Nazirdən nikbin proqnoz

 

İsmət Abasov: Kənd təsərrüfatı istehsalını azı 2 dəfə artırmaq olar

 

2012-ci ilin indiyədək olan dövründə 2 milyon 763 min ton taxıl istehsal edilib. Bunun 1 milyon 844 min tonu buğdadır. Ötən illə müqayisədə taxıl istehsalı 1,6 faiz, o cümlədən buğda istehsalı 1,7 faiz artıb.

Bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov kənd təsərrüfatı günü münasibəti ilə keçirilən iclasdan sonra jurnalistlərə bildirib. Onun sözlərinə görə, bu il məhsuldarlıq da ötən ilə nisbətən daha yüksək olub: "Belə ki, bu il taxılda məhsuldarlıq 1,6%, buğda istehsalında 1,7% artıb".

Onun fikrincə, mövcud əkin sahələrindən daha səmərəli istifadə edilərsə yeni yaradılan iri taxılçılıq təsərrüfatlarının hesabına gələcəkdə ölkəni taxıl, buğda yem bitkiləri ilə tam təmin etmək mümkün olacaq.

Nazirin proqnozuna görə, iqlim şəraiti əlverişli olarsa, 2013-cü ildə 2 milyon 800 min tondan artıq taxıl yığılacaq.

"Turan"ın sualına cavab olaraq İsmət Abasov məlumat verib ki, kənd təsərrüfatı istehsalçıları 9 vergi növünün 8-dən azaddır. Yeganə torpaq vergisi verirlər, bu da simvolik bir rəqəmdir: "Kənd təsərrüfatına bir neçə istiqamətdə subsidiyalar verilir. Aqrolizinq bir növ subsidiya kimi qiymətləndirilməlidir. Alınan texnikalar, texnoloji avadanlıqlar, gübrələr güzəştli şərtlərlə istehsalçılara verilir. 2007-ci ilin yanvar ayından isə prezidentin sərəncamı ilə hər hektar əkin sahəsi üçün 40 manat, eyni zamanda buğda istehsalçılarının marağını artırmaq üçün əlavə olaraq 40 manat verilir. Elmi tədqiqat institutlarında istehsal olunmuş super-elit, orijinal elit növ toxumlar dövlət tərəfindən maliyyələşdirilir. R-1 R-2 repreduksiyalı toxumların dəyərinin isə 30-40 faizi dövlət tərəfindən ödənilir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən verilən vəsaitlərin əsas hissəsi kənd təsərrüfatına yönəlib".

Nazir 9 ayın yekununda kənd təsərrüfatı sahəsində 6,3 faiz artım əldə edildiyini bildirib: "Əkin sahələrindən səmərəli istifadə edilərsə, mütərəqqi suvarma metodlarından istifadə olunarsa, bütün lazımi aqrotexniki tədbirlər zamanında həyata keçirilərsə, gələcək illərdə mövcud kənd təsərrüfatı istehsalını azı 2 dəfə artırmaq olar".

İsmət Abasov deyib ki, hazırda Azərbaycanda baş sayı hesabı ilə kifayət qədər iri buynuzlu mal-qara var: "Əgər bu sayda yüksək məhsuldarlığı olan heyvanlar olarsa, istər ət ət məhsulları, istərsə süd süd məhsulları istehsalı sahəsində nəinki öz tələbatımızı ödəyə bilərik, həm ixraca məhsul göndərə bilərik. Amma, təəssüf ki, bu gün iri buynuzlu heyvanların sayı çox olsa da, məhsuldarlıq çox aşağıdır. Hər iribuynuzlu heyvan gündə təxminən 4 litr süd verir. Bu, çox aşağı rəqəmdir".

Cari ilin 9 ayında keçən ilin müvafiq dövrünə nisbətən mal-qaranın baş sayı 35,9 min baş artaraq 2 milyon 699 min başa, davarların baş sayı isə 112,9 min baş artaraq 8 milyon 687,7 min başa çatıb. 276,5 min ton diri cəkidə ət 1 milyon 300 min ton süd istehsal olunub. Keçən ilin müvafiq dövrünə nisbətən ət üzrə 17,6 min ton, süd üzrə 69,6 min ton çox məhsul istehsal edilib.

Nazirin sözlərinə görə, məhsuldarlığı artırmaq üçün ölkəyə damazlıq heyvanların gətirilməsi davam edir. "Damazlıq heyvanlar Avropadan gətirilir. İndiyədək artıq 5 mindən çox damazlıq heyvan gətirilib. Bundan sonra isə 1200-1230 damazlıq heyvan gətiriləcək. Ümumilikdə isə bu günədək ölkədə 7300-dən çox damazlıq heyvan var. Heyvanların hamısı lizinq yolu ilə kəndlilərə verilib", -deyə nazir məlumat verib.

Nazir iri fermer təsərrüfatlarının yaradılması ilə bağlı deyib ki, ilkin olaraq Ağcabədi Beyləqan rayonlarında 4800 hektar ayrılıb: "Suvarma kanalları çəkilir, lazımi işlər görülür. Bu torpaq sahələri müsabiqə yolu ilə fermer təsərrüfatlarına veriləcək. Prezident hökumətin qarşısında məsələ qoyub ki, 50 belə iri taxıl təsərrüfatı yaradılsın. Hazırda iri taxılçılıq təsərrüfatlarının yaradılması istiqamətində işlər davam etdirilir".

 

  

A.Həmid

 

Ekspress. – 2012. – 2 noyabr. – S. 7.