Ata yolu həm məsuliyyətli,
həm də şərəflidir
O, gözlərini bu
dünyaya açandan evdə tar səsi eşidib və tarla
böyüyüb. Böyük ustad tarzənin ailəsində
başqa cürə də ola bilməzdi. Lakin və təbii
ki, ailə mühiti əsas şərtlərdən biri olsa
da, ən birinci şərt deyil: başlıcası istedad,
Tanrı vergisidir. Zira böyük sənətkarların əksəriyyətinin
övladları heç də atalarının yolunu davam etdirməyiblər...
O isə
adından lap kiçik
yaşlarından söz etdirə bilmişdi. 14 yaşında - 1998-ci ildə mərhum
prezidenti Heydər Əliyevin sərəncamı
ilə adı gənc istedadların "Qızıl
kitabı"na yazılmış, gənc istedad
kimi Prezident təqaüdünə
layiq görülmüşdü...
Beləliklə, həmsöhbətimiz gənc tarzən,
dirijor və müəllim Əyyub Ramiz oğlu Quliyevdir. Müsahibəyə başlamazdan əvvəl iyulun
26-da 28 yaşı tamam olan
Əyyub Quliyevin bu gənc
yaşında nələrə nail olduğunu xatırlatmaq istərdim: 21
yaşında Bakı Musiqi
Akademiyasının dirijorluq fakultəsini
(prof. Y.Adıgözəlovun
sinfi) fərqlənmə ilə bitirib. 2005-2007-ci illərdə Rimski-Korsakov
adına Sankt-Peterburq Dövlət
Konservatoriyasının aspiranturasında opera-simfonik
dirijorluğu ixtisası üzrə professor A.İ.Polişukun sinfində və 2008-ci ildə Vyana
Dövlət Musiqi və İncə Sənətlər
Universitetində professor Mark
Stringerin sinfində təhsil alıb.
2006-2008-ci illərdə "Kadakes" simfonik orkestri (İspaniya), "Trondxaym"
orkestri (Norveç), Brno Filarmonik orkestri (Çexiya), Podlyaziya Opera və Filarmonik orkestri, Baltik Filarmonik orkestri, Kelts, Kotsalin və Lublin şəhərlərinin
simfonik orkestrləri (Polşa),
Zaqreb Filarmonik orkestri (Xorvatiya), Sankt-Peterburq Dövlət simfonik
orkestri, Dövlət Kapellasinin
simfonik orkestri, Ermitaj Dövlət orkestri,
Novosibirsk Filarmonik orkestri, Belarus
Respublikasının Dövlət Akademik simfonik orkestri və Azərbaycan
Dövlət simfonik orkestrinə dirijorluq edib.
2007-ci ilin yanvarında Podlyaziya Orkestri və Belarusun Dövlət Xor
Kapellası ilə birlikdə C.Puççininin
"Messa di Gloria" əsərinin ifasını dirijor kimi həyata keçirmişdir. Həmin ilin
may ayında isə Sankt-Peterburq
Dövlət Akademik Opera
və Balet Teatrında Mosartın "Fiqaronun toyu" operası
ilə bilavasitə opera dirijoru
kimi debüt edib.
Dünyanın bir çox
məşhur səhnələrində çıxış edib: P.Çaykovski adına Moskva Dövlət
Konservatoriyasının Böyük
zalı, SanktPeterburq Konservatoriyasının
"Qlazunov zalı", Moskvanın "Rossiya" konsert zalı, Londonun "Ron Xobbard salonu" və
"Kensington holl"u, Norveçin "Stavanger konzertholl"u, "Haakonshallen"i, Polşanın "Podlaziya
Opera və Filarmoniyası", "Baltik Filarmoniyası", Xorvatiyanın "Lisinski zalı", Avstriyanin
"Schloss Reichenau"
salonu.
Hazırda Qəbələdə keçirilən IV Beynəlxalq
Musiqi Festivalının dirijorlarından biri də Əyyub Quliyevdir...
- Nail olduqlarınızın və
çıxış etdiyiniz səhnələrin
yalnız bir qismini sadalamaqla yetərləndim. Uğurların,
istedadının qandan, kökdən gəldiyi
bəllidir. Amma hər halda
bunlara necə nail oldunuz, bu səviyyədə
sənətinizi necə təsdiq edə bildiniz?
- Ata yolunu
davam etdirmək məsuliyyətli olduğu qədər həm də şərəflidir.
Çünki artıq adı tarixə yazılmış
bir insanın -Ramiz Quliyevin sənətini davam
etdirmək artıq özü böyük bir addım, böyük bir məsuliyyətdir.
Ramiz Quliyev təkrarolunmaz
sənətkar olduğu üçün
onun sənətdə elədiklərini təkrar
etmək mümkün deyil.
