Azərbaycan diasporu:
təşəkkülü və formalaşması
Azərbaycan
həqiqətlərinin dünyada tanınması və qəbul
edilməsində diasporumuzun xidmətləri danılmazdır
Hələ XX əsrin əvvəllərinə
qədər ölkəmizdən başqa dövlətlərə
üz tutan soydaşlarımızın şəxsiyyətini təsdiq
edən vəsiqələrində "rus təbəəsi"
yazılırdı ki, bu da onların milliyətinin də
"rus" kimi təqdim edilməsi ilə nəticələnmişdi.
Həmin dövrlərdə yaşamaq üçün
Rusiyanı seçən azərbaycanlılar "tatar",
Türkiyədə məskunlaşanlar isə "Azərbaycan
türkü" kimi qeydiyyata alınırdı. Güney Azərbaycan
ərazisində yaşayan azərbaycanlılar isə
"İran təbəəsi" kimi təqdim olunurdu.
Nəticə etibarilə
bu kimi arzuolunmaz vəziyyət başqa ölkələrdə
yaşayan soydaşlarımızın rus, türk və fars
diasporlarının tərkib hissəsi olaraq qəbul
etdirmiş və bunun nəticəsində azərbaycanlılar
başqa xalqların diasporları içərisində
assimilyasiya olunmaq təhlükəsi ilə üzləşmişlər.
Mövcud problemlərə baxmayaraq, azərbaycanlılar hər
zaman milli mənsubiyyətini, adət-ənənələrini,
mənəvi-əxlaqi dəyərlərini qoruyub
saxlamış, Vətənlə olan əlaqələrini bir
an olsun belə itirməyiblər.
Dünyada olan
soydaşlarımızın harda məskunlaşması bu məqamda
diqqəti çəkə bilər. Elə isə nəzərdən
keçirək.
Amerika qitəsinin
Şimal, Mərkəzi və Cənub hissəsində məskunlaşmış
soydaşlarımızın sayı - ABŞ-da 1 milyona,
Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə,
Meksikada isə 27 minə çatır.
Amerika qitəsində
məskunlaşan soydaşlarımızın bir çoxu
İrandan miqrasiya etmiş insanlardır.
Azərbaycan diasporunun
yayılma coğrafiyası və əlbəttə ki, say tərkibinə
görə geniş olduğu ikinci qitə Avropa göstərilir.
Statistik göstəricilərə görə, Avropa azərbaycanlılarının
sayı Türkiyədə və Rusiyada milyonlarla, Ukraynada,
Belarusda, Almaniyada, Böyük Britaniyada yüzminlərlə,
Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda,
Fransada, İtaliyada onminlərlə, Polşada, İspaniyada,
Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada isə on mindən
çoxdur. Digər Qərb ölkələrində məskunlaşmış
azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə
2-10 min nəfər arasındadır.
Azərbaycan diasporunun
üçüncü böyük hissəsi Asiya qitəsində
məskunlaşıb. Onların sayı Banqladeş, Hindistan, Əfqanıstan,
Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüzminlərlə,
İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən
Demokratik Respublikası, Çin, Birləşmiş Ərəb
Əmirlikləri, Səudiyyə Ərəbistanı və
Suriyada onminlərlə, İraqda isə təqribən bir
milyona çatır.
Afrika qitəsində məskunlaşmış
azərbaycanlıların sayı Misir və Əlcəzairdə
yüzminlərlə, Sudanda 17 min nəfərdir. Avstraliya qitəsində
isə təxminən 10 minə yaxın azərbaycanlının
yaşadığı barədə məlumatlar var.
VII əsrin sonu-VIII əsrin
əvvəlləri xilafət ordusunun Azərbaycana
yürüşü və islam dininin yayılması ilə
diqqətdə dayanan bir tarixdir. Ərəbdilli elm və mədəniyyətin
inkişafı, eyni zamanda onlarca azərbaycanlı mütəfəkkirin
Yaxın və Orta Şərqin şəhərlərinə
axını nəticəsində diasporun yaranmasının təməli
qoyulub.
X-XIX əsrlər...
Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində
Azərbaycandan olan yüzlərlə alim və tələbənin
biliklərə yiyələnməsi, region xalqlarının
intibahında öndə olması sayəsində əcnəbi
ölkələlərdə məskunlaşması daha
geniş forma almağa başladı.
