"Bütün Azərbaycan
mənim dostumdur"
18
yaşında məşhur "Əhməd haradadır"
filmində sürücü Əhməd
obrazını yaradan Elxan
Qasımov sonralar bir çox filmlərdə maraqlı rollara çəkilib, rejissor
kimi bir çox filmlərə quruluş
verib. Onun bir neçə il
əvvəl Qarabağ mövzusunda
çəkdiyi "Biz
qayıdacağıq" filmi kifayət qədər
tamaşaçı auditoriyası toplamışdı. Bununla belə, Elxan
Qasımov Azərbaycan tamaşaçısının
gözündə hələ də "sürücü
Əhməd" olaraq qalır...
Elxan Qasımovla artıq neçə
illərdir Həmkarlar Komitəsinin sədri kimi
çalışdığı "Azərbaycanfilm"
kinostudiyasında görüşdük.
-
Elxan müəllim, son zamanlar
gözdən-könüldən iraq düşmüsünüz...
- Məni görmürsünüzsə, deməli, siz də bütün zövqlü insanlar kimi Azərbaycan telekanallarına
baxmırsınız. Mən bunu
alqışlayıram. Ancaq mətbuatdan
uzaqlaşmamışam, istənilən zaman
mənə müraciət edildiyində mütləq
müsahibə verirəm. Mətbuatın çoxluğu yaxşıdır, ancaq qarmaqarışq çoxluğu
pisdir. Çox bilmək
istərdim ki, məsələn, teatrdan hansı qəzetlər yazır, onu almaq istərdim.
Ümumiyyətlə, incəsənətdən hansı qəzetlər
bəhs edərsə, o qəzetləri
alardım. Mənə qəribə görünən bir məqam var. Bildiyimiz kimi, iqtidar seçilir, bəs
müxalifət... Deyirlər, kabinet
müxalifəti, mətbəx müxalifəti, yaltaq müxalifət var, təbii
ki, əsl müxalifət də var. Qəzetlərdə bu
barədə çox yazırlar və
artıq informasiyanı hardan götürəcəyinə
məəttəl qalırsan. Bütün
bunlara rəğmən, mətbuatla
münasibətim çox
yaxşıdır. Əgər mən vəzifədə
olsaydım, o zaman yəqin
ki, "Mətbuatın dostu"
yüksək tituluna layiq
görülərdim. Mən daim TV-də, radioda və kinodayam. Azərbaycan incəsənətinin, xalqın estetik zövqünün etik qaydalarının unudulmaması üçün bildiyim qədər,
Yaradanın mənə verdiyi talant qədər təcrübəmdən
çıxış edərək yeni gələn
nəslə başa salıram. Estafeti onlara vermək üçün hazırlamaq gərəkdir.
- Bir zamanlar sizin nəslə də
estafeti vermişdilər...
- Mən xoşbəxtəm ki,
taleyim məni hələ gənc yaşlarımda sənətə gətirdi
və mən həyat görmüş, təcrübəli və yüksək mədəniyyət sahibi olan yüksək təhsilə malik,
gimnaziya təhsilli,
60-65 yaşlı təcrübəli insanlarımızla,
ustadlarımızla
ünsiyyətdə oldum.
- Elə "Əhməd
haradadır" filminin adını çəkmək yetər ki, 18 yaşınızda necə ustadlarla bir araya gəldiyinizin şahidi
olaq...
- 18 yaşında olan gənc bir oğlan üçün Məmmədrza
Şeyxzamanov,
Lütfəli Abbdullayev, Mustafa Mərdanov, Nəcibə Məlikova, Ağahüseyn Cavadov və
bir sıra görkəmli aktyorlarla bir filmdə
çəkilmək böyük məktəb keçməyə bərabərdi.
Hətta onların bəziləri 1900-cü ildən də əvvəl
doğulmuşdu. Yəni hələ Sovet hakimiyyəti qurulmamışdan əvvəl
o insanlar kifayət qədər
formalaşmış insanlardı. Onlardan çox şey öyrəndim,
hər biri bir həyat
məktəbi idi. Ustadlarımdan öyrəndiklərimi
mən də yeni nəslə öyrətməliyəm.
