20 il Qalasız...

 

    Bu gün Şuşanın işğalından 20 il ötür

 

    Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 20 il ötür.

   Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biri olan, təbii gözəllikləri ilə seçilən gözəl Şuşa milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi kimi tanınır. Vaxtilə Şuşada mədəniyyətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev muzeyləri yaradılmış, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılmışdı.

  1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldı. Dağlıq Qarabağda yaranmış gərgin vəziyyətdən çıxış yolu axtaran ölkəmiz hələ öz milli ordusunu formalaşdıra bilməmiş, yüksək hərbi-strateji əhəmiyyətə malik Şuşanın müdafiəsində yalnız könüllü özünümüdafiə dəstələrinin yardımına ümid edirdi. Lakin onların qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi.

   Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdügirov götürüldü.

   Ölən, yaralanangirov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb. Şuşanın işğalı nəticəsində təxminən 22 minə yaxın insan qaçqın düşüb.

   Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etdilər, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunələrini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər.

   Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb.

   Şuşalılar, ümumiyyətlə, qarabağlılar Şuşanı Qala adlandırırlar. Bu Qala bizim Qaladır, indi işğal altında olsa da, bir gün biz ora qayıdacağıq və həmişə bizim QALACAQ...

 

 

   Elvin

 

   Ekspress.- 2012.-8 may.- S.2.