir gücünə malikdir. Bu anlamda nəsrin imkanları daha genişdir. Hər nasir bu tezislərin şəbəkəsində ap-aydın görünən əsərlər yarada bilmir.

   Eyvaz Əlləzoğlunun nəsri diqqətçəkəndir. Onu düşündürən, narahat edən mövzular dünənimizin deyil, bu günümüzün irili-xırdalı sıxıntılarıdır, nostalji hissləridir. Əslində bu nostalji hisslərin özübu "Bığlı Kərəm" ("Ölü yay", Bakı, Yazıçı, 1992) heysiyyətinin söz təsdiqidir.

   Bığlı Kərəm xarakterdir, mühitin bətnindən boy göstərən milli-xəlqi dəyərləri yaşadan bir insandır. Onun həyat amalı sədaqətdir, etibardır, mərdlikdir, qorxmazlıqdır. Qaşqa kəhərindən ayrı udduğu havanı da özünə haram bilərdi. Bığlı Kərəm üçün dünya öz varlığını Qaşqanın yalına yatanda təsdiqləyirdi. Qaşqa da Qaşqa idi. Onu pul gücünə ələ keçirə bilməyənlər oğurlamaq niyyətinə düşəndə Bığlı Kərəmin barmaqları beşaçılanın tətiyini isindirdi. Maraqlı bir məqam: Bığlı Kərəm oğruları öldürə də bilərdi - öldürmədi. Bax, Bığlı Kərəmin mərdliyi budur. O ölərdi, qaşqanın qantarğasını yad əllərə verməzdi! Oğruları öldürmür, onları haqq yoluna, halallığa dəvət edir; erkək kəsib barışmağı təklif edir. Bu təklif dolayısı ilə "Düşmən səni daşnan, sən düşməni aşnan" məsəlinin Muğanlı Bığlı Kərəm yozumudur!

   İlk baxışda adi görünən mətləb (mövzu) böyük dəyərlərə işıq salır. Eyvaz Əlləzoğlu milli-xəlqi, bəlkə də regional xarakterin mühafizəçisi kimi sözünü deyir, istəyini, murazını oxucusuna mətləb-mətləb pıçıldayır. Bu pıçıltılar hekayə biçimində duyumları mililliyə kökləyir. Və Eyvaz Əlləzoğlu nəsri özünü təsdiqləyir...

   Ta qədimlərdən at sədaqət, etibar rəmzi olubbu mövzu öz əksini folklorda da, yazılı ədəbiyyatda da kifayət qədər əhatəli tapıb. "Bığlı Kərəm"də ata etibar notlarını Eyvaz Əlləzoğlu "Atcıl Sədrəddin"ə də gətirib. Məişət fonunda çözələnən hadisələrin adiliyinə sığınan qeyri-adilikdən çıxardıb başqalaşdırır, fərdiləşdirir və bu fərdiləşdirmə, əslində Eyvaz Əlləzoğlunun xarakter yaratmaqla ümumiləşdirməsidir; ümumiləşdirilmiş Sədrəddin obrazı günümüzün gerçəkliyidir.

   Bu hekayələrə istinadən deyə bilərik ki, yazıçı Eyvaz Əlləzoğlu zaman anlamında dünəndən aldığı mövzulara bu günün bədii prizmasından baxmaqla nəinki dünənimizi tarixləşdirir, həm də dünəndən sabaha kimi xüsusiyyətlərin daşıyıcısı olan ədəbi körpü salır, bu körpünü görənlərin də bu körpüdən keçənlərin də xoş halına!..

   Eyvaz Əlləzoğlunun üz tutduğu məkan kənddir, kəlmələşdiyi, dərdini, qayğısını çözdüyü kənd adamlarıdır. O, yaddaşının işığında baxdığı kəndə, kənd adamlarının səmimiliyinə aludəliyini gizlədə bilmir, əslində buna səy də göstərmir, adamları olduğu kimi qələmə alan Əlləz oğlu Eyvaz da özü kimi görünməyi, öz sözünü deməyi bacarır - kimsəni təkrarlamır. Təkrarsızlıq isə ədəbi mədəniyyətdir. Yaradıcılığı, ədəbi mədəniyyət süzgəcində ilişib qalmayan Eyvaz Əlləzoğlu Nəcəfə də ("Gəzinti"), Veysələ, Şiraslana da ("Əliboş qayıtdılar") sirdaş olur, onların ürək döyüntülərini ürəyinə, ürəyindən kağıza köçürür.

