Sahibkarların aqromarketinq bilikləri

 

   Kənd təsərrüfatında bolluğu necə təmin etmək olar?

 

  Azərbaycanın bazar münasibətlərinə keçməsi iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar sahədə çalışan sahibkarların da bazar iqtisadi münasibətlərinə uyğunlaşmasını tələb edir. Bazar iqtisadi münasibətlərində kortəbii fəaliyyət yolverilməzdir. İşini kortəbii quran sahibkarlar gec-tez bazarın sərt cəzalarına məruz qalaraq iflasa düşar olurlar.

   Azgəlirliliyin müşahidə edildiyi kənd təsərrüfaı sahəsində sahibkarlar bazar münasibətləri şəraitində rentabelli işləyə bilməsi üçün bazarın peşəkar qaydalarını mənimsəməlidir. Xüsusən bu məqsədlə aqromarketinq biliklərinin mənimsənilməsi daha vacibdir. Yəni, sahibkar hansı məhsul olursa-olsun və necə gəldi istehsal prosesi ilə məşğul olmamalıdır. Aqrar səhədə çalışan sahibkarlar digər sahələrdə olduğu kimi, bazar iqtisadiyyatının əsaslarını, onun tərkib hissələri olan marketinq, menecment biliklərini öyrənməyə borcludur.

   Sahibkarlar marketin biliklərinə yiyələnməklə həm öz gəlirlərinin artmasına fayda verə bilər, həm də ümumən kənd təsərrüfatında məhsul bolluğunu təmin edər.

   Marketinq biliyinə sahib olmaq sahibkarın investisiya qoyuluşunun sonradan daha əlverişli nəticələr verməsinə də böyük faydası olur. İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatı məhsullannın istər daxili və istərsə də xarici bazarlarda rəqabətə davam gətirməsi üçün aqromarketinqdən geniş istifadə edilir. Aqromarketinqdən istifadə etməklə aqrar sahədə çalışan sahibkarlar bazarlarda öz layiqli yerlərini tuta, həmçinin təsərrüfatın səmərəli fəaliyyət göstərməsinə, istehsal və dövriyyə xərclərini əhəmiyyətli dərəcədə azaltmaqla rentabellik səviyyəsini yüksəltməyə nail ola bilərlər.

   Marketinq bilikləri aqrar sahədə çalışan sahibkarlardan mürəkkəb davranışları tələb etmir. Bu sözün mənası ingilis dilindən tərcümə edildikdə "bazar" mənasını verir. Marketinq prinsipləri sahibkardan sərmayə qoyuluşuna (istər ilkin, istərsə də cari investisiyalar zamanı) başlamamışdan öncə bazarın öyrənilməsini tələb edir. Bu prinsiplərə görə, sahibkar elə bir məhsul istehsal etməlidir ki, onu bazarda sata bilsin və normal gəlir əldə etsin. Marketinq, başqa sözlə, istehsal olunan məhsulun satışı üçün əlverişli zəmin yaratmaq, onun keyfiyyətini, çeşidini, istehsal həcmini bilavasitə istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədi ilə bazarın kompleks təhlili, qiymətləndirilməsi, proqnoz laşıdırlması ilə idarəedilmə prosesidir. Bazarı öyrənmədən istehsal, ticarət və s. fəaliyyəti həyata keçirən sahibkarın uğur qazanması mümkün deyil.

   Azərbaycanda aqrar sahədə fəaliyyət göstərən sahibkarlar arasında marketinq biliyi yetərincə olmadığndan, eyni zamanda bazarda baş verən qiymət dəyişikliklərindən məlumatsızlıq kənd təsərrüfatında bolluğun yaranmasının qarşısını alır. Uyğunsuzluq özünü bir neçə formada göstərir. Bir il tələbata uyğun məhsul istehsalı olduğu halda növbəti ildə bunun əksini görürük. Həmçinin, istehsal edilən məhsula bazarda olan ümumi tələbat nəzərə alınmır və nəticədə həmin ildə ölkədə eyni bir məhsulun istehsalında yüksəl bolluq yaranır. Bununla da bazarda qiymətlər kəskin şəkildə düşür və sahibkar ciddi zərərlə üzləşir. Digər tərəfdən sahibkar bir çox hallarda məhsulu istehsal edən zaman onun keyfiyyətinə yox, kəmiyyətinə üstünlük verir. Keyfiyyət alıcını qane etmədiyindən böyük həcmdə məhsulun satış problemi yaranır.

