Qeyri-hasilat sənayesi dəstəklənməlidir

 

Bu sahənin inkişafı iqtisadiyyatın davamlı böyüməsinə təminat yaradır

 

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

 

Azərbaycanda sənaye sahəsində yaradılan ümumi daxili məhsul istehsalının 2011-ci ildən bəri azalması hökuməti bir həqiqətlə üz-üzə qoydu: yalnız və ya daha çox hasilat sahəsinə, xüsusilə də neft və qaz çıxarılmasına arxalanmaqla sənayenin davamlı inkişafına nail olmaq mümkün deyil. Belə bir həqiqət var ki, ölkəmizdə ÜDM-nin formalaşmasında sənaye daha böyük paya sahibdir. Deməli, sənaye sahəsində baş verən geriləmə həm də ölkə iqtisadiyyatını ümumi inkişafdan saxlayır.

Sadalananlar göstərir ki, neft-qaz sektoru sənayenin, sənaye isə iqtisadiyyatın əsas hissəsini yaradır. Bu zəncirvari bağlantı Azərbaycan iqtisadiyyatının həqiqətidir. Amma 2011-ci il və 2012-ci ilin geridə qalan dövrü zəncirin qırılmasının vacib olduğunu təsdiqlədi. Göstərdi ki, sənayedə inkişafı neft-qaz sektorunun ümidinə buraxmaq olmaz. Sənayenin emal bölməsinin inkişafına da xüsusi diqqət ayrılmalıdır. Əks təqdirdə nəinki sənayedə, hətta ümumi iqtisadiyyatda real artımlara çətinliklə nail olunacaq.

Yaxşı ki, son illərdə yalnız neft-qaz sektoru inkişaf etdirilməyib. Onunla bərabər qeyri-neft sektorunda da ciddi irəliləyiş əldə olunub. Məhz qeyri-neft sektorunun inkişafı hesabına 2011-ci ildə və 2012-ci ilin geridə qalan dövründə ümumi iqtisadi inkişaf zəif də olsa təmin edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ÜDM istehsalı 2011-ci ildə 0,1 % artaraq 50,1 milyard manata çatıb. Əlavə dəyər məhsul istehsalı sahələrində 3,5 % azalıb, xidmət sahələrində 6,5 % artıb. Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 9,4 % artıb, neft sektorunda isə 9,3 % azalıb.

Neft-qaz hasilatının azalması sənaye sahəsində məhsul istehsalının 2010-cu illə müqayisədə 5 % azalmasına səbəb olub. Ötən il sənaye məhsulunun 77,9 %-i və ya 26,9 milyard manatı mədənçıxarma bölməsində, 17 %-i (müvafiq olaraq 5,9 milyard manatı) emal bölməsində, 4,5 %-i (1,6 milyard manatı) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 %-i (188,5 milyon manatı) su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub. 2011-ci il ərzində mədənçıxarma bölməsində 45,4 milyon ton neft, 25,7 milyard kub metr qaz hasil olunub. Sənaye məhsulu istehsalı neft sektorunda 8,5 % azalıb, qeyri-neft sektorunda isə 11,1 % artıb.

   Emal bölməsinin məhsullarından qida məhsullarının istehsalı 5 %, içki istehsalı 8,4 %, geyim istehsalı 56,5 %, ağac emalı və ağacdan məmulatların istehsalı 23,4 %, poliqrafiya məhsulu 12,8 %, neft məhsullarının istehsalı 0,9 %, kimya məhsullarının istehsalı 27,1 %, tikinti materialları istehsalı 4,4 %, metallurgiya sənayesi məhsulları istehsalı 1,9 dəfə, kompüter və digər elektron avadanlıqların istehsalı 22,8, mebel istehsalı 24,5 % artıb.

Sənayenin hasilat bölməsində azalma 2012-ci ildə də davam edib. Sənayedəki azalma iqtisadiyyatın istehsal sahəsində azalmaya da səbəb olub. 2012-ci ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul istehsalı 1,1 %, yaxud müqayisəli qiymətlərlə 435,1 milyon manat artaraq 39,8 milyard manata çatıb. ÜDM-in 67,2 %-i məhsul istehsalı sahələrində, o cümlədən 51,3 %i sənayedə, 9,8 %i inşaat kompleksində, 6,1 %-i kənd təsərrüfatında yaradılıb. Xidmət sahələrinin ÜDM-də xüsusi çəkisi 26,6 %, o cümlədən nəqliyyatın 4,7 %, ticarət və pullu xidmətlərin 8 %, rabitənin 1,7, sosial və digər xidmətlərin 12,2 % təşkil edib.

Cari ildə də ÜDM istehsalı qeyri-neft sektorunda 10,3 % artıb, neft sektorunda isə 6,9 % azalıb.

Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 25,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 96,5 % təşkil edib. Məhsulun 76,4 %-i mədənçıxarma bölməsində, 18,3 %-i emal bölməsində, 4,8 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5 %-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub. 2011-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 5,7 % azalıb, emal bölməsində 7,9 %, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 8,8 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 2,6 % artıb. Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 32,8 milyon ton, əmtəəlik qaz 12,8 milyard kub metr, qızıl 1,1 ton, gümüş istehsalı 477 kq təşkil edib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7,7 % artıb, neft sektorunda isə 5,6 % azalıb.

Emal sektorunda qida məhsulları istehsalı 3,1 %, içki 10,5 %, toxuculuq sənayesi məhsulları 2,3 dəfə, geyim 55,9 %, poliqrafiya məhsulu 1,9 dəfə, rezin və plastik məmulatlar 2,9 dəfə, tikinti materialları 19,4 %, metallurgiya məhsulu 16,6 %, hazır metal məmulatları 1,7 dəfə, elektrik avadanlıqları 2,1 dəfə, sair nəqliyyat vasitələri 20,1 %, mebel istehsalı 3,1 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri isə 26 % artıb.

