"Kaş belə olmayaydım"

 

O, xalçaçı olmaq üçün Bakıya gəlmişdi, amma ola bilmədi. Əvəzində Azərbaycan ifaçılıq sənəti tarixində öz yeri, öz dəst-xətti olan xanəndə oldu.

Xalq məlahətli səsi olan gənc qızı ilk gündən sevdi və artıq 40 ilə yaxındır xalq artisti Qəndab Quliyevanın adı musiqi xiridarlarının dilindən düşmür.

Amma son vaxtlar bu xanımdan səs-soraq yoxdur, hər kəsdən uzaq gəzir. O qədər uzaqlaşıb ki, başqalarına dövlət səviyyəsində mükafatlar, təqaüdlər veriləndə, həyatının 40 ilini milli musiqimizin, muğamımızın təbliğinə həsr eləmiş bu gözəl sənətkar çoxlarının yadına da düşmür. Doğrudanmı, Qəndabı unutmuşuq?!.

Səbəbini sənətkarın özündən eşitmək istədik. Sinəsi dolu imiş...

- Qəndab xanım, nə vaxtdır səs-sorağınız gəlmir. Niyə görünmürdünüz?

- Allah bütün bu dünyadan köçənlərə rəhmət eləsin, bir neçə il bundan əvvəl mənim anam rəhmətə getdi. Anamın vəfatından sonra elə bil dünyadan küsdüm. Depressiyadan təzəcə çıxmışdım ki, yoldaşım infarkt keçirdi, problemlərim yarandı. Ancaq yenə də sonda sənətimə olan sevgim, tamaşaçıların, pərəstişkarlarımın mənə olan sevgisi güc-qüvvət verdi və səhnəyə qayıtdım. Daxilən ölmüş bir insanı həyata qaytardığına görə xalqımızdan çox razıyam. Mən sənətimi doğrudan da çox istəyirəm.

- Tamaşaçılardan ötrü çox darıxmısınız?

- Səhnədən, tamaşaçılardan ötrü çox darıxmışdım.

- Qəndab xanım, bu gün ifaçılıq sənəti yaman bərbad hala düşüb. Səsi-qabiliyyəti olmayanlar, səhnə mədəniyyətinin nə olduğunu bilməyənlər səhnəni zəbt ediblər, hərəsi də özünü bir ulduz sayır. Digər tərəfdən, sözün əsl mənasında sənətkar olanlar, müğənni olmaq üçün uzun illər ustadlardan sənətin sirlərini öyrənənlər, öz ifalarının gücünə sənətdə zirvələri fəth edənlər diqqətdən kənarda qalıblar. Sizcə, bu cür vəziyyətin yaranmasının səbəbi nədir?

- Xalqımız kimin hansı qabiliyyətə sahib olduğunu yaxşı bilir. Mən əməkdar artist adını alanda 34-35 yaşım vardı. Yəni Allaha şükür, sənətkarın arzuladığı fəxri adlarım, şan-şöhrətim var. Yaddan çıxmağa gəlincəsə, bizdə o üz yoxdur ki, özümüzü gözə soxaq. Sənətkar olanda da abırlısından olmaq lazımdır. Birinci abır-həyadır, sənət ikincidir. Bu gün elələri var ki, sənətindən çox üzü var. Mən belələrindən çox qorxuram. Onlar irəli getmək üçün nə desən edərlər.

Bu yaxınlarda məni vəzifəli yoldaşlardan birininin ad gününə dəvət etmişdilər. Məclisdə iki nəfər də təzə oxuyanlardan iştirak edirdi. Həmin qızlar, inanın ki, mənə salam vermədilər... Sonra mən muğam oxuyanda gördüm ki, bu qızlar danışıb-gülürlər. Özləri də fonoqramla bir-iki mahnı oxuyub getdilər. Gedəndə heç sağollaşmadılar da. Bilirsinizmi, mənə təsir edən nədir? Bu qızların özlərini mənim yanımda dartmaları, mənimlə görüşməmələri heç vecimə də deyil. Sadəcə olaraq belələrinin muğamatamuğam ifaçılarına etinasızlığı mənə pis təsir edir.

- Üstəlik, telekanallar hər gün ancaq belələrini nümayiş və təbliğ etdirirlər...

- Onları qınamaq olmaz. Görünür, insanların zövqü "müasirləşib". Lakin qanında əsl azərbaycanlı qanı axan insanların nəzərində muğamat həmişəcavandır. Belələri gündə yüz dəfə özlərinə ulduz desinlər, kimdir onlara fikir verən?! Bu gün telekanallarda dırnaqarası ulduz müsabiqələri keçirilir. Hamısı da pop musiqisi üzrə. Mənim nəzərimdə isə ulduz Alim Qasımov, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mələkxanım Eyyubova, Arif Babayevdir, əgər məsləhət bilsəniz, mənəm...

- Qəndab xanım, bu gün qadın sənətçilər geyim məsələsində yaman əndazədən çıxıblar. Bəlkə siz biləsiniz, bu çılpaqlıq müasirliyin əlamətidir, yoxsa elə daxilən çılpaqdırlar?

- Qadan alım, mən onların yerinə cavab verə bilmərəm, axı.

