"Təkliyin nə olduğunu
indi anlayıram"
Zərnigar Ağakişiyeva: "O
teatrda heç kimin məndən ötrü gözü
atmır"
Xalq artisti Zərnigar Ağakişiyeva
dövlətin ona verdiyi və yenicə
köçdüyü evində APA-ya verdiyi müsahibəsində
həyatının gizli, bu günə kimi danışmadığı
məqamlarına toxunur. Müsahibəni ixtisarla təqdim
edirik.
-...Bu gün teatra getməsəm də,
tamaşaçı ilə səhnədən ünsiyyət
saxlamasam da, bu o demək deyil ki, hər şey bitib. Həyatımı
insanların ruhunu, qəlbini sevindirməyə həsr
etmişəm. Bu, ömrüm boyu belə davam edib. Bu mənim
həyatımın mənası, ən dəyərli
anları olub. Nəinki peşmanam, əksinə sevinirəm
ki, Allah mənə məhz bu yolu nəsib edib. Teatra gələndə
özümə üç il vaxt müəyyənləşdirdim.
Düşündüm ki, əgər tamaşaçı
marağı zəif olsa, xoşagəlməz hal yaşansa, yerimdə
saysam, çıxışlarım tamaşaçı tərəfindən
orta səviyyədə qəbul olunsa, bu sənətdə
qalan deyiləm. Amma bir il ərzində artıq hamı "o
qız, filan rolu oynayan qız" dedi və adım
yaddaşlarda, dillərdə qaldı. Əgər ürəklərdə
varamsa, səhnədə olmasam belə, tamaşaçıların
qarşısında baş əyirəm. Yəni bu həyatı
mənim üçün maraqlı, sevincli, mənalı edən
tamaşaçı olub.
- İstənilən münasibətlərdə
sevgi ön sıralarda olur. Deyirlər, insanı da sevgi
yaşadır. Siz, sadəcə tamaşaçı sevgisi ilə
kifayətlənmisiniz...
- Təbii... Məni bu gün sənətə,
həyata bağlayan şeyin tamaşaçı sevgisi
olduğunu demirəm. Biz aktyorlar ömrümüzü nəyə
sərf etdiyimizi bilirik. Ömrümüzü şübhəsiz
tamaşaçıya sərf edirik. Tamaşadan sonra mənə
yaxınlaşıb tanış olur, gül dəstəsi gətirirlər.
Bunların hər biri böyük diqqət, qiymət deməkdir.
Ömrümü sənətə sərf etdim və buna
heç də peşman deyiləm.
- Amma qurban vermisiniz... Bu illər ərzində
ailə qurmaq arzunuz olub?
- Onu mən hiss etməmişəm. Axı
insanı yaşadan sevgidir və mən bu sevgini
alırdım. O sevgi, tamaşaçı sevgisi mənə xəyanət
etmədi. Ümumiyyətlə, sevgisiz heç nə yoxdur,
bu, tək insan üçün nəzərdə
tutulmayıb. Bütün canlıların sevgiyə
ehtiyacı var. Heyvanlar da öz sevgilərini özlərinə
məxsus şəkildə nümayiş etdirir və əvəzini
istəyir. Həyat sevgi, məhəbbət üzərində
qurulub. Sevgi ailədə də olur. Əgər orda təmənna
yoxdursa. Bəzən elə olur ki, ailələr qurulanda müəyyən
təmənnalar güdülür. Qarşılıqlı
sevgi əsasında ailə qurmaq, uşaqların bu ailədə
sevgi içərisində böyüməsi başqa
şeydir. Hər zaman düşünmüşəm ki, ailə
həyatım ya belə olsun, ya da heç olmasın. Başqa
cür istəmirəm, istəməzdim də. Həmişə
çəkinmədən demişəm ki, ailə o zaman ailə
olur ki, hər iki tərəf bir sənətin yolçusu
olur, günü-güzəranı maraqlı, amalı bir olur.
