Türkiyədə
Azərbaycan Mədəniyyət Günləri başladı
Türkiyədə
Azərbaycan Mədəniyyət Günləri çərçivəsində
ilk olaraq iyunun 18-də Ankarada “CerModern” incəsənət mərkəzində
Azərbaycanın rəsm və incəsənət əsərlərinin
sərgisinin açılış mərasimi olub. Bu barədə
APA Azərbaycanın Türkiyədəki səfirliyinə
istinadən məlumat verir. Tədbirdə, Türkiyə və
Azərbaycanın Mədəniyyət və Turizm Nazirləri Ərtoğrul
Günay və Əbülfəs Qarayev, Türkiyə
Respublikası Müdafiə Naziri İsmət Yılmaz,
çox sayda millət vəkili, Ankarada akkreditə olunmuş
diplomatik nümayəndəliklərin rəhbərləri və
təmsilçiləri, Türkiyə və Azərbaycanın
çox sayda elm, incəsənət və ictimai xadimləri,
ictimaiyyət, diaspor və KİV nümayəndələri
iştirak ediblər.
Türkiyə
və Azərbaycanın Mədəniyyət və Turizm Nazirləri
Ərtoğrul Günay və Əbülfəs Qarayev,
Türkiyə Respublikası Müdafiə Naziri İsmət
Yılmaz və Səfir Faiq Bağırov sərginin
açılışının rəmzi olan
qırmızı lenti kəsiblər. Ardından
açılış nitqini həyata keçirən
Türkiyə Respublikası Mədəniyyət və Turizm
Naziri Ərtoğrul Günay bir millətin iki dövləti
arasında təşkil olunmuş bu kimi tədbirlərin əhəmiyyətindən
söz açaraq Azərbaycan mədəniyyətinin əvəzolunmaz
dəyərlərindən bəhs edib.
Daha
sonra Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Naziri Əbülfəs Qarayev çıxış
üçün kürsüyə dəvət olunub. Nazir
öz çıxışında iki ölkə əlaqələrinin
çoxşaxəliliyindən bəhs edərək, mədəniyyət
sahəsindəki əlaqələrin daha da inkişaf etdiriləcəyini,
Azərbaycanda da Türkiyə mədəniyyət günlərinin
təşkil olunacağını və bütün bu
addımlara güclü dəstək verən hökumətimizin
önəmli siyasətinin olduğunu vurğulayıb.
Sərgi
24 iyun tarixinədək açıq qalacaq. Sərginin
ardından tədbirlərin ikinci hissəsi teatr salonunda konsert
və Azərbaycan rəqslərinin nümayişi ilə davam
edib.
Qara
Qarayev adına Azərbaycan Dövlət kamera orkestri (bədii
rəhbər və baş dirijor xalq artisti Teymur
Göyçayev), Dövlət rəqs ansamblı (bədii rəhbər
xalq artisti Afaq Məlikova), solistlər - vokalçı, xalq
artisti Samir Cəfərov, gənc vokalçı Aygün
Zeynalova, eləcə də muğam ifaçıları,
respublika müsabiqələri laureatları Babək Niftəliyev
və Arzu Əliyeva, Sahib Paşazadənin rəhbərliyi ilə
instrumental ansambl, balaban ifaçısı Şirzad Fətəliyev,
müğənni Azərin və beynəlxalq müsabiqələr
laureatı Elvin Qəniyev konsertdə çıxış
ediblər.
İyunun
19-da Türkdilli Ölkələrin Mədəniyyət Təşkilatı
TÜRKSOY-da Nizami Gəncəvinin 870 illiyi münasibətilə
elmi konfrans, habelə rəsm, xalça, milli geyim və xalq tətbiqi
sənət nümunələrimizdən ibarət sərgi də
təşkil olunacaq. Daha sonra tədbirlər İzmir şəhərində
davam edəcək.
Ekspress.-212.-20 iyun.-S.23.