Son illərin təcrübəsi göstərdi ki, hasilat sənayesindən fərqli olaraq emal sənayesində müəyyən inkişaf səviyyəsinə nail olduqdan sonra o səviyyədə artım uzun müddət davam edir. 2005-2007-ci illərdə hasilat sənayesində hər il 30-40 %lik real artım baş verib. Amma sonra 2010-cu ildə artım 1,2% təşkil edib, 2011-ci ildə isə 8,4 %lik azalmayla əvəz olunub. 2012-ci ildə azalma davam edərək 5-6 % təşkil edəcək. Emal bölməsində isə kəskin artım olmasa da stabil inkişaf var. Ötən illərdə emal sənayesində real artım 5-9 % səviyyəsində olub. 2012-ci ildə emal sənayesində 7-8 %-lik artım gözlənilir.

Emal sənayesindəki stabil artım investisiya qoyuluşlarında da özünü göstərir. Hələlik emal sənayesinə hasilat sənayesi ilə müqayisədə xeyli dərəcədə az sərmayə qoyulsa da dinamika emal sənayesinə qoyulan sərmayələrin gələcəkdə daha böyük olacağından xəbər verir. 2005-ci ildə hasilat sənayesinə 3,73 milyard manat, emal bölməsinə isə 115,8 milyon manat sərmayə qoyulduğu halda 2011-ci ildə hasilat bölməsinə 3,24 milyard manat, emal sahəsinə isə 848 milyon manat sərmayə yönəldilib. Başqa sözlə hasilat sənayesinə qoyulan sərmayələrin həcmində artım olmadığı halda emal bölməsinə qoyulan vəsaitdə artım nəzərəçarpacaqdır.

İnvestisiyaların artması hesabına İqtisadi İnkişaf Nazirliyinin sosial-iqtisadi inkişaf proqnozlarına əsasən, qarşıdakı 5 ildə qeyri-neft sənayesində ümumilikdə 40%-dən çox artım olacaq. Bu sahə üzrə 2012-ci ildə 9,2%, növbəti 3 ildə isə orta hesabla 10,5% artım proqnozlaşdırılır. Sənayenin əsas aparıcı bölməsi olan kimya sənayesində daha çox artım gözlənilir. Növbəti illər üçün proqnozlaşdırılan göstərici bu sahədə fəaliyyət göstərən müəssisələrin istehsal güclərinin artırılması, modernləşdirilməsi və eləcə də yeni məhsul istehsalına başlanılması hesabına təmin ediləcək. Belə ki, kimya sənayesində 2012-ci ildə 20,8%, növbəti 3 ildə isə orta hesabla 19,6% artım proqnozlaşdırılır. Bununla yanaşı, qeyri-neft sənayesinin metallurgiya və emal bölmələrində də illik 6-7% artım gözlənilir.

Digər bir fakt, emal sənayesinin inkişafını zəruri edən həm də bu sahədə çalışanların sayının hasilat sənaye sahələrinə nisbətən daha çox olmasıdır. 2011-ci ildə bütün sənaye sahələrində 184 min işçi çalışıb. İşçilərin 35 mini hasilat bölməsində, 96 mini mədən bölməsində, 30,5 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 22,3 mini su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində işləyib.

Nəhayət, qeyri-neft sənayesinin inkişafı vergitutma bazasını da gücləndirir. Qeyri-sənaye sektorunda iri müəssisələrin işə salınması həm də iri vergi ödəyicilərinin sayının artması, vergitutma bazasının genişləndirilməsi, vergi daxilolmalarının həcminin artması üçün əlverişli zəmin yaradır. İşçi sayının artması, dövriyyənin böyüməsi əlavə vergitutma bazasını yaradır.

Beləliklə, statistik məlumatlar daha bir reallığı üzə çıxardır. Hökumət emal sənayesinin inkişafını stimullaşdırmaqla, ona dəstək verməklə sənayedə və ümumən iqtisadiyyatda müsbət dinamikanı təmin etmək olar və bu olduqca vacibdir. Bunu nəzərə alaraq Azərbaycan dövləti sənayenin qeyri-neft bölməsinə xüsusi dəstək verməyə hazırlaşır.

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 28-də Beyləqanda Aran və Yuxarı Qarabağ bölgələrində fəaliyyət göstərən sahibkarlarla görüşdə bildirib ki, ölkəmizin sənaye potensialının gücləndirilməsi sahəsində böyük işlər görülür və böyük planlar var: "Artıq bu planlar həyata keçirilir. Yeni texnologiya parklarının yaradılması, yeni stimullaşdırma tədbirlərinin görülməsi prosesi başlanmışdır. Yaxın gələcəkdə ölkə sənayesinin uğurlu və sürətli inkişafını daha da gücləndirmək üçün yeni stimullaşdırıcı tədbirlər nəzərdə tutulubdur. Yaxın gələcəkdə ictimaiyyət bu məsələlərlə bağlı məlumat əldə edəcəkdir. Bir sözlə, demək istəyirəm ki, sahibkarlığın inkişafı dövlət siyasətidir və dövlət siyasəti kimi qalacaqdır".

Son illərdə sənayedəki dəyişiliklər belə qənaətə gəlməyə əsas verir ki, dövlət sənayenin qeyri-hasilat sektorunun inkişafında israrlıdır. Sənayedə şaxələnmə hökmən baş verəcək və bu makroiqtisadi inkişafla bərabər müsbət sosial dəyişikliklərə də əsas yaradacaq.

 

  

Vasif CƏFƏROV

 

Ekspress. – 2012. – 2 noyabr. – S. 9.