Amma cəmiyyətdə elə ailələr, insanlar var ki,
onlar həyat yoldaşlarının aktrisa olmasını istəmirlər.
Ona görə yox ki, bu, pis peşədir, yoldaşına
baxırlar və s. Sadəcə ailənin mövcud bir
proqramı və qanunu var. Ola bilər bunu qəbul etsinlər,
amma sonda sən özün baxıb görürsən ki,
günorta 3-ə qədər və axşam saat 7-dən 11-dək
teatrdasan, bir ay qastroldasan. Bu adam olur azad, yəni sən varsan,
ya yoxsan, onun daha fərqi yoxdur. Biri var ki, biz həyatın
üzünə ideoloji, fantastik və yaxud mənəviyyat
müstəvisində baxırıq. Həyatın üzünə
dik baxanda görürsən ki, hər bir kişi işdən
evə istirahətə gəlir, ailə
başçısıdır, onu evdə isti nəfəs
qarşılamalıdır. Əgər gəlib görür
ki, evdə heç kim yoxdur, soyuducudan özü
çıxarıb nə isə hazırlayırsa, bunlar
hamısı səbəbdir. Təbii ki, ailə quranda kişi
istəməz ki, həyat yoldaşının adı dillərdə
hallansın. Bu, həyatın reallığıdır, amma biz
bunu nədənsə qəbul etmirik.
- Siz
çıxışlarınızın birində 13 il bir
insanla eyni evi bölüşdüyünüzü demisiniz.
- Bəli, həyat yoldaşım olub. Mən
həddindən artıq sərbəst idim, o da özü
üçün sərbəst idi. O, ailə deyildi... Uşaq
da olmurdu. Qadın azad olanda, kişi də
başlı-başına qalıb o biri tərəfdə lap
azad olur. Belə insanların birgə ailə qurması və
bu ailənin ömür boyu davam etməsi
mümkünsüzdür. Bizdə də belə oldu.
- Zərnigar xanım,
yaşadığınız illər, problemlər,
keçirdiyiniz streslər Sizi belə iradəli edib, ya
özünüzü sınmaz qadın kimi qələmə
verirsiniz?
- Bu, çox ağır sualdır və
suala cavab vermək üçün mən
uşaqlığımdan başlamalıyam. Biz kənddən
rayona köçəndən bir-iki il sonra rus məktəbinə
getdim. Uşaqlıqdan mən insanları müşahidə, dərk
etmək, başa düşmək, həyatın
özünü, həyatın varlıqlarını dərk
etmək istəmişəm, mən belə bir insan olmuşam.
Daim suallara cavab axtarmışam. Görünür, bəlkə
də rol üzərində belə işləməyin də
təməli o vaxtı - mənim anlamadığım
vaxtlardan formalaşıb. Həyatda ağrılara, acılara
qalib gələndə sevinc hissi də olur. Və yaxud sevinc
hissi əvvəl gəlir, sonra ağrı və acıya
dönür. Yəni, həyat təzadlıdır. Əgər
bizi kənardan çox xoşbəxt görürlərsə,
heç kim anlaya bilməz, bu, nəyin bahasına başa gəlib.
Həyat həm ağır, həm mürəkkəb, çətin
və nə yaxşı ki sevimlidir, gözəldir. Həyatın
gözəlliyi onun rəngarəngliyidir, mən
bütövlükdə insanın məskən
saldığı planeti nəzərdə tuturam.
Uşaqlıqda rəssam olmuşam və hər şeyi,
dünyanın rənglərini müşahidə edirəm. Həyat
gözəldir, tox, ya ac ol, dövlətli və ya kasıb ol.
Çox istərdim ki, insanlar bir-birlərini çox sevsinlər,
çox diqqətli olsunlar.
- Həyatınızda heç uğursuz
sevgi yaşamısınız?