   Sahibkarların yol verdiyi səhvlərdən biri də istehsal edəcəyi birillik məhsulu seçən zaman cari dəyişiklikləri əsas götürməsidir. Məsələn, bu il ölkədə pambıq istehsalının az olması səbəbindən və ya dünya bazarında pambığın bahalaşması ilə əlaqədar mahlıc istehsalçıları xam pambığın alış qiymətini qaldırır. Aqrar sahədə məşğul olan sahibkarlar qiymətlərdə ani baş verən dəyişikliyi əsas götürərək növbəti il üçün daha çox pambıq istehsal etmək məqəsdilə pambıq çiyidi əkilən sahələri artırır. Növbəti ildə böyük həcmdə məhsul istehsal edilir. Bu dəyişiklik bir-iki il bolluq yaradır. Lakin yenidən qiymətlər endikdən sonra pambıq çiyidi əkilən sahələr azaldılır və məhsul istehsalı aşağı düşür.

   Sahibkarlar tərəfindən belə sərmayə siyasətinin həyata keçirilməsi onunla nəticələnir ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalındə kəskin dalğalanmalar baş verir və bu cür dalğalanmalardan ilk növbədə sahibkarlar əziyyət çəkir.

   Kənd təsərrüfatı ilə məşğul olanları istehsal dalğalanmalarından qorumaq və zərərlərini azaltmaq üçün sahibkar hökmən bazarı öyrənməlidir, marketinq fəaliyyətini bilməlidir. İlk növbədə sahibkar kənd təsərrüfatı mallarının istehsalı və bazar vəziyyəti ilə əlaqədar məlumatları dəqiq öyrənməldiri.

   Kənd təsərrüfatı məhsulları ilə əlaqədar çox bilgiyə sahib olanlar adətən Kənd Təsərrüfatı Nazirliyi, kənd təsərrüfatı sahəsində hər il ətraflı araşdırma aparan quruluşlardır.

   Ancaq adi sahibkarlar, kiçik fermerlər az məlumata sahib olurlar və əllərindəki məlumatlar dərin, tədqiq edilən məlumatlar olmur. Kənd təsərrüfatı sahəsində çalışan sahibkar cari ildə ehtimal olunan tələb və qiymət səviyyəsi ilə əlaqədar məlumat əldə etməlidir. Mütəxəssislərə görə, bunu üçün də tövsiyə xarakterli televiziya proqramları verilməli, jurnal və qəzetlərdə yazılar dərc edilməlidir. Bu işləri isə birbaşa nazirlik və araşdırma quruluşları tərəfindən həyata keçirilməlidir.

   Həmçinin, ölkədə kənd təsərrüfatı məhsulları bircası yaradılmalıdır. Birca istehsalçılarla istehlakçıları biri araya gətirən bir qurumdur. Birja məhsulların qiymətini və hansı məhsulların nə qədər istehsal edilməsi gərəkliliyini müəyyənləşdirir. Kənd təsərrüfatı məhsulları bircasının yaradılmasının iki əhəmiyyətli daha var. Kənd təsərrüfatı malları xüsusiyyətləri etibarı ilə dayanıqsız, yəni tez xarab olan mallardır.

   Birjanın inkişaf etməsi ilə bu mallar məhv olmaqdan xilas olacaq. İkincisi, birjalar opsiyonlu satış sözləşmələrinin imzalanmasına şərait yaradacaq ki, bu da kənd təsərrüfatı istehsalçısının öz məhsulunu yetişməmişdən bir neçə ay əvvəl satmasına imkan verəcək. Beləcə də, aqrar sahədəki qeyri müəyyənlik halı böyük ölçüdə aradan qalxmış olacaq, yəni "zərərli" dalğalanmalar azalacaq.

   Hələlik, hökumətdə bununla bağlı ideyalar var, reallıqda isə heç bir tədbir yoxdur. Aqrar sahənin sahibkarları məhsul istehsal edib onun satışı dərdini çəkir. İstehsal edilən məhsulların alışında ciddi problemlə qalır.

