Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
(əvvəli
ötən şənbə saylarımızda)
Azərbaycanda ötən əsrin ən qalmaqallı və
indiyədək ətrafında söz-söhbətlərin
dolaşdığı məhkəmələrdən biri Mir Cəfər
Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış
yazıçı-tədqiqatçı Teyyub
Qurban bu məhkəmə,
onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
Rafiq Rəcəbovun elmi-ictimai fəaliyyətinin
son mərhələsi 1991-2006-cı illərə
təsadüf edir. Əfsuslar olsun ki, bu
elm təşkilatçısının və
siyasi xadimin
dünyasını dəyişənədək (2006-cı il may ayının 16-da qəflətən
vəfat edib)
çalışdığı Azərbaycan Dövlət
Neft Akademiyasında olan
arxiv sənədləri
qorunub-saxlanılaraq Dövlət Arxivinə təhvil verilməmişdir.
Nə yaxşı ki, 2007-ci ildə ömür yoldaşının təşəbbüsü
ilə rəhmətliyin haqqında xatirələr
toplanılmış "Sənin adın sənin şöhrətindir"
kitabı işıq üzü görmüşdür. Və nə
yaxşı ki, İçərişəhərdəki
Miniatür Kitab
Muzeyində bu qiymətli kitabın təqdimatı
keçirilmişdir. Mərasim
iştirakçıları arasında Budaq
Budaqov, Tofiq
Bakıxanov, Əjdər Ağayev, Gülrux Əlibəyli, Firəngiz Ulutürk, Tarix Dostuyev, Qüdrət İsmayılzadə və
başqaları vardı. Çıxış ekdənlərdən
filologiya elmləri doktoru
Aida Feyzullayeva "Respublika" qəzetinin 2008-ci il
iyun tarixli sayında dərc
edilmiş məqaləsində
yazırdı: "Əlbəttə, alimin
zəngin ictimai fəaliyyət təcrübəsi
və təşkilatçılıq hünəri onu həmişə iş
başında durmağa sövq
edirdi. Hətta Rafiq
müəllimin fəaliyyəti üçün
məhdudiyyətlər yaratmağa başlayan xəstəliyi də onun iradəsini sındıra bilməmişdir.
Bu vəziyyətdə
böyük və məsuliyyətli işin, yəni 1991-ci ildə Azərbaycan üçün ağır, böhranlı bir şəraitdə əvvəlcə Azərbaycan
tarixçilərinin birləşdirilməsi, bir
qədər sonra isə Müstəqil Azərbaycanşünaslar
Birliyini təşkil etməsi böyük hünər idi.
O, öz ətrafında nəinki
Azərbaycan tarixçilərini, bütün
sahələr üzrə alim və
mütəxəssisləri də toplayaraq
azərbaycançılıq və onun
müxtəlif problemlərinin öyrənilməsini bir vəzifə kimi
qarşıya qoymuş, işin
bütün
ağırlığını - elmi
forumların təşkilini və onların
materiallarının çap işlərini
öz öhdəsinə götürərək
on il ərzində beş elmi simpozium,
altı elmi konfrans keçirmiş, on bir nəfis şəkildə nəşr olunmuş məruzələr toplusunu
araya-ərsəyə gətirmişdir. Bu,
əsl vətəndaşlıq hünəri idi!"
MÜƏLLİFDƏN. Bəs bu "vətəndaşlıq
hünəri" sahibinin 2006-cı ilin may ayınadək elmi-siyasi fəaliyyətinə dair
materiallarla tədqiqatçılar necə
tanış ola bilərlər? Bəla
bundadır ki, arxiv sənədlərinin
əsli yoxa
çıxarılmışdır. Məsələn,
Rafiq Rəcəbov 2006-cı il aprel ayında (vəfatından
bir ay əvvəl)
Birləşmiş Millətlər Təşkilatı nəzdində
Sülh şurasının qərarı
ilə "Sülh səfiri" fəxri
adına layiq görülmüşdür.
Azərbaycanda kim onun yerini bilir? Nə
yaxşı ki, arxiv sənədlərinin
əks-sədası 2007-ci ilin xatirə xəzinəsində
qalmışdır.
FUAD QASIMZADƏ, akademik - Ravfiq Rəcəbov Pedaqoji
Universitetdə elmi işlər üzrə
prorektor, Bədən Tərbiyəsi İnstitutunda rektor, nəhayət,
Azərbaycan Dövlət Neft
Akademiyasında "Sov. İKP tarixi" kafedrasının müdiri vəzifələrində
çalışdı. Müstəqillik illərində isə
yeni, özü də
çox faydalı, xeyirli
bir işlə tanındı. "Müstəqil
Azərbaycanşünaslıq" Birliyini
yaratdı. Birlik bir
sıra mütəxəssislərlə, xüsusilə
AMEA-nın Tarix muzeyi
ilə birlikdə tarix, ümumiyyətlə,
ictimai elmlər sahəsində mühüm tədbirlər gördü.