- Bəli, yaşamışam. O zaman
başa düşmürdüm, çünki cavan idim. Səbəb
mənim tutduğum o məkandır. Elə bir şey
olmayıb ki biləsən - bu sevgini o sevgiyə qurban verməyə
dəyər, ya dəyməz. Mən həmin məqamda, məhz
həmin anda buna hazır idim. Həyatda ən böyük
sevgi, əlbəttə, qarşılıqlı məhəbbətdir,
söhbət yaxşı, möhkəm, sona kimi hər çətinliyə
tab gətirən ailədən gedir. Ailədə böyük
hörmət, izzət, mənalı davranış,
qarşılıqlı istək olmalıdır. Elə-belə
qapıdan girdi-çıxdı, bir-birlərindən xəbərsiz
hara isə getdi, mən bu münasibətlərdən
danışmıram. Övladların ailədə
varlığı artıq münasibətlərin möhkəmlənməsi
deməkdir. Artıq ümumi problem çıxır -
böyütmək, həyat vermək, gələcəyini
qurmaq.
- O zaman belə deyək - sevdiniz,
inandınız, yanıldınız...
- Yanılmadım, sadəcə anladım,
dərk etdim. Bu adama mənim sənətim lazım deyildi.
İstəyir, amma ki, bu məsələ imkan vermir. Çox
qısa zamanda mən aktrisa kimi qəbul olundum. Məni
başqa cür də təsəvvür etmirlər. Bu,
çox qəliz məsələdir. Baxın indinin
özündə, məsələn, hansısa ailənin
qızının adını çəkəndə nəslini
belə soruşurlar və sözsüz ki, sənətini
soruşurlar. Həkim, ya müəllimə olduğunu eşidəndə
əladır deyirlər. Bu o demək deyil ki, bizim sahədə
işləyən insanlar ailəyə layiq deyillər, amma biz
başqasının duymadıqlarını duymağı
bacarırıq, bizdə intellekt, bacarıq, istedad, insani
keyfiyyətlər var.
- Həyatda istənilən peşədən
bir gün ayrılmaq məcburiyyətində qala bilərsən.
Müxtəlif səbəblərdən bu yaşanılır.
Amma insan məhz o an həyatında səhv
addımlarını və qərarlarını dərk edir.
Siz bu gün səhnədən uzaqlaşmısınız,
indi necə, həyatınızdakı bəzi qurbanlara görə
peşmançılıq çəkirsinizmi?
- Yox, bir an belə peşman
olmamışam. Həyat ağırdır, hətta vəzifədə
olsan belə, hər hansısa üstünlüyün olsa belə,
yenə də həyatın özünə görə bir
ağırlıqları var. Kimsə kiməsə baxıb
köks ötürərək ona bəxtəvərlik oxuya bilər,
amma bəlkə də həmin insanın içi
özünü, çölü özgəni
yandırır. İnsan hansısa bir məqamda öz
övladlarına, nəvələrinə, tutduğu mövqeyə,
fəth etdiyi zirvələrə baxıb təsəlli
tapır. Amma adam da var ki, elə hey görürsən ki, əziyyət
çəkir. Xoş güzəranının da əziyyətini
çəkir. Həyatda belə şeylər var və o səbəbdən
həyatın özünü yaşamaq ağırdır. Həyat
mənim üçün həmişə ağır olub, həyatdan
qorxmuşam. Həm bu sənəti sevmişəm, həm bu, mənim
üçün maraqlı olub. Teatra, səhnəyə, əsərlərə,
rejissorlara, müəlliflərə, rəssamlara olan sevgim məni
həyatdan uzaqlaşdırıb. Bu sənət özü də
bir həyatdır. Həyatın içində həyat...
- Səhnədəki o alqışlar
üçün darıxmırsınız?
- Xeyr, mən o alqışları indi
insanların ürəyində və gözlərində
görürəm. İnsanların ürəklərindəki,
gözlərindəki sevgi dolu baxışlarından hiss edirəm.