Sanki şüuraltı olaraq
hiss edirəm ki, ustadlar məni müsahibələrimdə
mütləq maarifçilikdən, gənclərin tərbiyəsindən
danışmağa səsləyirlər.
- Təbii ki, 50 illik
kino fəaliyyətiniz bu
haqqı sizə verir...
- 50 illik kino fəaliyyəti,
daha öncə sənətə rəqqas
kimi gəlməyim. Az
müddət deyil. Mən həmişə
çalışmışam ki,
Allahın mənə verdiyi yükü namusla, qeyrətlə
daşıyım, ömrümün sonuna qədər daşıya bilim.
Buna nə dərəcədə nail olmuşam, onu məni tanıyanlar, ətrafımda olanlar, sizlər bilərsiniz və təbii ki, gələcək göstərəcək.
Mən lazım olanda tərif deyirəm,
lazım olanda tənqid edirəm, lazım
olanda az, lazım olanda çox
danışıram. Mən iqtidarın da, müxalifətin də, sənətkarın
da, sənətkar olmayanın da, qəbul olunmayan və
qəbul etmədiyim cəhətini görəndə mütləq
sözümün əvvəlində deyirəm
ki, "mənə belə gəlir ki, bu belədir və ya mən belə anlayıram ki, bu belə olsa yaxşıdır". Demirəm ki, bu pisdir,
bu yaxşıdır, hətta ən pis olanın içində belə
yaxşı bir şey
tapa bilirəm. Buna
görə də, bütün Azərbaycan
mənim dostumdur. Bu
ifadəni çox adam
işlətmir. Azərbaycan xalqı 1963-cü ildən məni
əlinin içində saxlayır, sənətkar kimi qiymətimi bilir. Azərbaycanın
elə bir guşəsi yoxdur
ki, orda Elxan Qasımova - sürücü
Əhmədə xüsusi hörmət
olmasın.
- Gənclik illəriniz
Sovet hakimiyyətinin ən qaynar dövrünə
düşüb, daha sonra müstəqillik dövrü gəldi.
Hər iki dövrü müqayisə edərkən nə
düşünürsünüz?
- Siz iki dövr
kimi görürsünüz,
ancaq mən çox dövr görmüşəm. Mənim gəncliyim
İkinci Dünya
müharibəsindən sonrakı dövrə təsadüf edir. Mən 1945-ci ildə anadan
olmuşam. Müharibənin
bitməsindən 7-8 il sonra
sinəsi medallı vətənə dönən insanları,
onların yaşayış tərzini, həyata olan baxışlarını, münasibətlərini,
həyat tərzlərini, ölkəyə, millətə olan münasibətlərini görmüşəm.
Görmüşəm ki, bir
taxıl dənəsini tapdayan adamla kolxoz sədrləri
necə mübarizə aparıb. Ayaqla yol gedərkən taxıl zəmisinin
içindən kəsə yolu seçməyiblər.
Ancaq
hazırda görürəm ki, gözəl
parklar salınır, əcnəbi ölkələrdən
külli-miqdarda pullar
xərclənir ki, Azərbaycan
xalqının zövqü oxşansın
və o parkların ortasından gedənləri
görürəm. İndiki dövrdə yolu kəsə tərəfdən
seçənə cəza yoxdu. Cavabdeh insanlar qorxudan səs etmir ki, eşidən olar.
Söhbət taxıl söhbəti, göyərti tapdamaq deyil,
danışdıqlarım məcazi məna daşıyır.
