Romanişes kafeözgürlük sevdası

 

  Ötən əsrin iyirminci illəri. Berlin. Berlinlilərin "şiberlər" adlandırdığı bir məhəllə. "Romanişes kafe"... Ötən əsrin iyirminci illərində bu kafe şairlərin, yazıçıların, rəssamların, alverçilərin, oğruların və fahişələrin sçevimli məkanıydı. Vaxtı ilə "Romanişes kafe"nin müştərilərindən olmuş İlya Erenburq o illəri belə xatırlayır: "Orda macar rəssamı Maqoli Nad Lisitski ilə konstruktivizm haqqında mübahisə edirdi. Mayakovski Pimatora Meyerholddan danışırdı".

   Bu kafeyə daha kimlər gəlib-gedərdi? Bir neçə ünlü sənətkarın adlarını sadalamaqla Romanişes kafesinin atmosferini təsəvvür edə bilərik - Vasioli Kandinski, Mark Şaqal, Kazimir Madleviç, Maqoli Nad, Laslo Moxoy-Nad, Alfred Kemen, Vladimir Tatlin, Bela Uits, Aleksandr Rodçenko, Laxar Lisitski və başqaları...

   Doğrudan da iyirminci illər avanqard sənətin evolyusiyası dövrüdür. Bu dövr Avropa incəsənətinin beynəlmiləl zaman kəsiyidir. Bütün lokal özəllikləriylə, estetik-fəlsəfi yönləriylə, ideoloji aspektləri ilə yanaşı, bu müstəsna zaman çərçivəsi internasional avanqardın bahar fəslidir deyə bilərik.

   Oktyabr çevrilişindən sonra rus avanqardı dünyanın diqqət mərkəzindəydi. Vasili Kandinskinin predmetsiz, abstrakt sənəti (sonralar Kandinski sənətini təmiz sənət, konkret sənət və s. terminlərlə adlandıracaqlar). Pavel Filonovun analitik sənət manifesti, Kazimir Maleviçin supermatizmi və rus futurizmi...

   Təəssüf ki, sovet avanqard sənətinin ömrü bu sənəti yaradan rəssamların ömründən az oldu. Cəmi on, on beş il keçəcək, partiyalı sosrealizmin sənət diktatorluğu başlayacaq...

   Amma hələ ki, vaxt var ikən iyirminci illər avanqardı ilə bir daha tanış olaq. Vaxtı ilə Vasili Kandinski, Kazimir Maleviç, Pavel Filonovun həyat və yaradıcılıqları haqqında ayrıca məqalələr yazmışdım, indi Aleksandr Rodçenkonun yaradıcılığı fonunda ötən əsrin iyirminci-otuzuncu illərinə qısaca ekskurs edək.

  Aleksandr Mixayloviç Rodçenkonun bir rəngkar və qrafik kimi ilk debütü 1916-cı ildə rəssam Vladimir Tatlinin Moskvada təşkil etdiyi "Maqazin" sərgisində gerçəkləşib. Sərgidə Rodçenkonun bir neçə kubofuturist tablosu, qrafik kompozisiyaları və teatr kostyumları göstərilirdi.

   "Siyah və bəyaz" adlı avtobioqrafik nağılda Rodçenko özü haqqında - "o, teatr səhnəsində doğulmuşdu" - yazır.

   Rəssamın atası Peterburqda Nevski teatrında butafor olub. Belə ki, o, teatr aləmində dünyaya göz açmışdı. O, teatr şərtiliyinə, teatr illüziyasına yaxşı bələd idi, bu da sənətkarın çoxşaxəli yaradıcılığında özünü büruzə verir.

   Rodçenkolar ailəsi Kazana köçəndə Aleksandrın on doqquz yaşı təzəcə tamam olmuşdu. Kazanda o, rəssamlıq məktəbində oxuyurdu, rəssam Varvara Stepanovnanı gördü, sevdi, onunla ailə qurdu.

