Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır?
Bağırov
və Şəkinski
Azərbaycanda ötən
əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb...
Qeyd: Artıq 5
ilə yaxındır, Teyyub müəllimin
Mir Cəfər Bağırovla
bağlı arxivlərdən gün
işığına çıxardığı
materialları, müxtəlif sənədləri qəzetimizin
hər şənbə sayında "Mir
Cəfərin məhkəməsi necə
hazırlanmışdır" başlığı
altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin
məhkəməsi ilə, məhkəmənin ətrafında
cərəyan edən hadisələrlə və ictimaiyyətə
məlum olmayan maraqlı faktlarla
yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki,
sonu-bucağı yoxdur. Teyyub
müəllim arxivdən elə faktlar, elə
sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə
alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.
Yaxın saylarımızda Mir Cəfər
Bağırovun məhkəməsini təqdim edəcəyik.
Həmin vaxtadək "Mir Cəfərin
məhkəməsi necə hazırlanmışdır"
başlığını yalnız rubrika
kimi saxlayırıq.
(əvvəli ötən şənbə saylarımızda)
1967-ci il iyun
ayının 6-da Azərbaycan KP MK Bürosu M.Ə.Şəkinski
barədə daha bir qərar qəbul etmişdir:
"Azərbaycan KP MK
Bürosunun 1967-ci il 6 iyun tarixli
(Protokol N46, paraqraf 29)
qərarı
1917-ci ildən Sov.
İKP üzvü M.Ə.Şəkinski yoldaşın ona
ittifaq əhəmiyyətli təqaüd verilməsi barəsində
ərizəsi haqqında
SSRİ Nazirlər Soveti
yanında pensiya təyinatı komissiyasından
xahiş edilsin ki, 1917-ci ildən Sov. İKP üzvü Məmmədəmin Əhməd
oğlu Şəkinski
yoldaş ittifaq əhəmiyyətli pensiya
ilə təmin olunsun.
Azərbaycan
KP MK katibi V.Axundov."
On gündən
sonra, 1967-ci il iyun ayının 16-da isə Azərbaycanın baş arxivarusunun fəaliyyətinə hökumət
səviyyəsində nöqtə
qoyulmuşdur:
"Azərbaycan
SSR Nazirlər Sovetinin
qərarı
16 iyun
1967-ci il, N316
M.Z.Babayev
və M.Ə.Şəkinski
yoldaşlar barədə
Azərbaycan
SSR Nazirlər Soveti
Qərara
alır:
Mütəllib
Zeynal oğlu Babayev Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi təyin edilməklə, M.Ə.Şəkinski həmin
vəzifədən azad
olunsun.
Azərbaycan
SSR Nazirlər Sovetinin
sədri Ə.Əlixanov
Azərbaycan
SSR Nazirlər Soveti işlər idarəsinin rəisi S.Cabbarov."
İki
gün keçmiş,
iyunun 19-da yeni rəisin ilk əmri elan edilmişdir:
"Azərbaycan
SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisinin
əmri
Bakı
şəhəri
19 iyun
1967-ci il
Paraqraf
1.
Azərbaycan
SSR Nazirlər Sovetinin
16 iyun 1967-ci il 316 nömrəli qərarı
ilə əlaqədar
həmin gündən
Azərbaycan SSR Nazirlər
Soveti yanında Arxiv İdarəsinin rəisi vəzifəsində
fəaliyyətə başlamışam.
Həmin qərarla M.Ə.Şəkinski vəzifəsindən
azad edilmişdir.
Paraqraf
2.
Təhvil-təslim
aktının hazırlanması
üçün aşağıdakı
tərkibdə komissiya
təşkil edilsin:
Naydel
M.İ. - İdarənin rəis
müavini - Komissiyanın
sədri
Karakozov
P.S. - İdarənin baş
müsahibi
Alabyan
R.A. - İdarənin təşkilat-metodika
şöbəsinin rəisi
Rzayeva
Ş.H. - Azərbaycan SSR Mərkəzi
Dövlət Tarix Arxivinin direktoru
Stulova
T.M. - İdarənin inspektoru.
Komissiya
1967-ci il iyunun 22-dək
aktı təhvil verməlidir.
Azərbaycan
SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Z.Babayev."
Ömür
boyu haqsızlıqla barışmayan köhnə
hümmətçi kommunist
təslim olmamışdır.
