Bağırov və Şəkinski
(əvvəli ötən şənbə saylarımızda)
Azərbaycanda ötən
əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb...
Qeyd: Artıq 5 ilə
yaxındır, Teyyub müəllimin Mir Cəfər
Bağırovla bağlı arxivlərdən gün
işığına çıxardığı
materialları, müxtəlif sənədləri qəzetimizin
hər şənbə sayında "Mir Cəfərin məhkəməsi
necə hazırlanmışdır" başlığı
altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin
məhkəməsi ilə, məhkəmənin ətrafında
cərəyan edən hadisələrlə və ictimaiyyətə
məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik.
Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur.
Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər
üzə çıxarırdı ki, onların
oxucularımızda maraq doğuracağını nəzərə
alaraq bir çox hallarda mövzudan kənara
çıxmalı olurduq.
Yaxın
saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini
təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin
məhkəməsi necə hazırlanmışdır"
başlığını yalnız rubrika kimi
saxlayırıq.
Görkəmli alim
Abbas Zamanov xatirələrində Məmmədsadıq Əfəndiyevlə
1942-ci ilin yanvar ayında tanış olduğunu yazır:
"Təxminən yanvar ayında Azərbaycan Kommunist
Partiyasının Mərkəzi Komitəsi siyasi işdə
çalışmaq üçün Kerç cəbhəsinə
bir dəstə partiyaçı göndərmişdi.
Bu dəstənin
içərisində Rəsul Rza, Əli Vəliyev, şair Əhməd
Cəmil, Məmmədsadıq Əfəndiyev, mən və
başqaları var idik. Biz Novorossiyskiyə qədər Məmmədsadıq
Əfəndiyevlə bir kupedə getdik. O, son dərəcə
bilikli, həmsöhbət, dilli-dilavər, zarafacıl bir adam
idi. Vaqonda hamı onun başına toplaşar, şirin
söhbətlərinə aludəliklə qulaq asardı.
Kerçə
çatanda bizi hərbi hissələrin arasında
bölüşdürdülər. Mən cəbhə qəzetinə
işləməyə, o isə diviziya siyasi şöbəsinə
təlimatçı vəzifəsinə göndərildi. Beləliklə,
biz ayrı düşdük. Kerçdə olduğumuz
müddətdə iki dəfə Məmmədsadıq Əfəndiyevin
işlədiyi diviziyaya ezamiyyətə getdim, ikisində də
onunla görüşdüm. Diviziyada hamı baş siyasi rəhbər
Məmmədsadıq Əfəndiyevdən ağızdolusu
razılıq eləyirdi. Hamı onu sevir, hamı ona hörmət
bəsləyirdi. Deyirdilər ki, Məmmədsadıq Əfəndiyev
vaxtını həmişə əsgərlərlə bir yerdə,
döyüş səngərlərində keçirirmiş.
Bir dəfə rota ilə düşmən üzərinə
hücuma getdiyi zaman ağır surətdə yaralanıb
qospitala düşmüş, sağaldıqdan sonra təkrar
öz iş yerinə qayıtmışdı.
Diviziyada mən öyrəndim
ki, baş siyasi rəhbər Məmmədsadıq Əfəndiyev
olduqca qayğıkeş adam imiş. O hamının
qayğısına qalar, hamının vəziyyəti ilə
maraqlanar, hamıya əlindən gələn köməyi edərdi.
1942-ci ilin may ayında biz Kerç yarımadasını tərk
etməli olduq. Kubanda mən Məmmədsadıq Əfəndiyevlə
görüşmək üçün onun işlədiyi
diviziyaya getdim. Çox təəssüf ki, görüşə
bilmədim. Düşmənlə vuruşmada qəhrəmancasına
həlak olmuşdu". (Bax: "Qobustan" jurnalı.
1983-cü il. N14, səh.18).
Bu il mart ayının
3-də (N39) "Zerkalo" qəzeti Məmmədsadıq Əfəndiyevin
ləyaqətli yadigarı, xalqımızın əsl
ziyalı xanımı, əməkdar incəsənət
xadimi, Ü.Hacıbəyov adına Bakı Musiqi
Akademiyasının professoru İmruz xanım Əfəndiyevanın
"Atam haqqında" geniş məqaləsini oxuculara
çatdırmaqla təqdirəlayiq iş
görmüşdür. İmruz xanım atasının şəxsi
arxiv sənədlərinə əsasən onun təvəllüd
gününü də qəti müəyyən etmişdir:
1902-ci il iyulun 5-də Aşqabad şəhərində anadan
olmuşdur. Deməli, 2012-ci il iyulun 5-i faşistlərə
qarşı amansız döyüşdə qəhrəmancasına
həlak olmuş, görkəmli dövlət xadimi, Azərbaycan
teatrşünaslığının banisi, yazıçı
və publisist Məmmədsadıq Əfəndiyevin yubiley
ildönümüdür, anadan olmasından 110 il keçir. Bu
şanlı yubiley dövlət səviyyəsində
keçirilsə, yubilyarın özünün də,
özündən iki yaş böyük qardaşı Məmmədəmin
Şəkinskinin də, Mir Cəfər Bağırovun da ruhu
şad olar!
