Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?

 

   Bağırov və Şəkinski

 

   Məmmədəmin Şəkinski

 

   Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb...

   Qeyd: Artıq 5 ilə yaxındır, Teyyub müəllimin Mir Cəfər Bağırovla bağlı arxivlərdən gün işığına çıxardığı materialları, müxtəlif sənədləri qəzetimizin hər şənbə sayında "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığı altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin məhkəməsi ilə, məhkəmənin ətrafında cərəyan edən hadisələrlə və ictimaiyyətə məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur. Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.

   Yaxın saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığını yalnız rubrika kimi saxlayırıq.

 

   (əvvəli ötən şənbə saylarımızda)

 

   Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində Azərbaycan KP MK Bürosunun 1955-ci il noyabrın 15-də M.Şəkinskinin barəsindəki qərarla tanış oluruq. Burada deyildiyi kimi, M.Şəkinski 1917-ci ildən partiya üzvlüyünə bərpa edilsə də, 1938-ci ildən 1955-ci ilədək 18 illik dövr nəzərə alınmamışdır. Azərbaycan Nazirlər Soveti yanında Arxiv İdarəsi rəisinin bədxahlarının təşkil etdikləri anonim məktublarda 1955-ci il qərarındakı bir cümlə təkrar olunurdu: "Şəkinski köhnə kommunist olsaydı, o da 1955-ci ildə digər qocaman partiyaçılar kimi Bağırovun əleyhinə qalxardı".

   1966-cı ilin sentyabrında M.Şəkinski Nazirlər Sovetində sual-cavabdan sonra Azərbaycan KP MK Bürosuna aşağıdakı məktubu göndərmişdir:

 

   "Azərbaycan KP MK Bürosuna

 

   1917-ci ildən Sov. İKP üzvü, respublika əhəmiyyətli fərdi pensiyaçı Şəkinski Məmmədəmin Əhməd oğlundan

 

   Ərizə

 

   Vətən qarşısında xidmətlərimi, 1917-1919-cu illərdə müsavat ordusu əsgərləri arasında gizli, təşkilati, tədqiqat işi apardığımı, 1920-23-cü illərdə batalyonpolkdan başlamış ta Azərbaycan atıcı diviziyasınadək Qırmızı Ordunun partiya-siyasi aparatının təşkilində, 1924-27-ci illərdə Bakıda Sovet Azərbaycanında fəhlə-kəndli milisinin yaradılmasında və bu sahədə müsbət təcrübənin digər müttəfiq respublikalarda istifadə olunmasında, 1921-ci və 1930-cu ildə GöyçayNuxa qəzalarında Sovet hakimiyyətinə qarşı əksinqilabi bəy-xan üsyanlarına qarşı mübarizədə iştirakımı, yeni sosialist şəhəri Yevlaxın qurulmasında və abadlaşdırılmasında (bax: SSRİ MK-in "İzvestiya" qəzeti, 4 iyun 1934-cü il) xidmətimi, habelə Böyük Oktyabr sosialist inqilabının 50 illiyi münasibətilə təltif olunmağımı nəzərə alaraq, Sizdən xahiş edirəm ki, mənə ümumittifaq əhəmiyyətli pensiya verilməsi üçün SSRİ Nazirlər Soveti qarşısında vəsatət qaldırasınız.

 

   1917-ci ildən Sov. İKP üzvü M.Şəkinski

 

   2 sentyabr 1966-cı il."

 

   Günlər, həftələr keçmişdir. Ancaq Mərkəzi Komitədən M.Şəkinskinin müraciətinə münasibət bəlli olmamışdır. İki aydan sonra o, "Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi" blankında respublikanın birinci rəhbərinə aşağıdakı rəsmi şəxsi məktub göndərmişdir:

 

   "Şəxsən özünə çatdırılmalıdır

 

   Azərbaycan KP MK-nın birinci katibi

 

   V.U.Axundov yoldaşa

 

   Bu il sentyabrın 2-də mən ərizə ilə Azərbaycan KP MK-ya müraciət etmişdim ki, SSRİ Nazirlər Soveti qarşısında yüksək məbləğli pensiya ilə təmin olunmağım barədə məsələ qaldırılsın. Çox təəccüblüdür ki, iki ay yarım vaxt ötdükdən sonra mənə məlum olan budur ki, SSRİ Nazirlər Soveti qarşısında bir sıra yoldaşlar, o cümlədən Azərbaycan SSR Məişət Xidməti nazirinin müavini Yegizarov və başqaları barədə məsələ qaldırılmışdır. Mənə gəldikdə isə... tutduğum vəzifədən kənarlaşdırmaq barədə Əliyev və Melnikov yoldaşlara göstəriş verilmişdir. Bu nədir, mən məgər 1966-cı il 2 sentyabr tarixdə yazdığım ərizədə MK-dan vəzifədən azad olunmağımı xahiş etmişdim?

