Qondarma
"erməni soyqırımı" iddiaları tarixi
saxtalaşdırmaq cəhdidir
Hər il aprelin 24-də dünyanın dörd bir
yanına yayılmış ermənilər uydurduqları
soyqırım gününü qeyd edirlər. Bu, həm
diaspor tərəfindən, həm də Ermənistanda dövlət
səviyyəsində həyata keçirilən bir mərasimdir.
Ermənilər əlləri çatan hər yerdə
"soyqırım" abidələri qoyaraq özlərinin əzabkeş
obrazını yaratmağa çalışırlar. Bundan həm
siyasi, həm də maliyyə dəstəyi almaq
üçün istifadə edirlər.
Münaqişənin tarixi etimologiyası
nədir?
Əslinə baxsaq, erməniləri bir etnos kimi məhv
olmaqdan məhz türklər, Osmanlı imperiyası xilas edib.
Bunun tarixdə dolayı sübutu: XX əsrin ortasında
soyqırıma məruz qalan yəhudilərə də məhz
Türkiyə əl uzadıb. Türklərdə başqa
etnosu soyqırım edəcək qədər nifrət
olsaydı, o yəhudiləri də xilas etməyə
çalışmazdı. Birbaşa sübuta gəlincə,
tarixən ermənilər fars, Makedon, Selefkit, Roma, Part, Sasani,
Bizans, ərəb və türklərin, o cümlədən
Xilafətin və Osmanlı imperiyasının hakimiyyətləri
altında yaşayıblar. Ancaq məhz Osmanlı
imperiyasında türklərin dəstəyilə vahid bir etnos
kimi formalaşıblar. Əgər türklər ermənilərə
qarşı əsrlər sonra soyqırım törədəcək
qədər aqressiv olsaydılar, etnosa çevrilməsinə
imkan verməzdilər. Qərb tarixçiləri də bunu
yazıb. Ermənilər isə bir etnosa
dönüşdükdən sonra yeni imperiyaların əlində
türk millətinə, türk dövlətlərinə
qarşı silaha çevrildi.
Rusiya erməni etnosunu Osmanlıya və Türkiyəyə
qarşı faktik bir terror təşkilatı halına gətirib.
Tarixi mənbələrə görə, Rusiyanın köməyi
ilə qurulan ilk erməni təşkilatları Hinçak və
Daşnak Anadoluda, eləcə də, tarixi Azərbaycan
torpaqlarında kütləvi qətliamlar törədiblər.
Ermənilər 1890-cı ildə Ərzurumda, 1892-1893-cü
illərdə Kayseri, Yozqat, Çorum bölgələrində
üsyan qaldıraraq Rusiyanın sifarişini yerinə yetiriblər.
Osmanlı dövləti bunları yatırsa da, ruslar və
Avropa hakimiyyətləri "İslahat" adlı layihə
ilə Osmanlı dövlətinin daxilinə nüfuz etməyə
çalışırdılar; erməniləri
hamılıqla silahlandırıb türk dövlətinə
qarşı qaldıraraq saxta erməni məsələsi
yaratdılar. Osmanlının üsyanları yatırmaq,
öz təbəələrinə qarşı kütləvi
qətliamı önləmək cəhdlərini ruslar və
Avropa hakimiyyətləri bütün dünyaya soyqırım
kimi təqdim edirdi. Ermənilər özləri də bu siyasətin
həm alətinə, həm də qurbanına çevrildi -
bu məsələ onların ictimai şüurunda
oturuşaraq kütləvi psixoz halına gəldi.
Erməni iddiaları: uydurma rəqəmlər
və gerçək statistika
Hazırda erməni diasporu "erməni
torpaqlarının Osmanlı imperiyası tərəfindən
işğal edildiyini", 1877-1878-ci il müharibələrindən
başlayaraq, erməniləri "sistemli şəkildə qətl
etdiyini", Tələt Paşanın bu qətllər
üçün gizli əmrlər verdiyini,
"soyqırıma məruz qalan ermənilərin
sayının 1,5 milyon olduğunu, türklərin 1915-ci ildən
başlayaraq planlı şəkildə" soyqırım həyata
keçirdiyini iddia edir. Ancaq tarixi sənədlər və mənbəələr
araşdırılarkən başqa bir mənzərə ilə
qarşılaşırıq. O dövrün rəsmi
yazılarında, mənbələrində erməni
patrikxanasına görə, erməni əhalisinin sayı 2,5
milyon, Lozan konfransı heyətinə görə 2,2 milyon,
Osmanlı arxivinə görə isə 1,001 milyondur.
Azərbaycan Milli Məclisinin deputatı, tarix elmləri
doktoru, professor Musa Qasımlı 1,5 milyon erməninin
öldürülməsi haqda iddianın tamamilə uydurma
olduğunu deyir: "Çünki Anadoluda heç vaxt bu qədər
erməni yaşamayıb. Əgər o qədər erməni
öldürülsəydi, toplu məzarlıqlar olardı.