Redaksiyaya məktub
"Ekspress" qəzetinin
redaktoru Qəzənfər bəy Bayramova
"Hörmətli Qəzənfər
müəllim!
Qələm dostum,
tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurbanın arxiv sənədləri əsasında
yazdığı və redaktoru olduğunuz qəzetdə dərc
olunan "M.C.Bağırov və M.Şəkinski" adlı
silsilə məqalələrini maraqla oxuyuram; Məmmədəmin
Şəkinski həqiqətən də Azərbaycanın
nadir şəxsiyyətlərindən biri olmuşdur. Azərbaycan
mətbuatında ilk dəfə olaraq məhz Sizin qəzetdə
bu cür dəyərli silsilə yazılara yer verdiyiniz
üçün "Ekspress" qəzetinin təşəbbüsünü
çox müsbət qarşılayıram. Bunun
üçün çox sağ olun.
Eyni zamanda diqqətinizə
çatdırıram ki, 1962-ci ildən başlayaraq Məmmədəmin
Şəkinskinin rəhbərliyi altında baş
inspektor-baş metodist vəzifələrində işləyərkən
onun çoxcəhətli və əyilməz şəxsiyyəti
məni özünə cəlb etmişdir. Bu səbəbdən
də xeyli illərdir ki, mən M.Şəkinski haqqında
xatirə yazıram. Fürsətdən istifadə edərək,
Azərbaycanın ictimai-siyasi həyatında silinməz izlər
buraxmış bu tanınmış insan barəsində
hazırladığım xatirəmin qəzetinizdə dərc
olunmasına şərait yaratmağınızı xahiş
edirəm.
Hörmətlə,
Azərbaycan
Respublikası Dövlət Elm və Texnika sənədləri
Arxivinin direktoru Şahsuvar Haşımov".
Şahsuvar
Haşımov:
- Məmmədəmin
Şəkinski kimi tanınmış bir şəxsiyyət
haqqında xatirə söyləməyə mənim də
haqqım vardır. Çünki sonuncu iş yerlərindən
biri olan Azərbaycan Respublikası Nazirlər Soveti yanında
Arxiv İdarəsinin rəisi vəzifəsində işlədiyi
illərdə mən onun təmənnasız köməkliyi
ilə işə düzəlmiş və bundan sonra 6 ilə
yaxın bir müdət ərzində onun rəhbərliyi
altında çalışmışam. Mən eyni zamanda, Azərbaycanda
köhnə cəmiyyətlə yeni cəmiyyətin çox
kəskin şəkildə üz-üzə
dayandığı ötən əsrin 20-30-cu illərində
bu cəsur insanın doğma xalqına, dövlətinə və
vətəninə misilsiz sədaqət nümunələri
göstərməsi barədə onun rəhbərliyi
altında işlədiyim 1962-1967-ci illərdə daha çox
eşitmişəm və eşitdikcə də
qürurlanmışam. Özüm-özümə
düşünmüşəm ki, gör mən kiminlə
işləmişəm...
Təyin olunduğum
iş sahəsi əsas fəaliyyət üzrə rayon (şəhər)
dövlət arxivlərinə rəhbərlik və nəzarət
şöbəsi idi. Bu şöbə Respublika Nazirlər
Soveti yanında Arxiv İdarəsinin bütün struktur
bölmələri sırasında daha çox vacib
olduğundan mən M.Şəkinskinin rəhbərliyi ilə
mütəmadi olaraq çalışır və onun
bütün tapşırıqlarını əməl edirdim.
Mən onun artıq Azərbaycanda və hətta o zamankı
Sovetlər ölkəsində seçilib-sayılan bir arxiv təşkilatçısı
olmasının da şahidi olmuşam. Bax elə buna görə
də mən Məmmədəmin Şəkinskiyə həsr
etdiyim bu xatirəmi yalnız və yalnız öz daxili istəyimin
və vicdanımın tələbi ilə qələmə
alıram.
