Çanaqqala: Keçmişlə gələcək arasında yaddaş körpüsü

 

   Minillərin türk ruhuna 97 il öncə Çanaqqala ruhu da əlavə olunub...

 

   Tarixçilər 1915-ci ilin 18 mart gününü türk ruhunun yenidən kükrəməsi, məmləkətin taleyində yeni dövrün başlanğıcı kimi dəyərləndirirlər...

   Hər il martın 18-də xalqın müttəfiq dövlətlərin "Yenilməz Armada"sına qarşı ölüm-dirim savaşında qazandığı zəfərin ildönümü təntənəylə qeyd olunur, yaxından-uzaqdan gələn qonaqlar tarixin qoruyub-saxladığı dilsiz şahidlərlə tanış olurlar...

   Bu dəfə zəfər törənlərində iştirak etmək mənim də qismətimə düşmüşdü. Türkiyənin Bakıdakı Böyükelçiliyinin təşkil elədiyi bu səfər, doğrudan da yaddaşımda böyük iş buraxdı...

 

   İstanbuldan Geliboluya

 

   Bakının yağışlı-qarlı havasından bir neçə günlüyə də olsa, can qurtarmaq sevindiriciydi. İstanbul bizi - məni (bu dəfə "Ekspress" qəzetinin nümayəndəsini) və Azərbaycan dövlət televiziyası əməkdaşlarını "qonaqpərvərliklə", əsl yaz havasıyla qarşıladı. Bələdçimiz - Çanaqqala turizm şirkətinin əməkdaşı Zühal xanım Çalışan da havanın yaxşı olmasından məmnun görünürdü. Səfər proqramına salınmış tarixi yerləri görmək, döyüş gedən yerləri gəzmək, tarixi abidələrlə tanış olmaq üçün hava şəraitinin imkan verməsi, əlbəttə, başlıca şərtlərdən biriydi.

   Yolumuz İstanbulun Atatürk hava limanından Ədirnə istiqamətinə yönəlir, Təkirdağda qısa istirahətdən sonra minibusumuz Gelibolu yarımadasına doğru istiqamət götürür. Ötən səfərimdə bu yerlər başdan-başa günəbaxan zəmilərilə örtülmüşdü, indi həmin zəmilərin yerində əkin sahələri qaralır: çox keçməyəcək, yenə düzlər sapsarı rəngə boyanacaq.

   Gelibolu yarımadasıyla dəniz boyu uzanan yolda Zühal xalım 97 il əvvəl gedən döyüşlər barədə danışır. O amansız döyüşlərin izləri torpaqda indi də qalır: gəmi bir neçə gün əvvəl televiziyalar yeni tapılan insan sümüklərini, sənədləri, silah parçalarını nümayiş etdirmişdilər.

   Gelibolunun Çanaqqalaya üzbəüz şəhəri Eceabatdı. Şəhər boğazın ən dar yerində (cəmi 220 metr) yerləşir. Buradan bərəylə Çanaqqala limanına keçirik. Cəmi yarım saat sürən keçid zamanı gözlərimiz qarşısında açılan mənzərəni indi də unutmaq çətindir. Eceabatın arxasındakı dağın döşündə görünən "Dur, yolçu!" pannosu, üstündə bayraq dalğalanan qədim qala, boğazdakı irili-xırdalı gəmilər, saysız-hesabsız qayıqlar, bir də əlbəttə ki, qağayılar...

 

   Boğazın masmavi suları hər iki şəhərə ayna tutur...

 

   Bura Çanaqqaladı - yeni tarixin başlandığı müqəddəs yerdi...

 

   Dünənlə bugünün qovuşduğu yer

 

   Rəsmi törənlərə hələ gün yarım vaxtımız var. Bu müddəti Çanaqqalayla tanışlığa sərf eləyirik.

   Çanaqqala iki hissədən - tarixi məhəllədən və yeni məhəllədən ibarətdi.

   Şəhərin tarixi hissəsində özünü, az qala, Gəncədə hiss eləyirəm: memarlıq üslubları müəyyən qədər fərqli olsa da, tikililərin aurası məndə belə bir duyğu oyadır...

   Cümhuriyyət meydanına, Saat qülləsinə, etnoqrafiya muzeyinə, hərdi-dəniz muzeyinə, şəhər muzeyinə, məscidlərə tamaşa eləmək, eksponatlara baxmaq bu torpaqlarda tarixin gedişini dərk eləməyə yardım göstərir.

   Makedoniyalı İsgəndər, Roma və Bizans imperiyaları zamanından yadigar qalan abidələrə heyrətsiz baxmaq mümkün deyil, silahlar, məişət əşyaları, daş sənduqələr, heykəllər bu ərazilərin tarixini söyləyir...

