Dönüşdən qurtuluşa

 

Jurnalist-hüquqşünas Fəxrəddin Ağamirzəyevin kitabının təqdimatı oldu

 

Dünən Mətbuat Şurasında jurnalist-hüquqşünas Fəxrəddin Ağamirzəyevin "Dönüşdən qurtuluşa" kitabının təqdimat mərasimi keçirilib.

MŞ sədri Əflatun Amaşov bildirib ki, "Dönüşdən qurtuluşa" kitabının məğzini Fəxrəddin Ağmirzəyevin SSRİ-nin hələ dağılmadığı 1991-cı ildə Heydər Əliyevdən Naxçıvanda götürdüyü və Saatlı rayonunun "Dönüş" qəzetində dərc etdirdiyi müsahibə təşkil edir. Həmin müsahibədə H.Əliyevin həyat və siyasi fəaliyyətinin ən çətin, oxucular üçün indiyədək məlum olmayan məqamları açıqlanıb. Naməlum vəziyyətdə olan məmləkətin gələcək taleyi ilə bağlı dahi siyasətçinin fikirləri öyrənilib.

Müəllif F.Ağamirzəyev müsahibənin hazırlandığı dövrün xarakterik xüsusiyyətləri barədə məlumat verib. H.Əliyevlə Naxçıvandakı görüşünü xatırlayan jurnalist-hüquqşünas müsahibinin Azərbaycan tarixində misilsiz rol oynayan şəxsiyyət olduğundan fəxr duyduğunu vurğulayıb. "Biz Heydər Əliyevin müasirləri onunla birgə yaşadığımız günləri, hadisələri həyatımızın ayrılmaz hissəsi kimi yaddaşımıza həkk etmişik. Bu tarix hər birimizin taleyini əhatə etdiyindən hər kəsin söyləməyə sözü var".

KİVDF-nin icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli bildirib ki, həmin vaxt Heydər Əliyevlə görüşmək və ondan müsahibə götürərək qəzetdə vermək böyük cəsarət tələb edirdi. Bu mənada F.Ağamirzəyevin necə böyük iş gördüyünü təsəvvürə gətirmək elə də çətin deyil.

Eyni fikri bölüşən MŞ İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə müəllifin Heydər Əliyev barədə həqiqətləri ortaya qoymaq, o günlərin ən vacib, bu gün də aktuallığını saxlayan suallarına tarixi cavablar axtarmaq istəyini böyük hadisə, vətənə, torpağa xidmət nümunəsi kimi dəyərləndirib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, F.Ağamirzəyev "Dönüş" qəzetinin 3 nömrəsində ardıcıl olaraq Heydər Əliyevlə müsahibəni verməklə gərgin bir vaxtda mühüm missiya yerinə yetirmiş, informasiya blokadasının yarılmasında müstəsna rol oynayıb.

"Dönüşdən qurtuluşa" kitabının redaktoru, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu dərin təəssürat zənginliyi ilə seçilən, ciddi maraq doğuran nəşrin Heydər Əliyevin həyatının iki taleyüklü dövrü arasındakı zaman kəsiyindən soraq vermək baxımından vacibliyini önə çəkib. O, kitabı məhz Heydər Əliyev şəxsiyyəti böyüklüyünün məhsulu kimi dəyərləndirib.

Qeyd edək ki, "Dönüşdən qurtuluşa" kitabı bu il "Adiloğlu" Nəşriyyatında çapdan çıxıb.

 

  

NƏRGİZ

 

Ekspress.- 2012.-9-10 may.- S.5.