Bağırov və polkovnik
Hüseynov
(əvvəli ötən şənbə saylarımızda)
Azərbaycanda ötən
əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb...
Qeyd: Artıq 5 ilə yaxındır, Teyyub
müəllimin Mir Cəfər
Bağırovla bağlı arxivlərdən gün
işığına çıxardığı
materialları, müxtəlif sənədləri qəzetimizin
hər şənbə sayında "Mir
Cəfərin məhkəməsi necə
hazırlanmışdır" başlığı
altında təqdim edirik. Əslində,
bu layihəni Mir Cəfərin
məhkəməsi ilə, məhkəmənin ətrafında
cərəyan edən hadisələrlə və ictimaiyyətə
məlum olmayan maraqlı faktlarla
yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki,
sonu-bucağı yoxdur. Teyyub
müəllim arxivdən elə faktlar, elə
sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə
alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.
Yaxın saylarımızda Mir Cəfər
Bağırovun məhkəməsini təqdim edəcəyik.
Həmin vaxtadək "Mir Cəfərin
məhkəməsi necə hazırlanmışdır"
başlığını yalnız rubrika
kimi saxlayırıq.
Qeyd etmək
lazımdır ki, 1945-ci il iyun ayının 2-də Azərbaycan
K(b)P MK-nın kadrlar üzrə katibi Sultan Qafarzadənin
polkovnik Əlinağı Hüseynov barəsindəki rəsmi
məlumat arxiv sənədi əsasında
hazırlanmışdır.
1935-ci il mart
ayının 21-də Azərbaycan Kommunist (bolşeviklər)
Firqəsi (o vaxt Kommunist Partiyası Azərbaycanda belə
adlanırmış - T.Q.) Mərkəzi Komitəsi
Voroşilov rayon komitəsi tərəfindən verilmiş
uçot vərəqəsində deyilir ki, Hüseynov Əlinağı
Məmmədhəsən oğlu 1900-cü il mayın 5-də
anadan olmuşdur. Milliyyətcə türk, ana dili türk
dilidir. İctimai halı ortabab kəndlidir, 1917-20-ci illərdə
əvvəlcə sıravi, sonra isə Müsavat Ordusunun əsgəri
kimi hərbi xidmətdə olub, Bakı yunker məktəbində
təhsil alıb.
Azərbaycan tarixini
saxtalaşdıranlar Azərbaycanın görkəmli hərbi
xadimlərindən biri olmuş Ə.Hüseynovun da arxiv anketinə
əl gəzdirmişlər. Onun şanlı döyüş
yolundan müsavat dövrü
çıxarılmışdır. Halbuki milli qəhrəmanın
rəşadətinin mənbəyi həmin illərə
bağlıdır. Hətta 2007-ci ildə nəşr
olunmuş "Salyanın tanınmış
ziyalıları" kitabında (bax: adıçəkilən
kitab, "Çənlibel NRM", redaktoru N.M.İbrahimov, səh.192)
oxuyuruq: "Hüseynovlar nəslində hərbçilər
sülaləsinin əsasını qoymuş ilk zabit, polkovnik Əlinağı
Hüseynov Azərbaycanın hərbi sərkərdələri
sırasında ön cərgədə yer tutsa da, igidlikləri
haqqında çox az yazılmış hərbi zabitlərimizdəndir.
Halbuki, o hələ Sovet-Alman müharibəsində polk
komandiri kimi fərqlənmiş, burada göstərdiyi qəhrəmanlığa
görə SSRİ Ali Baş Komandanının Fəxri Fərmanı
və o dövrün ən yüksək dövlət
mükafatlarından sayılan Qırmızı Bayraq Ordeni ilə
təltif olunmuşdur".
2007-ci ildə mayın
28-də Azərbaycan Xalq Cümhuriyyətinin, iyunun 26-da onun
ordusunun 89-cu ildönümündə polkovnik Əlinağı
Hüseynovun döyüş yolunu Sovet-Alman müharibəsindən
başlamaq nə deməkdir? Ən azı həqiqətə
göz yummaq! Arxiv materialları göstərir ki, Əlinağı
Hüseynov 1918-ci ilin dekabrından 1919-cu ilin sonunadək Azərbaycan
Ordusunun 4-cü Quba alayında sıravi əsgər kimi
daşnak-bolşevik hərbi qüvvələrinə
qarşı döyüş əməliyyatlarının
iştirakçısı olmuşdur. Faşistlərlə
ölüm-dirim savaşını o, Almaniyadan
çox-çox əvvəl Müsavat Ordusunun
sıralarında öyrənmişdi. Təsadüfi deyildir
ki, 1919-cu il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin
ildönümü münasibətilə keçirilən
paradın iştirakçıları arasında həmin il
mayın 5-də 19 yaşı tamam olmuş sıravi əsgər
Əlinağı da vardı.
