"Bu
teatrı mən yaratmışam"
Arif Qazıyev: Orada o qədər aclar gəlib
qarınlarını doydururdular...
Dövlət Muğam Teatrının keçmiş direktoru əməkdar incəsənət xadimi Arif Qazıyev təqaüdə göndərilməsi ilə bağlı qəzetimizə maraqlı açıqlamalar verib. Arif müəllim deyir ki, Dövlət Muğam Teatrına onu heç kəs direktor təyin etməyib, teatrı özü yaradıb...
- Arif müəllim, Dövlət Muğam Teatrının direktoru vəzifəsindən uzaqlaşdırılıb təqaüdə göndərildiyinizi eşitdik. Min bir əziyyətlə qurub yaratdığınız bir teatrdan uzaqlaşdırılmağınızın səbəbi nədir?
- Bilirsiniz ki, dövlət başçısının sərəncamına əsasən, 65 yaşlı hər kəs təqaüdə çıxmalıdır. Lakin həmin sərəncamda belə bir maddə var ki, əgər iş qabiliyyəti yaxşıdırsa, 5 il də çalışa bilər. Bundan başqa, dövlət mükafatları olanlara müstəsna hal kimi güzəşt olunur. Mənə də 2 il dəymədilər. Bir müddət əvvəl məni, Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru xalq artisti Rauf Abdullayevi, "Qaya" ansamblının bədii rəhbəri xalq artisti Rauf Babayevi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimovanı, bir də Dövlət Uşaq Filarmoniyasının direktoru Fərəh Şəkinskayanı hörmətli nazirimiz qəbul etdi və bildirdi ki, təqaüdə getməlisiniz. Amma bir məsələ var ki, bu teatra məni heç kəs direktor təyin etməyib, onu mən yaratmışam. Və bu teatr mənim övladım kimidir, onu kiməsə, yad əllərə verib gedə bilmərəm. 24 il bundan əvvəl həmin "Karvansaray" zibillik idi, oranı mən hələ təmizlətdirəndə nə qədər əziyyət çəkdim. İçəri şəhərin zibilini camaat ora tullayırdı. Oranı mən iki dəfə öz cibimin pulu ilə əsaslı təmir etdirmişəm. Oranı restavrasiya etdirəndən sonra həmin məkan onların yadına düşdü ki, tarixi binadır. Sonra mən nə qədər xərc çəkib oranın üstünü örtdürdüm ki, yağış yağanda qonaqlar əziyyət çəkməsinlər. Orada elə bir şərait yaratmışdım ki, istər qışın soyuğunda, istərsə də yayın qızmar istisində qonaqlar rahat dincələ bilsinlər.
- Xarici turistlərin də ən çox ziyarət etdkləri məkan ora idi...
- Nəinki adi turistlər, Bakıya mötəbər dövlət xadimləri gələndə də oraya baş çəkirlər. Onlar milli xörəklərdən dadıb, milli musiqimizə qulaq asıb feyziyab olurlar.
- Sizə "təqaüdə gedin" deyiləndə, iradınızı bildirmədinizmi?
- Bildirdim, sadəcə Nazirlikdə dedilər ki, möhürü bizə ver, amma teatrın bədii rəhbəri kimi yerində qal.
- Bu, mədəni
formada "get" demək
deyilmi?
- Xeyr, mən onsuz da o teatrda baş
rejissor kimi qalmalıyam.
- Yaxşı,
bu işin görünən tərəfi,
bəs əsl "adı" nədir?
- Bu işin əsl adı mənə də məlum deyil, amma nə vaxtsa əsl həqiqətin üstü açılacaq. Mən teatrın kollektivi təmir adı ilə oradan çıxarılanda nəsə hiss etmişdim. Sonradan teatrın kollektivinin 35 nəfəri kütləvi şəkildə işdən çıxarıldı. Teatrın kollektivinin 51 faizi ixtisara düşdü ki, bunların arasında müğənni də vardı, musiqiçi də, aktyor da. İndi üstündən xeyli keçsə də, çağırıb deyən də yoxdur ki, al bu əmri, get işini gör. Çünki mən yaradıcı adamam.
- Bəs həmin məkan indi hansı adla fəaliyyət gösitərir. Yenə də əvvəlki kimi "Muğam" restoranı kimi fəaliyyət göstərir.
- Orada bu saat yeyib-içib, muğamın dalınca tüpürürlər. Divarlarını da ağardıb şadlıq evinə oxşadıblar. Mən orda olanda imkan vermirdim ki, binanın qədimliyinə xələl dəysin.
- İndi oranı kim işlədir?
- Neft işinə baxan Toğrul Bağırov adlı bir şəxs işlədir. Deyilənə görə, İçərişəhər Dövlət Tarixi Qoruğu ilə ortaqdır. Mən bilmirəm, cəbhənin vaxtında mən min zülmlə o məkanının sökülməsinin qarşısını alanda, qoruq harda idi? Ekskavatorun qabağında dayandım ki, məni əzib keçin, sonra uçurun. Mən oranı elə restavrasiya etdirdim ki, qapıdan içəri girən adam sanki bir neçə yüz il əvvələ düşürdü. Orada fəvvarə tikdirdim, əncir ağaclarını öz əlimlə əkmişəm. Arxivləri eşələyib Bakının keçmişi ilə bağlı köhnə fotoları axtarıb tapmışam. Ora köhnə xalılar alıb döşətdirmişdim.
