Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?

 

   Bağırov və Şəkinski

 

   (əvvəli ötən şənbə saylarımızda)

 

   Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb...

   Qeyd: Artıq 5 ilə yaxındır, Teyyub müəllimin Mir Cəfər Bağırovla bağlı arxivlərdən gün işığına çıxardığı materialları, müxtəlif sənədləri qəzetimizin hər şənbə sayında "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığı altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin məhkəməsi ilə, məhkəmənin ətrafında cərəyan edən hadisələrlə və ictimaiyyətə məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur. Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.

   Yaxın saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığını yalnız rubrika kimi saxlayırıq.

   Əlbəttə, arxivin təşkilinin ilk iki ilində Məmmədəmin Şəkinsikinin işinə bilərəkdən mane olmağa çalışanlar da az olmamışdı. Arxivə yalnız azərbaycanlılardan ibarət kadrların cəlb olunması burada işləyən və çoxluq təşkil edən başqa millətlərin nümayəndələrinin xoşuna gəlməmişdi.

   Ona görə də həmin arxivə direktor təyin olunduğum birinci ildə nə az, nə çox, düz altı dəfə mənim məsələm Arxiv İdarəsinin ya partiya bürosunda, yaxud həmkarlar komitəsinin iclaslarında gənc kommunistin hesabatı, gənc arxiv direktorunun hesabatı, yeni yaradılmış arxivin işi haqqında məsələ, həmkarlar təşkilatı üzvünün hesabatı və sairə müzakirə olunmuşdur.

   Guya məqsədləri də yeni yaradılmış arxivin işinə kömək idi. Əslində isə iclasların gedişindən, onların iştirakçılarının hərəkətlərindən görürdüm ki, onların istədikləri adamları bu arxivə qəbul etmədiklərinə görə hayıf almaq üçün bəhanə axtarırlar. Mən bunları görür, duyur, ancaq kiməsə sübut edə bilmirdim. Hətta onlar divar qəzetində arxivin işçilərinin ləyaqətinə toxunan material verməkdən belə çəkinməmişdilər. İşçilər buna etirazlarını bildirdikdə bütün günahları direktor kimi mənim üzərimə qoyub, hətta məni münasibətləri qızışdırmaqda təqsirləndirməyə çalışırdılar. Mən isə heç nəyə fikir vermədən yalnız işlə məşğul idim. Azərbaycanlılara qarşı idarədə bu işləri məharətlə əlaqələndirən və istiqamətləndirən adam var idi. Özü də bu əlaqələndirmə hər addımda duyulurdu. Bu işdə onlar sapı özümüzdən olan bəzi bizim naxələflərdən də yaxşıca istifadə edirdilər. Onu deyim ki, mənim həqiqətən də başqa millətlərə qarşı heç vaxt ədavətim olmayıb və yenə də yoxdur. Ancaq onların azərbaycanlılara qarşı bu hərəkətlərini görüb duyur, öz vətənimizdə özümüzə qarşı bu cür açıq-açığına ayrı-seçkilik münasibəti ilə barışa bilmirdim. Demək olar ki, onlar öz vətənimizdə bizə ikinci növ admlar kimi baxırdılar. Çox vaxt bunu hətta gizlətmirdilər.

   Yuxarıda qeyd etdiyim kimi, M.Şəkinskidən tez-tez yazırdılar. Nəhayət ki, həmin il ona ittifaq əhəmiyyətli təqaüd təyin edərək işdən azad edilməsinə nail oldular. Arxiv İdarəsinə yeni rəis, keçmişdə Azərbaycan komsomolunun birinci katibi, Respublika həmkarlar ittifaqının sədri və başqa məsul vəzifələrdə işləmiş Mütəllib Babayev təyin olundu. Yaranmış yeni şəraitdə bu arxivin taleyi M.Babayevin ona necə yanaşacağından çox asılı idi. Hətta bədxahlarımız bilərəkdən arada bu arxivin yaradılmasının lazımsızlığını və ya onun yaradılmasının hələ tez olduğu haqqında söz-söhbət də qaldırırdılar. Məqsədləri də o idi ki, bəlkə bu xəbər yeni rəisə də çatsın.

 

   M.Babayev öz fəaliyyətinə ilk gündən arxivləri gəzərək onların işləri ilə tanış olmaqdan başladı. Nəhayət, bizim arxivə də gəldi. Bu arxiv haqqında fikir yaratmaq istəyənlər də onunla idi. Rəisin ilk sözü bu oldu: "Bax, bu başqa məsələ. Bu arxiv çoxdan yaradılmalı idi".

