"Şövkət xanım taleyimi həll
etdi"
Qarabağ
muğam məktəbində muğamatı zirvələrə
daşıyan Hacı Hüsü, Keçəçi oğlu
Məhəmməd, Cabbar Qaryağdıoğlu, Seyid
Şuşinski, Xan Şuşinski kimi azman sənətkarların
ustadlıq yolunu davam etdirənlərin arasında bu gün bir
ad daha çox səslənir - Mənsum İbrahimov.
Xalq artisti Mənsum
İbrahimov gənc yaşlarından istedadlı xanəndələrin
yetişdirilməsində, muğam sənətinin təbliğində
də müstəsna xidmətlər göstərib. Xalq
onu həm də "Səhnəmizin Məcnunu"
adlandırıb. Çünki başqaları pul-para xatirinə
akademik sənəti atıb "palatka toylarında
cövlan" edəndə, o, "Məcnun" rolunu Akademik
Opera və Balet Teatrının çətin günlərində
nə az-nə çox 10 il şəriksiz ifa edib.
Sevimli sənətkarımızla doğma məkanında
- Opera və Balet Teatrında görüşdük.
- Bu teatra gəlişinizi necə
xatırlayırsınız?
- Mənim operaya gəlməyimin maraqlı
tarixçəsi var. Görünür, bu da bir alın
yazısı imiş. 1985-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun (indiki Musiqi Kolleci
-İ.H.) 3-cü kursunda oxuyurdum. Həmin vaxtlar
Üzeyir bəyin anadan olmasının 100 illiyi münasibətilə
5-ci Respublika Musiqi Müsabiqəsi keçirilirdi. Sənət
müəllimim Vahid Abdullayev, allah ona qəni-qəni
rəhmət eləsin, gözəl müəllim idi, məni
həmin müsabiqəyə hazırladı. Müsabiqədə
"Bayatı-Şiraz" muğam dəsgahını,
"Qarabağ şikəstəsi"ni və
Üzeyir bəyin "Qaragöz" mahnısını ifa
etdim. Münsiflər heyəti yekdilliklə birinci yeri mənə
verdi. Böyük sənətkarımız,
rəhmətlik Şövkət xanım Ələkbərova
da münsiflər heyətinin üzvü idi. O müsabiqədə
mən ilk dəfə Şövkət xanımla şəxsən
tanış oldum, onun sinfinə gedib-gəlməyə
başladım. Günlərin birində o mənə dedi ki,
"sənin səsin əsl "Məcnun" səsidir, səndən
gözəl "Məcnun" alınar" və təklif
etdi ki, operaya gedim. Sözün düzü, o
vaxta qədər operanın səhnəsinə
çıxmağı heç ağlıma da gətirmirdim.
Çünki tələbə idim və fikirləşirdim
ki, Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu, Alim
Qasımov kimi böyük sənətkarlarımız olan yerdə
"Məcnun" kimi səhnəyə çıxmaq əlçatmaz
zirvədir. Əslində, bu gün də elədir.
Yəni Opera və Balet Teatrı böyük bir
sənəd məbədidir. Şövkət
xanım teatrın o dövrdəki direktoru Azər Rzayevlə
danışdı və Bədii Şuranın üzvləri
yığışıb məni dinlədilər. Bədii
Şurada da kimlər yox idi - Zeynəb Xanlarova, Arif Babayev...
- Həmin sınaqda nə
oxudunuz?
-
"Mahur-hindi" muğamını oxudum. Boy-buxunuma da diqqət yetirdilər və dedilər
ki, işə girmək üçün ərizə yaz.
İlkin olaraq təcrübə qrupuna işə
götürüldüm və ilk dəfə "Leyli və Məcnun"
operasında "Zeyd" rolunu mənə verdilər. 1986-cı ildə həmin rolda səhnəyə
çıxdım. O gün mənim yaddaşımdan
heç vaxt silinməz. "Məcnun"
rolunda isə Arif Babayev oynayırdı. Yavaş-yavaş
böyük sənətkarlardan səhnədə necə hərəkət
etməyi, obraz yaratmağı öyrənməyə
başladım. Mənə aktyorluğu
öyrənməkdə teatrımızın indiki baş rejissoru
Hafiz Quliyev çox kömək göstərdi. Çünki biz Opera və Balet Teatrına xanəndə
kimi gəlirik və burda aktyorluğu öyrənirik.