   Bir də əlbəttə ki, Çanaqqalanın rəmzlərindən birinə çevrilən Troya atı və 1915-ci il döyüşlərindən qalmış top...

   Vaxtilə Homerin və Aristotelin bu yerləri dolaşdıqları barədə rəvayətlər də söylənir...

   1915-ci il döyüşlərilə bağlı küçədə rastlaşdığın hər kəsdən məlumat ala bilərsən...

 

   Çanaqqala - tarixin bir parçasıdı...

 

   Bənzərsiz Çanaqqala ruhu

 

   Zəfər törəninin proqramı çox zəngin idi. Rəsmi tədbirlə yanaşı, döyüş yerlərinə səfərlər, sərgilər, açılışlar nəzərdə tutulmuşdu. Şəhər stadionunda keçirilən rəsmi törəndə Türkiyə Cümhuriyyəti baş nazirinin müavini Bülənt Arınc, daxili işlər naziri İdris Nadim Şahin, digər nazirlər, millət vəkilləri, çoxsaylı qonaqlar iştirak eləyirdilər.

   Çanaqqala valisi Güngör Azim Tunanın açdığı rəsmi törəndə ölkə prezidenti Abdullah Gülün, Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin, baş nazir Rəcəb Tayyib Ərdoğanın, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlunun təbrik məktubları oxundu, çıxış edənlər 18 mart zəfərinin tarixiliyini, əhəmiyyətini dönə-dönə xatırlatdılar, həmin vaxt torpaq uğrunda canını verən 252 min şəhidə, ümumiyyətlə, bütün şəhidlərə rəhmət dilədilər.

   Mehtər taqımının və folklor ansamblının çıxışı, dənizçilərin hərbi paradı insanın ruhunu lərzəyə gətirirdi...

   Səmada hərbi helikopterlər, təyyarələr dövrə vurur, boğazdan hərbi gəmilər ötüb-keçirdi...

   Axşam on minlərlə çanaqqalalı əllərində yanan məşəllərlə, zəfər himni oxuya-oxuya küçələrdən keçdilər, səma atəşfəşanlıqdan yeddi rəngə çaldı.

   Səhəri Çanaqqala valisi Güngör Aziz Tuna bizi qəbul elədi. O, Türkiyə-Azərbaycan münasibətlərinə toxundu, Çanaqqala zəfərinin dəyərləndirdi, qeyd elədi ki, son araşdırmalara görə, Çanaqqala döyüşlərində 3 minə yaxın Azərbaycan türkü də şəhid olub, onların xatirəsi də hər il hörmətlə yad edilir...

 

   Torpaqda qalan izlər

 

   Gelibolu yarımadası, az qala, başdan-başa tarixin yadigarlarıyla örtülüb. Təkcə 1915-ci il savaşlarıyla bağlı 40-dan artıq abidə, məzarlıq, xatirə yeri var. Martın 18-də Mustafa Kamalın azsaylı əsgərlə düşmənə qarşı yola çıxdığı Bigali kəndindəki xatirə muzeyi, Anzak (ingilis ordusunda olan AvstraliyaYeni Zelandiyalı əsgərlərə verilən ad), fransız, ingilis qəbristanlıqları, Seyit Onbaşının, Yəhya Çavuşun, Mehmet Çavuşun, ölümsüz qəhrəmanlıqlar göstərdikləri yerlərdə qoyulmuş abidələr xalqın müqavimət ruhunun nə qədər hüdudsuz olduğuna sübutdu. O günlərdən qalmış səngərlər, toplar, gəmilər indi ziyarət yerinə çevrilib.

   Şahindərə və Soğandərə adlanan yerlərdə öz qardaşlarına yardıma gəlmiş Azərbaycan türklərinin xatirəsi də əbədiləşdirilib. Lakin bu yönümdə araşdırmalar yəqin ki, bundan sonra daha da vüsət alacaq. Çünki üç il sonra Çanaqqala zəfərinin 100 illiyi qeyd olunacaq, indidən buna dövlət səviyyəsində hazırlıq gedir.

   Döyüşlər vaxtı düşmənin 18 min yaralı əsgəri müalicə olunub, ağır günlər keçirən türk xalqı son tikəsini torpağını işğal eləməyə göndərilən kəslərlə yarı bölüb. İndi onların xatirəsinin əbədiləşdirilməsi də türk türk millətinin əmin-amanlıq istəməsindən xəbər verir. Hər il bu yerlərə təkcə Fransa və İngiltərədən yox, Avstraliya və Yeni Zelandiyadan da on minlərlə ziyarətçi gəlir.

   Çanaqqala artıq xalqlar arasında barış məkanına çevrilib...

