Müdriklik zirvəsi və ya şərəflə yaşanmış izzətli ömür

 

  İzzət Rüstəmov-80

 

  "Dünyada heç nə asanlıqla əldə olunmur. Mən Azərbaycanın ən füsünkar bölgələrindən biri olan Gədəbəyin Düz Rəsullu kəndində dünyaya göz açmışam və ağlım kəsəndən zəhmətkeş, əməksevər adamlar görmüşəm. Ümumiyyətlə, dağ adamları arı kimi çalışqan olurlar. Görünür, elə uşaqlıq illərində əxz elədiyim bu əməksevərlik, halallıq o vaxtdan canıma, qanıma hopub..."

   Bu sözləri bir ömrün sınırlarını aşacaq dərəcədə yüksək titullar qazanmış adlı-sanlı insan - vaxtilə baş nazirin müavini olmuş görkəmli dövlət xadimi, fəlsəfə elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası İzzət Rüstəmov mətbuata müsahibəsində şərəf və ləyaqətlə yaşadığı ömür yolunun başlanğıcına boylanarkən deyib. Ömrünün səkkizinci on ilini arxada qoyan alimin keçdiyi həyat yolu nümunə götürüləcək, öyrəniləcək böyük həyat məktəbidir...

   İzzət Rüstəmovun 80 yaşı bu il fevralın 15-də tamam olub. Alicənab insan, tanınmış alim və gözəl ziyalı barəsində yazının yubiley günündən bir ay sonra işıq üzü görməsinə belə "bəraət" qazandırım ki, 80 yaş elə zirvədir ki, onu bir günlə, bir ayla məhdudlaşdırmaq ədalətsizlik olardı, üstəlik, yubilyar nadir şəxsiyyətdirsə, yubiley artıq ilin hadisəsidir. Beləcə, yubiley gününü qaçırmağımız kimi qəbahətə guya "tutarlı arqument" tapdığımızı sanaraq, gözəl insan və böyük alim kimi yüksək dəyər verdiyim İzzət müəllimi 80 illiyi münasibəti ilə təbrik edir, ona cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram.

   İzzət müəllim haqqında yazmaq həm asandır, həm də çətin. Asandır ona görə ki, şərəfli ömür yolu keçmiş bu müdrik insanın sadəcə, Azərbaycan elmi fikrinin, fəlsəfi düşüncəsinin, milli təhsilimizin inkişafı üçün gördüyü böyük işlərdən, elmi yaradıcılığından söz açmaq, öndə gedən bir ziyalı və ictimai xadim kimi millət və Vətən naminə göstərdiyi xidmətləri sadəcə sadalamaq yazının alınması üçün yetərlidir. Digər tərəfdənsə, yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət, gözəl ziyalı, fədakar alim, böyük pedaqoq, görkəmli dövlət xadimi və şəhid atası kimi İzzət Rüstəmovun portretini yaratmaq məsuliyyətli işdir.

   Azərbaycanda İzzət Rüstəmov və onun elmi-ictimai fəaliyyətindən xəbərdar olmayan az adam tapılar, bununla belə, janrın, yəni yubiley yazısının tələblərinə əməl edərək İzzət müəllimin şərəfli ömür yoluna nəzər salaq...

   İzzət Əşrəf oğlu Rüstəmov 1932-ci il fevralın 15-də Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olub. 1949-cu ildə orta məktəbi bitirən Rüstəmov Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olub. İzzət müəllimin universitetə qəbul olunmasının maraqlı tarixçəsi var: o, ali məktəbə orta məktəbi bitirmək haqqında attestatı təqdim etmədən qəbul olunub. İzzət müəllimin mətbuata müsahibəsində bildirdiyinə görə, 1949-cu ildə orta məktəbi əla qiymətlərlə bitirib və onu qızıl medala təqdim ediblər:

   "Çox təəssüf ki, həmin qızıl medalı ala bilmədim. Məktəbi qurtaranda mənə dedilər ki, qızıl medalı da, attestatı da gedib Bakıda almalıyam. Ucqar bir dağ kəndindən üz tutub Bakıya gəldiyimi, vağzaldan tramvayla universitetə necə gəldiyimi indi də yaxşı xatırlayıram. O zaman hansı hisslər keçirdiyimi ötən əsrin 50-ci illərində bütün ehtiyacları göz önünə alaraq ali təhsil dalınca kənddən şəhərə üz tutan yaşıdlarım yaxşı bilirlər. Amma nə attestatdan, nə də qızıl medaldan bir xəbər var idi. Bakıya bələd olmayan bir gənc üçün bunun nə demək olduğunu təsəvvür etmək çətin deyil. Tez kəndə xəbər yolladım. Harayıma o zaman tələbə olan böyük qardaşım İsmayıl çatdı. O, universitetin rektoru, görkəmli alim Abdulla Qarayevin qəbuluna girdi və mənim qəbul imtahanlarına buraxılmağıma icazə aldı. Həmin il əla qiymətlərlə tarix fakültəsinin nəzdindəki fəlsəfə şöbəsinə daxil oldum".

   Müharibədən sonrakı illərin çətinliklərinə rəğmən, Rüstəmov təhsilini əla qiymətlərlə başa vurur, fərqlənmə diplomu alır və onu fəlsəfə kafedrasında saxlayırlar. 1961-ci ildə dissertasiya müdafiə edir, fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alır və 5 il sonra kafedranın dosenti olur. 1972-ci ildə doktorluq dissertasiyasını uğurla müdafiə edən alim 1977-ci ilin may ayının 13-də kafedranın professoru elmi adını alır.

   İzzət Rüstəmov 1984-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının Fəlsəfə kafedrasına müdir vəzifəsinə dəvət edilir. Bir il istisna olmaqla (bir il Azərbaycan KP MK-nın nəzdindəki Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini işləyib) 1994-cü ilin dekabrına qədər burada fəlsəfə kafedrasının müdiri vəzifəsində çalışır.

   1994-cü ilin dekabrında Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilən İzzət Rüstəmovu prezident Heydər Əliyev yüksək insani keyfiyyətlərini və mənəvi saflığını nəzərə alaraq ona Beynəlxalq Humanitar Yardım üzrə Respublika Dövlət Komissiyasının sədri vəzifəsini də tapşırmışdı. Eyni zamanda Narkomanlığa və narko- biznesə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri vəzifəsi də ona həvalə edilmişdi.

   Beləcə, dövlət xadimi kimi fəaliyyətə başlayan alim Romada, Nyu-Yorkda, Londonda, Belçikada, Cenevrədə, Kuveytdə, Sudanda, Tehranda, Təbrizdə və s. yerlərdə keçirilən nüfuzlu beynəlxalq tədbirlərdə, BMT-nin müşavirələrində Azərbaycanı təmsil edir, ölkəmizin nümayəndə heyətlərinə rəhbərlik edir, danışıqlar aparır və müqavilələrə imzalar atır.

