Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

 (əvvəli ötən şənbə   saylarımızda)

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   Bağırov və Şəkinski

 

   1967-ci ildə Respublika Dövlət Uşaq Kitabxanasının üç yaşı tamam olanda, Vəli Məmmədov Bakı Şəhər Partiya Komitəsinin ideoloji katibi idi. Onun, demək olar ki, hər gün təmasda bulunduğu bir rəhbər işçi vardı - MK-nın ideologiya katibi Cəfər Cəfərov.

   Mərkəzi Komitədə ikilikdə görüşəndə Vəli Məmmədov 1963-cü ildə qaldırdığı məsələni - F.Köçərlinin adının Respublika Dövlət Uşaq Kitabxanasına verilməsini dilə gətirir və məqsədinə nail olub.

   Azərbaycan KP MK-nın birinci kaibi Vəli Axundovun xeyir-duası ilə Nazirlər Soveti sədrinin müavini Süleyman Vəzirov aşağıdakı qərarı imzalamışdı:

 

   "Azərbaycan Dövlət Uşaq Kitabxanasına Firidun bəy Köçərlinin adını vermək haqqında

 

   Azərbaycan SSR Nazirlər Soveti

 

   Qərara alır:

 

   Azərbaycan Dövlət Uşaq Kitabxanasına Firidun bəy Köçərlinin adı verilsin.

 

   Azərbaycan SSR Nazirlər Sovetinin sədrinin müavini S.Vəzirov

 

   Azərbaycan SSR Nazirlər Sovetinin İşlər müdiri - S.Cabbarov

 

   Bakı şəhəri, 21 sentyabr 1967-ci il, N489."

 

   ARAYIŞ. Vəzirov Süleyman Azad oğlu 1910-cu il noyabrın 18-də Bakıda anadan olmuşdur. 1933-cü ildən Azərneft birliyi mədənlərində neftçıxarma ustası, mədən müdirinin müavini, trestin baş mühəndisi vəzifələrində işləmişdir. 1940-cı ildən Azərneft kombinatının baş mühəndisi, 1942-ci ildən isə rəisi olmuşdur. 1945-ci ildə Azərneft Birliyinin rəisi vəzifəsinə irəli çəkilmişdir. 1946-cı ildə isə M.C.Bağırovun tösiyəsilə SSRİ Neft Sənayesi Nazirliyi Baş İdarəsinin rəisi vəzifəsini tutmuşdur. 1949-1953-cü illərdə Türkmən Neft Birliyinin rəisi vəzifəsində çalışmışdır. 1944-cü ildə Sosialist əməyi Qəhrəmanı, 1951-ci ildə Stalin mükafatı laureatı adına layiq görülmüşdür.

   Süleyman Vəzirov 1954-cü ildən 1958-ci ilədək Azərbaycan SSR Neftçıxarma Nazirliyinə başçılıq etmişdir. Sonra Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1958-1959), Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri (1959-1965), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1965-1970) vəzifələrində işləmişdir. 61 yaşlı yorulmaz insan, SSRİ Parlamentinin sabiq deputatı, dörd dəfə Lenin ordeni, altı dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuş əmək qəhrəmanı 1971-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (sədr keçmiş maliyyə naziri Qurban Xəlilov idi) olmuşdur. 1973-cü il fevralın 7-də 63 yaşında vəfat etmişdir.

   Süleyman Vəzirovun imzaladığı neçə-neçə qərar indi qiymətli arxiv sənədidir. Bu əbədi yadigardan biri respublika uşaq kitabxanasına Firidun bəy Köçərlinin adının verilməsidir. 2012-ci il sentyabrın 21-də bu şanlı tarixdən 45 il keçəcəkdir. Qeyd etməliyik ki, indiyədək respublikanın uşaq yeniyetmələrinin baş akademik mərkəzinin əlamətdar yubiley günləri müvafiq təşkilatların diqqətindən kənarda qalmışdır.

   2007-ci ildə Azərbaycan milli ensiklopediyası elmi mərkəzi tərəfindən buraxılmış "Azərbaycan" ensiklopediyasında (bax: adı çəkilən ensiklopediya, səh.709) Məmmədəmin Şəkinskinin təbirincə desək, arxiv sənədinin əslinə deyil, uydurulmuş tapıntıya yer verilmişdir: "1965-ci ildə Azərbaycanda daha bir iri kitabxana - Firidun bəy Köçərli adına Dövlət Uşaq Kitabxanası yaradıldı".

   2007-də dünyada bəlkə ən ağır (çəkisi 3 kiloqram 200 qramdır - T.Q.) ensiklopediya hazırlayanlar 1965-ci ildəki "iri kitabxana"nın taleyinə niyə biganə qalıblar. Qeyd edək ki, keçmiş sovet məkanındakı ölkələrdə uşaq kitabxanaları üçün milli üslubda binalar ucaldılır. Bakıda isə Firidun bəy Köçərlinin adını daşıyan zəngin xəzinə beşmərtəbəli yaşayış evinin birinci mərtəbəsindən yaxınlıqdakı doqquzmərtəbəli evin üçüncü mərtəbəsinə köçürülüb. Yaxşı olmazdı ki, F.Köçərli adına Milli Dövlət Uşaq Kitabxanası üçün M.F.Axundov adına Milli Kitabxananın binası kimi əzəmətli tikili, qarşısındasa Firidun bəy Köçərlinin heykəli ucaldılsın?!.