   Deməli, aqrar sahədə marketinq biliklərini mənimsəmək, bazarı öyrənmək vacib olsa da çox təssüf ki, həlledici amil deyil. Sahibkarların məhsul bolluğunu yaratması üçün dövlətin dəstəyi də vacibdir. Xarici təcrübədə də dövlət sahibkarların daha çox istehsala təşviq etmək məqsədilə aqrar sahəyə dəstək verir.

   Azərbaycan hökuməti də kənd təsərrüfatı istehsalçılarını hər il daha çox məhsul istehsal etməyə təşviq məqsədilə müxtəlif tədbirlərdən istifadə edir.

   "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan prezidentinin 2007-ci ildə imzaladığı sərəncamına uyğun olaraq görülən tədbirlər önəmlidir. Bu sərəncamın tələblərindən irəli gələrək kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50%-nin dövlət tərəfindən ödənilməsinin, eləcə də buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına əkilən hər hektar üçün 40 manat yardımın verilməsi, məhsuldarlığa təsir göstərən reproduksiyalı toxum materialının satışına görə hər kq-a 30-40% əlavə maliyyə vəsaitinin ayrılmasının, habelə həftənin altıncı və bazar günləri kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili həyata keçirilir.

   Görülən tədbirlər nəticəsində 2000-ci illə müqayisədə 2011-ci ilə qədər kənd təsərrüfatı bitkilərinin əkin sahələrində və məhsul istehsalında ciddi artım qeydə alınıb. 2000-ci ildə cəmi 1,04 milyon hektar sahədə birillik bitkilərin əkin işləri aparılırdısa 2011-ci ildə 1,6 milyon hektar sahədə əkin işləri aparılıb. Taxıl əkilən sahələr bu dövrdə 650 min hektardan 1 milyon hektara yüksəlib.

   Digər məhsul növləri ilə müqayisədə taxıl bitkiləri əkilən sahələr daha çox böyüyüb. Bunun əsas səbəbi dövlətin subsidiyaları yalnız dənli və paxlalı əkin sahələrinə görə verməsidir.

   İqtisadi və Sosial İnkişaf Mərkəzi hesab edir ki, aqrar bölməyə ayrılan subsidiya məbləği bir qədər də artırılmalıdır. Bu sahəyə ayrılan vəsaitin məhsul istehsalının artımı ilə yenidən büdcəyə qayıtdığını güman edən mərkəz bildirir ki, əgər taxıl istehsalçıları üçün subsidiyanın məbləği 40 manat artırılarsa, Azərbaycan özünün taxıla olan tələbatını tam ödəyəcək. Taxılla bərabər pambıq becərilməsi üçünxüsusi subsidiya ayrılması tövsiyə edilir.

   Lakin subsidiyaların ümumi şəkildə istehsalçılara verilməsi də məqsədəuyğun deyil. Əgər məqsəd kənd təsərrüfatı məhsullarının bolluğunu yaratmaqdırsa deməli subsidiyalar müəyyən şərtlərlə verilməlidir. İqtisasi və Sosial İnkişaf Mərkəzi bildirir ki, subsidiyaların verilməsində yalnız torpaq amilinin götürülməsi vəsaitlərin səmərəli bölgüsünü əngəlləyən əsas amillərdəndir. ABŞ-da ən çox subsidiya buğda, pambıq istehsalçılarına yönəldilir. İstər Birləşmiş Ştatlarda, istərsə də Avropa Birliyi ölkələrində kənd təsərrüfatına subsidiya həyata keçirilən zaman strateji məhsul hesab edilən sahələrə daha çox vəsaitlər yönəldilir. Aqrar sektora ayrılan vəsaitlərin həcmi müəyyənləşdirilən zaman məhsulun strateji əhəmiyyət daşıyıb-daşımaması nəzərə alınır. Dövlət özünün strateji əhəmiyyət daşıyan sahələrini müdafiə etmiş olur. Azərbaycanda isə yeganə meyar fermerlərin sahib olduğu torpağın sahəsidir.

 

  

   Vasif CƏFƏROV

 

   Ekspress.- 2012.- 1 noyabr.- S.- 9.