 

   Tarixin daha bir yadigarı - Troya

 

   Qədim Troya şəhəri Çanaqqalanın cəmi-cümlətanı 20 kilometrliyində yerləşir...

 

   Böyük Homerin vəsf elədiyi şəhərin xarabalıqlarını görmək adamda unudulmaz hisslər doğurur...

   Dənizin yaxınlığındakı təpə üzərində bir vaxtlar qüdrəti dillərdə söylənən şəhərin qalıqlarına tamaşa eləmək tarixlə həmsöhbət olmağa bənzəyir...

   Bir vaxtlar Homerin təsvir elədiyi Troya atının oxşarı olsa da, o tarixi obrazla tanışlıq insanda qəribə duyğular oyadır...

   Şəhərin minillərə tab gətirmiş qalıqları arasından keçəndə təsəvvüründə Zamanın tozu altında qalmış hadisələr canlanır...

   Bu gün Troya tarixi açıq hava muzeyinə dünyanın dörd guşəsindən gələn turistləri görmək də adamda xoş duyğular oyadır...

 

   "Hələ yaşamağa dəyər bir az da..."

 

   Əlbəttə, Çanaqqala adı çəkiləndə ilk yadıma düşənlərdən biriustad şairimiz, görkəmli ziyalı Məmməd İsmayıl oldu. 17 ildən bəri Çanaqqala 18 mart Universitetində dərs deyən Məmməd bəyə Bakıdan zəng vurmuşdum, özünəxas səmimiyyət və istiqanlılıqla yolumu gözlədiyini söyləmiş, qəzet-kitablar istəmişdi.

   Həmin günlərdə Məmməd bəyin də başı bərk qarışıq idi: universitetdəki dərsləri, Moskvadan gəlmiş qonaqları, müxtəlif tədbirlərə dəvət" Moskvalı qonaqlarından biri də uzun illərdən bəri Rusiya paytaxtında yaşayan həmyerlimiz şairə Afaq xanım Şıxlı idi. Afaq xanım həm zəfər törənində iştirak edəcək, həm də "Akademi" Şeir Dərnəyinin layiq gördüyü mükafatı alacaqdı.

   Mən də ədəbiyyat xətrinə proqramımızın bir neçə bölümündən imtina eləməli oldum. Məmməd bəy maşınında bizi şəhəri gəzdirdi, yüksəklikdən şəhərin və boğazın mənzərəsinə baxdıq. Ustad şair türk ruhu, Çanaqqala ruhu haqqında o qədər qürur və yanğıyla danışırdı ki, nə vaxtsa bu duyğuların bütöv bir əsərə çevriləcəyinə şübhə eləmədim. Zənnim məni aldatmadı: deyəsən, Məmməd İsmayılın Çanaqqalayla bağlı kitabı araya-ərsəyə gəlir.

   "Akademi" Şeir Dərnəyindəki təqdimat mərasimində qurumun rəhbəri Mustafa Berçin və gənc şair Sərdar Akkoçla tanış olduq, ədəbiyyat, qarşılıqlı ədəbi münasibətlər, gələcək tədbirlər barədə söhbət elədik. Mustafa bəy şeirlər və hekayələrdən ibarət toplularını, dərnəyin orqanı olan "Kumbet altında" curnalının son sayını bağışladı, mən də kitabımı dərnəyə təqdim elədim.

   Əlbəttə, Məmməd İsmayıl, Afaq Şıxlı və Mustafa Berçinlə ədəbi söhbətlərimiz başqa yazının mövzusudu. Hər halda, rəsmi proqramm içində qəfildən beə bir ədəbi görüşlərin olması məndən ötrü əsl sürpriz idi...

 

   Çanaqqala deyəndə...

   Türk unudan deyildir bu şərəfli anları,

   O, qoşacaq adına ən gözəl dastanları.

   "Abidənin önündə daim atəş yanacaq,

   Çanaqqala deyəndə türk bu günü anacaq.

 

   Çanaqqalanı dolaşdıqça qulaqlarımda şair Nizami Zöhrabinin "Ulu Türkün öndəri" mənzum dastanındakı bu misralar səslənirdi.

   Təkcə Türkiyənin yox, bütövlükdə türklüyün tarixində müstəsna rol oynamış Çanaqqala zəfəri insanlıq duyğularıyla yaşayanların qürur mənbəyidi...

   Adlı-adsız qəhrəmanların abidələri önündə atəş yanır, şəninə dastanlar qoşulur, igidlikləri xatirlərdə yaşayır...

   Çanaqqala - keçmişlə gələcək arasında yaddaş körpüsüdü...

 

 

   Nəriman Əbdülrəhmanlı,

   yazıçı-tərcüməçi

 

  Ekspress.- 2012.- 31 mart-2 aprel.- S.14