Evdə oturmağı xoşlayan insan deyiləm. Hər
gün təbiətdən zövq almaq məqsədilə gəzirəm.
Şəhərimiz də çox gözəlləşib və
gəzərkən zövq alıram. Həmin o baxışlar
mənim üçün alqışdır. Mən necə
darıxa bilərəm?!
- Siz Akademik Milli Dram Teatrından gedəndən
sonra bu məsələ ətrafında müxtəlif fikirlər
dolaşdı. Həyatınızın mənası dediyiniz
teatrdan niyə ayrıldınız?
- Əsl səbəbi yaş məsələsidir.
Doğru deyirəm. Dövlətin qanunu var, 65 yaşa kimi
harada işləyirsən işlə, bu yaşda təqaüdə
çıxmalısan. Hətta bu məsələ teatrlara
şamil olunmasa belə, sən əgər lazımsansa,
çıxdıqdan sonra səni dəvət edə bilərlər.
Hər tamaşanı müqavilə əsasında oynamaq olar.
Nəsil dəyişir, burada fakturanın da çox
böyük önəmi var, yəni, sən dünənkinin
arasında necə görünəcəksən? Məndən
sonra gələn elə nəsildir ki, onlar nənələri
də, anaları da oynaya bilərlər. Yəni sənin
üçün orada elə bir rol olmalıdır ki, o
fakturada, o görkəmdə yalnız həmin aktrisa oynaya bilər.
Bir məsələ də var, səhhətim buna imkan vermir.
Artıq yaş özünü göstərir, orqanizm tələb
edir və deyir ki, artıq məni rahat burax, daha stressə
salma, mən bacarmıram. Bunu mənə mənim orqanizmim
deyir. Artıq özüm də hiss edirəm ki, nə isə
rahatlıq istəyirəm. Daha özgə faciələrini
oynamaq istəmirəm. Bir var aktrisa oynamır, sadəcə, təqdim
edir, amma özü qıraqda qalır. Mən özgə dərdini
öz dərdim kimi oynayıram, özgə faciəsini öz
faciəm edirəm. Buna ürək dözmür axı. Sənətimin
əsas qayəsini təşkil edən psixoloji rollardan
danışıram. On ildir ki, şəkər xəstəliyi
ilə mübarizə aparıram. Bəxtiyar Vahabzadənin
"Dar ağacı"nda iki oğul anasını o cür həyəcanla,
o cür burulğanlarla, təslim olmamaq vüqarı ilə, həm
də şəkərlə mübarizə apararaq
oynamışam. Amma indi bunu istəmirəm. Sözsüz,
ürək istəyir, amma orqanizmim mənə yalvarır,
deyir ki, "get dərmanını iç, get
vaxtlı-vaxtında rejimini saxla, get gəz, zövq al". Sən
demə, bütün bu xəstəliklərin baisi stress və
əsəb imiş. İnsan hər şey üçün
sarsıntı keçirir. İnsan həyatı rəngarəngdir,
burulğanlıdır. Arzular insanı hər yerə
çırpır. Arzu - bir istək və bir andı. Amma o
arzunun reallaşmasına illər, o illəri yaşamağa
dözüm, səbir lazımdır. İnsan səbir edə-edə
yaşayır və arzularına çatır.
- Siz bir çox obrazlarınızda ana,
qayınana rollarını canlandırmısınız. Necə
olub ki, həyatda yaşamadığınız bu hissi səhnədə
tamaşaçıya mükəmməl şəkildə
çatdırmısınız?
- Allah dünyaya kişi və qadın,
oğlan və qız bəxş edir. Üç
yaşında əsasən rayonlarda olan qız
uşağı süpürgənin başına ləçək
bağlayır, hörür, qucağına götürüb lay-lay,
nənni oxuyur. Bu, təbiətin və həyatın qanunudur.