   Rodçenko bir çox avanqardçı kimi universal rəssamdır. O, rəngkar, qrafik, plakat ustası və kitab tərtibatçısıdır. Bundan savayı, o, bədii foto və teatr tərtitbatçısı kimi də tanınır, az qala unuducaqdım, Aleksandr Rodçenko sovet dizayn məktəbinin banisidir. Bu yorulmaq, usanmaq nə olduğunu bilməyən insan "LEF", "Novıy LEF", "Sovetskoye foto" jurnalları ilə əməkdaşlıq edirdi. A.Rodçenkonun da aralarında bulunduğu gənc novator rəssamlar Oktyabr inqilabını tərəddüdsüz qəbul etmişdilər. Sonralar o, "Mayakovski ilə iş" adlı məqaləsində o illəri belə xatırlayacaq - "Biz bolşeviklərlə işbirliyinə getdik".

   1921-ci ildə Rodçenko bir qrup konstruktiv rəssamla, sovet dizayn sənətinin pionerləri A.Vesnin, L.Popova, A.Ekster, V.Stepanova ilə birlikdə "5x5=25" adlı sərgidə yaradıcılıq hesabatı verir, sərgi salonunda onun üç monoxrom tablosu asılmışdı.

   Rəssamın Vladimir Mayakovski ilə müştərək işlədikləri reklamlar da öz zəmanəsində novatorluğu ilə seçilirdi. Məhz Mayakovskinin təklifi ilə 1925-ci ildə Parisdə keçirilən Beynəlxalq dekorativ sənət sərgisinin sovet bölümünün tərtibatı Rodçenkoya həvalə olunmuşdu.

   Otuzuncu illərdə əsasən foto-albomlar və kitab tərtibatı sahəsində işləyib. Vasili Kandinskinin təşəbbüsü ilə yaradılmış Mədəniyyət institutunda dərs deyib. İyirminci illərin avanqard sənətindən fərqli olaraq otuzuncu, qırxıncı illərdə rəssam fiqurativ kompozisiyalar yaradıb. O, sirk səhnələri çəkirdi, şən klounlar, janqlyorlar, gimnastlar, sirk atları - sirk atmosferinin al-əlvan, rəngarəng bayram ovqatı rəssama ilham verirdi.

   Ömrünün son illərində rəssam kiçik ölçülü portretlər çəkirdi - artıq iyirminci illərin avanqard eksperimentləri çox uzaqlarda qalmışdı.

   Aleksandr Rodçenko 1956-cı ildə 65 yaşında vəfat edib...

   Dedik ki, ötən əsrin iyirminci illərində Rusiyada avanqard sənət üçün münbit şərait yaranmışdı və rus avanqardı dünya avanqardının ayrılmaz bir tərkib hissəsiydi. 1921-ci ilin dekabr ayında macar sənətşünası Alfred Kemenn Moskvada Mədəniyyət İnstitutunda keçirilən beynəlxalq konqresə qatılmışdı. Alfred Kemen konqresdə iki məruzə ilə çıxış edib, məruzələr alman və sovet incəsənətinə həsr olunmuşdu. O illərdə rus novatorlarının əsərlərinə Avropada yaxşı bələd idilər, Avropada rus avanqardı haqqında məqalələr yazılırdı, albomlar və broşürlər çap olunurdu. 1927-ci ildə dünya avanqard sənətinin görkəmli nümayəndələrindən biri Laslo Moxoy-Nad müasir K.Maleviçin incəsənət aləmində yeni mərhələ kimi dəyərləndirilən "Supermatizm - predmetsiz dünya" adlı kitabını "Bauhauz" seriyasında nəşr etdirdi. "Supermatizm - predmetsiz dünya" kitabı işıq üzü görməmişdən beş il öncə Berlində Van Dimen rəsm qalereyasında birinci müasir rus incəsənəti sərgisi böyük uğur qazanmışdı. Elə həmin il Vyanada "Yeni rəssamlar kitabı" yayınlandı, kitabda rus incəsənətinə böyük yer ayrılmışdı, kitabdla Arxipenkonun, Kandinskinin, Şaqalın, Malevçin və Tatlinin əsərləri sərgilənirdi...

   Aleksandr Rodçenko haqqında qısa qeydlərimizdə onun konstruktivizm cərəyanının banisi olduğunu söyləmişdik - əslində bu, mübahisələri bir məsələdir. Uzun sürən mübahisələrdən, araşdırmalardan, incələmələrdən sonra Avropa araşdırıcılarının əksəriyyəti bu fikirdədirlər ki, konstruktivizmin banisi Rodçenko deyil, Vladimir Tatlindir. Amma bu fakt indinin özündə belə şübhə doğurur.