- Deyirlər ki, sizin teatrı Beynəlxalq Muğam Mərkəzi ilə birləşdirəcəklər, oranın nəzdində fəaliyyət göstərəcək.
- Mən də elə eşitmişəm. Nə edirlər-etsinlər, konkret formatını tapsınlar, sonra işə başlasınlar. Mən narazı deyiləm, nə fərqi var, Beynəlxalq Muğam Mərkəzi də muğamımızın xidmətində olan müəssisədir. Özü də şəhərin mərkəzində, dənizin kənarında yerləşir, yeri çox gözəldir. Bilirsinizmi, yuxarılar hansı qərarı qəbul etsələr, qəbul etməkdən başqa yolumuz yoxdur, mən gəmidə oturub gəmiçi ilə dalaşa bilmərəm. Mən ha qışqırım ki, o Karvansaraydan muğamın səsi gəlməlidir, səsimə səs verən olacaqmı? Azərbaycanda hamı muğamı yaddan çıxaranda biz min bir əziyyətlə o teatrı yaratdıq ki, xalqımızın milli mənəvi sərvəti itib-batmasın. O teatrda neçə-neçə böyük xanəndə yetişib. Biz 24 ildə yüzlərlə mədəniyyət xadimimizin yaradlıcılıq gecələrini keçirmişik. Həmin tədbirlər müxtəlif telekanallar vasitəsilə dünyaya yayımlanırdı, xaricdə yaşayan soydaşlarımız bu verilişlərə baxıb milli mədəniyyətimiz barədə məlumatlar alırdılar.
- Bu boyda əziyyətinizə görə, Sizə sağ ol-filan dedilərmi?
- O vaxt mənə "restoran işlədirsən" deyib, prezident təqaüdü vermədilər. İndi şükür Allaha, restoran işlətmirəm ki. Camaat bir toya gedib 3-4 mahnı oxuyub 5-6 min manat pul alır, ona prezident təqaüdü verirlər. Amma mən o restoranın hesabına o boyda ansambl saxlayırdım. Bundan başqa, o qədər aclar gəlib orada qarınlarını doydurub gedirdilər ki. Ona görə də bu ölkədə hamı mənim xətrimi istəyir. Və mən inanmıram ki, yuxarıda oturanların mənim incidilməyimdən xəbərləri var.
Məni çağırıb dedilər ki, get sakitcə yerində otur, mətbuata-filana heç nə demə, biz özümüz sizin barədə bir şey fikirləşəcəyik.
- Hələ "Xalq artisti" fəxri adı almamısınız...
- Azərbaycan mədəniyyəti
və incəsənəti üçün
mən bu gün "xalq artisti" alanlar qədər iş
görməmişəm?.. "Xalq artisti" vermədilər, heç
olmasa prezident təqaüdü
verilsin. Mən 130 manat
pensiya ilə bugünkü
şəraitdə necə yaşayım? Prezident
təqaüdü verilsə, bilərəm ki,
sağ olsunlar bu boyda əməyimi qiymətləndirirlər.
Mən də gedib öz
həyatımı yaşayaram,
yaradıcılıqla məşğul olaram.
Bilirsinizmi, körpəlikdən
yetimçiliklə böyümüşəm, həyatda çox çətinliklə üzləşmişəm.
Ona görə də belə şeylərlə
məni sındırmaq olmaz. Deyirlər ki, insan həyatı
zebranın rəngi kimi ağ-qara
zolaqlardan ibarətdir. Bu
gün Allaha şükür olsun ki, bu yaşda
ailəmi dolandıra biləcəyim sənətim, hörmətim
var. Gözəl ailəm var.
Prezidentimiz sağ olsun, mənə ev də verdi. Mən heç nədən
narazı deyiləm, sadəcə onu demək
istəyirəm ki, bu gün Azərbaycan musiqisinin,
incəsənətinin əziyyətini öz
çiynində daşımış vur-tut
30-40 nəfər yaşlı sənətkar qalıb. Onlara elə bir şərait
yaradılsın ki, heç
olmasa ömürlərinin bu
çağında rahat yaşasınlar, maddi sıxıntıları olmasın, pul dərdi çəkməsilər. Vur-tut 20-30 adam var da, onlara hər
ay 3-4 min manat verilsə,
dünya dağılmaz
ki... Görək də, başımızı
aşağı salıb
növbəmizin çatmağını
gözləyirəm.
- Birdən yada salmadılar?
- Əlimdən
nə gəlir ki, canları sağ olsun. Gedib kimə deyim ki, bu yaşımda
mənə daydaylıq
etsin. İndiyədək
çoxlarına mən
daydaylıq etmişəm,
dəstək vermişəm...
AYXAN
Ekspress.
– 2012. – 13-15 oktyabr. –S. 12.