2004-cü ildə
Bakıda "Ozan" nəşriyyatı tərəfindən
"Unudulmuş 402" adlı 296 səhifədən ibarət
çox maraqlı bir kitab buraxılmışdır. Müəllif
istefada olan polkovnik, Əlinağı Hüseynovun
döyüş dostu İsmayıl Abbas oğlu Vəliyevdir.
"Unudulmuş 402" kitabıyla unutqanlığın
daşını atmış polkovnikin yazdıqları həqiqət
güzgüsüdür. Çünki özünün də
cəbhə yolu 402-ci milli atıcı diviziya ilə
bağlıdır. İsmayıl Vəliyev 1942-ci il mart ayında yeni təşkil edilmiş
402-ci Azərbaycan diviziyasının 840-cı atıcı
alayının komandiri, sonra
isə həmin alayın qərargah rəisinin birinci
köməkçisi olub. Müəllif (səh.30)
göstərir ki, Qafqaz
uğrunda döyüşlər 1942-ci ilin iyulun 15-dən
1943-cü ilin oktyabrın 9-dək davam etmişdir. Qafqazın müdafiəsi hərbi-siyasi rəhbərlik
tərəfindən (Stavka) ilk aylarda Şimali
Qafqaz Cəbhəsinə (komandiri
marşal S.M.Budyonnı idi)
və Zaqafqaziya Cəbhəsinə (komandiri ordu generalı İ.V.Tülenev idi)
tapşırılmışdı. 1943-cü ilin
əvvəlində qoşunlarımız əks hücuma keçdilər. Şimali
Qafqazdan başlanan bu əks hücumda Azərbaycanın milli
diviziyaları misilsiz rəşadət
göstərdilər. 402-ci atıcı diviziya
1942-ci il oktyabrın 4-dən başlayaraq Naxçıvandan
döyüşən cəbhəyə göndərilmiş,
diviziyanın hissələri 44-cü Ordunun
tərkibinə daxil edilmişdi.
Şimali Qafqazda olan ağır vəziyyəti nəzərə
alaraq, Ali Baş Komandan İ.V.Stalinin 1942-ci il 28 iyul tarixli 227 saylı əmri
402-ci diviziyanın döyüşçülərinə də
çatdırılmışdı: "Bundan sonra da
geriyə çəkilmək özümüzü
və Vətənimizi məhv etmək deməkdir". 402-nin komandir və əsgərləri də bir addım belə geriyə çəkilmir,
düşmənin cəbhəni yarmaq cəhdini
boşa çıxarır, fədakarlıq
nümunəsi göstərirdilər. 1942-ci ilin
noyabr ayının 30-dan dekabr ayının 11-dək diviziya
düşmənin möhkəm hazırlanmış müdafiə
rayonuna hücuma keçdi, ağır döyüşlər nəticəsində
bir neçə yaşayış məntəqəsi
azad olundu.
İsmayıl Vəliyevin
"Unudulmuş 402" kitabının ayrıca bir fəsli
"402-ci Azərbaycan atıcı diviziyası İranda"
adlanır. Bu fəsildə yazılanlardan öyrənirik ki,
"unudulan 402" 1941-ci ilin oktyabrından 1942-ci ilin may
ayınadək İranda olmuşdur. Diviziya 45-ci Ordunun tərkibində
Türkiyə və İranla dövlət sərhəddini
müdafiə edir, Cənubi İrandan Xəzər
limanlarına doğru gedən yolları qoruyurdu.
Çünki bu kommunikasiya xətləri xətləri ilə
Sovet İttifaqına müttəfiqlər tərəfindən
Məmmədhəsən oğlu Hüseynov diviziyanın
komandiri vəzifəsinə təyin edildi. 1942-ci il noyabrın
30-da Zaqafqaziya Cəbhəsinin Hərbi Şurasının qərarına
əsasən polkovnik Əlinağı Hüseynovun
başçılığı ilə 402-ci Azərbaycan
atıcı diviziyası Mozdok istiqamətində hücuma
keçdi və qızğın döyüşlər nəticəsində
8 yaşayış məntəqəsini işğaldan azad
etdi. İlk döyüşlərdə diviziyanın hissələri
düşmənin 108 tank və zirehli maşınını,
2 radiostansiyasını, 9 yük maşını və s. məhv
etdi.