   Oktyabr inqilabından sonra V.Tatlin A.Rodçenko kimi bolşeviklərin mədəniyyət siyasətini həvəslə dəstəklədi, keçmiş avanqardistlər Kandinski, Şaqal, Rodçenko, Filonov kimi rəsmi vəzifələrdə çalışdı. Vladimir Tatlinin cəsarətli ultra novator maskası alında öz yaradıcılığına az qala ikona kimi münasibət bəsləyən adi kəndli obrazının konturları sezilir. Digər bir konstruktivist (milliyyətcə yəhudi) Lazar Lisitski 1921-1925-ci illərdə Berlində yaşayıb, Kölndə, Ştutqartda, Leypsiqdə sərgilərə tərtibat verib. Lazar Lisitski Darmştadt politexnik institutunun memarlıq fakültəsində və Riqada təhsil almışdı. Rəssamın xanımı Sofiya Lisitskaya - Koppers Berlinin avanqard mühitini belə xatırlayır: "Bizə yoldaşlarımızla "Romanişes-kafe"yə, ya da Laslo-Moxoy Nadın emalatxanasına gedərdik. Nadın ağıllı arvadı Lusiya ərinin yaradıcılığını yüksək qiymətləndirirdi, sidq-ürəkdən onu dəstəkləyirdi. Raul Basusman, Hana Hans-Rixter, Verner Qref və başqa intellektuallar bura toplaşardılar".

   1926-cı ilin yayında Lazar Markoviç Lisitski Moskvaya qayıtdı və Vxutemasın professoru oldu. Bu bir qədər sonraların əhvalatıdır, hələlik isə biz Berlində, şiberlər məhəlləsində "Romanişes kafe"dəyik...

   İyirminci əsrin ilk iyirmi ili incəsənət tarixində yeni mərhələ kimi qalıb. O dönəmdə Avropa ölkələrinin az qala hər birində özünəməxsus sənət cərəyanları vardı, alman sürrealistləri, futuristləri və ekspressionistləri yeni, novator sənət carçılarıydılar. Alman futurizmi italyan və rus futurizmindən, alman sürrealizmi fransız, italyan, belçika və ispan sürrealizmindən çox fərqli nəsnələrdir. Alman təsviri sənətində və ədəbiyyatında ən ciddi, ən yaradıcı sənət cərəyanı eksperssionizmdir, ekspressionizm sırf formal sənət problemlərindən uzaq idi. O, italyan futuristləri kimi yeni əsrin, elmi-texniki tərəqqi əsrinin nailiyyətləri qarşısında baş əymirdi, alman ekspressionistlərini harmoniyası pozulmuş dünyada insan taleyi maraqlandırırdı, onlar dünyanın faniliyi, həyatın mənasızlığı haqqında kədərli fikirlər söyləyirdilər.

   Ötən əsrin əvvəllərində özünün ən yaxşı örnəklərini yaradan novator sənət iyirminci illərdə tədricən sosiallaşmağa, siyasiləşməyə başlayacaq - Münhendə bohem həyatı yaşayan Vasili Kandinski, yeni bədii formalarla eksperimetlər aparmağı sevən Kazimir Maleviç istedadlarını bolşevik təbliğatına xərcləyəklər, bolşevik naqanıyla iclaslara qatılacaqlar.

   Novator incəsənət epoxası dünyanı sarsıdan inqilabi olaylardan daha əvvəl başlamışdı - 1909-cu ildə Parisdə "Fiqaro" qəzetinin 20 yanvar sayında italyan şairi Marinettinin futurist manifesti çap olundu - incəsənət tarixçiləri yeni avanqard sənətin həmən gündən başlandığını yazırlar, amma bir il öncə Drezdendə Noldenin, Rottulffun, Kirxner və Pexşteynin də aralarında bulunduğu bir qrup sənətçi "Körpü" qrupunda birləşmişdilər, deməli, ənənəvi sənət müxalif yeni sənət epoxası 1905-ci ildən "Körpü" qrupundan başlanır desək, özümüzü vicdanımız qarşısında suçlu saymarıq.

