Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

   Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   (əvvəli ötən şənbə  saylarımızda)

 

   Bağırov və Şəkinski

 

   Ümumittifaq Arxiv İdarəsi Azərbaycanın baş arxivarusunun təklifini təqdir edir və SSRİ Nazirlər Soveti müvafiq qərar verir. Beləliklə də, Moskvada və müttəfiq respublikalarda ElmTexnika Sənədləri arxivlərinin yaradılmasına başlanılır.

   Yeni arxiv xəzinəsi üçün Rəsul Rzanın baş redaktorluğu ilə nəşr olunmuş Azərbaycan Sovet Ensiklopediyasında bir il əvvəl Azərbaycanda təşkil olunmuş yeni arxiv barədə (səh.334) belə yazılmışdır: "AZƏRBAYCAN SSR Mərkəzi Dövlət Elmi-Texniki və Tibb sənədləri Arxivi (MDETTSA). Azərbaycan SSR Nazirlər Sovetinin 1969-cu il 24 iyul tarixli qərarı ilə yaradılmışdır. Azərbaycan SSR-nin elmi tədqiqat, layihə, konstruktor təşkilatlarının, ali məktəb laboratoriya və kafedralarının, elmi-texniki və tibb cəmiyyətlərinin, tibb təşkilatları və müəssisələrinin sənədlərini toplayıb saxlayır və onlardan istifadə işini təşkil edir".

   Vaxtilə Məmmədəmin Şəkinski tərəfindən işə götürülmüş Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, hazırda Azərbaycan Respublikası Elm və Texnika Sənədləri Arxivinin direktoru Şahsuvar Həşimov başçılıq etdiyi arxivin canlı tarixidir.

   ŞAHSUVAR HƏŞİMOV - Arxivimizin mühafizə orqanlarında 160 fond üzrə iki yüz min qovluqda toplanmış on milyondan çox qiymətli və nadir sənəd cəmləşdirilmişdir. Bu sənədlərin böyük bir hissəsi neft sahəsini əhatə edir. Bu da təbiidir. Çünki keçmiş Sovet məkanında Azərbaycan neft hasilatının, emalının ilk beşiyi olmuşdur. Arxivdə topladığımız elm və texnika sənədlərinin 40 faizi bu məsələləri əhatə edir. Neft sənayesi ilə bağlı materiallardan aydın olur ki, ötən əsrin iyirminci illərinin sonunadək neft sənayesində işlədilən əksər avadanlıq çox baha qiymətə xaricdən gətirilirdi. Respublikamızda bu sahədə elmi-tədqiqat və layihə institutlarının fəaliyyətinin nəticəsində əllinci illərdə vəziyyət kökündən dəyişilmişdir. Azərbaycan artıq öz elmi potensialının gücü hesabına neft avadanlıqları hazırlayan ölkədən yaxın və orta şərq ölkələrinə həmin avadanlıqları ixrac edən ölkəyə çevrilmişdir. Respublikamızın 70-ə qədər dünya şöhrətli zəka sahiblərinin arxivimizdə saxlanılan sənədləri bunu qabarıq şəkildə göstərir. Bu sənədlər 1890-2006-cı illəri əhatə edir.

   Fondlardakı materiallar arxiv işçilərimiz tərəfindən göz bəbəyi kimi qorunur. Texnika elmləri sahəsində İsrafil Quliyev və Məmmədrza Quluzadənin, neft geologiyası sahəsində Ələşrəf Əlizadənin, ilk neftçi-geoloq Baxış Sultanovun, Mirkazım Məmmədovun, dünyaşöhrətli mühəndis Əyyub Tağıyevin, görkəmli alim Yusif Məmmədəliyevin, neftayırma, neftkimya elmləri sahəsində Məcid Mərdanovun, Sahib Əliyevin, Seyid Rzanın, Baba Babazadənin, fizika-riyaziyyat elmləri sahəsində Ramiz Əliquluzadənin, tibb elmləri sahəsində Bahadır Eyvazovun, Məhbubə Mahmudbəyovanın, Məmməd-əmin Əfəndiyevin, Bala Məcidovun, Talışinski və İamaməliyev ailəsinin, Umnisə Musabəyovanın, Mirməmməd Cavadzadənin, Şükür Həsənovun, Adilə Namazovanın, Nazim Əfəndiyevin, seleksiyaçı alim Əhməd Rəcəblinin, tanınmış təşkilatçı alim Əziz Əliyevin şəxsi sənədlərinin mühafizəsinə xüsusi qayğı göstərilir.

