Beynəlxalq velotur
Azərbaycanın
idman imicini daha da yüksəldəcək
Əhalinin fiziki-mənəvi
sağlamlığının etibarlı şəkildə təmini
məqsədilə idmanın və bədən tərbiyəsinin
kütləviləşməsi istiqamətində davamlı tədbirlər
həyata keçirən Azərbaycan bir sıra beynəlxalq
yarışlara da ev sahibliyi edir. Ulu öndər Heydər Əliyevin
anadan olmasının 89-cu ildönümü münasibətilə
mayın 9-dan 13-dək respublikada velosiped idmanı üzrə
keçiriləçək beynəlxalq turnir də belə
mötəbər tədbirlərdən biri kimi diqqətlə
izlənir.
Azərbaycan Velosiped İdmanı Federasiyası, Milli
Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Beynəlxalq
Velosipedçilər İttifaqının birgə təşkilatçılığı
ilə 5 mərhələdə keçiriləcək velotur
respublikanın idman imicinin daha da yüksəldilməsi
baxımından əhəmiyyətlidir. Azərbaycanı
ilk peşəkar velosiped
yarışında "ATA sport" və
"Sumqayıt" komandalarının idmançıları
təmsil edəcəklər. Turnirə hazırlıq mərhələsində
komandalarımızın üzvləri Rusiya,
Ukrayna və Almaniyada
təlim-məşq toplantısında iştirak
ediblər. Velosiped idmanı üzrə
idmançıların hazırlanmasında, ümumilikdə bu idman növünün
kütləviləşməsində xidmətləri olmuş məşqçi və mütəxəssislər
isə respublikada beynəlxalq veloturun keçirilməsini tarixi
hadisə kimi dəyərləndirirlər.
"Velotrek" Uşaq-Gənclər Olimpiya
Ehtiyatları Mərkəzinin məşqçisi Elçin Qəhrəmanov
bildirir ki, son illər respublikada idmanın ən müxtəlif
növlərinin inkişafına göstərilən yüksək
diqqət və qayğı, bu sahənin infrastrukturunun
müasirləşdirilməsi istiqamətində həyata
keçirilən tədbirlər velosiped idmanına
marağı artırıb. Bu idman növünün Azərbaycanda
müəyyən inkişaf yolu keçdiyini deyən
E.Qəhrəmanov respublika
idmançılarının tarixi
uğurlarından söz açıb:
"Azərbaycanın vaxtı ilə SSRİ yığma
komandasında təmsil olunan
adlı-sanlı velosipedçiləri olub.
SSRİ-nin dağılmasından sonra isə idmanın bəzi növləri kimi, bu sahədə də
durğunluq müşahidə olunurdu. Və mən də belə ağır
şəraitdə məşqçilik fəaliyyətinə
başlamışam. Təlim-məşq şəraitinin
ağırlığına, lazımi avadanlıqların
çatışmazlığına baxmayaraq,
biz gənclərdə bu
idman növünə marağı
artıra, respublika səviyyəsində
tanınan və beynəlxalq mükafatlara
layiq görülən çoxlu
sayda idmançı hazırlaya bildik. Belə idmançılardan Dmitri Kalinin, Tural Vəliyev, Faiq Həmidov,
Rüfət Atakişiyev, Vüqar
Salaxov, Dmitri Suçilin, Elçin Əsədov
və başqalarının adlarını çəkə
bilərəm".
Milli Olimpiya Komitəsi və Azərbaycan Velosiped
İdmanı Federasiyasının son illərdə bu idman
növünün inkişafı və təbliği
yönümündə həyata keçirdiyi tədbirləri
yüksək dəyərləndirən Qəhrəmanov bunun nəticəsi
olaraq yeniyetmə və gənclər arasında veosiped
idmanına marağın artdığını
vurğulayır: "Müsbət haldır ki, hələ
ötən əsrin 70-80-ci illərində Azərbaycanda əhali
arasında xeyli populyar olan velosiped idmanının
inkişafı istiqamətində son illərdə həyata
keçirilən tədbirlər müsbət nəticələrini
verir. Veosiped İdmanı
Federasiyasının bu idman
növünün ictimai
əhəmiyyəti və inkişaf
perspektivləri ilə bağlı apardığı təbliğati
iş nəticəsində velosiped idmanına marağın artması
müşahidə olunur. Bu
idman növü ilə
peşəkar səviyyədə məşğul olan və ilk
uğurlarını qazanan
idmançılarımızın da
sayı getdikcə artır. Akif Abdullayev, Qurban
Tağıyev və Tural İsgəndərov
kimi gənclərin böyük
uğurlar qazanacağına əminəm".
Elçin Qəhrəmanov hesab edir ki, Azərbaycanda
ilk dəfə olaraq beynəlxalq velosiped turnirinin təşkil
olunması respublikanın idman tarixinə əlamətdar hadisə
kimi düşəcək. Onun fikrincə, ulu öndər Heydər Əliyevin xatirəsinə
həsr olunmuş beynəlxalq velotur həm də Azərbaycanın beynəlxalq
yarışları təşkil etmək üçün
zəruri maddi-texniki bazaya,
idman infrastrukturuna malik qüdrətli dövlət olmasından xəbər
verir. Beynəlxalq idman
tədbirinin yüksək səviyyədə təşkil olunduğunu bildirən E.Qəhrəmanov azərbaycanlı
velosipedçilərin bu gərgin
yarışda uğurlu nəticələr
qazanacağına inanır. O hesab edir ki, velotur
ümumilikdə respublikada velosiped
idmanının populyarlaşmasına ciddi
təkan verəcək: "Hesab edirəm
ki, bu tədbir Azərbaycanın
velosiped idmanının inkişafında
tamamilə yeni mərhələnin əsasını
qoyacaq. Velotur insanlar arasında velosiped
idmanına marağı gücləndirəcək. Arzu edirəm ki, belə
turnirlərin keçirilməsi ənənə halını
alsın və Azərbaycanda "Tur de Frans", "Deciro de İtaliya"
səviyyəli velosiped
yarışları keçirilsin. Biz də öz növbəmizdə
idmançılarımızın bu və
digər beynəlxalq yarışlarda, olimpiya
meydanlarında uğurlu nəticə
qazanmaları üçün əlimizdən
gələni edəcəyik".
Samir MUSTAFAYEV
Ekspress.- 2012.- 8 may.- S.9.