   Eyvaz Əlləzoğlu can yandırdığı, dərdini bölüşdüyü, xoş gününə sevindiyi adamları mövcud şərait, daha dəqiq desək, çağdaş məkan-zaman ülgüsündə təqdim edir, tanıdır. Bundan beləsi oxucunun ixtiyarındadır; sevə də bilər, nifrət də edər, halına acıyar da, kölgəsini qılınclayar da. Bədii ədəbiyyatın başlıca vəzifələrindən biri oxucunun diqqətini müəyyən mətləblərə yönəltməkdir. Eyvaz Əlləzoğlu bunun öhdəsindən ləyaqətlə, məsuliyyətlə gəlir. El arasında deyildiyi kimi, "ürəyini xonça edib dəyərli oxucuların qarşısında açır"; kim nəyi istəyirsə, onu da götürür. Mən bir oxucu olaraq o "xonçadan nəyi götürməyə çətinlik çəkirəm. Seçim çox olsa da, ayırd edə bilmirəm - hamısı gözəldir! Gözəl obrazlar qalereyasında gözümü çəkənlərin hansının daha gözəl olduğunu ayırd edə bilmirəm - mənimmi suçumdur? Ürəklə, yanğılarla, sevgilərlə yaratdığı üçün Eyvaz Əlləzoğlununmu günahıdır? Günahsızlıq, suçsuzluq içində "Köhnə bağ"a baxıram; təhkiyyənin səmimiliyi, təhkiyyəyə cəlb edilən mətləb bədii ehtiyacımı sığallaya bilir - soydaş sayğısı ilə..."

   "Bir bölük uşaqdıq. Nuh Nəbi dövründən qalma ağacların arasıyla qaçır, inəklərin bağı tapdamasına göz qoyurduq. Hərdən dayım bağa oğurluğa düşən cumbulu uşaqları atın qabağına qatıb gətirir, oğurladığı kal meyvələri yeməyə məcbur edirdi..."

   Sözlərin sırası, mətləbin açılması üçün səmimilik, axarı, etiraf çaları... nə qədər uğurludur!

   "...Köhnə karxanada laqqalaqla (kursiv bizimdir - R.İ.) süd içən küçüklərə ağalıq evinin bağından gəlib qoşulan ilanlara baxa-baxa bağrımız yarılırdı...", fikirləri də həmçinin!..

   ..."Bağrımız yarılırdı" söz birləşməsi "qorxurduq" ifadəsinin sinonimidir. Eyvaz bədii "məni"nin dilindən "...ilanlara baxanda qorxurduq" yazsaydı, o məqamı bu qədər həyəcanla, doğmalıqla yaşaya bilməzdik. Ümumiyyətlə, Eyvaz Əlləzoğlu unudulmaqda olan sözlərə, adətlərə olduqca səmimiyyətlə yanaşır, milli-xəlqi təfəkkürünü, ədəbi dilin təsiriylə sağırlaşdırmır. "Böyümüşdü" ifadəsini "yekələnmişdi", "Nəbinin qızını döymək" ifadəsini "Əlinin geyişiyini Nəbinin qızından almaq", "birnəfəsə udmaq", "ümid" ifadəsini "umud" kimi yazmaqla həm özünün üslubunu möhürləyir, həm də el-obaya, bu anlamda xalqa, millətə sayğısını təsdiqləyir.

   Eyvaz Əlləzoğlu "Yarımçıq ev" hekayəsində çox incə bir mətləbə toxunur; ürək ağrısı ilə, qədərsiz təəssüflərlə, bir qədər də gileylə. Bu gileyin ünvanı bizik - o gileyin yaranmasına səbəb olmuş şəraiti yaradanlardı.

   Ta qədimlərdən toylarımızın ovqatına tavar saz sığal çəkib, toylarımızı könül xoşluğuna dönən saz xallarıyla - gülləriylə uğurlayıb. Sazın sıxışdırılması - urvatdan düşməsi zamanın üz qaralığıydı. Və Eyvaz Əlləzoğlu böyük bir mətləblə qısa, epizodikolsa, bu mətləbə toxunur: "...Aşıq Sadığı daha toya-zada çağırmırdılar, gəlib çörək pulunu buradan ("stolovadan - H.İ.") bir təhər çıxarırdı".

   Təxəyyül, yazıçı təhkiyəsi, reallıq - Eyvaz Əlləzoğlunu bir yazıçı kimi bu məqamlar xarakterizə etsə də, istedad daha aparıcıdır. Eyvaz Əlləzoğlunun "Ölü yay" kitabındakı hekayələrdə məhz istedad (istedad təkcə nə demək deyil, necə demək kimi təzahür edəndə) özünü daha qabarıq şəkildə təsdiq edir. Şəmşirin situasiyası ilə Aşıq Sadığın situasiyası, belə demək təbiri-caizsə, süd qardaşıdı, onların situasiyalarının süd anası şəraitdi, dövrdü, zamandı. Eyvaz Əlləzoğlu bu dövrün, zamanın, şəraitin bir çalarına müraciət eləməklə dövrün tarixini tarixləşdirir. Tarixləşən tarix isə hər birimizin yaddaşımızı özünün beşiyi eləməlidir...