Bununla
belə, birincisi, onun
ailəsi kimi, ikincisi,
sənətinin davamçısı kimi, üçüncüsü, tələbəsi
kimi, dördüncüsü,
onunla eyni səhnədə
çıxış edən həmkarı kimi
və nəhayət, onu dünya
səhnəsində müşayiət edən dirijor
kimi çalışıram ki, Ramiz Quliyev
adına, sənətinə layiq ola bilim. Hər
dəfə konsert proqramlarında
çıxış edərkən çalışıram ki, Ramiz Quliyevin
mükəmməl ifasının yanında, heç
olmasa müəyyən qədər onu sevindirəcək, onun üçün maraqlı olacaq,
onun ifasını tamamlayan
bir ifa təqdim edə
bilim. Bilirsinizmi,
onun qoyduğu yol, təqdim etdiyi ifa tərzi o qədər
aydın və mükəmməldir ki,
artıq heç bir şey ona mane
ola bilməz. Bu
baxımdan hər zaman
çalışmışam bu
tamlığı qoruya bilim.
Onun sənətinə yaxınlaşmaq, çatmaq artıq mürəkkəb bir vəzifədir.
- Yəqin bununla bağlıdır ki, sənətdə özünüzə fərqli
bir cığır açmaqı qərara
aldınız və dirijorluğa meyl etdiniz...
- Ramiz Quliyevi bu sənətdə təkrar etmək artıq
təqlid olardı, onu bu
sənətdə keçməyə ümid
etməksə sadəcə qeyri-realdır. Odur
ki, fərqli yolla
addımlamağa başladım. Hazırda mən simfonik opera dirijorluğu ilə məşğul oluram. Bu,
böyükmiqyaslı - Avropa yönlü, dünya yönlü bir istiqamətdi.
Və bu istiqamətdə də uğur qazanmağıma, özümü
təsdiq etməyimə görə Ramiz
Quliyevə borcluyam. Çünki
Ramiz Quliyev 1964-cü
ildən bu sənətdədir. Məhz bu otaqda (Bakı Musiqi Akademiyasında Ramiz Quliyevin dərs dediyi
otağı nəzərdə tutur - U.Q.) Niyazi, Səid Rüstəmov, Fikrət Əmirov
kimi böyük ustadlarla bir araya gəliblər. Mən də bu məktəbdə yetişmişəm və
hər zaman bunun məsuliyyətini
dərk edirəm. Sənətdə tarzən kimi
davam etməməyimin bir
səbəbi də odur ki,
artıq Ramiz müəllimin yanında
2-ci, 3-cü və ya 5-ci olmaqdansa,
dirijor kimi özümü birinci olaraq göstərməyi seçdim.
Onu da etiraf
etmək istərdim ki, tar
ifaçılığı olmasaydı, milli
musiqidən bəhrələnə bilməsəydim, heç yaxşı dirijor
ola bilməzdim. Məsələn, mən
hazırda rahat şəkildə Fikrət
Əmirovun simfonik muğamlarını, Niyazinin "Rast"ını ifa
edə bilirəm, Soltan Hacıbəyovun
"Karvan"ını ifa edirəm. Çünki bu musiqilərin
sədaları altında böyümüşəm, mənimsəmişəm.
Yəni Ramiz müəllimin məktəbi
hesabına bu sənətdə özümü rahat hiss edə bilirəm.
- Ramiz müəllimlə sənət
münasibətləriniz bütün Azərbaycana
bəllidir, ata-oğul kimi
münasibətləriniz necədir?
- Sənət münasibətlərimiz hansı səviyyədədirsə,
ata-oğul münasibətlərimiz də
eyni səviyyədədir. Sənətdə
tələbkar olan Ramiz
Quliyev ata kimi də çox tələbkardır.
Yeri gələndə sərt, yeri gələndə ciddi,
tələbkar, eyni zamanda
səmimi və sözünün
ağası olan bir
insandır.
- Dünyanın onlarla ölkəsində
Azərbaycanı birgə təmsil etmisiniz.
Bu səfərlərə yalnız getdiyiniz məqamlar olubmu?
- Hələ uşaq
yaşlarından səfər nə olduğunu
anlamışam, səfər çətinliklərini
görmüşəm. Səfərqabağı, səfərsonrası
olan hazırlıqlarda Ramiz
Quliyevin dəstəyini hər an hiss etdiyim
üçün artıq müəyyən
yaşlarımda yalnız olaraq səfərlərə
qatılırdım. Məsələn, 15-16 yaşlarımda sərbəst
şəkildə səfərlərə qatılır, Azərbaycanı
yüksək səviyyədə təmsil edirdim.
- Hansı ölkələrdə Azərbaycana maraq daha güclüdür?
- Bir çox
ölkələrdə Azərbaycana güclü
maraq var. Məsələn,
masa üzərində olan
bir afişanı sizə örnək olaraq göstərim.
Son səfərlərimdən biri iyunun 15-də
Rumıniyaya olmuşdu. Dünya
ölkələrinin məşhur bəstəkarlarının
əsərlərinin səsləndiyi konsert
proqramı Azərbaycanın dahi bəstəkarı
Üzeyir Hacıbəyovun "Koroğlu" üvertürası ilə
açıldı. Bu, böyük
hadisədir. Bu konsert
proqramından əvvəl Ramiz Quliyevlə
birgə mayın 28-də Bratislavada
Slovakiyanın müstəqillik gününə həsr olunmuş konsert
proqramında iştirak etmişik.