Əksinə, dediyiniz "sənətçilər" biz milli paltarda səhnəyə çıxanda bizi bəyənmirlər, oturub trio şəklində oxuyanda məni bəyənmirlər... Onlar istəyirlər ki, hamı səhnədə hoppanıb-düşsün. Axı, biz müsəlmanıq. Bizim namusumuz, ismətimiz var. Olmalıdır da. Heç kim məndən inciməsin, hər şey abırlı olanda, gözəl görünür. Leyli gözəl deyildi. Məcnun ondan ötrü canından keçdi. Niyə? Leylini gözəl göstərən onun abırı, həyasıydı. İndi gözəlliklərə qarşı maraq itib. Eyni bir şeyi nə qədər görmək olar?! İndiki kişilərə mənim yazığım gəlir. Nə vaxta qədər onlar müğənninin səsinə qulaq asmaq üçün yox, "ayağına-başına" baxmaq üçün konsertə gələcəklər?!

- Siz bir sənətkarın arzuladığı bütün zirvələri fəth etmisiniz. Bu yüksəkliyə qalxana qədər sizə qarşı təzyiqlər olubmu, olubsa, kimlər tərəfindən olub?

- Bəli olub, özü də valideynlərim tərəfindən. 1974-cü ildə Füzuli rayonunda xalçaçılıq fabriki açılırdı və mən də içində olmaqla 50-yə qədər qızı təcrübə toplamaq üçün Bakıya 66 nömrəli texniki-peşə məktəbinə göndərdilər. Bizim üçün ayrıca yataqxana da ayırmışdılar. Kənddən gəlmişdik, heç yeri də tanımırdıq, özləri aparıb-gətirirdilər. Bir dəfə bu peşə məktəbini qurtana yaxın yataqxanada qızlarla oturmuşduq. Mən də elə uşaqlıqdan yaxşı səsim olduğu üçün həmişə oxuyurdum. Bu dəfə də qızlar üçün balaca zümzümə etdim. Birdən komendant içəri girib soruşdu ki, oxuyan kim idi? Xülasə, mənim səsim olduğunu məktəbdə və təcrübə topladığımız fabrikdə bildilər. Sonra orada sex rəisimiz vardı, onun və yaxın uşaqların təkidi ilə sənədlərimi Asəf Zeynallı adına Musiqi Texnikumuna verdim. Evimizdə isə heç kimin xəbəri yox idi. Qəbul imtahanını Vasif Adıgözəlov, rəhmətlik Nəriman Əliyev, Vahid Abdulayev, İldırım Həsənov, Sahib Şükürov, Əlibaba Məmmədov götürürdü. Mən də "Şahnaz" oxudum. Bir az oxumuşdum ki, dedilər "bəsdir", lakin, yadımdan çıxıb, kimsə dedi ki, bir az da "Dilkeş" oxusun, xırdalığına baxaq. Belə-belə "Şahnaz"ı mənə dəsgah şəklində bütöv oxutdurdular. Beləcə texnikuma daxil oldum. Texnikuma girəndən bir müddət sonra məni televiziyaya çıxartdılar. Evimizdəkilər də görüblər ki, televizorda Qəndabı göstərirlər, oxuyur. Atamdan xəbər gəldi ki, "daha mənim o adda qızım yoxdur". Atamın qorxusundan iki il kəndimizə gedə bilmədim...

- Ailədə neçə uşaq olmusunuz? Ümumiyyətlə, ailənizdə sizdən savayı xanəndə varmı?

- Biz ailədə 5 qız, 2 oğlan olmuşuq. Hamısının da gözəl səsi var. İndi hansını dilləndirsən, deyərsən ki, Qəndab onların yanında yalandır. Bilirsinizmi, xasiyyətləri çox tünddür. Ancaq içərilərində, deyəsən, təkcə mən zirək çıxmışam.

- Bəs nə üçün övladlarınızdan heç biri xanəndəlik sənətini seçmədi?

- Xanəndəlik sənəti çox çətin sənətdir. Bu sənət hər yoldan ötənin yeri deyil. Bu sənətə gələnlərin ilk növbədə ilahidəngəlmə səsi olmalıdır. İndi xanəndəlik etmək daha çətindir. Nə bizdən əvvəlki nəslin vaxtında, nə də bizim zəmanəmizdə belə çətin vəziyyət olmayıb. Əvvəllər televiziyaya çıxanlar bədii şuraların qarşısında sınaqdan keçirdi. İndi sənətə gələnlərin isə birinci növbədə yaxşı pulu olmalıdır. Şəxsən mənim imkanım yoxdur ki, kaset buraxdırım. O vaxtlar elə idi ki, toydakı, yaxud hansısa konsertdəki ifamı maqnitofona yazıb götürürdülər, sonra da həmin kaset yayılırdı. Bu gün bir klip çəkdirmək üçün adamdan 20-25 min manat pul istəyirlər. Mən istəyirəm ki, klipim olsun, ancaq hansı vəsaitlə çəkdirim? Mənim uşaqlarımın hamısının gözəl səsi var. Bütün bu çətinlikləri görüb, onların müğənni olmalarını istəmədim. Nəvəmin gözəl səsi var, ancaq mən onun müğənni olmağına imkan vermərəm. Vermərəm deyəndə ki, buna imkanım yoxdur.

- Qəndab xanım, hansısa xüsusiyyətiniz varmı ki, özünüzün xoşunuza gəlməsin?

- Var, bir xüsusiyyəti özümə bağışlaya bilmirəm: insanları yaxşı tanıya bilirəm, ki, heç kimin xətrinə dəyə bilirəm. Ona görə deyirəm ki, "kaş belə olmayaydım".

 

İltifat HACIXANOĞLU

 

Ekspress.- 2012.- 23-35.- S. 19.