   "Yarımçıq ev"in tikilməsi dialektik axardır. "Arvad qoltuğuna sığınmağı" qurumsaqlıq bilən Şəmşir illərin o üzündən o günümüzə barmaq qıcayır. Bu, Eyvaz Əlləzoğlunun təxəyyülünün təntənəsidir. Bu gün "arvad qoltuğuna sığınanlar" Şəmşirin lənətinə tuş gəlməkdən çəkinirmi? Bu məqamda Mirzə Cəlilin Kefli İskəndərini xatırlayıram; hər dövrün öz Kefli İskəndəri olur Eyvaz Əlləzoğlunun Şəmşiri günümüzün Kefli İskəndəridir...

   Eyvaz Əlləzoğlu istedalı yazıçıdır. Onun hər hekayəsinin öz işığı var bu işıqlar toplusu Eyvaz Əlləzoğlu yaradıcılığının öz işığıdır. Qədirbilənlərin gözləri həmişə o işıqdan nur içib, içir , içəcək !..

    Eyvaz Əlləzoğlunun təfəkküründən süzülən, həyat hadisələrinin bədii əksi kimi təzahür edən hekayələri etik-estetik, ənənəvi dəyərlərə söykənən sayğıların üstqurumu kimi alınmalıdır. Hər hekayə günümüzün bir (bir neçə) anının tarixi olsa da, tariximizin çağdaş tarixidir. Eyvaz bu tarixi öz rəngində təqdim edir. Öz rəngində təqdim edilənlər isə reallıqdan bir o qədər fərqlənmir...

   "Yatan dinozavrlar"a (Bakı, Gənclik, 1993) bu günün işığından baxanda zaman anlamında dünəndə qalan, xatirələşən anları-günləri yenidən yaşamaq istəyirsən. O anların, günlərin şirini ki, şirindi ..."acısı da bal dadır".

   Hər "Təsadüfi görüş" yaddaşlara hopa bilməz. E.Əlləzoğlunun "Təsadüfi görüş"ü kövrəkdir, giziltisi hiss olunmayan görüşdür.

   Son vaxtlar heç kimlə ürək dolusu dərdləşə bilməyən bədii "mən"in "ürək qızdırdığı" bir kimsəsi yoxuydubu görüş onun dumanlı düşüncələrini silkələmişdi. Bəlkə də bu səbəbdən tanış qadının "təklifini gözləmədən "Gedək", - dedi". Bu məqamı hamımız yaşamışıq. Ancaq, beləmi? Yox, Eyvazın təxəyyülündən doğan "mən" bir ayrı ovqatla yaşayır və pulsuzluğu onun içini didişdirirdi.

   Nə dərdi varıydı "Mən"in? - dərdini fotoatelyenin həyətində bir siqaret çəkməklə ovundurmaq istəyirdi. Eyvaz deməsə də (yazmasa da!), onun varlığını dara çəkən dərd siqaretin acı tüstüsü ilə ovunması, yanası, kül olası dərd deyil,

   Bəlkə dərdi övladsızlıq dərdi idi? - tanış qadının uşağını qucağına götürəndə içi işıqlandı elə bil.

   Bəlkə dərdi sevgisizlik dərdi idi? - "İldə bir qızla gəzir, sonra aralanırdı".

   Ona tələbəlik illərinin xoş anlarını da, qəhər dolu günlərini də yenidən yaşadan bu qadının həyata boyun əyməməsi - mübarizliyi onu təəccübləndirsə də, özünü qınadı. Onun ömür verdiyi, can qoyduğu şeylərə kimsənin məhəl qoymaması, onun düşüncələrini, həyata münasibətini ikiləşdirirdi. İkiləşən dünyanın ikiləşən iki vətəndaşı ikili yolayrıcında kəlmələşirdi və nə qədər qəribə görünsə də, qadın içindəki duyğuları gizlədə bilmirdi, tələbəlik illərini çiyin-çiyinə yaşadığı bu adamdan məsləhət istəyirdi elə bil...

   Qadın ünvanını ona verəndə "xeyli yerində durub qaldı, sonra əlindəki vərəqə baxdı. Qadının yazıb verdiyi ünvan idi..."

   Onlara gedəcəkdimi?