Konsert onların orkestri
ilə keçirilirdi. Bu məsələni
xüsusilə vurğulamaq istəyirəm
ki, bir var
Azərbaycan əsərlərini Azərbaycan orkestri
ilə ifa edəsən, bir
də var ki, əcnəbi
ölkələrdə sənin musiqini
tanımayan bir orkestrlə Azərbaycan əsərlərini
ifa edəsən. Təbii ki, çətinliklər olur,
onların bizim musiqini
həzm etməsinə və ifa etməsinə
zaman lazım olur. Əcnəbilərə
Azərbaycan musiqisini tanıtmaq və onlara musqimizi layiq olduğu şəkildə
ifa etdirmək böyük
bir məsuliyyətdir. Mən çox şadam ki, biz bunun
öhdəsindən gələ bilirik. Hətta
bizim musiqimizi öyrənərək
ifa etdikdən sonra daha çox öyrənməyə
can atırlar, Azərbaycan musiqisi
əcnəbiləri valeh edir.
Bizim musiqidə həm Avropa
elementləri, həm Şərq elementləri var,
həm forma, həm bitkinlik
var. Və bu elementləri
olduğu kimi təqdim
etmək o deməkdir ki,
musiqimizi səviyyəli şəkildə
təqdim edə bilmişik.
-Təbii ki, Azərbaycan musiqisini beynəlxalq arenada
təbliğ etmək, ona əcnəbilərin
diqqətini cəlb etmək asan məsələ
deyil...
- İstedad, öz
üzərində çalışmaq, hər an
məsuliyyət hiss etmək və ən əsası
qarşına məqsəd qoyaraq məqsəd
uğrunda mübarizə aparmağın nəticəsidir
ki, musiqimizi, mədəniyyətimizi
layiqli şəkildə təmsil edə bilirik. Biz davamlı şəkildə
bu işlə məşğul olduğumuz üçün
hər zaman yeni-yeni uğurlara imza
atırıq.
- Tarzən kimi uşaqlıq illərindən
səhnədə dəyərli ifalar nümayiş etdirmisiniz, dirijor kimi
uğurlarınız da göz
önündədir, bəs müəllimlik fəaliyyətinə
necə vaxt tapırsınız?
- Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında dirijor kimi
də çalışıram. Bu teatrda maraqlı tamaşalarımız -"Sevil", "Min bir gecə", "Seviliya
bərbəri" var. Eyni
zamanda, 2009-cu ildən Bakı Musiqi Akademiyasında müəllim olaraq çalışıram, hazırda baş müəlliməm. Əslində məni
müəllimlik fəaliyyətinə istiqamətləndirən
də Ramiz müəllim oldu.
Mən Sankt-Peterburq Dövlət
Konservatoriyasının aspiranturasını bitirmişəm. Sankt-Peterburqda Azərbaycandan dirijorluq
üzrə ilk aspirant
olmaq şərəfi mənə qismət
olub. Vyana Dövlət
Musiqi Universitetində, Çexiyada
Avropa Musiqi
Akademiyasında təkmilləşmə kursu
keçmişəm. Bütün bunlar mənim yaradıcı fəliyyətimdə
böyük rol
oynayıb.
- Xaricdə Sizə iş təklifi edilibmi?
- İş təklifini dəfələrlə
almışam. Ancaq mən öyrəndiklərimdən,
biliyimdən öz ölkəmdə
istifadə etmək istədim. Müəllimliyə
başladığım ilk gündən bu işin məsuliyyətini
hiss etdim və çətinlikdən
qorxmadan sadəcə irəli baxdım. Tələbə
vaxtı yığdığım təcrübəni, biliyi artıq müəllim kimi
tələbələrimlə bölüşürəm.
Düşünürəm ki, tələbələrlə
çalışmaq da elə formalaşmaq deməkdir, dünya
görüşünün dəyişməsi
deməkdir. Etiraf edim ki, Ramiz müəllim
Bakı Musiqi Akademiyasında mənə müllimliyi təklif edərkən öncə
bir qədər tərəddüd etdim, ancaq sonra
risk etməyi qərara aldım. Və ilk gündən tələbələrimin
sənətə olan marağını
görüncə müəllimlik peşəsinə daha da bağlandım, həvəsim
daha da artdı. Mən
müəllimlərimdən öyrəndiklərimi artıq tələbələrimə
öyrədirəm. Yəni bütün
bunlar zəncirvari bir-birinə
bağlıdır, zəncirvari bir proses olaraq davam
edir, əgər qırılsa, o zaman inkişafdan
söhbət belə gedə bilməz.
ULDUZƏ
QARAQIZI
Ekspress.-
2012.- 28-30 iyul.-S.19