Azərbaycan diasporunun
formalaşmasının III mərhələsinə diqqət
yetirərkən görürük ki, həmin dövr Azərbaycanın
Rusiya imperiyası tərəfindən işğalından
sonrakı dövrə təsadüf edir.
Diasporun
formalaşmasının IV mərhələsi Azərbaycan
Demokratik Respublikasının (1918-1920) süqutundan sonrakı
dövrə təsadüf edir. 1941-1945-ci illər- II Dünya
müharibəsi dövrü əsirlikdən dönə bilməyən
azərbaycanlılardan ibarət icmaların yaranması
diasporun formalaşmasının V mərhələsi kimi qiymətləndirilir.
Sovetlər Birliyinin
süqutundan sonra Avropa ölkələrində yaşayan azərbaycanlıların
yeni nəsillərinin məskunlaşması diasporun təşəkkülünün
son mərhələsi kimi qiymətləndirilir.
Qeyd etdiyimiz kimi, II
Dünya müharibəsi illərində də Azərbaycan
diasporunun fəaliyyəti diqqətəlayiq idi. Alman ordusunun tərkibində
804 və 805 saylı legioner dəstənin üzvləri hərbi
əsirlər olan Azərbaycan əsgərlərilə
yanaşı, Azərbaycan diasporunun nümayəndələri
də daxil idi. Sovetlər Birliyinin süqutu nəticəsində
Azərbaycanın müstəqillik əldə edəcəyinə
ümid edən azərbaycanlılar böyük cəsarətlə
savaşa qatıldılar. Ancaq müharibənin gözlənilən
nəticənin əksinə bitməsi Azərbaycan legionerlərinin
Vətənə dönmək şanslarını tamamilə
itirdi. Nizamsız və pərakəndə şəkildə Qərb
dövlətlərinə səpələnən azərbaycanlıların
bir qismi müəyyən səbəblərlə bağlı
qapalı və gizli bir həyat yaşamaq məcburuyyətində
qaldılar. Milli kimlikləri və Azərbaycan adət-ənənələrini
qoruyub saxlamış olan bu şəxslər çox təəssüf
ki, diaspor fəaliyyətində passivlik göstəriblər.
Ötən əsrin 80-ci illəri - Sovetlər Birliyinin məhvə
doğru gedişi diqqətdən yayınmırdı. Yenidənqurma
siyasəti Azərbaycan diasporunun Vətənlə əlaqələr
qurması üçün geniş imkanlar yaratdı. Azərbaycanda
yaradılan "Vətən", "Yurd",
"Yurddaş", "Soydaş" kimi qurumlar və mətbuat
orqanları dövlət səviyyəsində olmasa da, elmi, mədəni,
ədəbi araşdırmalar hüdudunda bir çox işlər
görüblər.
1990-cı ildə
Türk Dünyası Araşdırmalar Vəqfinin təşəbbüsü
ilə Kayseridə birinci Millətlərarası Böyük
Azərbaycan Konqresi keçirildi. Milliyyətcə azərbaycanlı
olan Nihat Çətinqayanın təşəbbüsü ilə
eyni ildə İstanbulda keçirilən Azərbaycan-Türk
Mədəniyyəti Cəmiyyətlərinin I Qurultayı Azərbaycan
diasporunun fəaliyyətində müsbət dəyişikliklər
göstərməyə başladı.
1991-ci il 18 oktyabrda nəhayət
ki, Azərbaycan dövlət müstəqilliyini elan etdi. Məhz
həmin tarixdən başlayaraq Azərbaycan diasporu ilə
müstəqil Azərbaycan Respublikası arasında olan
münasibətlər normal istiqamətdə davam etməyə
başladı.
Hər il dekabrın
31-i Dünya Azərbaycanlılarının Həmrəylik
Günü kimi keçirilməsi qərarı 16 dekabr 1991-ci
ildə Heydər Əliyevin təşəbbüsü ilə
Naxçıvan Ali Məclisi tərəfindən təsdiqləndi.
Önəmli tarixi əhəmiyyətə malik olan sənəd
həmin il dekabrın 25-də Azərbaycan
Respublikasının Ali Sovetinin Milli Şurası tərəfindən
də qəbul edildi. Ulu öndərin uzaqgörən siyasətinin
nəticəsi olan tarixi sənəd Azərbaycan diasporu tərəfindən
rəğbətlə qarşılandı. Bunun nəticəsidir
ki, hər il dekabrın 31-i böyük təntənə və
bayram əhval-ruhiyyəsi ilə qeyd olunur.