   İzzət müəllim etiraf edir ki, 1994-cü ildə Baş nazirin humanitar işlər üzrə müavini təyin olunması onun üçün gözlənilməz olub: "Həmin dövr Azərbaycanın ilk müstəqillik illərinə təsadüf edirdi. Sözün əsl mənasında, Azərbaycan çətinliklər girdabında və informasiya blokadasında idi. Hətta Amerika hökuməti dövlət səviyyəsində Azərbaycana humanitar yardım etməmək barədə qərar vermişdi. Baş nazirin müavini təyin olunduqdan bir neçə gün sonra - 1994-cü ilin dekabrın 8-də Romaya Ümumdünya Ərzaq Proqramının rezidensiyasına getdim. İnanın ki, həmin dövrdə respublikanın bir həftəlik çörəyi qalmışdı. Orada biz yüz min ton taxıl almağa nail olduq. Təbii ki, əsas məsələləri Heydər Əliyev özü əvvəlcədən həll etmişdi, amma qürur hissi keçirirəm ki, həmin məsələlərin icrasına nəzarət etməyi mənə tapşırmışdı. Açığı, o zaman Azərbaycanın beynəlxalq humanitar yardımlara çox ehtiyacı vardı. Yalnız "Əsrin neft müqaviləsi"nin reallaşması istiqamətində əməli addımlar atıldıqdan sonra Azərbaycan beynəlxalq aləmdə tədricən tanınmağa başlandı. 1998-ci ilin iyununda Nyu-Yorkda BMT-nin sessiyasındakı çıxışım isə heç vaxt yaddaşımdan silinməyəcək. Sonradan mənə məlumat verdilər ki, mən kürsüdə çıxış edərkən Ermənistan nümayəndə heyəti salonu tərk etmişdi..."

   1999-cu ilin yanvar ayında prezident Heydər Əliyevin sərancamı ilə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru təyin edilən İzzət Rüstəmov 2004-cü ilin iyul ayınadək bu vəzifədə çalışıb. Həmin ilin iyulunda BDU-da yenicə yaradılmış Sosiologiya kafedrasına professor və müdir əvəzi təyin edilən alim az sonra Universitetin Elmi Şurasında Sosiologiya kafedrasının yekdilliklə müdiri seçilir.

   Akademik S.İ.Vavilov adına medalla təltif edilən, Azərbaycan fəlsəfə kadrlarının hazırlanmasında əvəzsiz xidmətlər göstərən, vaxtilə Ali Attestasiya Komissiyasında fəlsəfə elmləri üzrə Ekspert Şurasının sədri işləyən, ölkəmizdə elmi, xüsusilə də fəlsəfi biliklərin təbliğində müstəsna rolu olan, adı "Azərbaycanın 100 görkəmli alimi" kitabına daxil edilən Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının akademiki İzzət Rüstəmov yüzlərlə elmi məqalənin, onlarla dəyərli kitabın müəllifidir.

   Azərbaycan Ensiklopediyası "Nəşriyyat-poliqrafiya birliyi" İzzət Rüstəmovun sədrliyi ilə "Fəlsəfə" ensiklopedik lüğətini çap edib. 40-cı illərdə akademik Heydər Hüseynovun hazırladığı "Fəlsəfə lüğəti"ndən sonra Azərbaycan dilində bu sahədə nəşr olunan ilk böyük lüğətin ərsəyə gəlməsi məhz professor İzzət Rüstəmovun adı ilə bağlıdır.

   Tədqiqatçı alimin Azərbaycan fəlsəfi fikir tarixinin araşdırılmasında və ümumiyyətlə, fəlsəfi fikrimizin inkişafında böyük önəmə malik "XX əsrin əvvəllərində Azərbaycanda təbii-elmi və fəlsəfi fikrin vəhdəti" və "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri" monoqrafiyalarını, həmçinin Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundov, Abbasqulu Ağa Bakıxanov və bir sıra başqa mütəfəkkirlərin fəlsəfi baxışlarının araşdırıldığı əsərlərini, Hüseyn Cavid və Məhəmməd Hadi haqqındakı məqalələrini, ali məktəblər üçün hazırladığı dərs vəsaitlərini və dəyərli tərcümələrini xüsusilə qeyd etmək lazımdır.

   İzzət Rüstəmov çox nadir Azərbaycan alimlərindən biridir ki, onun "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri" monoqrafiyası və "N.Çernişevski və Azərbaycanda ictimai fikir" kitabı (akademik F.Köçərli ilə) ABŞ Konqresinin kitabxanasında kataloqa daxil edilib.

   "İzzət" sözü ərəbcə yüksək əxlaqi dəyərləri özündə ehtiva edən çoxmənalı anlayışdır: böyüklük, ucalıq, ululuq; qiymət, dəyər, etibar; şərəf, hörmət, cəlal, yüksək mənsəb...

