Aqrar sahədə intensivlik yoxdur

 

   Yeni texnologiyaların tətbiq edilməməsi sahibkarı gəlirdən edir

 

   Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

 

   Kənd təsərrüfatında iqtisadi inkişafın iki forması var: intensiv və ekstensiv inkişaf formaları. İntensiv üsul məhsuldarlığın artırılması yolu ilə inkişafı nəzərdə tutur. Yəni, burada hədəf keyfiyyət dəyişikliyinə nail olmaqla inkişafı əldə etməkdir.

   İntensiv kənd təsərrüfatı istehsalı mexanikləşdirmə və kimyalaşdırma, torpağın suvarılması, meliorasiyas. üçün böyük vəsait tələb edir. Buna görə də bu forma əsasən inkişaf etmiş ölkələrdə geniş tətbiq olunur.

   Ekstensiv kənd təsərrüfatı istehsalında artım əsas etibarilə əkin və otlaq sahələrinin genişləndirilməsi hesabına həyata keçirilir. Bu forma isə başlıca olaraq inkişaf etməkdə olan ölkələr üçün əlamətdardır.

   Lakin tarixi təcrübə sübut edib ki, bir ölkədə aqrar sahənin inkişaf etdirilməsi üçün orada hökmən intensiv texnologiyaların tətbiqi vacibdir. Ərzaq təhlükəsizliyi problemi kənd təsərrüfatında müasir texnologiyalardan istifadə etməklə inkişafı zəruri edir. Bəzi Latın Amerikası və Asiya ölkələri intensiv texnologiyaları tətbiq etməklə aqrar sahədə ciddi inkişafa, bol məhsul istehsalına nail olub. Əkinçilik sahəsində həyata keçirilən yaşıl inqilab (müasir aqrotexniki qaydalardan istifadə edilməsi) və heyvandarlıq sahəsinə tətbiq edilən sənaye texnologiyaları (quş fabrikləri, donuz fermaları və s.) xüsusilə öz bəhrəsini verib. Kənd təsərrüfatı məhsullarının istehsalı xeyli artıb və bu da aclığı aradan qaldırmağa imkan verib. Bununla yanaşı "yaşıl inqilab" bir çox inkişaf etməkdə olan ölkələrə, xüsusilə istehlak xarakteri daşıyan kiçik kəndli təsərrüfatlarına toxunmayıb.

   Aqrar sahədə üstün texnologiyalardan istifadəyə torpaq sahəsi az olan ölkələr xüsusilə məcburdur. Torpaq sahələrinin azlığından əziyyət şəkən ölkələrdən biri də Azərbaycandır. Azərbaycanda hər nəfərə orta hesabla 17 sot əkin sahəsi düşür ki, bu da dünya üzrə orta göstəricidən olduqca aşağıdır.   İntensiv texnologiya vahid sahədən, məsələn, bir hektar ərazidən daha çox məhsul götürmək üsuludur. Azərbaycanda son 100 ildə buğda əkilən sahələrdən məhsuldarlıq 28 sentneri ötməyib. Orta məhsuldarlıq göstəricisi demək olar ki, sabit qalıb. Bu fakt onu göstərir ki, ölkəmizdə intensiv üsullarla buğda əkini aparılmır. Buna görə də Azərbaycanda intensiv texnologiyaların tətbiqi hökmən sürətləndirilməlidir. İndi hektardan bir çox məhsullar dənli taxıl bitkiləri, tərəvəzlər üzrə məhsuldarlıq 2 tonu keçmir. Halbuki intensiv texnologiyaları tətbiq etsək, məhsuldarlığı 3,5-4 tona qədər, yəni 1,5-2 dəfə artırmaq olar. Qeyd edilməlidir ki, ölkəmizdə əkilən kənd təsərrüftı bitkilərinin məhsuldarlığı çox aşağıdır və əsasən hava şəraitindən asılıdır.

   İntensiv texnologiyaların tətbiqi istehsala lazım olan resurslara da ciddi qənaət edilməsinə imkan verir. Bu texnologiya sayəsində, məsələn, suya olan tələbatı 4 dəfə aşağı salmaq mümkün olur. Bir artezian vasitəsi ilə 100 hektarı suvarmaq mümkün olur. Eyni zamanda lazım olan qida maddələri və gübrələrə də 2 dəfəyədək qənaət etmək mümkündür. Yəni intensiv texnologiya istehsalın planlaşdırımış şəkildə həyata keçirilməsinə imkan verir.