1993-cü ildən
etibarən Azərbaycan diasporuna dövlət səviyyəsində
böyük diqqət yetirilməyə başladı. Bu istiqamətdə
başlanılan işlər elə ilk günlərdən
öz müsbət nəticələrini verdi. Heydər Əliyev
xarici dövlətlərə etdiyi səfərlər
zamanı Azərbaycan diasporu qarşısında konkret məqsəd
və vəzifələr qoyaraq oradakı azərbaycanlıların
formalaşmasını, təşkilatlanmasını və
lobbiçilik etməsinin zəruriliyini vurğulayırdı.
23 may 2001-ci ildə "Dünya Azərbaycanlılarının
I Qurultayının keçirilməsi haqqında" 724
saylı sərəncam Azərbaycan dövlətinin
qarşısında diasporun mühüm amil olduğunu
göstərən bariz nümunələrdən biridir.
9-10 noyabr 2001-ci ildə
Bakıda Dünya Azərbaycanlılarının I
Qurultayının keçirilməsi Azərbaycan tarixinin ən
önəmli hadisələrindən biri hesab olunur. I Qurultay Azərbaycan
diasporunu keyfiyyətcə yeni mərhələyə qədəm
qoyduğunu qabarıq şəkildə sübut etdi. Qurultayda
Azərbaycan diasporu - dünya azərbaycanlılarının həmrəyliyi,
soydaşlarımızın qüvvəsini və diqqətinin
Azərbaycana yönəlməsi kimi vacib problemlərin həm
nəzəri, həm də əməli tərəfləriylə
bağlı bir çox məsələlər öz həllini
tapdı. Qurultayda milli birliyimiz, xaricdə yaşayan həmvətənlərimizin
diaspor şəklində formalaşması, təşkilatlanması
və azərbaycançılıq ideyalarını geniş
masştabda müdafiə etmələri üçün
strateji proqram müəyyən edildi. Dünya Azərbaycanlılarının
I Qurultayının mühüm nəticələrindən
biri də Dünya Azərbaycanlılarının Əlaqələndirmə
Şurasının yaradılması oldu ki, qurumun səlahiyyətlərinə
dünya azərbaycanlılarının təşkilatlanması
və milli-mənəvi dəyərlərin qorunub
saxlanılması daxildir.
Dünya Azərbaycanlılarının
II Qurultayının 2005-ci il martsy 16-da keçirilməsi də
Azərbaycan dövlətinin diaspora olan
qayğısının bariz göstəricisdir. Prezident
İlham Əliyevin rəhbəriyi altında keçirilən
II Qurultayın əsas məqsədi Azəri-Türk diaspor
birliyinin yaradılması, lobbiçilik fəaliyyəti, azərbaycançılıq
ideologiyasıının təbliği və ən əsası
isə dövlət-diaspor münasibətlərinin daha da
güclənməsi idi. Bu istiqamətdə aparılan işlərin
məntiqi davamı olaraq Azərbaycan prezidentinin 2002-ci il 5 iyun
tarixli 730 saylı fərmanına uyğun olaraq Xaricdə
Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət
Komitəsi yaradıldı. Komponent bir dövlət qurumu olan
Komitə yarandığı gündən etibarən aktiv fəaliyyət
göstərməkdədir. Dövlət Komitəsi eyni
ölkədə fəaliyyət göstərən Azərbaycan
diaspor təşkilatları arasında olan ziddiyyət və
fikir ayrılıqlarının aradan qaldırılması
istiqamətində bir sıra mühüm addımlar atdı.
Xaricdəki diaspor təşkilatları konqres, federasiya və
konfederasiya halında birləşməsi prosesini sürətləndirən
Dövlət Komitəsi azərbaycançılıq
ideologiyasını təbliğ etməyə önəmli yer
verir. Qarabağ problemini Azərbaycan diasporunda prioritet məsələyə
çevirmək üçün Dövlət Komitəsi bir
sıra işlər aparır. Ən önəmli tərəfi
isə ondan ibarətdir ki, ulu öndərin dünya azərbaycanlılarının
milli-əxlaqi dəyərləri və tarixi vətənlərinin
şərəfini qorumağı öz müqəddəs
borcları hesab etməsi istiqamətində apardığı
işi Dövlət Komitəsi uğurla davam etdirir.