Oğlan uşağı isə körpəlikdən
maşınlara, polislərə həvəs göstərir. O
yaşdan artıq hər kəs öz vəzifəsini icra
edir. Analıq və atalıq hissi oradan gəlir. Hazırda
oğlan uşaqları məni görən kimi özlərini
üstümə atırlar ki, onları qucağıma
götürüm. Onlar məndə nənəlik hiss edirlər.
Bu xüsusiyyətlər təbii xüsusiyyətlər, Allah
tərəfindən verilən vergilərdir. Səhnədə
dediyiniz o rollara gəldikdə, deməli ana, qayınana
olsaydım, belə olacaqdım...
- Zərnigar xanım, heç bu illər ərzində
övladlığa uşaq götürmək istəyiniz
olmayıb?
- İstəyim olub, amma imkanım
olmayıb. İmkanıma görə də verməyiblər.
İmkanım olandan sonra da artıq gec idi. Sonra da
başqalarının ailələrində baş verən
hadisələri gözdən keçirdim və bu fikrimdən
daşındım. Heç nə də olmasa da, bilirdim ki, bu,
mənim maddi durumuma görə baş tutmadı.
- Deyəsən, hələ
uşaqlıqdan tək qalmaqdan qorxmusunuz.
- Yox, bəlkə də hə.
Uşaqlıqdan təklənmişəm desək, daha
doğru olar. Daha doğrusu, özüm-özümü kənara
çəkib tək olmuşam. Hətta evə çoxlu qonaq
gələndə belə süfrəni yığıb, gedib
özüm bir küncdə tək oturardım. Mənim öz
dünyam vardı, təklənirdim. Bu mənim təbiətimdir.
Tək, tək, tək. Nəyə görə?
İdeallarıma, arzularıma, fikirlərimə,
düşüncələrimə görə... Artıq bu
gün yaşın elə məqamındayam ki, arzular da, sevgilər
də, məhəbbətlər də... Amma bir şey məni
yaşadır. Payıma nə qədər ömür
düşüb bilmirəm, tamaşaçı sevgisinin də
nə qədər olacağını bilmirəm. Həyatımın
mənası məni bu cür düşünməyə
qoymur. Bəzən soyuq havalarda evdə tək olanda qorxuram. Hər
bir yaşlı insan tək qalmaqdan qorxur. Düşüncən
sənə deyir ki, hər an yanında adam olmalıdır,
çünki hər an nə isə baş verə bilər.
Şükür Allaha, telefonlarımız var. Bəd ayaqda kiməsə
zəng etmək olar. Pis anında özün təcili tibbi yardım
çağıra bilərsən. Elə bilirdim ki, həyat təkcə
teatrdan ibarətdir. Bircə mənim teatrda tutduğum
mövqeyə, oynadığım rollara, obrazlara heç kim
mane olmasın. Mənim teatrıma, səhnə həyatıma
heç kim müdaxilə edə bilməz. Həyatım boyu
qoruduğum məhz səhnə həyatım olub. Ora heç
kim daxil ola bilməz. Mən heç zaman tək olduğumu
hiss etməmişəm. Bu hissi yaşamağa
tamaşaçı sevgisi imkan verməyib. Amma indi başa
düşürəm ki, təklik nədir.
- Şəxsi xoşbəxtliyini teatra
qurban verən bir aktrisa kimi, bu gün gənc aktrisalara nə
tövsiyə edirsiniz?
- Bizim dövrümüzlə indiki gənclərin
dünyaya baxışında başqa faktorlar önəmli yer
tutur. İndi daha açıqgözdürlər, daha çox
dərk edirlər, anlayırlar, qəbul edirlər, birgə
övladları olur, birgə işə gedirlər. Bizim
dövrümüzdə tələblər başqa idi. Gəncliyim
indiki dövrə təsadüf etməyib ki, bu gün
başqa cür düşünəm. Mən öz
dövrümün düşüncəsi ilə yaşayan
insanam.