   Bununla da ətrafındakıların arzuları ürəklərində qaldı. Onlar da hər tərəfdən yeni rəisə yarınmaq üçün onun dediklərini ürəkdən bəyəndiklərini bildirib hətta bizim gördüyümüz işləri tərifləməyə də başladılar. Bununla Ədəbiyyat və İncəsənət Arxivinin təqibinə son qoyuldu.

   1967-ci ilin oktyabrında M.Babayevin təşəbbüsü ilə, görkəmli mədəniyyət xadimləri Mikayıl Abdullayev, Fikrət Əmirov, Hökümə Qurbanova, Məmməd Rahim, Həsən Seyidbəyli, Pyotr Yudin, habelə sosialist əməyi qəhrəmanları Akif Cəfərov, Sərdar İmrəliyev və Bəxtiyar Məmmədorvun imzaladığı "Sovet Azərbaycanının bütün ictimaiyyətinə!" müraciəti "Bakı", "Baku" və "Ədəbiyyat və incəsənət" qəzetlərində dərc olundu. Həmin müraciətdə Respublikanın adlı-sanlı adamlarına özlərində olan xalqımızın tarixinə aid qiymətli sənədləri dövlət arxivlərinə vermələri tövsiyə olunurdu. Artıq 1968-ci ilin əvvəlində tikilmiş təzə binaya köçürülən ilk arxiv Ədəbiyyat və İncəsənət arxivi oldu. Beləliklə də, Ədəbiyyat və İncəsənət arxivinin əməkdaşları bütün gücü ilə işləməyə başladı.

 

   ***

  1966-cı ildə Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin milli zəmində fəaliyyətinin vüsət alması Məmmədəmin Şəkinskinin bədxahlarını cin atına mindirdi. Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsində isti yuva salmış daşnak xislətli "çoxbilmişlər" Azərbaycan hökuməti rəhbər işçiləri arasında həmfikirlərinə arxayınlaşaraq İdarə rəisinə qarşı gizli qiyama qalxdılar. İmzasız və böhtan dolu cızmaqaralara Moskvanın da, Azərbaycanın da yüksək dairələri biganə qalmadılar. Millətimizin düşmənləri əqidəsindən dönməz baş arxivarusdan nə yazırdılar? Yazırdılar ki, ""müsavatçı əsgəri" hansı yolla 1917-ci ildə güllələnmiş, o sağ qalmışdır? Əgər xalq düşməni Bağırovun öz adamı olmasaydı, Yevlaxın başçısı, nazir müavini təyin edilə bilərdimi? Doğma Lenin partiyasının, Sovet dövlətinin arxivini Azərbaycanda bu qatı millətçiyə tapşırmaq cinayətdir".

   1966-cı ilin sentyabrında M.Şəkinski Nazirlər Sovetinin Mədəniyyət şöbəsində haqqında yazılmış anonim məktublarla tanış olmuş və arxivdə oxuğudumuz tərcümeyi-halını bir daha dəst-xəttilə yazıb göndərmişdir. Maraqlısı budur ki, M.Şəkinskinin o zaman yazdığı avtobioqrafiyasında Mir Cəfər Bağırovun deyil,.. V.İ.Leninin, S.M.Kirovun, M.İ.Kalininin adları vardır. Tanı olun:

 

   "Avtobioqrafiya

 

   Mən, Məmmədəmin Əhməd oğlu Şəkinski 1900-cü ildə Aşqabad şəhərində kargüzar tərcüməçi Mirzə Əhməd Hacı Abdulla Əfəndiyevin ailəsində anadan olmuşam. Anam Səltənət Hüseyn qızı kasıb ailədəndir. Qardaşqım Məmmədsadıq Əfəndiyev 1919-cu ildən Sov.İKP üzvü olmuşdur. 1942-ci ildə Kerç ətrafında döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Digər qardaşım - Məmmədşəfi Əfəndiyev həkimdir, hazırda qocalığa görə təqaüddədir, 1941-45-ci il Böyük Vətən müharibəsi iştirakçısıdır, tibb xidməti kapitanı rütbəsi var.

