"Kinoya çəkilmək yadıma düşmürdü..."

 

   Bu gün sevimli aktyorumuz, respublikanın əməkdar artisti Azər Mirzəyevin 60 illik yubileyidir.

   Azər Əlibala oğlu Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçən Azər orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub. 1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dramkino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi korifey sənətkarlardan akytorluq sənətinin sirlərini öyrənib.

   1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilən Azər Mirzəyev o gündən indiyədək bu teatrın səhnəsində neçə-neçə gözəl obrazlar yaradıb.

 

   Kinodan ötrü sinov getməmişəm...

 

   - Azər müəllim, siz Ədil İsgəndərovun kino aktyorluğu studiyasında oxumusunuz, amma kinoya çəkilməmisiniz...

   - Kino aktyorluğu studiyasında oxuduğum illərdə "Yeddi oğul istərəm", "Gün keçdi" və bir sıra filmlərdə bizdən kütləvi səhnələrdə istifadə ediblər. Amma ondan sonra İncəsətən İnstitutunun dramkino aktyorluğu fakültəsini bitirsəm də, heç bir filmdə çəkilməmişəm. Görünür, rejissorlar məni arzulamayıblar. Düzünü desəm, heç mən də kinoya çəkilməkdən ötrü sinov getməmişəm. Şübhəsiz, hər bir aktyor çox istər ki, yaxşı kinoda ondan da istifadə etsinlər. Amma bir var ki, filmin necə çıxacağı barədə əvvəlcədən düzgün mühakimə yürütmək olmur. Dgər tərəfdən, işim o qədər çox olurdu ki, kinoya çəkilmək yadıma düşmürdü.

   - 40 ilə yaxındır ki, səhnədəsiniz. Bu illər ərzində teatr sizə nə verdi?

   - Teatr, ondan nə qədər götürə bilmişəmsə, o qədər də verib. İstər teatr, istərsə də televiziya səhnəsində Azərbaycan teatr sənətinin qüdrətli sənətkarları ilə birlikdə işləmişəm, bir studiyanın və bir səhnənin ab-havasını udmuşam. Bunun özü böyük qazancdır. Teatr özü bir məktəbdir. Hər tamaşadan bir şey öyrənirsən. Ümumiyyətlə, mən deyərdim ki, teatr həyatın güzgüsüdür...

 

   Rejussura yerində çapalayır, aktyorlar xırdalaşıb

 

   - Sizcə, səhnədə bu qüdrət hardandır?

   - Səhnədə tamaşa göstərilməyəndə, orda həyat olmuronun əl içi boyda olduğu bilinir. Səhnə o zaman qüdrətli olur ki, tamaşaçını müəyyən zaman çərçivəsində real həyatdan ayırıb, möcüzələr aləminə apara bilir. Teatr onda qüdrətli olur ki, tamaşaçı inanır, özünü səhnədə hiss edir. Əgər tamaşaçı inanmırsa, o zaman teatrın qüdrəti ölür. Azərbaycanda teatr həmişə böyük olub. Əgər hansı aktyorsa "bu gün Azərbaycanda teatr sənəti zəifləyib" deyirsə, günahı elə aktyorlarda axtarmaq lazımdır. Bizim bu saat dramaturgiyamızda zəiflik əmələ gəlib, rejissurada yerində çabalamaq var. Aktyorlarımızın özləri də kiçilib, xırdalaşıblar. Əgər mən desəm ki, teatr, ümumiyyətlə, inkişafdan dayanıb, doğru olmaz. Bütün sənət sahələri inkişaf etdiyi kimi o da inkişafdadır.

 

   Jurnalist olmaq istəyirdim...

 

   - Aktyor olmağınız ailənizdə problem yaratmayıb ki?

   - Mənim ailəmdə heç vaxt sənətimlə bağlı problem olmayıb. Nəzərinizə çatdırım ki, bizim nəsildə aktyorluq sənətini seçən yeganə adam mən idim, indi artıq bacım oğlu da bizim teatrın aktyorudur. Amma heç vaxt elə bir dilemma qarşısında qalmamışam ki, bu sənəti seçim, ya seçməyim? Əslinə qalsa, mən jurnalist olmaq istəyirdim, hətta rayon qəzetində məqalələrim çap olunurdu. Ancaq universitetə sənədlərimi verəndə məlum oldu ki, mənim bu sahədə 2 illik təcrübəm olmalıdır. Bayaq dediyim kimi, mənim qəzetlərdə məqalələrim çap olunmuşdu, ancaq mən onları yığıb saxlamamışdım. Buna görə bu sahəyə üz tutdum. Elə İncəsənət İnstitutunun ikinci kursunda oxuyarkən televiziyada verilişlər aparmağa başladım. Bəzən verilişlərin ssenarilərini özüm yazırdım. Bununla, necə deyərlər, gözümün qurdunu öldürürdüm...