   O qədər də asan başa gəlməyən şəxsi fondları tərtib edərkən, biz ilk növbədə alim və mühəndisin elm və texnikaya verdiyi töhfəni başlıca amil kimi götürürük, elmi dərəcəsindən daha çox həyata keçirdiyi nailiyyətlər nəzərə alınır. Məsələn, sənədləri arxiv fondumuzda saxlanılan Məmmədpaşa Quluzadə qazma işləri sahəsində dünyanın məşhur mütəxəssislərindən biri olmuş, ölkəmizdə maili qazma üzrə tam müstəqil məktəb yaratmış və ona rəhbərlik etmişdir. Sənədlərdən bəlli olur ki, M.Quluzadə tədqiqatlarından alınmış nəticələr dünyanın bütün neft ölkələrində tətbiq edilmişdir. Meksikada, Hindistanda, Almaniyada keçirilmiş konqreslərdə böyük həmyerlimizin məruzələri bunu sübut edir.

   Başqa bir misal. Keçən əsrin otuzuncu illərinin sonunda neft hasilatı üçün havasu kimi lazım olan 40 pilləli peditorsuz və 100 pilləli peditorlu turboburun meydana gəlməsi Azərbaycanın otuz yaşlı mühəndisi Əyyub Tağıyevin şöhrətini dünyaya yaymışdır. Çox keçmədən ABŞ, Meksikabaşqa ölkələrin iri neft şirkətləri Əyyub İsmayıl oğlu Tağıyevin Bakıda hazırlanmış qazma turbinini almaq üçün lisenziyalar əldə etmişlər, Elə bu xidmətlərinə görə o, 1951-ci ildə Başneftin Qazma İdarəsi rəisinin birinci müavini, Ümumittifaq Elmi Tədqiqat Qazma İnstitutunun direktoru, sonra isə Moskva Neftkimya və Qaz Sənayesi İnstitutunun kafedra müdiri, elmi işlər üzrə prorektoru, elmi laboratoriya rəhbəri kimi yüksək vəzifələrdə çalışmış, üç dəfə Stalin mükafatına layiq görülmüşdür. O, belə nəhəng işləri apararkən heç elmlər namizədi də deyildi.

   Əyyub Tağıyev əfsanəvi ömrünün bir hissəsini Hindistanda və Braziliyada keçirmişdir. Azərbaycanın fitri istedad sahibi olan alimi Hindistanda möcüzə yaratmış, qeyri-mümkünü mümkünə çevirmiş, Hindistan xalqına neft sərvəti bəxş etmişdir. Hazırda Kəlküttə şəhərindəki parkda Əyub Tağıyevin qara mərmərdən əzəmətli abidəsi ucalır. Heykəlin bünövrəsi üzərində "HİNDİSTAN NEFTİNİN ATASI TAĞIYEV ƏYYUB İSMAYIL OĞLU" sözləri həkk olunmuşdur.

   (Bakıda dünya şöhrətli soydaşımızın xatirəsi hələ də əbədiləşdirilməyib. Nə doğulduğu İçərişəhərin Böyük Qala küçəsindəki evin divarına xatirə lövhəsi vurulmuş, nə də adı bir küçə, məktəb və s.-yə verilmişdir. Millət atası Hacı Zeynalabdin Tağıyev nəslindən oolan Əyyub İsmayıl oğlu Tağıyev 1966-cı il yanvar ayının 17-də - əlli beş yaşına on gün qalmış dünyasını dəyişib - T.Q.).

