Böyük alimi itirdik
Akademik Budaq Budaqov 85
yaşında vəfat etdi
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA Coğrafiya
İnstitutunun direktoru
Budaq Budaqov vəfat edib.
Coğrafiya İnstitutunun
yaydığı məlumata görə, akademik dünən
günorta saatlarında dünyasını dəyişib.
Azərbaycan prezidenti İlham Əliyev,
dövlət və hökumət rəsmiləri, elm xadimləri
akademik Budaq Budaqovun vəfatı ilə əlaqədar
başsağlığı veriblər.
Başsağlığında deyilir:
"Azərbaycanın elmi ictimaiyyətinə ağır itki
üz verib. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvü, əməkdar elm xadimi, coğrafiya elmləri
doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya
İnstitutunun direktoru, professor Budaq Əbdüləli oğlu
Budaqov 2012-ci il noyabrın 1-də ömrünün 85-ci ilində
vəfat edib.
Budaq Budaqov 1928-ci il fevral ayının
23-də Ermənistan SSR-in Zəngibasar rayonunun Çobankərə
kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra
1945-1947-ci illərdə Yerevanda Azərbaycan
pedaqoji məktəbində təhsilini davam etdirib, 1947-1951-ci illərdə
isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya
fakültəsində ali təhsil
alıb. O, 1951-1955-ci illərdə Moskvada
SSRİ Elmlər Akademiyasının Coğrafiya
İnstitutunun aspiranturasında oxuyub.
Əmək fəaliyyətinə 1955-ci
ildən etibarən Azərbaycan Respublikası Elmlər
Akademiyasının Coğrafiya İnstitutunda kiçik elmi
işçi kimi başlayan Budaq Budaqov burada 1958-1967-ci illərdə
böyük elmi işçi, 1967-1986-cı illərdə
şöbə müdiri işləyib, 1974-1983-cü və
1986-1989-cu illərdə isə institutun elmi işlər
üzrə direktor müavini olub. O, 1994-cü ildən
ömrünün sonuna qədər Azərbaycan Milli Elmlər
Akademiyasının Həsən Əliyev adına Coğrafiya
İnstitutunun direktoru vəzifəsində
çalışıb.
Budaq Budaqov 1955-ci ildə namizədlik,
1967-ci ildə doktorluq dissertasiyalarını müdafiə
edib, 1969-cu ildə professor elmi adını alıb. O, 1976-cı ildə Azərbaycan
Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib. Budaq Budaqov
respublikamızda coğrafiya elminin inkişafına qiymətli töhfələr
verib.
Onun tədqiqatlarının
başlıca istiqamətlərini geomorfologiya,
landşaftşünaslıq, paleocoğrafiya və toponimika məsələləri
təşkil edib. Budaq Budaqovun əsas elmi nailiyyətləri
Böyük Qafqazın Azərbaycan hissəsinin
geomorfologiyasının, yeni tektonik hərəkətlərin və qədim
buzlaşmanın aşkara
çıxarılması ilə sıx bağlıdır. Alimin rəhbərliyi
və yaxından iştirakı ilə respublikada
səhralaşma proseslərinin elmi əsasları
araşdırılmış, landşaftın geokimyasına dair problemlər tədqiq olunub.
Ölkəmizin ərazisinin irimiqyaslı landşaft
xəritələrinin və atlasların tərtibində onun mühüm xidmətləri
var.
Budaq Budaqovun
araşdırmalarının nəticələri ölkədə
və onun hüdudlarından kənarda nəşr edilmiş
600-ə yaxın elmi əsərdə, o cümlədən 25
monoqrafiyada əksini tapıb.
Alimin yaradıcılığında, həmçinin
elmi-kütləvi və publisistik məqalələr də
geniş yer tutur. O, mətbuatdakı müntəzəm
çıxışları ilə ictimaiyyətin diqqətini
ekologiya və ətraf mühitin qorunması problemlərinə
yönəldib, ölkənin yurdumuzun zəngin sərvətlərindən
səmərəli istifadə olunmasını təbliğ
edib.
Budaq Budaqov elmi
yaradıcılığı pedaqoji sahədəki fəaliyyəti
ilə uğurlu şəkildə əlaqələndirib. O,
respublikada coğrafiyaşünaslar məktəbinin
formalaşdırılması üçün bilik və
bacarığını əsirgəməyib, coğrafiya dərsliklərinin
hazırlanması və yüksək ixtisaslı kadrların
yetişdirilməsi işinə böyük qüvvə sərf
edib.
Beynəlxalq konfrans və
simpoziumlardakı çıxışları ilə Azərbaycan
elmini yüksək səviyyədə təmsil edən Budaq
Budaqov, həmçinin bacarıqlı elm təşkilatçısı
kimi yaxşı tanınırdı. Respublikanın elmi-mədəni
həyatının fəal iştirakçısı olan alim
Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi də
geniş ictimaiyyət arasında yüksək nüfuza malik
idi.
Coğrafiyaşünas alim Budaq Budaqovun
altmış ilə yaxın bir dövrü əhatə edən
elmi fəaliyyəti layiqincə qiymətləndirilib. O, Azərbaycan
elminin inkişafındakı xidmətlərinə görə
müxtəlif mükafatlara, o cümlədən müstəqil
Azərbaycan Respublikasının ali təltifi "Şöhrət"
ordeninə layiq görülüb.
Tanınmış alim, bacarıqlı
elm təşkilatçısı, təcrübəli pedaqoq və
səmimi insan Budaq Budaqovun xatirəsi onu tanıyanların qəlbində
həmişə yaşayacaq.
Allah rəhmət eləsin!"
Mərhumun cənazəsi vidalaşmaq
üçün 2012-ci il noyabrın 2-də saat 14.00-dan 16.00-dək
Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi
zalında (Hüseyn Cavid prospekti, 31) qoyulacaq.
Ekspress. – 2012. -2
noyabr. – S. 2.