Papa V Pavel Şah Abbasdan üzr istəyib
Vatikanın məxfi arxivinin gizlinləri
açılır
Vatikanın məxfi
arxivindən Bakıya
gətirilən sənədlərdən üçü
artıq tərcümə edilib. Tərcümə
edilən sənədlər
Səfəvi hökmdarı I Şah Abbasa Roma papaları tərəfindən göndərilmiş
məktublardır.
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə
və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli
APA-ya bildirib ki, məktublardan ikisi Roma papalarının
işlər üzrə
rəhbər şəxsləri
tərəfindən yazılıb:
"Sonuncu
məktub isə Roma papası V Pavel tərəfindən I
Şah Abbasa yazılıb. Məktublarda
ikitərəfli siyasi sazişlər haqqında söhbət
gedir. Romada Səfəvilər sarayından
göndərilən elçilərin adları, eyni zamanda Səfəvilər
sarayına göndərilən
elçilər haqqında
da məlumatlar verilir".
Ələkbərli
bildirib ki, Roma Papası V Pavel tərəfindən 1605-ci ilin
iyulun 20-də I Şah Abbasa göndərilən məktubda
Papa Romada Səfəvilərin elçisi Bayramqulu bəyin
öldürülməsinə görə ondan üzr istəyib:
"Məktubda V Pavel qeyd edib ki, bu qətlin
qarşısını ala bilmədiyinə təəssüflənir
və buna görə üzr istəyir. Bununla
yanaşı, Roma papası ümid etdiyini bildirib ki, Səfəvilərlə
mehriban əlaqələr, həm ticarət, həm də hərbi
sahədə münasibətlər yenə də əvvəlki
kimi davam edəcək. Papa özündən
əvvəlki papaların siyasi xəttini davam etdirəcəyini
də deyib və Azərbaycana 3 səfir göndərildiyini
vurğulayıb. Bunlar karmelit təriqətinə
qulluq edən Pavel Simon, İoan Tadeus və Zimsend olublar. Həmin şəxslər V Paveldən əvvəl,
VIII Klement tərəfindən səfir təyin ediliblər və Vatikan taxt-tacını təmsil
etmək hüququ qazanıblar".
Ümumilikdə latın dilində olan 20-dək məktub
hazırda tərcümə prosesindədir və bu məktubların
əksəriyyəti Səfəvilərə aiddir. "Amma
onların arasında Elxanilərə, Hülaki xana və onun
varislərinə göndərilən məktublar da var.
Bunların arasında 1267-ci və 1279-cu illərdə
Abağa xana, 1290-cı ildə Arqun xanın V Nikolaya, 1302-ci
ildə Qazan xanın VIII Bonifasiyə, 1246-cı ildə
Güyük xanın IV İnnokentiyə göndərdiyi məktubları
qeyd etmək olar. Bunlarla yanaşı, VIII Bonifasinin 1302-ci ildə
və XI Benediktin 1304-cü ildə Azərbaycanın xristian
patriarxı, nestorian təriqətinə
qulluq edən Yabalaxa göndərdikləri məktubları da
qeyd etmək istərdim. Nestorianların öz
kilsəsi olub və onlar milliyyətcə
uyğur olublar", -deyə Ələkbərli
bildirib.
Onun
sözlərinə görə, həmin dövrə aid sənədlər
arasında qədim monqol və uyğur dilində olanlar da var.
Onlar da tərcüməyə cəlb ediləcək. Latın dilində olan sənədlərin ardınca
qədim italyan dilində olan
90-a dək sənədin
tərcüməsinə başlanacaq.
Qeyd edək ki,
Vatikanın məxfi arxivlərində Azərbaycana aid
tapılan sənədlərin surəti ötən il dekabrın 7-də Bakıya gətirilib. Sənədlər ümumilikdə 1000 səhifə
həcmindədir. Bu sənədlər Elxanilər, Atabəylər,
Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar
dövlətlərinin hökmdarlarının Vatikana məktubları
və onlara yazılmış cavab məktubları, Vatikandan
sözügedən dövlətlərin hökmdarlarına məktublar
və onlara yazılmış cavablar, müxtəlif missionerlərin
Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli
hesabatları və s. sənədlərdən ibarətdir.
A.Xəlil
Ekspress.- 2012.-
3-5 mart.- S.3.