Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

  Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   (əvvəli ötən şənbə   saylarımızda)

 

   Bağırov və Şəkinski

 

   Məmmədəmin Şəkinskinin ən yaxşı arxiv işçisi adı uğrunda təşşəbbüsü respublikada qeyri-adi hərəkata çevrilmişdir. Azərbaycanın arxiv işçiləri ordusunun komandanı ali məqsədinə çatmışdı: "Xalqımızın çağdaş tarixi gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Belə olmasa, biz yenə də qədim məmləkətimizin, doğma yurd-yuvamızın tarix yazısını əcnəbi ölkələrin əlyazma saxlanclarında axtarışa çıxmalı olacağıq. Bunu bizə tarix bir daha bağışlamaz". 1964-cü ilin may-iyun aylarında Məmmədəmin Şəkinskinin ünvanına şəhər və rayonlardan, müəssisə və təşkitlatlardan gələn məktublar dediklərimizə sübutdur: Sumqayıt şəhər ZDS icraiyyə komitəsinin sədri H.Y.Axundov, Azərbaycan SSR Nazirlər Soveti yanında neft məhsulları təchizatı və satışı idarəsinin rəisi A.Cəfərov, M.F.Axundov adına Azərbaycan pedaqoji dillər institutunun rektoru Q.K.Məmmədova, Azərbaycan SSR Nazirlər soveti yanında mərkəzi statistika idarəsi rəisinin müavini Q.Kotolevskaya...

   Azərbaycan Respublikası Dövlət Arxivində "Ən yaxşı arxiv işçisi" adına layiq namizədlərin tapılmadığı idarə və təşkilatların rəhbərlərinin məktubları ilə də tanış olmaq mümkündür. Biri neçəsini nəzərinizə çatdırıram:

 

   "Azərbaycan SSR Nazirlər soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski yoldaşa

 

   Sizin 8 aprel 1964-cü il tarixli 26/1-698 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, institutumuzda "Ən yaxşı arxiv işçisi haqqında" Əsasnamənin tələblərinə uyğun olan arxiv işçimiz yoxdur.

 

   Ümumittifaq Neft Elmi-Tədqiqat İnstitutunun direktoru müavini M.Süleymanov

 

   17 iyul 1964-cü il."

 

   "Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski yoldaşa

 

   Sizin 19 may 1964-cü il tarixli 26/1-550 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, SSRİ Tikinti Bankının Azərbaycan kontorunda "Ən yaxşı arxivçi adı" almağa layiq görüləsi namizədimiz yoxdur.

 

   Kontorun rəisi D.K.Salahov

 

   2 iyun 1964-cü il."

 

   "Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski yoldaşa

 

   Sizin 30 aprel 1964-cü il 26/1-555 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, Azərbaycan SSR Ticarət Nazirliyi təşkilatlarında beş nəfər arxiv işçisi çalışır və onlardan heç biri "Ən yaxşı arxiv işçisi haqqında" Əsasnamənin tələblərinə uyğun gəlmir.

 

   Azərbaycan SSR Ticarət nazirinin müavini İ.İsmayılov

 

   30 may 1964-cü il."

 

   "Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski yoldaşa

 

   Sizin 8 iyul 1864-cü il tarixli 26/1-098 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, Azərbaycan Elmi-Tədqiqat Elektronika İnstitutunda arxivarusun iş stajı "Ən yaxşı arxiv işçisi haqqında" Əsasnamənin tələblərinə uyğun gəlmədiyi üçün namizədliyi irəli sürülmür.

 

   İnstitutun direktoru müavini T.Mirzəyev

 

   16 iyul 1964-cü il."

 

   Azərbaycan Resublikası Dövlət Arxivinin 167 nömrəli fondunda SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsi ilə M.Şəkinskinin yazışmaları toplanılmışdır. Bu yazışmalar göstərir ki, ittifaq miqyasında arxiv işinə dair mühüm məsələlərin həllində Azərbaycanın baş arxivarusunun yaxından işitrakı olmuşdur. Məsələn, 1964-cü il yanvarın 16-da Moskvadan Bakıya aşağıdakı rəsmi məktub göndərilmişdir:

 

   "Müttəfiq respublikaların arxiv idarəsi rəislərinə

 

   ancaq M.Şəkinski yoldaşa

 

   SSRİ Nazirlər Sovetinin "SSRİ-də arxiv işini yaxşılaşdırmaq tədbirləri haqqında" 25 iyul 1963-cü il tarixli 829 nömrəli qərarının 6-cı bəndinə müvafiq olaraq SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsi Nazirlər Sovetinə təqdim etmək məqsədilə elmi-texniki sənədlərinin mərkəzləşdirilməsi üzrə təkliflər hazırlayır. Sizdən xahiş edirik ki, mümkünsə qısa müddət ərzində məktuba əlavə olunan arayışa qeydlərinizi bildirəsiniz.

 

   SSRİ Nazirlər Soveti yanında Bvaş Arxiv idarəsinin rəis müavini L.Yakovlev."

 

   SSRİ hökuməti yanında Baş Arxiv İdarəsinin rəis müavininin məktubuna əlavə etdiyi arayışı 1964-cü il yanvarın 16-da İttifaq Baş Arxivarusu Q.Belov yoldaş imzalamışdır. Arayışda elmi-texniki sənədlərdən səmərəli istifadə olunmasına dair təkliflər irəli sürülür. Məmmədəmin Şəkinski dərkənarla Arxiv İdarəsinin müəssisə arxivlərinə nəzarət şöbəsinin müdiri Mehparə İsmayılova yoldaşa tapşırmışdır ki, Moskvadan göndərilmiş məktub və arayışla müvafiq təşkilat rəhbərlərini və arxiv müdirlərini tanış etsin, onların qaldırılan məsələlərlə əlaqədar rəylərini öyrənsin. Mehparə xanımın arxivdə saxlanılan yazılı məlumatından aydın olur ki, elmi-texniki layihə və tibb müəssisələrində olmuş, bu sahədə arxiv materiallarının saxlanılması vəziyyəti ilə bilavasitə tanış olmuş, görkəmli mütəxəssislərlə fikir mübadiləsi aparmışdır. Azərbaycan SSR Nazirlər Soveti yanında Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Dövlət Komitəsində və Elmi-Tədqiqat Məlumat İnstitutunda kollektivin iştirakı ilə müzakirə keçirilmiş, rəylər söylənilmişdir. Azərbaycan Elmi-Tədqiqat Məlumat İnstitutunun direktoru Cavanşir Mehdiyev yoldaşın və başqalarının dediklərini arayışda müfəssəl əks etdirmişdir.

   Məmmədəmin Şəkinski Mehparə İsmayılovanın məlumatında yazılanları, eləcə də respublikanın elm və texnika sahəsində çalışan kamil mütəxəssislərin təkliflərini süzgəcdən keçirərək rəyini 1964-cü il mart ayının 16-da SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin rəis müavini L.İ.Yakovlev yoldaşa məktubla bildirmişdir: "Təklif edirəm ki, ittifaqda və müttəfiq respublikaların paytaxtlarında elm və texnika sənədləri arxivləri yaradılsın və bu iş arxivlər üçün yeni bina tikilməsi ilə müşayiət edilsin. Yaradılacaq arxivlərdə elm, texnika, səhiyyə məsələlərinə aid sənədlərin əsli saxlanılsın".

 

 (ardı var)

 

 

Teyyub Qurban

 

Ekspress.- 2012.- 10-12 mart.- S. 15.