   Orta təhsilim var. 1920-ci ildə Bakıdakı 2-ci dərəcəli gimnaziyanı bitirmişəm. 1917-ci ildə Tiflisdə Rusiya Sosial Fəhlə (bolşeviklər) Partiyasına daxil olmuşam. Partiyanın Qafqaz Komitəsi və "Hümmət" təşkilatı tərəfindən Qars vilayətinə, Nuxa və Ağdaş qəzalarına göndərilmiş, yerlərdə seçkiqabağı təsis yığıncaqlarında iştirak etmişəm. 1917-ci ildə Ağdaş rayon zəhmətkeşlərinin mitinqində mənim təklifimlə V.İ.Leninə təbrik teleqramı qəbul edilmişdir.

   1918-ci ildə "Hümmət"in Aşqabad komitəsinin katibi və Aşqabad Sovetinin üzvi kimi türk fəhlələri arasındatəşkilati təbliğat işi aparmışam. 1919-1920-ci illərdə müsavat ordusunun əsgəri ikən Həbib Cəbiyev və İbrahim Ağabəyov ilə birlikdə fəaliyyətimi davam etdirmişəm.

   1920-ci ildə, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra, Bakı partiya komitəsinin hərbi şöbəsi tərəfindən Azərbaycan Qırmızı Ordusuna göndərilmiş, burada üç ildən çox rəhbər partiya-siyasi sahədə salışmış, alay hərbi komissarı vəzifəsindən Azərbaycan diviziyasının hərbi komissarının müavini vəzifəsində fəaliyyət göstərmişəm. (Həmin dövrdə Mir Cəfər Bağırov Qarabağ inqilab komitəsinin sədr müavini, Azərbaycan diviziyasının komissarı vəzifəsində idi - T.Q.)

   1921-ci ilin fevralında ümumqoşun hərbi məktəbin komissarı kimi pulemyotçu dəstəsində Gürcüstanda Sovet hakimiyyəti qurulması zamanı menşevik ordusuna qarşı mübarizədə iştirak etmişəm. 1921-ci ildə Azərbaycan SSR sovetlərinin 1-ci qurultayında Azərbaycan Ordusunda savadsızlığın ləğv edilməsində xidmətimə görə Qızıl Xəncərlə mükafatlandırılmışam. S.M.Kirovun zəmanətilə 1924-cü ilin əvvəlində Bakı Sovetinin inzibati şöbəsinə və Bakı milisinə rəhbərlik etmişəm. 1930-cu ildə Azərbaycan SSR Baş Milis rəisinin müavini vəzifəsində çalışarkən "Banditizmiə qarşı mübarizədə şücaət göstərdiyinə görə" medalı ilə təltif olunmuşam.

   1933-cü ildə partiyamız məni Yevlax pambıq zavodunun direktoru vəzifəsində işləməyə göndərmişdir. (Bakı Sovetində sədr müavini vəzifəsindən sonra). 1934-cü ildə əvvəlcə Yevlax qəsəbə Sovetinin, sonra rayon icraiyyə komitəsinin sədri olmuşam. 1934-35-ci illərdə Yevlax şəhərini yeni sosialist şəhərinə çevirmişəm, buna görə də SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri M.İ.Kalinin mənə Fəxri Fərman və radioqəbuledici ilə mükafatlandırmışdır. 1936-37-ci illərdə Azərbaycan SSR Kommunal Təsərrüfatı nazirinin müavini və Kirovabad Şəhər Zəhmətkeş Deputatları Sovetinin sədri vəzifələrində çalışmışam.

   1937-ci ilin noyabrında NKVD orqanları tərəfindən qanunsuz olaraq həbs olunmuş, 1939-cu ildə SSRİ Xalq Daxili İşlər Komissarlığı Xüsusi Müşavirəsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilmiş və Kolımada həbsdə omuşam. 1947-ci ildə cəza müddətindən sonra Kolımadan Krasnodar vilayətinə göndərilmiş, orada 1955-ci ilədək vətəndaş kimi müxtəlif vəzifələrdə işləmişəm.

   1955-ci il sentyabrın 27-də Azərbaycan SSR Ali Məhkəməsi müqəssir olmadığıma və qanunsuz həbs edildiymə görə mənə bəraət vermiş, 1955-ci ilin noyabrın 15-də Azərbaycan KP MK Bürosunun qərarı ilə 1917-ci ildən partiya üzvlüyünə bərpa olunmuşam".

 

 

   (ardı var)

 

   Teyyub Qurban

 

  Ekspress.- 2012.- 2 -4 iyun.- S.15.