Azərbaycanı təbliğ edən, gənclərimizə əsl
vətənpərvərlik, milli ruh, milli mentalitet
aşılayan tədbirləri dönmədən həyata keçirdi. Gözəl kitablar, məcmuələr buraxdı. Mənim
yeni fakt və məlumatlarla
zəngin olan, erməni qəsbkarlarının,
millətçilərinin xalqımızın böyük
oğlu A.Bakıxanova qarşı çirkin hərəkətlərini ifşa edən "Qüdsi
haqqında düşüncələr" kitabıma
maraqlı və çox məzmunlu
müqəddimə yazaraq nəşr etdirdi. Bizimlə birlikdə Qubaya
getdi, Əmsara A.Bakıxanovun ev-muzeyinin açılışında iştirak etdi.
KEYKAVUS ƏCƏMOV, kimya elmləri doktoru, professor -
Yadımdadır, Rafiq Rəcəbov kafedra müdiri olarkən,
kafedranın təmirini gənc müəllimlərlə
birlikdə özü edirdi.
Kafedra üzvləri axşam
saat 10-a qədər, hətta bazar günləri də
çalışırdılar. Rafiq
müəllimin kafedraya rəhbərlik etdiyi illərdə kafedrada
böyük canlanma
yaranmışdı. Tələbələrə Azərbaycan tarixini daha dərindən
öyrətmək üçün metodik vəsait çap olunurdu. Kafedra müdiri kafedranın qarşısında mini-muzey yaratmışdı. Tələbələr
o guşənin qarşısında ayaq saxlayıb, doğma Azərbaycanın
qədim tarixi ilə maraqla
tanış olurdular.
NAİLƏ VƏLİXANLI, akademik
- Rafiq Rəcəbovla daha
yaxından tanışlığım ötən əsrin
90-cı illərinə təsadüf edir.
Bu illərdə
Azərbaycanda baş verən taleyüklü hadisələr, yanvar faciəsi, erməni təcavüzü, Qarabağ probleminin
günü-gündən qəlizləşməsi
xalqımızın qeyrətli oğullarını ayağa qaldırdı. Bütün
həyatının mənasını xalqına, vətəninə
xidmətdə görən Rafiq müəllim
də öz qələm süngüsü
ilə bu mübarizəyə qoşuldu. O, tariximizin
bir çox
qaranlıq səhifələrini açmaqla
kimliyimizi tam müəyyən
etməyin, milli köklərimizlə
bağlı yeni təfəkkürlü gənc
nəsil yetişdirməyin zəruriliyini yaxşı başa düşürdü.
O başa düşürdü
ki, xalqımızın hər bir övladı öz tarixi keçmişini,
varisi olduğu mədəni
irsi daha da dərindən öyrənməli, bu irslə fəxr etməlidir. Rafiq
müəllim başa düşürdü
ki, müstəqilliyimizi qorumaq,
xarici təzyiq və təxribatdan xilas olmaq üçün
vətəndaş birliyi, vətəndaş
həmrəyliyi vacib şərtlərdəndir.
Məhz bu amalla
o, Azərbaycan tarixini
tədqiq edən həmkarlarını könüllü
elmi-ictimai cəmiyyətdə birləşdirmək
üçün fəaliyyətə
başladı. 1991-ci ildə Rafiq müəllimin
rəhbərliyi ilə Azərbaycan Tarixi
Tədqiqatçılarının Müstəqil
Assosiasiyası təşkil edildi. Azərbaycanın əldə etdiyi
böyük tarixi
nailiyyətin - dövlət müstəqilliyimizin ölüm-olum məsələsi həll olunan bu ağır illərdə
belə bir qurumun
yaranması nə qədər zəruri idisə, onun qayəsinə uyğun
fəaliyyətini müəyyənləşdirmək və
istiqamətləndirmək də bir o qədər mürəkkəb idi. Bir-birinin ardınca gənc alimlərin respublika
elmi konfranslarını, daha
sonra isə Bakı Beynəlxalq
Simpoziumlarını müvəffəqiyyətlə təşkil
edən Rafiq müəllim itirilmiş
dövlətçilik ənənələrimizin bərpa olunduğu və zənginləşdirildiyi bir dövrdə yalnız tarixçilərin birliyi səviyyəsində fəaliyyətin qaneedici olmadığını
dərk edərək yeni, daha
geniş əhatəli bir
qurumun yaradılması təşəbbüsü
ilə çıxış etdi. 1997-ci
ildə tarixçilərə Azərbaycan dilini,
təbiətini, iqtisadiyyatını, incəsənətini
öyrənən tədqiqatçılar da
qoşuldu, yeni birlik - Azərbaycanşünaslar Müstəqil
Birliyi yarandı. Bu birliyin yaranması və fəaliyyəti
bilavasitə Rafiq müəllimin adı ilə
bağlıdır. Mən bu yeni qurumun təşkil etdiyi konfransların hazırlanması prosesində
Rafiq müəllimin təşkilatçılın
bacarığının, işgüzarlığının
canlı şahidi oldum.