M.Ə.Şəkinskinin
rəhbərlik etdiyi vacib dövlət əhəmiyyətli
idarədə işə düzəldiyim gün cüzi
maaşla işlədiyim köhnə iş yerimi təhvil verməli
idim. Bu məqsədlə Azərbaycan Dövlət Universitetinə
gəldim və köhnə rəhbərim olmuş tədris
hissə üzrə porektor Əlövsət müəllimlə
söhbət etməli oldum. Çəkdiyim xeyli əziyyətlərdən
sonra nəhayət ki, mənim Məmmədəmin Şəkinski
kimi tanınmış bir rəhbərin himayəsində
işə düzəldiyimi eşidən Əlövsət
müəllim hədsiz sevindi və bu görkəmli şəxs
barəsində maraqlı söhbət açdı.
Əlövsət
müəllimin dediklərindən yadımda qalanlar: "Məmmədəmin
Şəkinski Azərbaycan xalqının nəzərində
həqiqətən əfsanəvi bir insan idi. Mən gənc
yaşlarımda olarkən valideynlərimiz onun igidliyi barəsində
hər gün söhbət açardılar. Xüsusilə də
Şəkinski inzibati vəzifələrdə və milis rəhbərliyində
işlədiyi 20-30-cu illərdə daha təqdirəlayiq
igidliklər göstərir və güclü təşkilatçılıq
işləri aparırdı. Yalnız gözümlə
gördüyüm bir hadisəni yada salım. O zaman Azərbaycan
Dram Teatrında görkəmli dramaturq Cəfər
Cabbarlının "Sevil", "Almaz", "Oqtay
Eloğlu" tamaşalarına böyük insan axını
var idi. Teatrın tamaşalarına düşmək
müşkül məsələ idi. Nəhayət, bir
gün "Sevil" tamaşasına baxmaq mənə də nəsib
oldu. Tamaşanın ən baxımlı yerində birdən
zalın işıqları yandı və səhnədə
artistlərin əvəzində Şəkinski
göründü. O, yanındakı beş-altı nəfər
milis işçisi ilə birlikdə zala düşdü və
tamaşaçıların böyründə oturaraq
onların cibini soyan 30-dan çox cinayətkarı aradan
götürdü. Mən digər teatr və kino
tamaşalarına baxanda da belə hadisələrin şahidi
olur və Şəkinskinin çevik təşkilatçılığına
heyran qalırdım".
Respublika Nazirlər
Soveti yanında Arxiv İdarəsində işə düzəldikdən
üç gün sonra hədsiz sevincimi doğma dayım
Süleyman Rəhimovla bölüşdürmək qərarına
gəldim və bu məqsədlə onun evinə gəlib Məmmədəmin
Şəkinskinin idarəsində işə düzldiyimi
bildirdim. Lakin məni səhv başa düşən dayım
elə bildi ki, mən ondan işə düzəlməyim
üçün M.Şəkinskiyə zəng etməyimi
xahiş edirəm. Etiraz əlaməti göstərən
dayımdan bu sözləri eşitdim: "Yox, yox, mən ona
söz deyə bilmərəm. O, heç bir dayını
eşitmir, işə ancaq seçdiklərini
götürür". Dayımdan üzr istəyib "mən
artıq M.Şəkinskinin yanında işləyirəm"
cümləsini təkrar etdim. Bundan xeyli məmnun olan dayım
M.Şəkinskinin ötən cəngavərliyindən ətraflı
söhbət açdı. Yazarlar arasında Azərbaycanın
ilk xalq yazıçısı, ilk sosialist əməyi qəhrəmanı,
doğma dayım Süleyman Rəhimovun dediklərindən bəzi
məqamlar: Mən 30-cu illərdə Azərbaycan Dövlət
Universitetinin tarix fakültəsində oxuyurdum. Bir gün
bayırda güclü qar yağırdı. Dərsdən
sonra tələbə yoldaşlarımla razılaşdıq
ki, həyətdə qartopu oynayaq. Kurs yoldaşlarımla
qartopu oynaya-oynaya şənlənir və səs-küy
salırdıq. Birdən eşitdik ki, hay-küyümüzdən
xəbər tutan Şəkinski bir neçə köməkçisi
ilə bizə tərəf gəlir. Özümüzü
itirdik. Onları gətirən maşın biz səmtə
dönəndə hamımız qaçıb künclərdə
gizləndik. Səhv olaraq başa düşmüşdük
ki, səs-küy salıb ətrafdakı insanları narahat
etdiyimizdən Şəkinski bizi cəzalandıracaq. Lakin
düşündüyümüz kimi olmadı. Onlar
yanımızdan keçib başqa tərəfə getdilər.
(ardı var)
Teyyub Qurban
Ekspress
.-2012.-30 iyun - 2 iyul.- S. 15.