İki əsrin ağrısı...
31 mart -
soyqırım günümüzdür
31 Mart - Azərbaycanlıların
Soyqırımı Günüdür. 31 Mart sadəcə bir gün deyil, 2 əsrə
yaxın dövrdə Vətənimizin və millətimizin
başına gətirilən faciələrin, müsibətlərin,
itirdiyimiz torpaqların, verdiyimiz
qurbanların anım günüdür...
1813-cü və 1828-ci illərdə Rusiya
ilə İran arasında imzalanan
Gülüstan və Türkmənçay
müqavilələri Azərbaycan xalqının
parçalanmasının, tarixi
torpaqlarımızın bölünməsinin əsasını
qoydu. Bu milli faciənin davamı kimi
torpaqlarımızın zəbti başlandı.
Həmin bədnam anlaşmalardan sonra ermənilərin Azərbaycan
torpaqlarına kütləvi surətdə
köçürülməsi həyata keçirildi
və SOYQIRIM Azərbaycan torpaqlarının
işğalının ayrılmaz bir hissəsinə
çevrildi.
İrəvan,
Naxçıvan və Qarabağ xanlıqları ərazilərində
məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla
müqayisədə azlıq təşkil etsələr də,
öz havadarlarının himayəsi altında "erməni
vilayəti" adlandırılan inzibati bölgünün
yaradılmasına nail oldular. Belə süni ərazi
bölgüsü ilə, əslində, azərbaycanlıların
öz torpaqlarından qovulması və məhv edilməsi
siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ
olunmağa başlandı.
Bu uydurma dövlətin
Azərbaycan torpaqlarında yaradılmasına "bəraət
qazandırmaq məqsədilə" erməni xalqının
tarixinin saxtalaşdırılmasına yönəlmiş
genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın
və ümumən Qafqaz tarixinin təhrif olunması həmin
proqramların mühüm tərkib hissəsini təşkil
edirdi.
"Böyük Ermənistan"
yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlar
1905-1907-ci illərdə azərbaycanlılara qarşı
açıq şəkildə genişmiqyaslı qanlı
aksiyalar həyata keçirdilər. Ermənilərin
Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və
indiki Ermənistan ərazisindəki qədim Azərbaycan
torpaqlarını əhatə etdi. Yüzlərlə
yaşayış məntəqəsi dağıdılıb
yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə
qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları
məsələnin mahiyyətinin açılmasına, ona
düzgün siyasi-hüquqi qiymət verilməsinə
maneçilik törədərək azərbaycanlıların
mənfi obrazını yaratmış, özlərinin
avantürist torpaq iddialarını pərdələmişdilər.
Birinci Dünya
müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və
oktyabr çevrilişlərindən məharətlə istifadə
edən ermənilər öz iddialarını bolşevik
bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci
ilin mart ayından etibarən əksinqilabçı
ünsürlərlə mübarizə şüarı
altında Bakı Kommunası tərəfindən ümumən
Bakı quberniyasını azərbaycanlılardan təmizləmək
məqsədi güdən mənfur plan həyata keçirilməyə
başlandı. Həmin günlərdə ermənilərin
törətdikləri cinayətlər Azərbaycan
xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə
dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə
görə məhv edilib. Ermənilər evlərə od vurub
insanları diri-diri yandırdılar. Milli memarlıq incilərini,
məktəbləri, xəstəxanaları, məscid və
digər abidələri dağıdıb Bakının
böyük bir hissəsini xarabalığa çevirdilər.
Azərbaycanlıların
soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında,
Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və
Azərbaycanın başqa bölgələrində xüsusi
qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə
dinc əhali kütləvi surətdə qətlə yetirildi,
kəndlər yandırıldı, milli mədəniyyət
abidələri dağıdılıb məhv edildi.
Azərbaycan Xalq
Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə
xüsusi diqqət ayrıldı. Nazirlər Şurası
1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə
Fövqəladə istintaq komissiyasının
yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart
soyqırımını, ilkin mərhələdə
Şamaxıdakı vəhşilikləri, İrəvan
quberniyası ərazisində ermənilərin törətdikləri
ağır cinayətləri araşdırdı. Dünya
ictimaiyyətinə bu həqiqətləri çatdırmaq
üçün Xarici İşlər Nazirliyi nəzdində
xüsusi qurum yaradıldı. 1919 və 1920-ci il mart
ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti
tərəfindən Ümummilli Matəm Günü kimi qeyd
edilib. Əslində bu, azərbaycanlılara qarşı
yürüdülən soyqırım və bir əsrdən
artıq davam edən torpaqlarımızın işğalı
proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək
cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin
süqutu bu işin başa çatmasına imkan vermədi.
Zaqafqaziyanın sovetləşməsindən
öz çirkin məqsədləri üçün istifadə
edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın
bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan
etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların
deportasiya edilməsi siyasətini daha da genişləndirmək
məqsədilə yeni vasitələrə əl atdılar.
Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr
1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və
başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in
Kür-Araz ovalığına köçürülməsi
haqqında" xüsusi qərarına və 1948-1953-cü
illərdə azərbaycanlıların öz tarixi
torpaqlarından kütləvi surətdə deportasiyasına
dövlət səviyyəsində nail oldular.
Erməni millətçilər
öz havadarlarının köməyi ilə 1950-ci illərdən
etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi
təcavüz kampaniyasına başladılar. Keçmiş
sovet məkanında müntəzəm şəkildə
yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin,
klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis
nümunələrinin erməni xalqına mənsub olduğunu
sübut etməyə çalışırdılar. Eyni
zamanda, onlar tərəfindən bütün dünyada azərbaycanlıların
mənfi obrazını formalaşdırmaq cəhdləri də
güclənirdi. "Yazıq, məzlum erməni
xalqı"nın surətini yaradaraq əsrin əvvəlində
regionda baş verən hadisələr şüurlu surətdə
təhrif olunur, azərbaycanlılara qarşı
soyqırım törədənlər soyqırım
qurbanları kimi qələmə verilirdi.
XX əsrin əvvəlində
əksər əhalisi azərbaycanlı olan İrəvan
şəhərindən və Ermənistan SSR-in digər
bölgələrindən soydaşlarımız təqiblərə
məruz qalaraq kütləvi surətdə qovulurdu. Azərbaycanlıların
hüquqları ermənilər tərəfindən
kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər
törədilir, onlara qarşı repressiyalar həyata
keçirilirdi. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir,
toponimika tarixində misli görünməmiş qədim
toponimlərin müasir adlarla əvəzolunma prosesi baş
verirdi.
Saxtalaşdırılmış erməni tarixi gənc
ermənilərin şovinist ruhda böyüməsinə zəmin
yaratmaq üçün dövlət siyasəti səviyyəsinə
qaldırılırdı. Böyük humanist ideallara xidmət
edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti
ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni
ideologiyasının təqiblərinə məruz
qalırdı.
Azərbaycan
xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə
yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz
üçün ideoloji zəmin yaradırdı. Xalqımıza
qarşı aparılan soyqırım siyasəti
özünün siyasi-hüquqi qiymətini
tapmadığı üçün tarixi faktlar sovet mətbuatında
ermənilər tərəfindən təhrif olunur və
ictimai fikir çaşdırılırdı. Ermənilərin
sovet rejimindən bəhrələnərək həyata
keçirdikləri və 80-cı illərin ortalarında daha
da güclənən antiazərbaycan təbliğatına Azərbaycan
Respublikasının rəhbərliyi vaxtında lazımi qiyməti
vermədi.
1988-ci ildən ortaya
atılan Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində
yüzminlərlə azərbaycanlının öz tarixi
torpaqlarından qovulmasına da respublikada düzgün siyasi
qiymət verilmədi. Azərbaycanın Dağlıq
Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə
daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını
və Moskvanın, əslində, bu vilayəti Xüsusi
İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın
tabeliyindən çıxarmasını xalqımız ciddi
narazılıqla qarşıladı və mühüm siyasi
aksiyalara əl atmaq məcburiyyəti qarşısında
qaldı. Respublikada keçirilən mitinqlər zamanı
torpaqlarımızın işğalı siyasəti qətiyyətlə
pislənsə də, Azərbaycan rəhbərliyi öz passiv
mövqeyindən əl çəkmədi. Məhz elə
bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə
güclənən xalq hərəkatını boğmaq məqsədilə
Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı
məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə
məruz qaldı.
1992-ci ilin fevral
ayında ermənilər Xocalı şəhərinin əhalisinə
misli görünməmiş divan tutdu. Tariximizə Xocalı
soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə
azərbaycanlının məhv edilməsi, əsir
alınması, şəhərin yerlə-yeksan edilməsi ilə
qurtardı.
Millətçi-separatçı
ermənilərin Dağlıq Qarabağda
başladığı avantürist hərəkatın nəticəsi
olaraq, bu gün bir milyondan artıq soydaşımız erməni
qəsbkarlar tərəfindən öz doğma
yurd-yuvalarından didərgin salınıb çadırlarda
yaşamağa məhkum edilib. Ərazimizin 20 faizinin erməni
silahlı qüvvələri tərəfindən
işğalı zamanı minlərlə vətəndaşımız
şəhid olub, xəsarət alıb ("Trend").
Azərbaycanın
XIX-XX əsrlərdə baş verən bütün faciələri
torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin
azərbaycanlılara qarşı
düşünülmüş, planlı surətdə həyata
keçirdiyi soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini
təşkil edib. Bu hadisələrin yalnız birinə -
1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi
göstərilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi
kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər
həyata keçirə bilmədiyi qərarların məntiqi
davamı olaraq, soyqırım hadisələrinə siyasi qiymət
vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Ekspress.- 2012.-
31 mart-2 aprel.- S.17.