Yəni o dövrdə necə idi, həyat uğrunda
mübarizə necə idi, indi
necədir. Atam dünyasını dəyişəndə
84 yaşında idi. Uzun
illər, 45 ildən çox baş baytar həkimi kimi işləmişdi. Bir
dəfə söhbətlərimizin birində vəziyyətin
çətinləşdiyindən danışırdı, səbəbini
soruşanda belə izah
etdi: "Bir
inək üçün hətta ucqar kəndlərdən xüsusi
olaraq mənim dalımca maşın
göndərilirdi, ancaq hazırda meşələr
qırılır, sürülər
dağıdılır". Əvvəlki dövrdə informasiya qıtlığı olub,
ancaq kimlərsə hər hansı bir qanunu yaxşı tətbiq
edə bilərdi. Məsələn, ferma müdirinin, kolxoz sədrinin,
idarə rəhbərinin bir işçinin qulağını burması həqiqi
mənada Azərbaycana yayılmırdı. Yəni, rəhbər
öz işçisini
cəzalandıra bilirdi. Mən dəyənək
siyasəti tərəfdarı deyiləm. Ancaq
başqa cür başa salmaq olmursa, nə etmək olar!?
Rusiyanın baş prokuroru
olmuş Stepaşinin
"Güllələnməni təxirə salın"da çox önəmli bir fikri var: "Mən də
bir baş prokuror kimi deyirəm ki, insanı güllələmək olmaz. Ömrü verən
Allahdır, ölümü də verən
Allahdır. Bu baxımdan İNSANI güllələmək
olmaz. Ancaq 4
yaşında qız uşağına təcavüz edən,
anasını öldürənlər və s.
cinayətlər törədənlər insan
deyil, onlar
şeytandır, onlar məhv
olmalıdır". Mən bir qədər
qısa söylədim, Stepaşin cinayətləri
sadalayıb, nifrətini kəskin bildirib.
Necə olur ki, qol çirk etdiyi zaman, əgər
çarəsiz bir məqam yaranırsa, qanun çərçivəsində qolu kəsməyə izn verilir. Onda niyə xalqa zülm edəni qanun çərçivəsində bu həyatdan təcrid etməyə izn verilməsin!? Mən belə
düşünürəm, mənim həyata
baxışım budur. Nə zamansa mən həyatda olmaram,
ancaq sizin kimi yazar sayəsində qələmə
alınan bu fikirlərim qalar.
Deyərsən ki, Elxan
Qasımov belə deyirdi, belə fikirləşirdi..
- Allah gecindən
versin, Elxan müəllim. Gəlin, söhbətin istiqamətini
dəyişək...
- O zaman söhbətin istiqamətini
mədəniyyətə doğru
götürək. Və bilirəm ki, söhbət istər-istəməz kinodan düşəcək. Ətrafında baş verənlərin hamısı sənətə
təsir edir. İnsan
oğlu namusla, vətənə
məhəbbətlə, ailəyə məhəbbətlə,
dünyəvi məhəbbətlə, dinə məhəbbətlə,
eyni zamanda ürəyində
insaf hissiylə çalışırsa, onun yaratdığı əsərlər də
insanların həyatının yüngülləşməsinə
yardım edir. Əks halda
anti-sənət əsərlər yaranır. Məsələn,
rəssamlıqda eybəcərliyi göstərmək (söhbət
abstrakt əsərlərdən getmir), kinoda nifrəti vermək
üçün tüpürməyi
göstərmək, söyüşü
göstərmək şəxsən mənim üçün
sənət deyil, əxlaqsızlıqdır.
Sevgini göstərmək üçün
çılpaqlığı göstərmək sevgi deyil. Doğrudur,
bu da sevginin
bir növüdür,
ancaq elə təqdim olunmalıdır ki, orda diqqət sadəcə
sənətə yönəlsin. Belə şeylər düzüb- qoşurlar, sonra da adını kino qoyurlar, bu doğru deyil.
Ən pis şey
plagiatlıqdır. Plagiatlıq iki cür olur. Bir özün bilirsən ki, bu plagiatdır, bir də baxan bilir ki, plagiatdır. Bu dəhşətdir... Götürüb
bir şeylər quraşdırırlar, sonra da altından
yazırlar ki, kino. Əgər
rəssam dovşan şəkli çəkib
altına fil yazırsa, bu
o demək deyil ki, o, fildir.
Yalançı məqamlarla tamaşaçını aldatmaq olmaz.
Ulduzə Qaraqızı
Ekspress.-
2012.- 9-11 iyun.- S.18.