- Teatrdan uzaqlaşandan sonra heç o məkana
getmisiniz?
- Yox. Sözün açığı hələlik
məndə o istək yoxdur. İstəyim olsa, yolumu kəsən
yoxdur. Mən teatrdan çıxandan sonra müdiriyyət
bildirdi ki, hər tamaşada bir yer onundur, gələ bilər,
tamaşalara baxa bilər. İstədiyim məqam hələ
yoxdur. Həyatın özünü yaşamaq heç kəs
üçün asan deyil. Şəhərə 19
yaşında gəlmişəm və hər şeyi özüm
etmişəm. Üç sənətim var. Mənim xasiyyətim
əvvəldən təkəbbürlü olub. Heç kimə
ağız açmamışam, özümə arxayın
olmuşam. İndi başa düşürəm ki,
görünür bu xüsusiyyətlərim xoşa gəlməyib.
Elə indi də bəzən bu barədə deyirlər. O
zamanlar harasa getmək üçün heç anamdan da icazə
almazdım. Yalnız qızlar anamdan izn alırdılar və
o zaman gedirdim. Anamdan da heç nə istəməmişəm.
Doğma anam belə hərdən mənim bu xasiyyətimə
hirslənirdi. Həmişə yox sözündən
qorxduğum üçün heç bir qapı döyməmişəm.
- Çox sevilən, həm də tənha
aktrisa olmanıza baxmayaraq, adınız ətrafında
heç zaman söz-söhbət dolaşmayıb...
- Səhnəyə çıxmaq çox
böyük məsuliyyətdir. Biri var səni
tanımırlar, biri var sənə gül gətirirlər, səni
sevirlər. Mən onlara necə adi münasibət göstərim?
Axı onların mənə olan sevgisi zəhmətimin bəhrəsidir.
Bunu dərk edirdim və səhnədə qazandığım
sevgini də heç nəyə dəyişə bilməzdim.
Teatrdan çıxdıqdan sonra isə düşünürsən
ki, hər bir hərəkətinə diqqət yetirməlisən.
Aylarla zəhmət çəkib rol oynayıb hörmət
qazanırsan və qapıdan çıxan kimi onu itirirsən.
Mən bunu etməmişəm.
- Buna görə də
özünüzü çox şeydən məhrum etmisiniz?
- Mən heç zaman filan roluna görə
təriflədilər deyə qürrələnməmişəm.
Bacardığım qədər çalışmışam
ki, tərif mənə təsir etməsin. Çünki
qazandığın məhəbbəti bir anda itirə bilərsən.
Onda bu qədər oxumaq, zəhmət çəkmək nəyə
lazımdır? İnsan gərək tapdığının
üstündə əssin. Hamı bir-birini sevməyə məcbur
deyil. Məsələn, filankəsdən zəhləm gedir,
ona bir şey olsa, sevinərəm deyə düşünənlər
var. Çox adam məşhurluqdan müvazinətini itirir. O
sevgi ilə, alqışlarla, tamaşaçı məhəbbəti
çox ehtiyatla davranmaq lazımdır. Mən oxuduğum
dövrdə bütün sənət adamları o cür idi. Ələsgər
Ələkbərov və Sidqi Ruhulla bu günün
özündə də aktualdırlar. O dövrün
adamları elə olublar. Bu dövrün insanları tamam
başqadır. Hər dövrün, hər ilin öz xarakteri,
yaşam tərzi var.
- Müxtəlif dövrlərdə Akademik
Milli Dram Teatrında fərqli rəhbərlərlə işləmisiniz.
Hansı rəhbərin işi Sizi daha çox qane edib və
Sizə hansı rəhbərlə işləmək daha rahat
olub?
- Biz bu gün yaşa doluruq və
teatrın nə olduğunu başa düşürük. Teatr
böyük bir orqanizmdir. Nəhəng, böyük bir
istehsaldır və hər şeyə cavabdehdir. Orqanizmi bir səviyyədə
saxlamaq, idarə etmək çox çətindir.