   Heyvandarlıq sahəsində də Azərbaycanda məhsuldarlıq aşağıdır. 2011-ci ildə hər inəkdən 1227 litr süd sağılıb. Bu 1996-cı illə müqayisədə, cəmi 228 litr çoxdur. Bu artım xaricdən yüksək məhsuldarlıqlı cins heyvanların gətirilməsi hesabına baş verirdi. Bəzi MDB və Avropa ölkələrində hər inəkdən süd sağımı ildə 8-10 min litr təşkil edir.

   Bitkiçilik və heyvandarlığın məhsuldarlığının artımı, kənd təsərrüfatı məhsullarının istehsalını 2-3 dəfə artırmaq üçün geniş imkanların olduğundan danışmağa əsas verir.

   Maraqlıdıt ki, bütün bunlar aqrar sektorda intensiv metodların geniş tətbiq olunması üçün dövlət dəstəyinin davam etdirildiyi dövrdə baş verir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən fermer təsərrüfatlarının müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması, intensiv bağçılıq, tingçilik, tərəvəzçilik və toxumçuluq təsərrüfatlarının inkişaf etdirilməsinə böyük həcmdə vəsaitlər ayrılır.

   Mütəxəssislər deyir ki, aqrar sahədə intensiv texnologiyaların tətbiqi elmi məsələdir. Eyni zamanda elmi məlumatın yanında xüsusi qabiliyyət tələb edir. İntensiv üsul tətbiqli bir elm sahəsi olub, məqsədi insanların intelekti hesabına iqtisadi dəyərlər əldə etməkdir.

   Qeyd edək ki, kənd təsərrüfatı dedikdə, onun hər iki qolu - bitkiçilik və heyvandarlıq nəzərdə tutulur. Təəssüflər olsun ki, intensiv texnologiyanın tətbiqi ilə bağlı problemlərə hər iki istehsal budağında rast gəlinir.

   Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov deyir ki, Azərbaycanın kənd təsərrüfatı sahəsində yeni, üstün texnologiyalardan istifadə ayrı-ayrı nümunələr şəklindədir. Yeni texnologiyalardan bir neçə təsərrüfatda istifadə edilir, kütləvi hal müşahidə edilmir.

   Ekspertin fikrincə, yeni texnologiyadan istifadə məsələsi qanun və əmrlərin icrasına bənzəmir. Bu, iqtisadi zərurətdən doğur. Onun sözlərinə görə, yeni texnologiyaların tətbiq edilməməsinin birinci səbəbi fermerlərin bu haqda məlumatlı olmamasıdır. İkinci əsas səbəb isə yeni texnologiyanı tətbiq etmək üçün sahibkarlarda maliyyə imkanlarının yoxluğudur: "Sahibkar istədiyi halda belə aqrar sahədə müasir texnologiyaları tətbiq edə bilmir. Kənd təsərrüfatında əkin sahələri kiçik hissələrə bölündüyü üçün fermerə üstün texnologiyaya əsaslanan texnikanı alıb gətirmək, əkinçilikdə, heyvandarlıqda müasir texnologiyadan istifadə etmək sərfəli görünmür. Həddən artıq böyük təsərrüfatlar isə Azərbaycanda olduqca azdır. Fermerin ixtiyarında 1000 hektarondan böyük əkin sahəsi olmalıdır ki, bu cür texnikaların alınıb gətirilməsi sərfəli olsun. Kooperasiya yaranarsa belə texnikaların alınıb gətirilməsi, aqrotexniki qulluqda müasir biliklərdən istifadə səmərəli olar".

