Mir Cəfər Bağırov və Zəhra Kərimova

 

   Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?

 

  Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb...

   Qeyd: Artıq 5 ilə yaxındır, Teyyub müəllimin Mir Cəfər Bağırovla bağlı arxivlərdən gün işığına çıxardığı materialları, müxtəlif sənədləri qəzetimizin hər şənbə sayında "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığı altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin məhkəməsi ilə, məhkəmənin ətrafında cərəyan edən hadisələrlə və ictimaiyyətə məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur. Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.

   Yaxın saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığını yalnız rubrika kimi saxlayırıq.

 

   (əvvəli ötən şənbə saylarımızda)

 

   Bəli, iyirmi iki il əvvəl - 1918-ci ildə dədə-baba torpağından qaçqın salınmış Azərbaycan qadını Bakının ən qədim ərazisindən birində rəhbər işə irəli çəkilmişdir. Zəhra xanımın birinci katib kimi fəaliyyətə başladığı gün neft yataqları ilə zəngin Binəqədi daha bir möcüzəsini göstərmişdir - burada arxeoloji qazıntılar zamanı indiyədək elm aləminə məlum olmayan nadir qədim kərgədan skeleti tapılmışdır. Zəhra Kərimovanın birinci katib işləməsinin ildönümündə faşist işğalçılar - bu dəfə alman faşistləri qədim Azərbaycan ərazisini odlara qalamaq xəyalına düşmüşlər. Zəhra xanım gecəni gündüzə qataraq Binəqədi yatağının neftini orduya səfərbər etmişdir. Sanki Binəqədi kəndinin qədim kərgədan fəqərəsinə "qara qızıl" damlalarından qan hopmuş, kərgədan canlanmış, ayağa qalxmış, Vətən torpağında şəhid olmuşların intiqamını almaq üçün əlbəyaxa döyüşə atılmışdır! O zaman, 1942-ci ildə döyüş cəbhəsindən məktub göndərən qardaşı Kərim də əfsanəvi qəhrəman idi. 1942-ci il fevralın 6-da SSRİ Ali Sovetinin fərmanı ilə neft hasilatı planının artıqlaması ilə yerinə yetirilməsində nümunəvi işinə görə Azərbaycanın rayon partiya komitəsinin katibinin Lenin ordeni ilə təltif edilməsini "İzvestiya" qəzeti döyüş hissələrinə də çatdırmışdı. Kalinin vilayətinin Beryoza kəndində səngərdə ikən bacısının adını qəzetdə görən Qubadlının keçmiş raykom katibi Kərim Adıgözəl oğlu Kərimov Zəhra xanıma göndərdiyi məktubda yazırdı: "O qədər sevindim ki, gözlərim yaşardı".

   Müharibə vaxtı hər gün Mir Cəfər Bağırovun yanında keçirilən uzun çəkməyən iclasların başlıca məsələsi neft hasilatı idi. Zəhra Kərimova bir partiya rəhbəri kimi vəziyyətin nə qədər çətin olduğunu yaxşı dərk edirdi. Müharibənin əvvəlində almanlar Maykop, Krasnodar, Mozdok şəhərlərini ələ keçirərək, Qroznıya tərəf irəliləyirdilər. Zaqafqazyanı SSRİ-nin sənaye şəhərləri ilə birləşdirən yollar kəsilmişdi. Mir Cəfər Bağırov başda olmaqla, Azərbaycanın qeyrətli rəhbərlərinin ümdə vəzifəsi Bakıda orduya göndərilmək üçün hərbi sursat hazırlanmasını genişləndirmək idi. Şəhərimizdə, o cümlədən Binəqədidəki zavodlarda minamyotlar, avtomatlar, qranatlar, patronlar və digər sursat hazırlanıb cəbhəyə göndərilirdi. Əsgərlərin geyimlə təminatı da öz yerində. Bakı nefti Xəzər dəniziylə Həştərxana çatdırılırdı.

   Bakı həm də ümumittifaq hərbi xəstəxanaya çevrilmişdi. Faşistlər tərəfindən işğal olunmuş ərazilərin zavod və fabrikləri, əhalisi şəhərimizdə bərqərar olmuşdu. Ali məktəb binaları, muzeylər yaralıların şəfa ocağına çevrilmişdi. Sanatoriyalar, istirahət evləri müharibədə yaralanmışların əlillər evi idi. Belə bir şəraitdə Mir Cəfər Bağırov rayon partiya komitəsinin birinci katibi Zəhra Kərimovanı respublika səviyyəli bir sahəyə rəhbərliyə tövsiyə etmişdir. 1942-ci ilin yanvarında Zəhra Adıgözəl qızı Kərimova Azərbaycan SSR ictimai təminat naziri təyin edilmişdir. O, bu məsul vəzifədə 1952-ci ilin avqustun 1-dək çalışmışdır. Azərbaycan Respublikası Dövlət Arxivində həmin nazirliyin fəaliyyətinə dair materiallar qorunub saxlanılmaqdadır. Zəhra Kərimovanın bir nazir kimi fəaliyyətinin bəzi məqamlarına dair arxiv sənədlərini oxucuların nəzərinə çatdırıram.