   Arxiv fondlarında topladığımız və bu günədək qoruyub saxladığımız tarixi sənədlər hazırda Azərbaycanda həyata keçirilən neft strategiyasının daha dərin köklərə bağlandığını təsdiq edən qiymətli mənbədir. Məsələn, arxivimizin 10, 56 və 61-ci fondlarında toplanmış materiallarda indiki tədqiqatçılar tərəfindən az işlənilmiş elmi məxəzlər vardır. 20-30-cu illərdə Azərbaycanın dünyanın inkişaf etmiş xarici ölkələri ilə elmi-texniki əlaqələri bu sənədlərin dili ilə doktorluq dissertasiyasına, elmi-texniki əsərlərə çevrilə bilər. Amerikanın Pitsburq Universitetinin professoru Roland Abelin rəhbərlik etdiyi alimlər qrupu Azərbaycan mütəxəssisləri ilə birlikdə Suraxanıda iki il aparılan axtarışdan sonra dünya standartlarına cavab verən sürtkü yağları alınmışdır. Arxivimizin altmış birinci fondunun 490-cu saxlama vahidindəki bir sənəd də maraqlıdır. Fonddakı materiallardan öyrənirik ki, məşhur neft mütəxəssisi Çarlz Holland Bakıya gəlmiş, azərbaycanlı mühəndis və mütəxəssisləri ilə birlikdə elmi-təcrübə axtarışları nəticəsində ağır texnikada sürtkü yağlarının alınmasına və yağlardan istehsalatda istifadəsinə nail olmuşdur. Amerikaya qayıtdıqdan sonra mətbuatda dərc etdirdiyi 26 səhifəlik məqaləsini rus dilinə tərcümə etdirərək bakılı həmkarlarına göndərmişdir. Həmin məqalə arxivimizdə saxlanılır. Məqalənin əvvəlində oxuyuruq: "Asfalt və neftdən əsaslı sürtkü yağlarının alınması və onun sənaye istehsalı sahəsində tətbiqinə görə Bakı dünyanın pioneridir".

   Arxivimizin daha bir əhəmiyyətli rolunu qeyd etmək istəyirəm. Elm və Texnika Sənədləri Dövlət Arxivi respublikamızda yeganə arxivdir ki, saxladığımız sənədlərdən Azərbaycanda həyata keçirilən dövlət əhəmiyyətli binaların yenidən qurulmasında, bu binaların əsaslı bərpasında hərtərəfli istiadə olunur. Regionların sosial-iqtisadi inkişaf proqramının təmin olunmasında arxivimizin elmi, layihə, konstruktor və texnoloji sənədlərinə müraciət edilir. Yalnız son illər ərzində Milli Elmlər Akademiyası əsas korpusunun, Akademiyanın Elmi-Tədqiqat Kimya Prosesləri İnstitutu, Akademik Dram teatrının, S.Vurğun adına Rus Dram Teatrı, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, Hökumət Evi, Bakı Dövlət Sirki, Nizami kinoteatrı, Kurortologiya İnstitutu, Azadlıq prospektindəki çoxmərtəbəli yaşayış binalarının və digər tikililərin bərpasında arxivimizin layihə sənədlərindən geniş istifadə edilmişdir. Təəssüflər olsun ki, gələcək tariximiz üçün çox mühüm bir işə - layihə sənədlərinin Dövlət Elm və Texnika Sənədləri Arxivinə təhvil verilməsinə bu gün elmi-tədqiqat və layihə institutları laqeyd yanaşırlar. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli fərmanı ilə təsdiq olunmuş "Dövlət Arxiv Fondu haqqında" Qanuna görə, layihə, konstruktor, texoloji işlər aparan institutlar 15 ilədək müddət ərzində, elmi-tədqiqat institutları isə 5 ildən sonra fəaliyyətləri prosesində yaranmış sənədlərini öz vəsaitləri hesabına tam qaydaya salıb dövlət arxivlərinə verməlidirlər. Bu qanunun tələblərinə əməl etməyən Dənizneftlayihə İnstitutu 50 ildən bəri, Bakı Dövlət Layihə İnstitutu 30 ildən bəri layihə sənədlərini özlərində saxlayır, dövlət arxivinə təhil verməkdən imtina edirlər. Əksər elmi-tədqiqat tibb institutları da xalqımızın sağlamlıq tarxinin inkişafı ilə bağlı materialları dövlət mühafizəsinə təhvil vermirlər. Bütün bunlar isə çox dəyərli sənədlərin mühafizəsini çətinləşdirir. Vəzifəsindən asılı olmayaraq belələrini intizama dəvət etməyin vaxtı çatıbdır.

 

 

   (ardı var)

 

   Teyyub Qurban

 

   Ekspress.- 2012.- 17-19 mart.- S.15.