   1910-cu ildə Berlində Karl Hillerin başçılığı ilə "Yeni klub" və "Neopatetik kabare" yeni sənət ocaqlarına çevrildilər, "Şturm" və "Aksion" dərgiləri çapdan çıxdı.

   Novator incəsənəti şərti olaraq köklü-köməcli, qollu-budaqlı bir ağac kimi təsəvvürümüzdə canlandıraq - bu ağacın ilk meyvələri Şopenhauerin, Munkun, Dostoyevskinin, Rembonun, Van Qoqun və Sezannın əsərləridir...

   İyirminci illərin sonunda artıq "tarixin məhvəri dönəndən bəri" SSRİ-də sosializm quruculuğu böyük vüsət almışdı. Əsrin əvvəllərindəki azad sənət ruhundan əsər-əlamət qalmamışdı. 1932-ci ildə partiya sosializm realizmi avanqard sənətin qollarını buxovladı - Kandinskinin, Şaqalın, Maleviçin, Brikin, yazıçı Leonid Andreyevin və başqalarının bəxtləri gətirdi - onlar mühacir həyatı yaşamaq zorunda qaldılar və məhz mühacirət onların həyatını xilas elədi. İpə-sapa yatmayan azad sənətkarları Stalin həbsxanalarına saldılar, uzaq Şərqə sürgün elədilər, on beş dəqiqədə hökm çıxarıb güllələdilər. Sağ qalmaq xatirinə mühitə uyğunlaşanlar sənətlə dəllallıq elədilər - əsrin əvvəllərində Berlində "Romanişes kafe"də şnaps içmiş rus ftuturizminin ən görkəmli nümayəndəsi Vladimir Mayakovski "Alın a, yana-yana qalın a, mən sovet vətəndaşıyam" deyə dünyaya car çəkəcək, on ildən sonra Kremlin birinci şairi, şairlər ordusunun komandanı nə yazıq ki, intihar edəcək... Bəzi versiyalara görə, Mayakovski intihar etməyib, onu öldürüblər, son zamanlar şairin müəmmalı ölümü haqqında rus mətbuatı təzadlı fikirlər söyləyir. Şəxsən mən futurist Mayakovskinin şeirlərini çox sevirəm və bu nəhəngin intihar versiyasına qətiyyən inanmıram.

   Kreml Sovet şairlərinin komandanının xidmətlərini unutmadı. 1958-ci ildə Moskvada, otuzuncu illərdə Mayakovski meydanı adı verilən keçmiş Zəfər meydanında şairin əzəmətli abidəsi ucaldıldı...

   Zaman-zaman şairləri qaranlıq zindanlara atırlar, susdururlar, güllələyirlər, amma poeziyanı zindanlara salmaq, susdurmaq, güllələmək mümkün deyil - poeziya bütün müstəbidlərdən daha güclüdür...

   Yevgeni Yevtuşenko deyir: "ABŞ-da Fransadan hissə-hissə gətirib Azadlıq abidəsi ucaltdılar. Bizdə isə çoxəsrlik azadsızlıqda yeganə Azadlıq abidəsi rus poeziyasıdır", söz gerçək poeziyadan, əsl olan şeirdən gedir.

   Bu mənada mən Y.Yevtuşenkonun bu ilginc fikri ilə həmrəyəm - "Şairlər doğulur Rus torpağında, Doğulan tək sinəsində Dantes gülləsi" bu misra da Yevtuşenkoya aiddir.

   Sənət vasitə deyil, məqsəddir, sənətə (poeziyaya, rəssamlığa, musiqiyə) bir arac kimi baxılmamalıdır. Sənət siyasi bir malzəmə də sayılmaz. Sənət və hakimiyyət iki paralel xətdir, mənim gəldiyim qənaətə görə, bu iki xətt heç vaxt qovuşmamalıdır, əks halda sənətkar öz azadlığını qurban verməlidir, ya da doktor Faust kimi ruhunu Mefistofelə satmalıdır...

   Yazını böyük Nazim Hikmətin misraları ilə bitirmək istəyirəm:

 

   Yaşamaq bir ağac kibi tək hür

   bir orman kibi qardaşcasına

 

   Bu həsrət bizim!

 

 

  Adil Mirseyid

 

  Ekspress.- 2012.- 12-14 may.- S. 14.