   1942-ci ildə ictimai təminat nazirinin ümdə vəzifəsi müharibə əlillərinin sağlamlığının qorunması və onların işlə təmin olunması idi. Bu məqsədlə Zəhra Kərimova Azərbaycanın bütün şəhər rayonlarından müfəssəl məlumat toplamışdır. Dövlət arxivində Zəhra Kərimova yoldaşa ünvanlanmış belə məktublar ayrıca fondda (Fond 29, siyahı 8, 120) "1942-ci ildə Azərbaycan SSR üzrə müharibə əlillərinin işlə təmin edilməsi üzrə" ayrıca qovluqda saxlanılır. Nümunə üçün belə məktublardan birisi ilə tanış olun:

   "Azərbaycan xalq ictimai təminat komissiariatına

   Naxçıvan MSSR Ordubad rayonu üzrə vətən müharibəsi əlilləri haqqında tələb etdiyiniz məlumatlar aşağıdakı qayda üzrə sizə təqdim olunur:

   1. Uçotda olan vətən müharibəsi əlillərinin ümumi miqdarı - 29 nəfər.

   O cümlədən:

   I qrup - 3 nəfər

   II qrup - 22 nəfər

   III qrup - 4 nəfər.

   2. Vətən müharibəsi əlillərinin ümumi sayından işə düzəldilənlərin miqdarı - 11 nəfər

   O cümlədən:

   I qrup - 1 nəfər

   II qrup - 8 nəfər

   III qrup - 2 nəfər.

   Ordubad rayon ictimai təminat şöbəsinin müdiri T.Əliyeva

   Təlimatçısı İ.Əliverdiyev".

   Arxivdə qorunub saxlanılan materiallarla tanışlıqdan bu da meydana çıxır ki, xalq komissarı Zəhra Kərimova 1942-ci ildə Azərbaycanın bir sıra yerlərində ezamiyyətdə olmuş, rayon partiya komitələri binasında müharibə əlillərinə və müharibədə həlak olmuş əsgər ailələrinə müavinət verilməsi vəziyyətini yaxşılaşdırmaq sahəsində təklifləri yığıncaqlarda müzakirə etmişdir. Bu cəhətdən 1942-ci il iyul ayının 14-də Tərtərdən Bakıya yazılıb göndərilmiş məktub səciyyəvidir. Tanış olun:

   "Azərbaycan SSR ictimai təminat komissarı Kərimova yoldaşa

   1942-ci ilin iyun ayının 1-də rayon ictimai təminat şöbəsinin işi şəxsən Sizin tərəfinizdən yoxlanılmışdır. Aşkara çıxarılmış nöqsanların düzəldilməsinə aid görülən işlər barədə məlumat veririk:

   1. İctimai təminat şöbəsi üzrə iclas protokolları səmahana salınmış, protokollardan çıxarışlar müavinət və pensiya alanların işinə əlavə edilmişdir.

   2. Müavinət kitabçaları iyun ayının 10-da sahiblərinə paylanmışdır.

   3. Vətən müharibəsi cəbhəsindən gələn yaralılar üçün komissiya yaradılmış və 10 nəfərə pensiya kəsilmişdir.

   4. Qızıl əsgər ailələrinə verilən müavinətlərin hər ayın 16-dan 30-dək verilməsi təmin olunmuşdur.

   5. Vətən müharibəsi cəbhələrindən gələn 105 nəfər 1-ci, 2-ci və 3-cü qrup Rayon İcraiyyə Komitəsinin köməkliyi ilə işə düzəldilmişdir. Qalan 71 nəfər xəstə olduqlarından işləmək qabiliyyətinə malik deyildir.

   6. Vətən müharibəsi cəbhələrindən gələn 176 nəfər hər ay 18 kiloqram buğdayaxud un ilə təmin olunmuşdur.

   Sizin 1 iyun 1942-ci ildə rayon Partiya Komitəsində keçirdiyiniz iclasdan sonra bizə rayispolkomun binasında bir otaq ayrılmış, burada pensiya sənədlərimizi saxlamaq üçün şkaf qoyulmuş, bir neçə stul düzülmüşdür. Ən başlıcası, telefonla təmin olunmuşuq.

   Tərtər rayon ictimai təminat şöbəsinin müdiri İmanova.

   14 iyul 1942-ci il".

   Azərbaycan Respublikası Dövlət Arxivində "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif olunmuş nazirlik işçilərinin siyahısı (Fond 29, siyahı 8, 125) ilə tanış oluruq. Azərbaycan SSR İctimai Təminat Nazirliyinin işçilərindən 29 nəfəri bu medalla təltif olunmuşdur. 1946-cı il yanvar ayının 23-də Azərbaycan KP MK-nın və respublika Ali Soveti Rəyasət Heyətinin tapşırığı ilə Zəhra Kərimova şəxsən özü fədakar əməkdaşlarını təltif etmişdir. Gözə çarpan maraqlı cəhət bir də bundadır ki, nazir təvazökarlıq nümunəsi göstərərək öz adını sıravi işçilərin sırasına salmışdır: Əliyeva Sona Əlihüseyn qızı (makinaçı), Ələsgərova Gövhər Dadaş qızı (süpürgəçi), Cəbizadə Tofiq Sadıq oğlu (Kadrlar şöbəsinin sabiq müdiri), Kərimova Zəhra Adıgözəl qızı (nazir)...

 

   (ardı var)

 

 

  Teyyub Qurban

 

  Ekspress. – 2012. -3-5 noyabr.- S. 15.