Bir aydan sonra hökumət qərarında dəyişiklik
edilmişdir. Buna müvafiq
olaraq, Mütəllib Babayev yeni əmr
vermişdir:
"Azərbaycan
SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisinin
əmri
12 iyul
1967-ci il, N94
1967-ci il
19 iyun tarixli 81 nömrəli əmrə dəyişiklik edilməsi
barədə
Azərbaycan
SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi Məmmədəmin Əhməd
oğlu Şəkinski
fərdi pensiyaya çıxması ilə
əlaqədar 1967-ci il
iyun ayının
19-dan vəzifəsindən azad edilir.
Azərbaycan
SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Z.Babayev."
Beləliklə,
hər gün Bakının 11-ci Naqornaya
küçəsindəki (indiki Məsud Əlizadə küçəsi
- T.Q.) evindən iş
başına piyada gələn sağlam və gümrah insanı oturaq həyat tərzinə vadar etmək istədilər. Ancaq alınmadı. Bir ildən sonra, 1868-ci ilin sentyabrında Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovun tövsiyəsi ilə M.Şəkinski respublikanın
neft nazirliyində işə götürüldü.
Keçmiş milis işçisi, polkovnik M.Şəkinski "Azərneft"
Birliyinin hərbiləşdirilmiş
mühafizə xidmətinin
rəis müavini təyin edildi. 1975-ci ilin sentyabrınadək həmin vəzifədə
çalışdı. SSRİ Neftayırma Sənayesinin əmri əsasında idarə ləğv olunduqdan sonra təcrübəli və nümunəvi xadim, nadir şəxsiyyət yenə
də boş-bekar qala bilmədi. "Azərneft"in hərbiləşdirilmiş
mühafizə dəstəsinə
başçılıq etdi.
1979-cu il
sentyabrın 28-də gündüz
saat 3-ün yarısında
nahar fasiləsindən
pay-piyada iş başına qayıdarkən
Hüsü Hacıyev
küçəsində qəflətən
avtomobil qəzası ömrünə son qoydu. İki gün sonra, sentyabrın 30-da
"Kommunist" qəzetində
mərhumun şəkli
ilə nekroloq dərc olundu. Burada M.Şəkinskinin
son fəaliyyət dövrü
belə qiymətləndirildi:
"1957-ci ildən Azərbaycan
SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinə başçılıq
etmiş, sonralar isə respublikanın neft sənayesində məsul vəzifələrdə
çalışmışdır". Nekroloqu H.Ə.Əliyev, Q.Ə.Xəlilov, Ə.İ.İbrahimov,
Y.P.Puqoçov, H.Z.Seyidov,
Ə.H.Kərimov, K.M.Bağırov,
F.Ə.Əliyev, F.H.Əhmədov
və başqaları
imzalamışlar.
Azərbaycan
Respublikası Dövlət
Arxivində M.Şəkinskinin
öz dəst-xəttilə
1976-cı lin yanvar ayının 19-da yazdığı
tərcümeyi-halı saxlanılır.
Burada M.Şəkinski
özündən və
anasından sonra qardaşı Məmmədsadıq
barədə belə yazır: "Mənim qardaşım Məmmədsadıq
Əfəndiyev 1919-cu ildən
Sov. İKP üzvü
idi, 1942-ci ildə Kerç uğrunda döyüşlərdə qəhrəmancasına
həlak olmuşdur".
M.Şəkinskinin vəfatından
bir il sonra,
1980-ci ildə nəşr
olunmuş Azərbaycan
Sovet Ensiklopediyasının
dördüncü cildində
(səh.245) verilmiş məqalə
böyük qardaşı
haqqındakı qısaca
cümlənin geniş
açmasıdır: "Əfəndiyev
Məmmədsadıq Mirzəəhməd
oğlu (5.6.1902, Aşqabad
- may, 1942, Kerç). (MÜƏLLİFİN
QEYDİ. Adil Əfəndiyevin
Azərnəşr tərəfindən
2007-ci ildə nəşr
olunmuş "Əfəndizadələr"
kitabında tamamimlə
düzgün göstərilir
ki, M.Əfəndiyev iyun ayında deyil, iyul ayında
anadan olmuşdur). Azərbaycan sovet teatr tənqidçisi, pedaqoq. 1919-cu ilin mayından Sov. İKP üzvü. 1920-25-ci illərdə
Azərbaycan Fövqəladə
Komissiyasında işləmişdir.