İndi
dönüb arxaya baxıram. 27 il
keçib. Bu da az vaxt deyil. Tale
elə gətirdi ki, 1993-cü ildə mənə "Məcnun"
rolunu tapşırdılar. O vaxt Akif müəllim teatra
yenicə direktor təyin olunmuşdu. O özü şəxsən
bu təşəbbüslə çıxış etdi. Yadıma gəlir, qocaman sənətkarlar onun bu təşəbbüsünə
narazılıq edirdilər. Hətta
özüm bu narazılıqların şahidi olmuşam.
Akif müəllim bu söz-söhbətə özü son
qoydu, dedi ki, "bu rolu gənclərə verməliyik, əgər
oxuya bilirlərsə, niyə oxumasınlar". Beləcə,
"Məcnun"u mənə, "Leyli"ni
də Gülyaz Məmmədovaya verdilər. Gülyaz
onda teatra lap təzə gəlmişdi. Hafiz
müəllimlə 7-8 ay ciddi məşq edəndən sonra
1993-cü ildə ilk dəfə "Məcnun" rolunda səhnəyə
çıxdım. Düzü, o vaxta qədər
"Leyli və Məcnun" operasında "İbn Səlam",
"Zeyd" rolunda dəfələrlə
çıxış etmişdim, hazır olsam da, həyəcan
keçirirdim. Fikirləşirdim ki,
tamaşaçı məni qəbul edəcək, ya yox?
Çünki bu rolu böyük sənətkarlar
oynamışdılar. Bu obrazla neçə-neçə
sənətkar şöhrət tapıb. Onların
ifasından sonra, mənim kimi bir gəncin "Məcnun"u
oynaması böyük məsuliyyət tələb edirdi.
Şükürlər olsun ki, tamaşanı
müvəfəqiyyətlə təhvil verdik,
haqqımızda qəzetlərdə məqalələr
çap olundu, televiziya verilişləri çəkildi.
O gündən-bu günə artıq neçə ildir ki, demək
olar, tamaşaların 90 faizində özüm
oynamışam. "Məcnun"u 10 il sərasər
tək oynamışam. Üzeyir bəyin əsərində
oynamaq mənim üçün böyük fəxrdir.
Çünki mən həmin əsərə görə,
"Azərbaycan respublikasının xalq artisti" fəxri adına layiq görülmüşəm.
- Bir vaxtlar Arif Babayevin
qarşısında imtahan verən, həyəcandan titrəyən
Mənsum İbrahimov indi onunla bir sırada, ustad xanəndə
kimi muğam müsabiqəsinin münsiflər heyətində
oturur...
- Həqiqətən, mən
uşaqlıqdan Arif Babayevi özümə kumir
saymışam. Onun Zeynəb xanımla birlikdə
oynadıqları "Leyli və Məcnun"a
həsrətlə baxırdım ki, kaş mən də onun
kimi məşhur olaydım. Sonra tale elə gətirdi ki, Arif
Babayev, Baba Mahmudoğlu, Canəli Əkbərov, Alim Qasımov
kimi böyük sənətkarlarla tərəf müqabili
oldum. Mən bu vəziyyətə
çatmağıma görə, ilk növbədə
Allahıma, sonra da müəllimlərimə borcluyam. İkinci tərəfdən, çox zəhmət
çəkmişəm. Bacarmadığım
işə iddia etməmişəm. İndi
də zəhmətimin bəhrəsini görürəm.
25 il əvvəl mənim özüm tələbə
idim, indi çoxlu tələbələrim var. Bu gün
artıq həmin uşaqlar öz istedadları ilə
tanınırlar. Tələbələrim Opera və
Balet Teatrında tamaşaya qoyulan bir çox operada
aparıcı partiyaları ifa edirlər. Artıq əməkdar
artist fəxri adına layiq görülən
tələbəm də var - Təyyar Bayramov. Mənim
üçün bundan böyük səadət ola bilməz.