Xüsusilə, Azərbaycanın XIX əsrdə
ən qüdrətli dühalarından biri
və birincisi olan Abasqulu ağa
Bakıxanovun anadan olmasının 205 və
210 illiklərinə həsr olunmuş, Azərbaycan
Tarixi Muzeyi ilə
birlikdə keçirilən elmi konfranslara hazırlıq zamanı Rafiq müəllimin canıyananlığı
onun xalqın əsl vətənpərvər
oğlu olduğunu bir daha təsdiq etdi.
İNQİLAB BABAYEV, Azərbaycan Dövlət Neft Akademiyasının dosenti
- Rafiq müəllim Azərbaycan Dövlət
Neft Akademiyasında siyasi
tarix kafedrasının, mən də Azərbaycan
dili kafedrasının müdiri
idim. Onun tələbə
vaxtı eşitdiyim təşkilatçılıq
məharətinin bu zaman
şahidi oldum. Tarix kafedrasının və ixtisas
auditoriyasının qarşısındakı koridorun
bir 20-25 metrlik hissəsini
az vaxt içərisində
Rafiq müəllim Azərbaycan tarixi muzeyinin kiçik modelinə çevirdi.
Azərbaycanın Midiya
dövründən başlamış müasir
dövrə qədər keçdiyi tarixi yol bu
kiçik sərgidə öz
əksini tapmışdı. Mən şəxsən dəfələrlə
bu kiçik muzeydə
olmuş və tələbələrin
keçirilən mövzunu mənimsəməkdə
bu qeyri-adi muzeyin nə qədər böyük
rol oynadığının şahidi olmuşam. Azərbaycanın görkəmli sərkərdələrinin,
dövlət xadimlərinin, yazıçı və şairlərinin
portretrləri, Azərbaycanın müxtəlif dövrlərdə
tərtib edilmiş xəritələri,
müxtəlif eksponatlar bu
muzeyin əhəmiyyətini daha da artırırdı.
On ilə yaxın bir
dövrdə bu muzey fəaliyyət göstərdi.
Çox təəssüf ki,
Rafiq müəllim kafedra
müdirliyindən gedəndən sonra bu muzey də
dağıldı. Ali məktəbdə
işləyən hər kəs gözəl bilir
ki, belə bir muzeyi ali məktəbdə
yaratmaq nə qədər çətindir.
Mən Rafiq müəllimin təşkilatçılıq
məharətini bir də Azərbaycanşünasların
Müstəqil Birliyini təsis edərkən
görmüşəm. Qeyri-hökumət təşkilatı
olan bu birliyin
proqram və nizamnaməsinin
hazırlanması, qeydiyyatdan keirilməsi,
redaksiya heyətinin təkşili,
ayrı-ayrı mövzulara həsr olunmuş elmi
konfransların və simpoziumların keçirilməsi, elmi məruzələrin toplanıb nəşr
edilməsi çox böyük
və gərgin əmək tələb edirdi.
Lakin yorulmağın nə olduğunu bilməyən Rafiq
müəllimin təşkilatçılıq məharəti
bütün bu çətin
işləri həyata keçirməyə imkan
verirdi. Fəaliyyət göstərdiyi on il ərzində bu qeyri-hökumət təşkilatı Azərbaycanın
tarixinin tədqiqi sahəsidə, demək
olar ki, bir elmi-tədqiqat institutu
qədər iş görmüşdür.
...Son dəfə Rafiq
Rəcəbovla vəfat etdiyi gün görüşdüm.
Həmişə olduğu kimi,
bu dəfə də çox
səmimiyyətlə. Neft
Akademiyasının giriş
qapısında həyat yoldaşı Gülarə xanımla
dayanıb kimisə gözləyirdi. Səsindəki
gümrahlıq, hərəkətlərindəki cəldlik,
ürəkdən gələn səmimi sözlər... Həmişə
olduğu kimi hal-əhval
tutduq. Xəstəliyindən bir kəlmə də danışmadı. Kafedra iclasına gəldiyini dedi.
Mən isə dərsə gedirdim. Zəngə
az qalırdı. Xudahafizləşib
ayrıldıq. Ertəsi öünü
işə gələndə lövhədə qara
elanın asıldığını gördüm.
Bir anlığa sarsıldım.
Yaxınlıqdakı qapıçı hər şeyi olduğu kimi danışdı. Rafiq
müəllim kafedra iclasında iştirak edib, hətta
çıxış da edib.
İclas qurtarıb evə gedərkən koridorda dünyasını dəyişib.
Rafiq Əbdül oğlu
Rəcəbov şəhər qəbiristanlığında,
anasının yanında əbədiyyət yuxusuna
dalmışdır. 2010-cu ildə anadan
olmasının 80 illiyi tamam
oldu. Doğmaları, yaxınları məzarı
başında heykələ döndülər. Mətbuat
səhifələrində isə... yalnız
tanınmış ziyalımız Ənvər Nəzərlinin
"Rafiq Rəcəbov" sərlövhəli
xatirə məqaləsi ilə "Kredo"
qəzetində (23 yanvar 2010-cu il) rastlaşdıq. Ənvər Nəzərli
Rafiq Rəcəbovun həmişəyaşar
obrazını yaratmışdır.
(ardı var)
Teyyub Qurban
Ekspress.-
2012.- 5-7 may.- S. 15.