   V.Məhərrəmovun dediyinə görə, kənd təsərrüfatında əkinçiliklə bərabər heyvandarlıqda da əsasən köhnə texnologiyadan istifadə edilir. Məsələn, güclü, məhsuldar heyvan cinsləri alınıb gətirilsə də, onlara qulluq köhnə texnologiya əsasında aparılır. Yemlənmə, gündəlik qulluq, saxlanılma şəraiti köhnə biliklərə əsaslanır. Ekspert xatırlatdı ki, gətirilən mal-qara məhsuldar cins olsa da məhz düzgün baxımın olmaması səbəbindən ölüm halları çoxalıb: "4250 baş cin mal-qaranın 265 başının tələf olmasına dair məlumat var. Bu çox yüksək göstəricidir. Tələf olmanın əsas səbəbi qulluğun köhnə üsullarla aparılması və yemləmənin düzgün təşkil edilməməsidir. Biz yerlərdə olanda fermerlər deyirdi ki, həmin mal-qaradan nəsil artırmaq problem yaranıb. Bu da eynilə qidalanmasaxlanma şəraiti ilə əlaqəli olan məsələdir. Fermerlər həm bu istiqamətdə kifayət qədər maariflənməyiblər, həm də məlumatları olsa belə lazımı qayğını cins mal-qaraya gösətərə bilmirlər. Onların yeminin zəngin olmasını təşkil edə bilmirlər. Nəticədə, gündə 15-25 litr süd verən inəklər belə fermer üçün səmərə vermir. Bu onunla bağlıdır ki, həmin inəklərin güclü yemə ehtiyacı var, amma bizim yemlər keyfiyyətsiz olduğu üçün fermerlər ikiqat artıq yem verməyə məcbur olurlar ki, bununla da xərcləri artır".

   V.Məhərrəmov deyir ki, müasir texnologiyaların tətbiqi sahəsində axsayan sahələrdən biri də suvarılmadır. Onun fikrincə, Azərbaycan suvarılmanın təşkili və aparılması məsələsində xarici ölkələrdən çox geridə qalıb: "20-30 il əvvəl hətta sovet respublikalarında selləmə-suvarmadan imtina etmişdilər. Bir çox hallarda, məsələn, Özbəkistan selləmə-suvarmanı damcı suvarması ilə əvəz etmişdi və yaxşı nəticələri olmuşdu. Ölkəmizdə bu istiqamətdə çox az aparılır. İndiyədək yeni yaradılan bağlarda, məsələn üzüm bağlarında damcı üsulundan, çox az yerlərdə taxıl sahələrində yağış yağdırma üsulundan istifadə edilir. Sovet dövründə mövcud olan yağış yağdırma texnikası dağıdıldı, sıradan çıxarıldı, əvəzində yenisi gətirilməsi ilə məşğul olunmadı. Bu istiqamətdə çox görülməlidir. Hətta Türkiyə Azərbaycan qədər əlavə maliyyə imkanları olmadığı halda belə onlar suyu sahəyə borular vasitəsilə gətirirlər ki, həm itkiyə getməsin, həm də su şoranlaşmaya səbəb olmasın. Bunun üçün borulardan istifadə edilir. Artıq bunun faydasını görən fermer də marağında olur ki, su itkisinə yol verməsin, çünki su üçün pul verir. Ona görə də Türkiyədə fermerlər heç kimin təsiri olmadan suvarmada damçı və ya yağış yağdırma üsulundan istifadə edir".

   Belə texnologiyaların dünyada kifayət qədər tətbiq edildiyini bildirən həmsöhbətimiz qeyd etdi ki, suvarmada üstün texnologiyaların tətbiqi həm torpağın münbitliyinin qorunmasında əhəmiyyətli rol oynayır, həm də çəkilən xərci azaldır. O hesab edir ki, Azərbaycanda yeni texnologiyaların tətbiqi üçün hökumət təşəbbüs gösgtərməlidir və önə durmalıdır. Daha yaxşı texnologiyaların tətbiqi nəticəndə daha çox məhsul əldə etmək, məhsulun maya dəyərini aşağı salmaqonu dünya bazarında rəqabətqabiliyyəti etmək olar. V.Məhərrəmov tam əmindir ki, sahibkarların yaxşı gəlir əldə etməməsinin başlıca səbəbi üstün texnologiyalardan istifadə edilməməsidir: "Gəlir azlığı və üstün texnologiyanın əlaqəli məsələdir. Fermerin vəsaiti az olduğundan o müasir texnologiyans əldə edib tətbiq edə bilmir, nəticədə məhsul az olur. Məhsul az olduqda təbii ki, sahibkar az gəlir əldə edir. Növbəti mərhələdə bu sahəni inkişaf etdirməkdə yenə də maliyyə çatışmazlığı əmələ gəlir. Yeni texnologiya sayəsində həm keyfiyyəti, həm də kəmiyyəti yaxşılaşdırmaq olar. Lakin fermerin vəsaiti azdır buna görə də həmin texnologiyaya əsaslanan texnikanı ala bilmir. Bu vəziyyətdə hökumət fermerlərə sərfəli şərtlərlə kredit götürməsinə kömək etməldir. Amma hələlik biz bunu görmürük".

 

  

Vasif CƏFƏROV

 

Ekspress. -2012.- 24 oktyabr. - S. 9.