   1958-ci ildən, respublikanın Arxiv İdarəsinə rəhbərliyə başladığım müddətdən bu günədək mən arxiv müəssisələrinin işində irəliləyişə, dövlət arxivlərinin elmi-tədqiqat və nəşriyyat fəaliyyətinin yaxşılaşdırılmasında, mərkəzi dövlət arxivləri üçün yeni binanın inşasında, arxiv işçiləri üçün 40 mənzilli yaşayış evinin istifadəyə verilməsində və b.k. sahədə əmək sərf etmişəm. Mərkəzi Komitəyə bu da yaxşı məlumdur ki, Azərbaycan Qırmızı Ordusunun, Bakı və Azərbaycan sovet milisinin təşkilində, yeni sosialist Yevlax şəhərinin salınmasında və digər sahədə fəal aparmışam. Bütün bunlar fəaliyyətimə obyektiv qiymət verilməsi üçün kifayət deyilmi?

   İttifaq pensiyası SSRİ Nazirlər Soveti tərəfindən təyin edilir. Mənim haqqımda respublika təşkilatlarının xahişi qəbul edilməsə belə, hansı səbəbə görə mən işsiz qalmalıyam? Mərkəzi Komitə işçilərinin hərəkətlərində məntiq hanı? Öz fəaliyyətilə heç bir zaman ləkələnməmiş bir kommunistlə belə rəftar edərlər?

 

   Xahiş edirəm, pensiya təyinatı məsələsini heç bir vəchlə işimlə əlaqələndirməyəsiniz.

 

   1917-ci ildən Sov. İKP üzvü M.Şəkinski."

 

   MÜƏLLİFİN QEYDİ: 1966-cı il noyabrın 19-da M.Şəkinskinin Vəli Axundova ünvanladığı məktubunda İttifaq pensiyası alan Azərbaycan SSR Məişət Xidməti nazirinin müavini Yegizarov kimdir? Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində tanış olduğumuz arxiv materiallarından məlum olur ki, Yegizarov Qurgen Avetisoviç Şuşada məskunlaşmış və 1929-cu ilədək ticarətlə məşğul olmaş daşnak Xodca Avetisin oğludur. 1930-cu ildə Q.Yegizarov Bakıda yaşayan qardaşının köməyi ilə Bibiheybət mədənində işə düzəlmiş, 6 ay fəhləlikdən sonra partiya sıralarına daxil olmuşdur. Partiya biletini ələ keçirən Qarabağ ermənisi Şaumyan (kənd) rayonuna qayıtmış, müxtəlif vəzifələr tutmuşdur... Ancaq 1936-cı ildə Mir Cəfər Bağırovun cəzasından yayına bilməmişdir. Kommunist partiyasının üzvü cildinə girmiş daşnak partiya sıralarından xaric edilmişdir. Onun Moskvadakı, Azərbaycandakı, Ermənistandakı havadarlarının canfəşanlığına baxmayaraq, M.C.Bağırov qərarını dəyişməmişdir. 1936-cı il aprelin 21-də Azərbaycan K(b)P MK-nın şöbə müdiri Vasilkin yoldaşın məktubunu nəzərinizə çatdırıram:

 

   "Azərbaycan K(b)P MK katibi M.C.Bağırov yoldaşa

 

   1930-cu ildən ÜİK(b)P üzvü Yegizarov Qurgen Avetisoviç Şaumyan rayonunda işləyərkən vəzifəsindən sui-istifadə etmiş, pozğun hərəkətlərə yol vermişdir. Haqqında ifşaedici materialların yazıldığından xəbər tutan kimi rayon partiya komitəsinə məlumat vermədən özbaşına rayonu tərk etmiş, sonradan bəlli omuşdur ki, təkrar yoxlamalardan yaxa qurtarmaq üçün Bakıya gəlmişdir.

   ÜİK(b)P-nın Zaqafqaziya Diyar Komitəsində partiya sənədlərinin yoxlanılması üzrə aktlarla birlikdə Q.A.Yegizarovun işiZaqafqaziya Partiya Kollegiyasına göndərilmişdir. 1936-cı il aprelin 15-də Yegizarovdan teleqram daxil olduqda, 1936-cı il aprelin 19-da, Piters yoldaşın qəbulunda olmuşdur.