Bakı Türk İşçi Teatrının
direktoru (1925-29) olmuşdur.
30-cu illərdə Moskva
Dövlət Konservatoriyasında,
Dövlət Kinematoqrafiya
İnstitutu və Kommunist Universitetində, eləcə də Bakı Teatr Texnikumu, APİ, Azərbaycan
Dövlət Konservatoriyasında
teatr tarixindən və fəlsəfədən
dərs demişdir. O,
bir sıra pyesi Azərbaycan dilinə çevirmiş,
Azərbaycan teatrına
dair əsərlər
yazmışdır. Mətbuatda
Nuri Nuriyev imzası ilə çıxış etmişdir.
Böyük Vətən
müharibəsində həlak
olmuşdur".
Təəssüflər
olsun ki, bir sıra qələm
sahibləri həqiqətə
göz yumaraq, M.Şəkinskinin qardaşının
ölümünü... Mir Cəfər Bağırovun
alı ilə əlaqələndirirlər. Unudurlar
ki, 1942-ci ildə Kerçdə qəhrəmancasına
həlak olan Məmmədsadıqdan bir
il sonra, 1943-cü ildə Kursk döyüşlərində
Cahangir Mir Cəfər
oğlu Bağırov
misilsiz şücaət
göstərmişdir. Hər
ikisi milli qəhrəman idi. Məmmədsadıq haqqında
uydurulmuş nağıl
ilə Adil Əfəndiyevin yuxarıda
adını çəkdiyimiz
kitabında (səh.92) tanış
oluruq: "İ.V.Stalin
1941-ci ilin axırlarında
müharibə şəraitini
nəzərə alaraq,
bütün respublikalarda
bolşevik Kommunist Partiyasının birinci şəxslərini əvəz
edəcək şəxsləri
müəyyənləşdirirmiş. Və Azərbaycan Respublikasında bu seçimdə Məmmədsadıq
Əfəndiyev olur. L.P.Beriya bu sirri
öz dostu Mir Cəfər Bağırova
çatdırır. O isə
öz növbəsində
gizli planla Məmmədsadıq Əfəndiyevi
nəyin bahasına olursa-olsun, tezliklə məhv etmək qərarına gəlir. Və o, bu iyrənc
niyyəti Bağırovcasına
sona çatdırır.
Danışıldığına görə, əhvalat aşağıdakı kimi
olur. 1941-ci il dekabr ayının son günləri idi. Krım cəbhəsində
Kerç və Feodosiya uğrunda şiddətli döyüşlər
getdiyi vaxtda qoşunlarda milli birləşmələr yaratmaq
qərara alınmışdı.
396-cı atıcı diviziyası
Azərbaycan diviziyası
oldu. Təxminən
1941-ci il yanvarın axırlarında Məmmədsadıq
Əfəndiyev, diviziyaya
siyasi rəhbər təyin olunan və diviziyanın qərargahı və siyasi şöbə yerləşən Mineral-Şaban
kəndinə göndərildi.
Bu fürsətdən istifadə
edən M.C.Bağırov
səhəri gün məxfi göstərişlə
mərmi ilə diviziya komandirinin qazmasını dağıtdırır.
Və bunu almanlar etdi deyə,
səs salırlar. Deyilənə görə,
orada 5-6 nəfər olur. Və ona
edilən məruzəyə
görə, ora yerlə yeksan edilir. Lakin partlayış
vaxtı mərminin qəlpəsi M.Əfəndiyevin
qulaqlı papağının
günlüyünü qopartmış,
M.Əfəndiyevin, necə
deyərlər, bəxti
gətirmişdi. O, ağ
köynəkdə dünyaya
gəlmişdir... Deyilənə
görə, bu hadisədən sonra M.C.Bağırova məlum
olur ki, Məmmədsadıq Əfəndiyev
sağ və salamatdır. O bunu bilən kimi, gecəylə Zaqafqaziya Hərbi Şurasının
üzvü kimi, xüsusi təyyarə ilə Qroznı şəhərinə gəlir
və həmin diviziyanın ştabında
bütün Kerç
haqq-hesabının "bir
günahkarı" kimi,
ən əvvəl Məmmədsadıq Əfəndiyevi,
sonra şahid qalmasın deyə, orada olan 4-5 nəfərin hamısını
öz əli ilə (mauzerlə) güllələyir".
(ardı
var)
Teyyub Qurban
Ekspress.-
2012.- 23-25 iyun.- S.15.