"İncəsənət qurban yox, ağıl tələb edir"

 

   Aşıq Zülfiyyə İbadova "Aşıq Pəri məclisi"ndə tanınıb, püxtələşib. Sonradan səs-sədası böyük-böyük konsert salonlarından gəldi, ustad aşıqlarla yanaşı saz çaldı, söz söylədi, xarici ölkələrdə sazımızı təbliğ elədi.

   - Zülfiyyə xanım, siz "Aşıq Pəri məcslisi"nə necə gəldiniz?

   - Rəhmətlik Hüseyn Arifin təşəbbüsü ilə Aşıqlar Birliyi yaradılandan sonra aşıq sənətinə yeni bir ab-hava gəldi. Sonra Az.TV-də Narınc Xatunun rəhbəliyi ilə "Aşıq Pəri məclisi"ni yaratdılar. Onlar Azərbaycanın hər bölgəsindən çalıb-oxuyan qızları bu məclisə aparırdılar. Mənim isə bu məclisə gedib-çıxmağım rəhmətlik Aşıq Mikayıl Azaflının təşəbbüsü ilə olub. Hüseyn Ariflə Narınc Xatun Aşıq Mikayılın evində qonaq olanda deyiblər ki, "bizə saz çalıb-oxuya bilən qızlar lazımdır". Aşıq Mikayıl da mənim məhsul bayramındakı çıxışımı görmüşdü və barəmdə onlara danışıb.

   Onlar da məni Bakıya dəvət elədilər. Mənim Bakıya gəlib-getməyimə o dövrdə rayonumuzun birinci katibi Aslan Nəsibov böyük köməklik göstərirdi. Nə gizlədim, ailəmiz böyük idi, atam da adi traktorçu. Hər dəfə Bakıya çəkilişə gəlib-getməyə məndə imkan hardaydı? Bakıya səfərlərimin bütün xərcini Aslan müəllim ödəyirdi. Məktəbimizin direktoru aparırdı məni dükana, Aslan müəllimin göstərişi ilə ürəyim istədiyini mənə verirdilər.

   - Aşıq sənətinə maraq azalıb. Siz necə fikirləşirsiniz, bunun səbəbkarı aşıqlar özləri deyil ki?

   - Mən sizə deyim ki, əvvəllər də, Hüseyn Arif Aşıqlar Birliyini yaradanadək beləydi. Aşıqlar Birliyi, "Aşıq Pəri məclisi" yaradılandan sonra birdən-birə vəziyyət dəyişdi. Böyük-böyük salonlarda konsertlər keçirildi. Sonradan vəziyyət yenə pisləşdi. Bir neçə il bundan əvvəl şadlıq evlərinə aşıqları yaxın buraxmırdılar. İndi isə, şükür Allaha, vəziyyət yaxşılığa doğru dəyişir. Düzdür, əvvəllər məclislərdə dastanlar danışılardı, indi isə vaxtın qıtlığı buna imkan vermir. İndi 5-6 saatlıq toy gedir, gərək toya gələnlərin nəbzini tuta biləsən. Ancaq bəzən elə olur ki, toya gələnlər hansısa bir şerin yaranma tarixini və hansısa bir dastanın balaca bir hissəsini sifariş verirlər.

   Telekanallarda da indi aşıq sənətilə bağlı verilişlər hazırlanır. Mənə elə gəlir ki, radio-televiziyalarda hər gün aşıq sənəti ilə bağlı veriliş getsə, hər gün aşıq musiqisi səslənsə, yad və mənasız musiqilər tezliklə aradan çıxar.

   - Nədənsə aşıqlarımız konsert verməyə və kliplər çəkdirməyə həvəs göstərmirlər. Bəlkə bunun səbəbini siz deyəsiniz?

   - Bunları eləmək üçün çoxlu vəsait tələb olunur. Amma bu sahədə addımlar atılıb. Kliplər çəkilir. Mən özüm "Yanıq Kərəm" havasına klip çəkdirmişəm.

   - Hamımız bilirik ki, paytaxtımızda olmasa da, rayonlarda aşıq sənətinə maraq yenə əvvəlki kimi qalıb. Çox toyları aşıqlar aparır. Fikrimcə, klip çəkdirməyə bəzilərinin imkanı var. Gəlin razılaşaq ki, aşıqlarımızın özlərində passivlik var...

