Görüş zamanı sui-qəsd...
Azərbaycanın Ukraynadakı diaspor təşkilatının
sədri İqbal Mahmudov güllələndi
Ukraynada Azərbaycan
diaspor təşkilatlarından olan Donetsk Vilayəti Azərbaycanlılar
Konqresinin sədri İqbal Mahmudov qətlə yetirilib. Ukrayna
Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirovun
APA-ya verdiyi xəbərə görə, İ.Mahmudova
mayın 9-da, yerli vaxtla saat 12 radələrində Donetsk Vilayətinin
Makeyevka şəhərində Böyük Vətən
Müharibəsi iştirakçıları ilə
keçirdiyi görüş zamanı sui-qəsd edilib.
İlkin məlumata görə, görüş
keçirilən əraziyə yaxınlaşan iki
motosiklçi birbaşa İ.Mahmudovu hədəf alaraq ard-arda
bir neçə güllə atıblar. Güllələr onun
sinə və qarın nayihəsindən dəyib.
İ.Mahmudov dərhal xəstəxanaya
çatdırılsa da, həkimlər onun həyatını
xilas edə bilməyiblər.
Görüşdə iştirak edən digər şəxslər
arasında xəsarət alan olmayıb.
A.Tahirov İ.Mahmudovun vətənpərvər, Azərbaycanın
maraqları naminə çalışan soydaşımız
olduğunu qeyd edib: "Bu, Azərbaycan diasporu
üçün böyük itkidir. Donetskdə İqbal
Mahmudovla vida mərasimi olacaq. Mən də səhər
saatlarında Donetskə gedəcəyəm. Azərbaycan
diasporunun digər nümayəndələri, burda yaşayan
soydaşlarımız da orda olacaq".
Konqresin saytında da bildirilir ki, mayın 9-da
İ.Mahmudov Makiyevka şəhərində Böyük Vətən
Müharibəsi veteranları ilə açıq havada
görüş keçirərkən iki naməlum
motosikletçi ona atəş açaraq hadisə yerindən
uzaqlaşıb.
"Azərbaycan diasporunun liderlərindən olan
İqbal Mahmudovun qətli sifarişlidir",
-"Lent.az"ın məlumatına görə, bu barədə
Ukraynanın "imp.ua" saytı xəbər yayıb. Xəbərdə
deyilir ki, Mahmudov mayın 9-da Makeyevka şəhərinə
müharibə veteranları ilə görüşə gedərkən
yolda maşınındaca qətlə yetirilib. İqbal
Mahmudovun idarə etdiyi maşının arxasınca motosikldə
gələn şəxs maşını ötüb keçərkən
ona tapançadan bir neçə atəş açıb. Nəticədə
Mahmudov aldığı yaralardan ölüb.
Xatırladaq ki, ilkin məlumatlara görə,
İ.Mahmudova dəyən 3 güllədən biri onun ciyərini
parçalayıb.
İqbal Böyükkişi oğlu Mahmudov 1977-ci ildə
Lənkəran rayonunun Port-İliç qəsəbəsində
(indiki Liman şəhəri) anadan olub. 1995-ci ildə Ukraynaya gedib. Donetsk Milli Universitetinin
iqtisadiyyat fakültəsini bitirib. Bundan sonra təhsilini
Taras Şevçenko adına Kiyev Milli
Universitetinin beynəlxalq hüquq və biznes fakültəsində
davam etdirib və oranı da müvəffəqiyyətlə
bitirib. 2005-ci ildən Ukrayna Azərbaycanlıları
Konqresinin Donetsk Vilayəti təşkilatına sədrlik edib.
İ.Mahmudov
"Azud" MMC-nin təsisçisi və prezidenti olub.
Həmçinin, kikboksinq üzrə idman ustası
olan soydaşımız Ukraynada keçirilən
yarışlarda dəfələrlə qalib gəlib.
Mərhum ictimai fəal olmaqla yanaşı, xeyriyyəçi
kimi də tanınıb, bir sıra idman
yarışlarının sponsoru olub.
Müharibə və əmək veteranlarına, əlillərə
və kimsəsizlərə daim yardım edirmiş. Elə
Makeyevkaya da müharibə veteranlarının bayramını
təbrik etməklə yanaşı, həmişəki kimi
onlara yardım etmək üçün gedirmiş.
"İmp.ua"nın məlumatına görə,
Ukrayna Azərbaycanlı Gənclər İttifaqı İqbal
Mahmudovun qətli ilə bağlı bəyanat yayıb.
Baş verənlərdən üzüldüklərini bildirən
gənclər cinayətkarların tezliklə tapılıb cəzalandırılmasını
tələb edirlər.
Dünən isə Donetskdə mərhumla təntənəli
vida mərasimi keçirilib. Mərasimdə şəhər
ictimaiyyətinin, Azərbaycan diasporasının, Azərbaycanın
Ukraynadakı səfirliyinin əməkdaşları iştirak
edirlər.
Bu barədə "Lent.az"ın əməkdaşına
Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk Vilayəti
Şöbəsinin ofisindən bildiriblər.
Ofisin əməkdaşının
dediyinə görə, mərasimdən sonra yerli vaxtla saat 18
radələrində (Bakı vaxtı ilə 20 radələrində)
mərhumun cənazəsinin çarter reysi ilə Donetskdən
Bakıya göndərilməsi nəzərdə tutulub.
Ofisdən onu da bildiriblər ki, faktla
bağlı Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin
2-ci hissəsinin 12-ci bəndi ilə (əvvəlcədən əlbir
olmuş bir qrup şəxs tərəfindən qəsdən qətl
törətmək) ilə cinayət işi
qaldırılıb. Cinayətkarların müəyyən edilməsi
istiqamətində istintaq-əməliyyat tədbirləri
aparılır.
İqbal Mahmudovun qətli Ukrayna
mediasının gündəliyini də zəbt edib. Müxtəlif internet
portalları həmyerlimizin böyük xeyriyyəçi,
Donetsk Vilayətində nüfuzlu şəxs olduğunu
bildirirlər.
"Lent.az"ın əməkdaşı
dünən mərhumun anadan olduğu Liman şəhərinin
icra nümayəndəsi Bəxtiyar Səfərovla da əlaqə
saxlayıb. İcra
nümayəndəsi bildirib ki, İqbal Mahmudov 1977-ci ildə
Liman şəhərində anadan olsa da, burda çox az yaşayıb: "Onu deyə bilərəm
ki, mərhumun cənazəsi bu gün gecə saatlarında
Bakıya, oradan isə Masallı rayonunun Təklə kəndinə
gətiriləcək və burada dəfn ediləcək".
Aygün AKİFQIZI
Ekspress.- 2012.- 11 may.- S.10.