2011-ci ilin 5 iyulunda
Dünya Azərbaycanlılarının növbəti, III
Qurultayı keçirildi. Qurultayda dünyanın 42 ölkəsindən
595 nümayəndə, 205 qonaq daxil olmaqla ümumilikdə 1272
nümayəndə iştirak etdi. Ən çox nümayəndə
və qonaqlarla təmsil olunan ölkələr sırasına
Rusiya (153), Türkiyə (94), Ukrayna (45), Almaniya (45),
Gürcüstan (40), ABŞ (24), İsveç (22), Niderland (21)
daxildi.
Qurultada
çıxışı zamanı Diasporla İş üzrə
Dövlət Komitəsinin sədri Nazim İbrahimov
bildirmişdi ki, bu qurultay tarixi məzmunu və ictimai əhəmiyyətinə
görə 2006-cı ildə keçirilmiş Dünya Azərbaycanlılarının
II Qurultayından bir çox cəhətləri ilə
seçilir: "Bu gün Azərbaycan iqtisadi cəhətdən
qüdrətli dövlətə çevrilib, dünya
miqyaslı layihələr gerçəkləşdirir,
dünyanın inkişaf etmiş ölkələri Azərbaycanı
tərəfdaş və müttəfiq kimi görməyə
maraqlıdırlar. Azərbaycanın etibarlı tərəfdaş
imici qazanması dövlətimizi yeritdiyi müstəqil xarici
siyasət kursu ilə bağlıdır. Malik olduğu
bütün bu üstünlüklər Azərbaycan dövlətinə
dünyanın ayrı-ayrı ölkələrində
yaşayan azərbaycanlılara, Azərbaycan diasporuna daha
böyük qayğı göstərməsinə şərait
yaradıb. Bunun nəticəsidir ki, Dünya Azərbaycanlılarının
II Qurultayından keçən dövr ərzində
qarşıya qoyulmuş vəzifələrə nail olunub. Bu
gün biz artıq Azərbaycan diasporunun yaxşı təşkilatlandığını,
azərbaycanlıların yaşadıqları ölkələrin
ictimai siyasi proseslərinə təsir göstərə bilmək
imkanlarının əhəmiyyətli dərəcədə
artması sayəsində onların Azərbaycanın milli
maraqlarını müdafiə etmək iqtidarında
olduqlarını qəti şəkildə söyləyə
bilərik".
Komitə sədri hesab
edir ki, ötən müddət ərzində əldə edilən
ən mühüm nailiyyətlərdən biri ayrı-ayrı
ölkələrdəki diaspor təşkilatlarının fəaliyyətini
əlaqələndirən strukturların
yaradılmasıdır. Dünya Azərbaycanlılarının
II Qurultayından sonra görülən işlər
sırasında xarici ölkələrdə yaşayan və təhsil
alan azərbaycanlı gənclərin təşkilatlanması
prosesinin sürətlənməsidir.
Uğurlardan biri də
dünyanın müxtəlif ölkələrindəki Azərbaycan
diaspor təşkilatlarının dost dövlət və
xalqların icmalarının müvafiq təşkilatları,
o cümlədən türk, yəhudi diasporları ilə əməkdaşlığın
əlaqələndirilməsidir.
İndi dünyanın
müxtəlif ölkələrində 410-dan çox Azərbaycan
diaspor təşkilatı fəaliyyət göstərir. Onlar
Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə
çatdırmaqla yanaşı, mədəniyyətimizi, adət-ənənələrimizi,
xalqımıza məxsus gözəl dəyərləri təbliğ
etməklə millətimiz barədə xaricdə müsbət
rəy və maraq yaratmış olurlar.
Təbii ki, bu gün
qarşıda duran əsas problem Qarabağ münaqişəsidir.
Diaspor təşkilatlarımız da bu vəzifəni aydın
dərk edirlər. Hər il dünyanın bir sıra ölkələrində
milli bayramlarımızla yanaşı, faciəli günlərimiz,
Xocalı soyqırımının ildönümü
anılır. Bu tədbirlərə həmin ölkələrin
hökumət və qanunverici orqanlarının, siyasi partiya və
ictimai təşkilatlarının nümayəndələri də
qatılırlar ki, bu da Azərbaycan həqiqətlərinin
get-gedə dünyada tanınması və qəbul edilməsi
deməkdir.
Ulduzə QARAQIZI
Ekspress.- 2012.- 5-7 may.- S. 7.