 

   Belə hesab edirəm ki, Yegizarov partiya sıralarından düzgün xaric edilmişdir".

 

   Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan arxiv sənədlərinin araşdırılması göstərir ki, 1967-ci il Məmmədəmin Şəkinskinin fəaliyyətində ən gərgin mərhələdir. Belə ki, o, həmin il fevral ayından may ayınadək Azərbaycandan, demək olar ki, didərgin düşmüşdür. 1967-ci il fevralın 22-də Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsi rəisinin müavini M.A.Naydel aşağıdakı əmrə imza atmışdır:

 

   "ƏMR N117

 

   İdarəsinin rəisi, milis polkovniki Şəkinski Məmmədəmin Əhməd oğlu 1967-ci il fevralın 27-dən aprelin 3-dək Bakı şəhərindən çıxmaqla növbəti məzuniyyətə buraxılsın".

 

   Həmin il mart ayının 30-da rəis müavini 37 nömrəli əmrə imza atmışdır:

 

   "Arxiv İdarəsinin rəisi Şəkinski Məmmədəmin Əhməd oğlunun növbəti məzuniyyət müddəti xəstəliyinə görə 1967-ci il aprelin 4-dən may ayının 6-dək uzadılsın.

 

   ƏSAS: Xəstəlik bülletenləri N038250 seriya 13336".

 

   1967-ci ilin mayında məzuniyyətdən qayıdaraq işə başlayan M.Şəkinski ilk növbədə Azərbaycan KP MK-ya onun müraciətinin həlli ilə maraqlanmışdır. Nəticə ürəkaçan olmuşdur. Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovun tapşırığı ilə Partiya Komissiyası apellyasiya ərizəsini gündəliyə gətirmişdir. 1967-ci il may ayının 24-də Azərbaycan KP MK yanında Partiya Komissiyasının üzvü A.Babayev aşağıdakı arayışı yazmışdır:

   "Şəkinski Məmmədəmin Əhməd oğlu 1900-cü ildə anadan olmuşdur. 1917-ci il dekabr ayından (1938-ci ilin sentyabrından 1955-ci ilin noyabrınadək istisna olmaqla) Sov. İKP üzvüdür. Partiya bileti N07231857, Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi vəzifəsində işləyir. Xahiş edir ki, partiya stajındakı nəzərə alınmayan müddət bərpa edilsin. 1967-ci il may ayının 19-da məsələyə dair Azərbaycan KP MK yanında Partiya Komissiyasına daxil olmuş materiallarda göstərildiyi kimi, M.Şəkinski 1937-ci ilin noyabrında Kirovabad şəhər soveti icraiyyə komitəsinin sədri vəzifəsində işləyərkən Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı orqanları tərəfindən həbsə alınmış, antisovet təşkilatlarda iştirakı ittihamı ilə SSRİ XDİK-nin Xüsusi Müşavirəsinin 5 iyun 1939-yu il tarixli qərarı əsasında 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1938-ci il sentyabrın 16-da Azərbaycan KP Partiya Kollegiyasının qərarı ilə Şəkinski Məmmədəmin Əhməd oğlu siyasi motivə görə həbsi ilə əlaqədar partiya sıralarından xaric edilmişdir. 1937-ci ilin noyabr ayından 1946-cı ilin sentyabrınadək M.Ə.Şəkinski həbsdə olmuşdur.

   1955-ci il sentyabrın 28-də Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə kollegiyası SSRİ XDİK-nin 5 iyun 1939-cu il tarixdəki hökmü ləğv edilmiş, cinayət tərkibi olmadığı üçün xətm olunmuşdur. 1955-ci il noyabrın 15-də Azərbaycan KP MK M.Ə.Şəkinskinin apellyasiya ərizəsinə baxaraq, 1938-ci il sentyabr ayından 1955-ci il noyabr ayınadək müddət istisna olmaqla, onu 1917-ci ildən Sov. İKP üzvlüyünə bərpa etmək barədə qərar çıxarmışdır.

 

   Partiya Komiissiyasının təklifi:

 

   Nəzərə alınsın ki, 1938-ci ildə M.Ə.Şəkinskinin partiya sıralarından xaric edilməsilə nəticələnmiş tədbirlər onun məhkəmə orqanları tərəfindən tam bəraət aldıqdan sonra qüvvədən düşmüşdür M.Ə.Şəkinskinin partiya sənədlərində partiya stajının tam bərpa olunmasına aid xahişinə əməl olunmalıdır".

 

 

   (ardı var)

 

   Teyyub Qurban

 

   Ekspress.- 2012.- 9-11 iyun.- S. 15.