   Fəlsəfə müdriklik haqqında elm, filosoflarsa bütün zamanların və xalqların müdrikləridir...

   Şərəfli-izzətli həyatı ilə müdriklik zirvəsini fəth edən İzzət Rüstəmovun elmi-ictimai-mənəvi portretini keçdiyi ömür yolu, göstərdiyi xidmətlər fonunda təhlil etdikdə, zəngin mədəniyyət, ensiklopedik bilik, yüksək erudisiya sahibi olan filosof alim ana dilinin, tarixinin və Vətəninin vurğunu olmaqla özündə BÖYÜK VƏTƏNDAŞ və KLASSİK ZİYALI obrazlarını təcəssüm etdirir.

   Məşhur "Həsən bəy Zərdabi" monoqrafiyasının müəllifi fəlsəfi dünyagörüşlərini araşdırdığı XIX və XX əsrin əvvəllərinin ziyalılarına olduqca çox bənzəyir: həm zahirən, həm də daxilən...

   Həmin şəxslərə ki, millətin öndə gələnləri idi və 150 il əvvəl tale onların üzərinə BÖYÜK MİLLİ YÜK qoymuşdu. Həmin şəxslər ki, "İtirilmiş Azərbaycan"ı axtarırdılar. Vətənsə çoxdan ikiyə parçalanmışdı, yarısı Arazın bu tayında, yarısı o tayında idi, parçalanmış bu taylılar millətin də, Vətənin də adını az qala yaddan çıxarmışdılar - onlar sadəcə hansısa quberniyalarda çarın təbəələri idilər. Bu qarışıq zamanda ONLAR canki göylərdən millətin taleyinə çarə qılmaq üçün yerə enmiş "ağ atlılar" oldular. Gəldilər ki, ikiyə bölünərək itirilmiş VƏTƏNİ tapsınlar, millətə yiyə dursunlar. Əvvəlcə bir-bir gəldilər - Abbasqulu Ağa Bakıxanov gəldi, sonra Böyük Mirzə - Fətəli Axundov gəldi. Daha sonra Həsən bəy Məlikzadə Zərdabi gəldi. Və 19-cu əsrin sonlarında çoxaldılar, istiqbalımız üçün gün kimi doğdular: Bəyan etdilər ki, millət sahibsiz deyil.

   Və, Həsən bəy demişkən, "mürur ilə qanmazın başını deşib" xalqın beyninə əsər etməyə, milləti millət etməyə çalışdılar. Axtara-axtara, "millət davası" döyə-döyə gələcək Azərbaycan naminə çox şeylərin əsasını qoydular, Mirzə Fətəli demişkən, "baneyi-kar" oldular - milli mətbuatın əsasını qoydular, teatr yaratdılar, opera yazdılar... millətin ATALARINA çevrildilər. ONLAR Azərbaycanı əvvəlcə fikirlərdə yaratdılar. Təbii ki, suverenlik əvvəlcə şüurdan başlayır və yalnız sonra siyasətdə və məişətdə bərqərar olur. ONLAR da Birinci Cümhuriyyəti (1918-1920) fikirlərdə hazırladılar. Zira onlar fikir sahibi idilər, milli ictimai fikri formalaşdırırdılar.

   Bəlkə də, bu sətirlər mövzudan yayınmağımız kimi görünə bilər. Lakin böyük hərflərlə yazdığımız ONLAR məhz İzzət Rüstəmovun fəlsəfi fikirlərinə işıq tutduğu böyük fikir adamlarımız, maarifçilərimiz, yazıçılarımız, klassik ziyalılarımızdır və vurğulamaq istədiyim mətləbsə budur ki, İzzət müəllim də zəmanəmizin az-az tapılan fikir sahiblərindəndir...

 

 

  Qəzənfər Həmidoğlu

 

  Ekspress.- 2012.- 17-19 mart.- S. 11.