Qəbələ Festivalı
açıldı
Festivalın ilk tədbiri Müslüm
Maqomayevin 70 illik yubileyi oldu
Dünən Qəbələdə Azərbaycanın
dünya şöhrətli musiqiçisi Müslüm
Maqomayevin 70 illik yubileyi keçirilib. APA-nın Qəbələyə
ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə,
yubiley tədbiri ilə həm də dünən Heydər Əliyev
Fondunun təşkil etdiyi Qəbələ IV Beynəlxalq
Musiqi Festivalı start götürüb.
Yubiley mərasimi Müslüm Maqomayevin dünyaya səs
salan "Azərbaycan" mahnısı ilə
açılıb. Tədbirin təşkil olunduğu zalda
quraşdırılmış ekranda Müslüm Maqomayevin
böyük fotosu nümayiş etdirilib.
Yubiley tədbirində millət vəkili Fəttah Heydərov,
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,
dünya şöhrətli müğənninin həyat
yoldaşı, SSRİ xalq artisti, xüsusi olaraq bu yubiley tədbiri
üçün Azərbaycana gələn Tamara Sinyavskaya, xalq
artisti Fərhad Bədəlbəyli, xalq artisti Murad
Adıgözəlzadə, tanınmış violançel
ifaçısı Dmitri Yablonski, nazir müavini Ədalət
Vəliyev, "Eurovision" üçüncüsü Aysel
Termurzadə və digər tanınmış mədəniyyət
və incəsənət xadimləri iştirak edib.
Yubiley tədbirində açılış nitqi ilə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev Müslüm Maqomayev
yaradıcılığının yüksəkliyindən və
özəlliyindən danışıb. Nazir gözəl təşəbbüsə
və təşkilatçılığa görə Qəbələ
rayonun rəhbərliyinə təşəkkürünü
bildirib: "Bu gün hər birimiz Müslüm Maqomayev
işığına toplaşmışıq. Sözsüz,
bu günü və belə bir musiqi bayramını
qaçırmaq mümkünsüz və qəbul edilməzdir.
Müslüm Maqomayev musiqisi daima hər bir kəsi öz ətrafına
toplayıb, istənilən insanı valeh edib və yüksəkliyi
ilə hər bir kəsi sehrə salıb. Musiqi insanları
daima yaxşılığa doğru çağırır,
birləşdirir və dostluq tərənnüm edir. Bu cür
festivallara hər zaman ehtiyac var və bu vacib faktordur".
Tədbirdə M.Maqomayevin xanımı, SSRİ xalq
artisti, tanınmış musiqiçi Tamara Sinyavskaya da
iştirak edib: "4 ildir ki, Müslüm Maqomayev dünyadan
köçüb. Onun adına təşkil olunan bu cür tədbirlər
məni yaşadır. Mən hər birinizə, ən əsası
da Müslümün xatirəsini hər zaman uca tutan Mehriban
xanım Əliyevaya təşəkkür edirəm".
T.Sinyavskaya ilk dəfə olaraq bu məkanda olduğunu
qeyd edib: "İlk dəfədir ki, Qəbələdəyəm
və bura olduqca xoşuma gəldi. Heç zaman
düşünməzdim ki, Azərbaycanda Qəbələ
kimi gözəl guşə var. Müslüm özü bu
yubiley konsertini görsəydi, əminəm ki, bu tədbirdən
razı qalardı. Konsert yüksəksəviyyəli təşkil
edildi, olduqca mədəni və intellektli insanların cəmləşdiyi
bir məkanda bütün ifaçılar əsərlərini
ürəkdən və sevərək təqdim etdilər. Hər
birinizə dərin hörmətlərimi və təşəkkürümü
bildirirəm".
T.Sinyavskaya onu da bildirib ki, həyatında ilk dəfə
1972-ci ildə Azərbaycana ayaq basıb və bu ilin
oktyabrında bu tarixdən 40 il keçəcək:
"Çox, lap çox xoşbəxt yaşayın və
bir-birinizi sevin. Mən sizləri sevirəm".
Festival barədə Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının (BMA) rektoru, IV Qəbələ
Beynəlxalq Musiqi Festivalının rəhbərlərindən
biri, xalq artisti Fərhad Bədəlbəyli də fikirlərini
bölüşüb: "Artıq dördüncü ildir ki,
Azərbaycanın füsunkar guşələrindən biri olan
Qəbələ musiqisevərləri ənənəvi beynəlxalq
musiqi festivalına dəvət edir. Təbiətin bu qədim
diyara bəxş etdiyi gözəllik və əzəmət
burada səslənən musiqinin parlaq bədii təsiri, təqdim
olunan ifaların mükəmməlliyi ilə qovuşaraq
unikal, unudulmaz bir aura yaradır".
F.Bədəlbəyli qeyd edib ki, bu il festival
iştirakçıları və qonaqları arasında
Rusiya, Böyük Britaniya, Polşa, Sloveniya, Fransa, ABŞ,
İtaliya, İsveçrə müasir ifaçılıq sənətinin
zirvəsində duran dünya şöhrətli ustad sənətkarlar
və məşhur kollektivlər var: "Festivalın
proqramı rəngarəngdir. Simfonik və kamera konsertləri,
muğam gecəsi musiqisevərlərə dünya musiqisinin zənginliyini
bir daha musiqitək əsrarəngiz təbiətlə
harmoniyada duymağa imkan verəcək".
Bu il festivalın proqramında yubiley tarixlərinə
həsr olunmuş konsertlərin keçirilməsini xüsusi
qeyd edən F.Bədəlbəyli bu sırada həm görkəmli
müğənni Müslüm Maqomayevin dünən
keçirilən 70 illiyinin, həm də görkəmli bəstəkar,
SSRİ xalq artisti Fikrət Əmirovun 90 illiyinin və SSRİ
xalq artisti Niyazinin 100 illiyinin keçirilməsinin festivalda yeni
bir ənənənin təməlini qoyduğunu deyib:
"Festival çərçivəsində daha bir maraqlı
təqdimat da keçiriləcək. Gənc, istedadlı azərbaycanlı
pianoçu, Beynəlxalq Montrö caz müsabiqəsinin qalibi
İsfar Sarabski artıq həm də "Beltmann" piano
şirkətinin əsas siması kimi təqdim olunacaq. Bir daha
bütün iştirakçıları, qonaqları bu sənət
bayramında salamlayır və ümid edirik ki, festival konsertləri
musiqisevərlərə unudulmaz anlar, təəssüratlar bəxş
edəcək. Heydər Əliyev Fondunun möhtəşəm
mədəniyyət layihələrindən biri kimi beynəlxalq
aləmdə böyük əks-səda oyadan bu festivalın təkrarolunmaz
siması və dəst-xətti var".
Artıq dördüncü dəfədir keçirilən
bu festivalın çox böyük təsirinin olduğunu deyən
festival rəhbəri, bunun nəticəsi olaraq builki musiqi
bayramında Qəbələdən olan bir istedadlı
pianoçunun konsert verəcəyini də söyləyib.
Ekspress.-2012.- 26 iyul.-S.23.