Yaradıcı heyət isə yalnız öz rolu haqqında
düşünməlidir. Bu gün artıq elə bir zamana gəlib
çatmışıq ki, teatrda mütləq dəyişiklik
olmalıdır. Çünki nəsil, cəmiyyət
özü, düşüncə, həyat tərzi, tələblər,
intellekt dəyişir. Teatr xaricə getməlidir,
respublikanı təmsil edir. Sözsüz, burada da cavanlıq
böyük rol oynayır. Hazırda gənclik hər sahədə
böyük rol oynayır, bu da fiziki güc baxımdan önəmlidir.
Təbii ki, gələcək gəncliyindir, bu günün
tamaşaçıları bizim dövrün
tamaşaçıları deyil, bu, artıq yeni nəsildir.
- Bu gün yaşlı aktyorlara göstərilən
dövlət qayğısından razısınızmı?
- Təqaüd alıram, ev verilib, xalq
artisti fəxri tituluna sahibəm. Bütün bunlara görə
sözsüz ki, sevimli prezidentimiz İlham Əliyevə təşəkkür
edirəm. Bu gün çox yaxşı şəraitdə
yaşayıram, yerim rahatdır, necə deyərlər təqaüd
dövrüm yaxşı keçir. Üstümdə şərəfli
bir ad var.
- Teatra tamaşaçı qismində dəvət
olunmusunuz, bəs, hər hansısa rolda çıxış
etmək təklifi almamısınız?
- Ötən il rol təklif olunmuşdu. Mənim
şəkərim var, hazırda özüm oynamaq istəmirəm.
Yəqin ki, rol versələr, razılaşmaram. Səhhətim
buna imkan vermir, bu işin rejimi, qidası, stressi var. Bir bəd
xəbər, bir stress kifayət edir. Bizim sənətin
ağırlığından biri də səhnə arxası
münaqişələr, intriqalardır. O da
qarışıq bir həyatdır. Bildiyim qədər, mənim
teatrda xətrimi istəyirlər. Hər halda böyük
hörmət bəsləyir və diqqət yetirirlər.
İstənilən şəxsdə sevgi anasına,
bacısına, ailəsinə qarşı olur. Bizim sənətdə
sevgidən başqa istək, istedadına görə
böyük sənətini qəbul edib hörmət etmək,
yaxınlıq, istilik, xarakter uyğunluğu var. Amma yenə də
mən bu saat öz vəziyyətimdən, yaşımdan
qorxuram. Şəkərli adamlar tünlükdən, stresdən,
əsəbdən uzaq olmalıdır. Teatrdan hörmətlə
çıxmışam, geri qayıtmaq nəyə
lazımdır... O teatrda mənim üçün heç
kimin gözü atmır. Bunu yüz faiz bilirəm. Hazırda
yaşı çox olan və işçi gücünə
malik olmayan aktyorlardan kim istəsən teatrdan çıxar,
kim istəsə qalar. Sadaladığım məsələlərin
kişi aktyorlara aidiyyəti yoxdur. Aktrisalar problemli olur. Məndən
əvvəl işləyən aktrisalar da bu yaşda
yavaş-yavaş sənətdən uzaqlaşıblar. Hərdən
oturub düşünürəm ki, görəsən başqa
cürə ola bilərdimi? Necə ola bilərdi? Bir yuvanı,
təskinliyi, rahatlıq ocağını Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında tapdım və o rahatlığa, həyatımın
mənasına görə xalqımıza minnətdarlıq
bildirərəm və onların qarşısında baş əyirəm.
Onlar məni bir sənətkar kimi qəbul ediblər, mənə
bu qiyməti veriblər. Ağır
həyatın da bir mənası varmış...
Ekspress. – 2012.
– 3-5 noyabr. –S. 12,19.