- Muğam müsabiqəsinin
iştirakçıları arasında sizin tələbələr
çoxluq təşkil edirlər. Hamısı da biri-birindən
istedadlı, çılğın gənclərdir...
- Bilirsinizmi, mən həm
Konservatoriyada, həm Musiqi Kollecində, həm də Niyazi
adına 22 saylı Musiqi Məktəbində
muğamlarımızın tədrisi ilə məşğul
oluram. Təvazökarlıqdan uzaq olsa da, deyəcəyəm,
mən görürəm ki, valideynlər də, uşaqlar da mənim
sinfimə can atırlar. Bu da ondan irəli
gəlir ki, mənim tələbələrimin
qazandıqları uğurlar göz qabağındadır.
Tələbəyə necə qayğı
göstərməyimi bilən bilir, bilməyən də
eşidir. Həmişə müəllim
yoldaşlarıma deyirəm ki, dərs dediyiniz 20 tələbədən
5-6-sı sabah sənətkar olacaq. Və onlar
da sabah deyəcəklər ki, filan müəllim
bizə yaxşı dərs keçdi, filan müəllim pis. Şövkət xanım məni operaya gətirməklə
taleyimi həll etdi. İnanın ki, hər
tamaşadan sonra qrim otağına qayıdanda, hər
uğurumda birinci dilimə gələn kəlmə odur ki,
"Şövkət xanım, Allah sənə rəhmət
eləsin".
- Sənət aləmi
başdan-başa rəqabətlə doludur. Uğurlarınızı
qəbul etməyib sizə badalaq gəlmək istəyənlər
olubmu?
- Mən bayaq dedim ki,
"Məcnun" rolu ilk dəfə mənə
tapşırılanda yaşlı sənətkarlardan buna
qarşı çıxanlar çox oldu. Gözləmədiyim
anda, üzümə gülən adamlardan aldığım
gözlənilməz zərbələr çox olub. Yaxşı ki, yaxşı insanlar da yox deyil. Mənə göstərilən qayğını
heç vaxt danmıram, amma nə qazanmışamsa, öz zəhmətimin,
ağır əziyyətimin hesabına olub. Bütün uğurlarımı,
mükafatlarımı da sel kimi axan alın tərimin əvəzində
damcı-damcı qazanmışam. Məni
qabağa çəkən nə əmim, nə də
dayım olub. Mənə təsir edən də
odur ki, bütün bunları ağır zəhmət
bahasına əldə etməyimə baxmayaraq, hər
addımımda badalaq gəlirdilər.
- Bu gün xanəndə
Mənsum İbrahimov hər bir sənətkarın
arzuladığı şan-şöhrətə, fəxri
adlara, prezident mükafatına və nəhayətdə xalq
sevgisinə qovuşub. Yəni sənətin zirvəsini
fəth edib. Bəs nə qalıb?
- Əstəğfürüllah,
mən hələ bilmirəm sənət dağının ətəyindəki
hansı cığırdayam, o ki zirvəsi olsun. Hələ nə yaşım var, görəcəyim
işlər hələ qabaqdadır. Qaldı
ki, siz dediyiniz fəxri adlara, xalq sevgisinə, bunlar da mənim
boynuma böyük məsuliyyət qoyur. Yaradıcılığımın
hələ çox hissəsi qabaqdadır. Yaradıcılıq planlarımın
ölçüsü-sayı bilinmir.
Hələ
adlara layiq görüləcək çoxlu tələbələr
yetişdirməyi, bütün muğamları lentə
aldırmağı, çoxlu konsertlər verməyi
düşünürəm.
- Sizin
repertuarınızda muğamlarımız və xalq
mahnılarımız üstünlük təşkil edir. Bəzən də retro mahnılar oxuyursunuz. Hə üçün müasir bəstəkarların
mahnılarını oxumursunuz?