Ancaq indiyədək bir dənə də olsun belə toplu məzarlıq
tapılmayıb. O zaman sual yaranır: Anadoluda bu qədər
erməni olmayıbsa, onda həmin 1,5 milyon adam harda
öldürülüb? Onlar sonradan necə artıblar? Ölənlər
necə doğub-törəyib?"
Tarixi arayış: əslində 1915-ci
ildə nə baş verib?
Tarixi mənbələrə baxdıqda bunları
görürük: Osmanlı və Çar Rusiyasi Birinci
Dünya Müharibəsində bir-biri ilə savaşarkən
Anadoluda formalaşan erməni milli terror təşkilatları
Kars və Ərzurum şəhərlərində Osmanlıya
qarşı hücumlar edir, yerli əhalini qətlə yetirir,
kəndləri və şəhərləri qarət edib
yandırırdılar. Bütün bunları nəzərə
alaraq, Tələt Paşanın təklifi ilə 27 may 1915-ci
ildə "Yerdəyişmə qanunu", yəni TƏCHİR
qəbul edildi və həmin il iyunun 1-də "Takvim-i
Bakayi" qəzetində dərc olunduqdan sonra qüvvəyə
mindi. Qanunda açıq şəkildə göstərilirdi
ki, Osmanlı dövləti müharibə şəraitindədir
və belə bir durumda dövlətə qarşı üsyan
edən hər hansı etnik qrup və ya zümrə kim
olursa-olsun, köç etdirmə siyasətinə daxil etdiriləcək.
Türklərə kin bəsləyən xarici dairələr və
erməni terror təşkilatları bu yerdəyişmə
qanununu "erməni qətliamı və
soyqırımı" adlandırmışlar. Və
günümüzdə də bundan istifadə edirlər.
Türkiyə Cumhuriyyəti hökumətinin tarixçilərdən
ibarət ortaq komissiya yaratmaq və arxiv sənədləri əsasında
bunu araşdırmaq təklifindən isə qaçırlar.
Arxiv sənədləri nə deyir?
Professor Musa Qasımlı deyir ki, əslində
Türkiyə və Azərbaycan arxivlərindən istifadə
etmədən də ermənilərin bu iddialarının yalan
olduğunu sübuta yetirmək mümkündür. Təqdiqatçı
alim Rusiya və Gürcüstan arxivlərindən "erməni
soyqırımı"nın uydurma olduğunu sübut edən
mənbələr tapıb: "Rus məmurlarının və
xüsusilə Qafqazda işləyən rəsmi şəxslərin
mərkəzə göndərdikləri bütün sənədlərdən
ermənilərin terror dəstələri qurmaları və
dinc türk-müsəlman əhalini qırmaları öz əksini
tapıb. Bu sənədlərdə yazılıb ki, erməni
silahlı dəstələri 1862-cı ildə Zeytunda, 1905-ci
ildə, 1906-cı, 1918-20-ci illərdə Cənubi Qafqazda
müsəlmanlara qarşı qırğın törədiblər.
Orda dəqiq göstərilir ki, bu qırğınların əsas
təşkilatçısı "Daşnakstyün" olub.
Bundan başqa XIX əsrin sonunda Türkiyə ərazisində
baş vermiş qiyamlarda xaricilərin əli olduğu
aşkar görünür. Sənədlərdə qeyd olunur
ki, Avropa ölkələri Osmanlı dövlətini
parçalamaq, onun ərazisində xristian dövlətləri
qurmaq üçün erməniləri qiyamlara sövq edirlər".
Bekston və Çobanyan - yalanlar və
həqiqət
Deputatın sözlərinə görə, 1916-cı
ilin fevralında Şarrold Bekston adlı ingilis jurnalist ermənilərin
dəvəti ilə Qafqaza gəlir və burada ona uydurma
idialarla bağlı yalan məlumat verilir. Bekston ermənilərə
məxsus "Ararat" qəzetində material
hazırladı. Bununla bağlı ermənilər kampaniyaya
başladılar. Bolqarıstan erməniləri tərtib etdikləri
siyahıda guya 850 min erməninin
öldürülüdüyünü yazdılar. Amma Parisdə
yaşayan erməni yazıçısı Arşak
Çobanyan "Həqiqət" adlı məqaləsində
yazırdı: "Amerikan missiyası gəldi, o işləri
yoxlayıb gördü ki, bu qədər erməni öldürülməyib.
Həqiqəti söyləməkdən qorxmaq lazım
deyil".
M.Qasımlı bununla onu vurğulayır ki, o zaman da
indiki kimi dünya mətbuatında bu məsələni
şişirdənlər vardı.
"Erməni soyqırımı" iddialarının
siyasi genesizi
Hələ Sovetlər Birliyinin tərkibində
olduğu zaman belə ermənilər Türkiyəyə
qarşı "soyqırım" iddialarını irəli
sürürdülər. Ancaq beynəlxalq səviyyəyə
çıxara bilmirdilər; həmin məsələni
SSRİ öz maraqları üçün istifadə edirdi.