   Məmmədəmin Şəkinskinin yenilikçi rəhbərlik metodu bu gün pozulmaz nümunə sayıla bilər: vəzifə kreslosunda robota çevrilməmək: yuxarıların göstərişini gözləmədən işin daha da yaxşılaşdırılması naminə təkliflər hazırlayıb həyata keçirmək! Azərbaycan Respublikası Dövlət Arxivində 1964-cü il üzrə fondlarda M.Şəkinskinin yeni il təqviminin ilk sayında - yanvarın 16-da imzaladığı bir sənəd çoxlu material ilə rastlaşanda dediklərimizin bir daha şahidi oldum. Sənədin yuxarıdan sol kənarında M.Şəkinskinin dərkənarı vardır: "TƏSDİQ EDİRƏM. 16 YANVAR 1964-cü İL".

   Sənədin mətnini baş arxivarusun özü hazırlamışdır, belə adlanır: "Azərbaycanın ən yaxşı arxivçisi adının verilməsinə dair əsasnamə".

   Əsasnamədə deyilir ki, Azərbaycanın ən yaxşı arxivçisi adı azı 10 il arxiv müəssisələrində çalışan fərqlənənlərə - mərkəzi dövlət arxivlərinin rəislərinə, şəhər, rayon dövlət arxivlərinin, nazirlik idarə arxivlərinin müdirlərinə, elmi əməkdaşlarına, inspektor digər arxivçilərə verilir. 1964-cü ildə bu şərəfli arxiv işçisi adını almaq üçün respublikanın əksər rayonlarından, nazirlik təşkilatlarından Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinə göndərilmiş materiallar ayrıca qovluqlarda saxlanılır. Bir neçəsini oxucuların nəzərinə satdırıram:

 

   "Azərbaycan SSR Nazirlər Soveti yanıda Arxiv İdarəsinin rəisi M.Şəkinski yoldaşa

 

   4 may 1964-cü il tarixli 26/1-487 nömrəli məktubunuza əsasən Azərbaycan SSR-nin ən yaxşı arxiv işçisi haqqındakı əsasnaməyə uyğun olaraq, Naxçıvan rayon dövlət arxivinin müdirəsi Zalova Almaz Əkbər qızının sənədləri Sizə göndərilir.

   Qoşma: iki vərəq.

   Naxçıvan rayon ZDS icraiyyə komitəsinin sədr müavini A.Quliyev

   27 may 1964-cü il."

   İki vərəqdən ibarət qoşma təqdimatdan xasiyyətnamədən ibarətdir. Naxçıvan rayon icraiyyə komitəsini sədr müavinin, ilk partiya həmkarlar təşkilatlarının rəhbərlərinin imzaladıqları xasiyyətnamədə oxuyuruq: "Almaz Əkbər qızı Zalova yoldaş 1952-ci ildən Naxçıvan rayon zəhmətkeş deputatları sovetinin rayon dövlət arxivində müdirə vəzifəsində işləyir. Uzun illərdən bəri arxiv işində nailiyyətlərin nəticəsi olaraq A.Ə.Zadova yoldaş Naxçıvan Vilayət Partiya Komitəsi Nazirlər Soveti yanında mərkəzi dövlət arxivində ekspert yoxlama komissiyasının tərkibinə üzv seçilmişdir. A.Ə.Zalova yoldaş sənəd materiallarını rayon dövlət arxivinə təhvil verəcək idarə təşkilat başçıları ilə yaxından əlaqə saxlayır, sənədlərin komplektləşdirilməsində onlara köməklik göstərir".

   Gədəbəy rayonundan aşağıdakı məktub daxil olmuşdur:

   "Gədəbəy rayon dövləi arxivinin müdiri Həsənov Oruc Qasım oğlu 1952-ci ildən həmin vəzifədə işləyir. O.Həsənov yoldaş arxiv materiallarının saxlanılmasını təmin etməklə, bu sənədlərdən səmərəli istifadə edilməsi sahəsində səmərəli fəaliyyət göstərir. O, ən yaxşı arxiv işçisi kimi təltif edilməyə layiqdir.

   Gədəbəy kənd istehsalat partiya komitəsinin katibi M.İmanov

   Gədəbəy rayon icraiyyə komitəsinin sədri İ.Allahverdiyev

   26 may 1964-cü il."

   Göyçay rayonundan iasə M.Şəkinskinin ünvanına rayon icraiyyə komitəsinin 18 may 1964-cü il tarixli 12 N-li qərarı da məktuba əlavə edilmişdir:

 

   "PROTOKOLDAN ÇIXARIŞ

 

   Azərbaycan SSR-nin ən yaxşı arxiv işçisi adının təsis edilməsinə dair Əsasnaməyə uyğun olaraq, Göyçay rayon dövlət arxivinin müdiri Mikayılov Mikayıl Maqsud oğlunun fəaliyyətini müzakirə edərək Rayon ZDS icraiyyə komitəsi Qərara alır:

   Mikayılov Mikayıl Maqsud oğlunun arası kəsilmədən beş ildən artıq qüsursuz olaraq Göyçay rayon dövlət arxivinin müdiri vəzifəsində işlədiyi, arxiv idarəsində sənəd materialların mühafizə edilərək saxlanılmasında qayda yaratdığı, sənədlərin istifadə edilməsini asanlaşdırdığı, 1962-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında baş arxiv idarəsinin fəxri fərmanını pul mükafatını aldığı nəzərə alınaraq, ona "Azərbycan SSR-nin ən yaxşı arxiv işçisi" adının verilməsi Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsindən xahiş edilsin.

   Göyçay rayon ZDS icraiyyə Komitəsinin sədri M.Sultanov

   Rayon ZDS icraiyyə Komitəsinin katibi S.Məmmədov

   18 may 1964-cü il."

 

   (ardı var)

 

 

   Teyyub Qurban

 

   Ekspress.- 2012.- 3-5 mart.- S.15.