   Tələbəlik illərində yekəxanalığı ucbatından hər adamı bəyənməyən bu insan dərdini yumşaltmaq istəyində olduğu halda, dərdinin üstünə dərd gəlmişdi. Dünyagörüşünün məcrasına sığışmamasının cəzasını çəkirdi...

   Eyvaz Əlləzoğlunun "Təsadüfi görüş"ü təsadüfi mövzu deyil. O, bu görüşün - ömrü 30-40 dəqiqə çəkən bu məqamın etik-psixoloji məzmunu düşündürücüdür. Və məzmun arxasında qalan mətləbləri duymadan "Təsadüfi görüş"ün kövrəkliyini, mənəvi təmizliyə çağırış çalarlarını görmək mümkün deyil...

   Hər fərd özlüyündə bir Nüsrətdir ("Yatmış dinozavrlar"). Həyatda dondurma satan qadınlar da az deyil. Dünyanın atişləməz yollarına çıxmaq istəyən yolçunun dizinə taqət, ürəyinə təpər verə biləcəkdimi bu dondurmalar? o dondurmaların soyuqluğundan can qurtarıb "pivə xiyar qoxusu verən yataqxana otağı"na can atan o ehtimalı, yolçunun istəyini dünya əridəcək...

   Nüsrətin gətirdiyi qızların cazibədarlığı onun duyğularına sığal çəkə bilməzdi, içində çoxdan ölmüşdü duyğuları, o duyğuları öz əliylə çoxdan boğmuşdu. Onun içində "hər şey sovrulmuşdu". Bu göl, restoran, üstünə yeriyən soyuq xatirə dalğaları... onun gözlərini çəkə bilməzdi. Niyə? Eyvaz Əlləzoğlunun yozumunca hər ürəkdə yatmış dinozavr var. o dinozavr oyanarsa, (nələr) olacaq? Bu nəyin (nələrin) yozumunu oxucu özündən soruşmalıdır: kim olmuşam, kiməm? O dinozavr yaşanılan illərdəki qəbahətlərin, günahların, suçların ürəkdə maddiləşmiş inikasıdır. Dinozavrların oyanması üçün mütləq bir stimul olmalıdır. O stimul duyum olmalıdır - görüntü ola bilər, xatirə , şirin xəyal da. E.Əlləzoğlunun yozumunca, o dinozavrların oyanması təbiətlə ilişgilidir. "Bu dünyanın hay-küyündən, yalan-palanından bezəndə yay gecələrinin səssizliyini dinlə. Gör, onlar içində yatan dinozavrı oyadacaqmı?"

   Bu fikrin mətləbaltı məzmunu da var: bəlkə o dinozavr, elə dünyanın səs-küyüdü, yalan-palanıdı? Onda o dinozavrın oyanmaması daha məsləhətdi. Eyvaz bu məntiqə söykənməklə incanın içində dinozavrların mütləqliyi konsepsiyasını irəli sürür yazıçı təxəyyülü ilə bunu təsdiqləyə bilər.

   "Yatan dinozavrlar" oxucunun şüuraltı duyumuna diktə edir ki, dinozavr dünyana meyllənsin, meyllənib ürəyini beşiyə çevirsin, oyanınca uyusun! Oyananda nələr olacaq? - özün bilmirsən...

   "Ayağını günün qızdırdığı su ilə yuyan" bədii "mən"də yağış həsrətindədi.

   Cəlalla "toqqanın altını bərkidəndən sonra Rəhmangilə yollanma" adi münasibət üstə köklənmiş dinamiklik deyil. Bu, boşluğun "bəlasıdı" (müəllifin sətiraltı məntiqi: boşluq, işsizlik yağışa həsrət qalan torpaq kimidi...).

   Eyvaz Əlləzoğlunun "Sonuncu seans", "Xoşbəxtlik", "Durnalar qayıdırdı" hekayələri sənətkarlıq baxımından diqqəti çəkir; bu hekayələr sözlə hadisənin mahiyyətini çəkə bilir, sözlə hadisələr assosiasiyasında mahiyyət üfüqləri yarada bilir məntiqlə sətiraltı mənaların harmoniyası oxucunu düşündürə bilir...

   "Məzuniyyətini götürəndən sonra əriyib torpağa çökmüş istinin əlindən baş götürüb soyuq bir yerə, yaylağa çıxmaq" istəyən bədii "mən" həyatında dönüş olacaq bir yağış həsrətindəydi. E.Əlləzoğlunun "Yağış həsrəti"ndə hekayəsinin məntiqi ədəbi yozumu: hər ürəyin bir yağış həsrəti var. O yağış yağmayınca könül xoşluğu çiçəklənməyəcək...

 

  

   Həmzəli İlyas

 

   Ekspress .- 2012.- 7-9 iyul.-  S. 14.