Polkovnik Əlinağı
Hüseynovun sərkərdəliyi ilə 402-nin qəhrəmanlıq
tarixi bu gün müstəqil Azərbaycan Ordusunun hər bir
döyüşçüsü üçün nümunə
sayıla bilər. Məsələn, pulemyotçu Osman
Hacıyev və tank əleyhinə bölmə komandirinin
müavini kiçik leytenant Ağayev iki gün ərzində
faşistlərin 6 tankını məhv etmişdilər. Həmin
günlərdə cəbhə qəzetində Rəsul
Rzanın "Osman Hacıyevin qəhrəmanlığı"
adlı oçerki dərc olunmuşdu. Şimali Qafqaz
döyüşlərindən sonra polkovnik Əlinağı
Hüseynov Birinci Belarusiya Cəbhəsində qələbə
yürüşünü davam etdirmişdir. Faşizm üzərində
qələbədən dərhal sonra isə Berlin şəhərinin
ilk komendantı, Sovet İttifaqı Qəhrəmanı
general-polkovnik İ.Y.Berzarinin əmri verilmişdir:
"Polkovnik Hüsçeynov Əlinağı Məmmədhəsən
oğlu I Belarusiya Cəbhəsi Hərbi komendantı təyin
olunsun. Bütün hərbi hakimiyyət, bütün birləşmələrin
və hissələrin komandirləri polkovnik Hüseynova vəzifəsini
icra etməkdə hərtərəfli kömək göstərməlidirlər".
Çox keçməmiş nümunəvi Azərbaycan hərbçisi
daha məsul bir sahəyə təyin edilmişdir - Berlinin
Şarlotenburq rayonunun komendantı! "Krasnaya Zvezda" qəzetinin
1945-ci il 19 may tarixli sayında polkovnik-leytenant K.Visovotrovskinin
"Berlinin rayon komendaturasında" məqaləsində
deyilir: "Çoxmərtəbəli böyük ev.
Girişdə qoluna qırmızı bağlamış
avtomatçı durub. Divara vurulmuş lövhədə
yazılmışdır: "Şarlotenburqun hərbi
komendantlığı". Biz Berlinin bu rayonunda mayın 2-də
olmuşduq. O vaxt burada gözlərimiz qarşısında dəhşətli
bir mənzərə açılırdı:
dağılmış binalar, kərpic və armatur
qalıqları, hitlerçilərin qoyub getdikləri
texnikanın tör-töküntüləri, uçurdularaq
doğram-doğram edilmiş elektrik dirəkləri,
barrikadalar. ...İndisə rayon başqa cür nəzərə
çarpır, səliqə-səhman yaradılıb, hərbi
komendantlıqda iş gecə-gündüz qaynayır. Polkovnik
Ə.Hüseynov və onun başçılıq etdiyi aparat
sırf hərbi məsələlərlə yanaşı,
şəhərin yenidən qurulmasında və
abadlaşdırılmasında böyük fəallıq
göstərir. Dağıdılmış müəssisələrin
işə salınması, su xəttinin bərpası, elektrik
stansiyasının yenidən işə düşməsi, əhalinin
ən zəruri ərzaq məhsulları ilə təmin edə
biləcək mağazaların açılması
üçün ciddi işlər görülür. Bizim
komendantlığa gəlişimiz polkovnik Hüseynovun rayon
elektrik stansiyasının iki nəfər mühəndisi ilə
söhbət məqamına təsadüf etdi. Almanlar xahiş
edirdilər ki, kanalın üzərndəki körpü də
bərpa edilsin. Çünki bunsuz elektrik stansiyasına
kömür daşımaq mümkün deyildir. Polkovnik
Hüseynov alman mühəndislərini diqqətlə dinlədi,
burqomistrlə telefonla əlaqə saxladı, lazımi göstərişlər
verdi. "Körpü də olacaq, işıq da!" sözlərini
eşidən alman mühəndisləri razılıqla
komendantlıqdan ayrıldılar".
Təəssüflər
olsun ki, "Unudulmuş 402"-nin komandiri Əlinağı
Hüseynovla respublika rəhbəri general Mir Cəfər
Bağırov arasındakı münasibətlərə aid
arxiv materialları indiyədək tədqiqatçıların
nəzərini cəlb etməmişdir. Bunu nəzərə
alaraq Azərbaycan Prezidenti İşlər İdarəsi Siyasi
Sənədlər Arxivində saxlanılan müvafiq
materialları araşdırmaq qənaətinə gəldim.
(ardı var)
Teyyub Qurban
Ekspress.-
2012.-21-23 iyul.- S.15.