- Düzdür, mən bəstəkarlarımızdan
Cahangir Cahangirovun, Ramiz Mustafayevin, Ramiz Mirişlinin
mahnılarını oxumuşam. Amma daha
çox xalq mahnıları və muğamları
oxumağı sevirəm. Çünki mənim
üçün xalq musiqisindən güclü musiqi yoxdur.
Oxuyanda gərək elə mahnı oxuyasan ki,
ürəyindəki tikanı çıxara bilsin. Məsələn, bizim xalq mahnılarının nə
vaxt yarandığı bilinmir, amma onları bu gün də
gözəl ifa edəndə, görürsən dinləyiciyə
təzə gəlir. Xoşuma gələn
bütün mahnıları oxuyuram. Ancaq təəssüf
ki, bu gün yazılan mahnıların 90 faizi söz
yığını və hay-küydən başqa bir şey
deyil.
- Bəzi müğənnilər
deyir ki, opera çox vaxt xanəndənin səsini
batırır.
- Vallah, 1985-ci ildən
opera səhnəsində çıxış edirəm, amma səsim
günü-gündən inkişaf edir.
- Bəs bu
söz-söhbət nədən yaranır?
- Ola bilsin ki, kiminsə xəstəlikdən
səsi korlanıb və ya dəyişib. Amma bu
yalan söhbətdi ki, opera xanəndənin səsini
batırır. Çünki operada təbii
oxumaqdır. Mikrofondan o qədər də
istifadə olunmur. Təbii oxumaqsa səsi
inkişaf etdirir. Mikrofonda oxuyanda səs
yayılır deyə, yarım səslə oxumalı olursan.
Amma təbii oxuyanda səs zaldakılara
çatsın deyə, məcbursan ki, səsini açasan.
Açıq səslə də oxuyanda səs
inkişaf edir.
- Həyatda elə kədərli gününüz olubmu
ki, o günü unuda bilmirsiniz?
- Mənim
yaşyarımlıq bir oğlan övladımı itirdiyim
gün heç vaxt yadımdan çıxmaz. Bir
də Şuşanın ermənilər tərəfindən zəbt
olunduğu günü heç vaxt yadımdan çıxara
bilməyəcəyəm. Həmin ərəfədə
biz Türkiyəyə konsert verməyə getmişdik. Şuşanın verilməsi xəbərini yolda
avtobusda eşitdik. Həmin gün mən
stres keçirdim. Şuşada keçən
uşaqlıq illərim kino lenti kimi gözümün
qabağında canlandı. İnana bilmirdim ki, Şuşa, Ağdam ermənilərin əlinə
keçə bilər. Çünki Şuşa
ilə Ağdam bütün Qarabağ camaatının
dayağı idi.
- Bəs kədərli
vaxtlarınızda hansı musiqini zümzümə edirsiniz?
- Belə vaxtlarda ancaq
ürəyimdən "Segah" oxumaq keçir.
- Ailənizdə sizdən
başqa xanəndə varmı?
- Nəinki ailəmizdə,
bütün nəsildə xanəndə təkcə mənəm.
Qardaşlarımın da gözəl səsləri
var, amma onlar başqa peşələri seçiblər.
Uşaq vaxtı mən kəndimizdə olanda elə
bilirdim ki, hamı oxuyur. İnanın, bizim kənddə
elə gözəl səsi olanlar vardı ki... Baxırsan
adi çobandır, di gəl gözəl Qarabağ şikəstəsi
oxuyur.
-
Övladlarınızdan səsi olanı, sizin sənətə
maraq göstərəni varmı?
- Səsləri var, amma nə
mən onları həvəsləndirməmişəm, nə
də özləri maraq göstərmirlər.
- Yəni, onların
müğənni olmağını istəmirsiniz?
- Yox, bir evdə bir xanəndə
bəs eləyir. Qoy onlar başqa sahələrdə
xalqımıza xeyir versinlər.
İltifat
HACIXAHOĞLU
Ekspress.- 2012.- 28-30 iyul.- S. 12.