1991-ci ildə "müstəqillik" qazanmış Ermənistan
Rusiyanın da istəyinə uyğun olaraq Konstitusiyasında
Türkiyəyə ərazi iddialarını və sözdə
erməni soyqırımını təsbit etdi. Bundan başqa
erməni diasporu özlərinin yaşadıqları dövlətlərin
siyasətinə təsir üçün bu məsələni
beynəlxalq səviyyəyə qaldırıb və ondan
yararlanır. Nəticədə 20-yə yaxın dövlət
bu "soyqırım"ı tanıyıb.
İsveçrə hətta "erməni
soyqırımı" iddiasını inkar edənlərin
cinayət təqibini də qanuniləşdirib. Eyni
addımı Fransa da atmışdı, ancaq Konstitusiya
Şurasından keçmədi. Müxtəlif dövlətlərin
bu erməni iddiasını öz parlamentlərində qanuniləşdirmək
həddi də səbəbsiz deyil; xristian dünyası
Türkiyənin yenidən güclənərək Orta Şərqdə
aparıcı liderə çevrilməsindən, bundan sonra Azərbaycan,
eləcə də, İranın şimalındakı Azərbaycan
türkləri, Rusiyanın cənubunda türkdilli və
müsəlman etnik azlıqlarla bir araya gələrək Mərkəzi
Asiyaya nüfuz edəcəyindən, Rusiyanın şərqindəki
və Çinin şimal-qərbindəki türk
toplumlarına təsirini artacağından çox çəkinirlər.
Bu halda onun Avropa Birliyinə yolunun bağlanması da çətin
olar və bu gücə sahib Türkiyə çağdaş
Osmanlı deməkdir. Türkiyənin yeni bir supergücə
çevrilməsini nə ABŞ və Avropa Birliyi, nə də
Rusiya və Çin istəyir. Onlar müxtəlif yollarla, o
cümlədən, "erməni məsələsi" ilə
Türkiyənin inkişafını ləngitməyə
çalışırlar. Müxtəlif ölkələrdəki
siyasi araşdırmalar göstərir ki, problemin siyasi genesizi
belədir.
Ermənilərin 4T proqramı...
Professor Musa Qasımlı deyir ki, bu gün qondarma erməni
soyqırımı ilə bağlı qərar qəbul edən
dövlətlər bir neçə amilə əsaslanıb:
"Qərar qəbul edən ölkələrdəki erməni
azlığının təsiri, Türkiyəyə
düşmən münasibət, Türkiyəni Avropa Birliyində
görməmək istəyi, özünün törətdiyi
soyqırıma suç ortağı axtarmaq həddi və din
fərqi həlledicidir. Bundan isə ermənilər və Ermənistan
istifadə edir".
Milli Məclisin təhlükəsizlik və müdafiə
məsələləri komitəsinin üzvü Zahid Oruc ermənilərin
4T proqramından danışarkən bildirdi ki, bu proqram nə
qədər qəribə olsa da Azərbaycan dilinə tərcümə
edilə bilib: "Saxta tarix, tarixi tanıtma, təzminat və
torpaq. Bunlardan ikisini yerinə yetiriblər. İndi də təzminat
almağa və torpaqları genişləndirməyə
çalışırlar".
Türkiyə və Azərbaycan nə etməlidir?
Musa Qasımlının dediyinə görə, hər
iki dövlət uzlaşdırılmış siyasət həyata
keçirməlidir. Tarixçilər birgə və ya ayrı-ayrı
tədqiqatlar aparmalıdır. Elmi qurumlar müqavilələr
əsasında bu işləri görməlidir.
Zahid Oruc da hesab edir ki,
Türkiyə və Azərbaycan dövlətlərinin birgə
proqramı olmalıdır. Bu mənada deputat Xocalı
soyqırımının dünyada tanıdılmasını
önəmli addım kimi görür.
Deputat Fərəc Quliyev də oxşar fikirlər irəli
sürür. Onun fikrincə, Azərbaycan və Türkiyə
bu məsələdə maksimalist mövqe tutmalıdır:
"Gülüstan müqavləsi zamanı İrəvan və
Naxçıvan xanlıqları bura daxil edilməmişdi.
Sonradan Türkmənçay müqaviləsi ilə
Naxçıvanla bərabər İrəvan
xanlığı da Rusiyaya verildi. Və orada Ermənistan
dövləti yaradıldı. Düşünürəm ki, həmin
müqavilənin qüvvədən salınması
torpaqların Azərbaycana qaytarılması deməkdir, buna
çalışmaq gərəkdir".
Quliyev deyir ki, Ermənistan Türkiyədən təzminat
istədiyi kimi, Azərbaycan da işğal nəticəsində
ona dəyən 60 milyard zərərin
qarşılığını tələb edə bilər.
Və...
Ermənilər 2015-ci ilə - qondarma erməni
soyqırımının 100 illiyinə hazırlaşırlar
və bunu əksər ölkələrin parlamentlərində
tanıtdırmaq üçün hərəkətə
keçiblər. Həmsöhbətlərim bunun
qarşısını almaq üçün tezliklə Azərbaycanın
və Türkiyənin daha sıx şəkildə və birgə
addımlar atmasını vacib bilirlər.
İradə CƏLİLOVA
Ekspress.- 2012.- 11 iyul.- S.12.