   - Bəli, sizin sözünüzdə həqiqət var. Ancaq rayon yerlərində onlar elə güclü pul qazanmırlar. Rayondan gəlib-getmək problemi var. Onları çəkilişə az-az dəvət eləyirlər. Klip müasir şeydir. Yəqin ki, gələcəkdə bu məsələlər həllini tapacaq. Bilirsiniz ki, İctimai Televiziyada mənim öz verilişim var. Məcbur oluram ki, ağsaqqal aşıqlarımızı verilişə dəvət etmək üçün rayonları gəzim.

   - Bu gün aşıq sənətində kimlərin yeri görünür?

   - Aşıq Mikayıl Azaflının, Aşıq İmranın, Aydın Çobanoğlunun, Aşıq Xanların ölümü mənə çox pis təsir eləyir.

   - Dolana bilirsinizmi?

   - Mən indi durub bəziləri kimi şikayət eləsəm, hamıya gülməli görünər. Bu günümə şükür.

   - Zülfiyyə xanım, bu gün qadın sənətçilərin bəziləri öz ailələrini sənətə qurban verməklərilə öyünür...

   - Belə şeylər mənə çatmır. Deyirlər ki, incəsənət qurban tələb edir. Xeyr, incəsənət ağıl tələb edir ki, o da qadın sənətçilərin 80 faizində yoxdur. Təkəbbürlərindən partlayırlar. Əgər mənim bu gün bu paltarları geyməyə gücüm çatırsa, kim məni məcbur eləyə bilər ki, bahalı-bahalı paltar geyinim, bahalı avtomobildə gəzim, villam olsun, brilyant sırğalar taxım. Nəyə imkanım çatır, onu geyinərəm, onu taxaram. Vacib deyil ki, "filankəsdə belə bir şey var, məndə olsun". Bütün bunlar ailədə dedi-qodu yaradır. Mən yenə deyirəm, ailənin dağılmasına səbəb həmin qadın sənətçilərin özləridir. Hər ailədə söz-söhbət olur, gərək onda bütün ailələr dağılsın. Mən özüm 20 ildir ailəliyəm, bizim evdə mübahisələr olub. Atam məni ərə verəndə dedi ki, öldüyün yer ora olmalıdır...

   - Yoldaşınız sizi qısqanırmı buna görə mübahisəniz düşübmü?

   - Əlbəttə, qısqanır, bunun üstündə davamız da düşüb. Təzə-təzə evlənəndə məni çox qısqanırdı, bəzən deyirdi ki, "daha səni buraxmayacağam". Bir dəfə möhkəm mübahisəmiz düşdü. Siz bilirsiniz ki, konsertlərdə çox vaxt cavanlar gül verirlər, yaşlılar adətən səhnəyə çıxıb gül verməyə ərinirlər. Evə gələndə həmişə hirslənirdi ki, niyə mənə məhz cavanlar gül verir... Mən deyirdim ki, "əgər istəmirsənsə, mən daha konsertə getmərəm". Sonra görürdüm ki, hirsi tez soyuyur. Konsertin vaxtı çatanda soruşurdu ki, niyə hazırlaşmıram? Özü məni sənətdən ayırmağa qıymırdı.

   - Əgər yoldaşınız vaxtsa çox möhkəm qısqanıb, sizə oxumağı qadağan eləsə?

   - Çox sadə. Mən sazı köynəyinə qoyub ağzını da möhkəm bağlayaram. Ailə elə-belə şey deyil ki, hər kiçik söz-söhbətə görə dağılsın. Mən saz çalmaram, oxumaram. Allah eləməsin, əgər mənim ailəm dağılarsa, imkan vermərəm ki, məhz sənətimə görə belə olsun. Çünki bu gün ərindən boşanan qadın müğənnilərdən soruşanda ki, "niyə belə elədin", ya deyir "ərim narkoman", ya da deyir, "ərim əyyaş" idi. Heç kim günahı özündə görmür...

 

 

   AYXAN

 

   Ekspress.- 2012.- 9-11 iyun.- S.19.