   - Hansı verilişləri aparırdınız?

   - "Xoş gördük, tələbə", "Birimiz hamımız", "Biz romantiklərik", "Sabahın ustaları" digər verilişlərdə aparıcılıq etmişəm.

   - Keçmiş illərinizdən danışanda, adama elə gəlir ki, o illərdən ötrü darıxırsınız?

   - Ümumiyyətlə, mən konservator deyiləm, həmişə irəli baxan adamam. Keçmiş öz keçmişliyində qaldı, qədər sevincli ya kədərli keçsə , onu ancaq xoş təəssüratla xatırlamaq kifayətdir. Bundan sonra gələcəyin eşqilə yaşamaq lazımdır. Özümü indiki gəncliklə səsləşən, ürəyi o ritmlə döyünən adam kimi hiss edirəm. Amma məni narahat edən bəzi məsələlər var. Mən təəssüf edirəm ki, indiki gənclik o dövrlərdə birbaşa yayımlanan canlı verilişlərə baxmayıb. Mən indi yayımlanan canlı verilişləri demirəm. Biz o zamanlar ekrana çıxanda çox hazırlaşırdıq. Çünki bilirdik ki, bizim ekranlardan tamaşaçılara dediyimiz hər bir söz tamaşaçıya böyük alimlərin, akademiklərin sözü kimi təsir edir. Canlı efirə çıxmaq nəinki aparıcını, verilişin recissorunu, operatorunu öz işinə ciddi yanaşmağa məcbur edirdi. İndi biz istəsək , o günlərə qayıda bilmərik.

 

   Fəxri ad o zaman şirin olur ki...

 

   - Uzun illər AzTV-də yayımlanan bir çox verilişlərin aparıcısı olmusunuz. Bunların da əksəriyyəti dövlət tədbiri olub. Özünüz 40 ildir ki, səhnədəsiniz. Bu illər ərzində, deyəsən, qazandığınız "əməkdar artist" fəxri adıdır. Ümumiyyətlə, sizi dövlət qayğısından kənarda qalanlardan hesab etmək olarmı?

   - Düzdür, əgər titullara görə deyirsinizsə, 40 ildə qazandığım təkcə əməkdar artist adıdır. Mənim fikrimcə, bunu soyuqqanlılıqla qarşılamaq lazımdır. İnsan nəyə qadirdirsə, onu da alır. Almayanlar da əvvəl-axır alacaqlar. Əməkdar artist adını alanda, heç özümün xəbərim yox idi, zəng vurub xəbər elədilər. Fəxri ad o zaman şirin olur ki, buna görə heç kimə yalvarmayasan, heç kimin qapısına getməyəsən özünün bundan xəbərin olmaya. Mən elə gəlir ki, gec olsa, həyat hər şeyi öz yoluna qoyur. Ümid ölməməlidir. Bilirsinizmi, istedadlı, özünə güvənən adam heç vaxt gileylənməməlidir. Hərçənd ki, mən özümü o qədər istedalı saymıram, amma özümə güvənirəm. Mən heç vaxt heç kimdən gileylənməmişəm. Digər yandan, 40 illik yaradıcılığım boyu daima tamaşaçılar tərəfindən əzizlənmişəm. Tamaşaçı sevgisini dünyanın heç bir nemətinə dəyişmərəm.

   - vaxtsa aktyorluq sənətinə gəlməyinizin peşmançılığını çəkmisinizmi?

   - Çox maraqlı sualdır. Qəribədir, heç vaxt aktyor olmağımın peşmançılığını çəkməmişəm, amma istəmərəm ki, övladlarım mənim sənətimin arxasınca getsin. Düzdür, əgər onların aktyor olmaq arzuları olsa, mən buna qarşı çıxmaram. Ancaq onlara məsləhət görərdim ki, daha maraqlı sənət seçsinlər. Çünki həyat sürətlə inkşaf eləyir, bununla əlaqədar yeni-yeni sənət sahələri meydana çıxır. Mənə elə gəlir ki, onlar iqtisadçı olsalar, daha yaxşı olar. Çünki Azərbaycan iqtisadiyyatının böyük gələcəyi var. Sonra, vəkillik peşəsinin böyük gələcəyi var. Xaricdə hər bir ailənin şəxsi vəkili var. Aktyorluq elə peşədir ki, işə vaxt gəlib-getməyimizdən xəbərimiz olmur. Sizin jurnalistika peşəsi çox çətindir. Amma hansısa şirkətin iqtisadçısı axşam saat 6-da işdən qayıdıb balalarını başına yığır.

 

 

   AYXAN

 

  Ekspress.- 2012.- 12-14 may.- S. 12.