Müslüm Maqomayevin xatirəsi Kiyevdə anıldı

 

Ukraynanın paytaxtı Kiyevdə dahi azərbaycanlı sənətkar Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş gecə keçirilib. APA-nın məlumatına görə, Ukrayna dilinə tərcümə olunmuş "Mənim məhəbbətim -melodiya" elektron kitabının təqdimatının da yer aldığı gecə Ukrayna Azərbaycanlılar Konqresi tərəfindən keçirilib.

Kiyevdə Rusiya Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Ukraynadakı azərbaycanlı iş adamları ilə yanaşı, Azərbaycanın bu ölkədəki səfirliyinin, o cümlədən, Rusiyanın Ukraynadakı səfirliyinin əməkdaşları iştirak edib.

Ukrayna Azərbaycanlılar Konqresinin sədri Rövşən Tağıyev bildirib ki, bütün postsovet məkanında Müslüm Maqomayevin sənətinin vurğunları yaşayır.

O, qeyd edib ki, sənətkarla bağlı təqdim olunan və Ukrayna dilinə tərcümə olunmuş elektron kitabın xeyli sayda oxucusu olacaq.

R.Tağıyev deyib ki, Müslüm Maqomayev ömrünün çox hissəsini Moskva şəhərində yaşayıb və bu səbəbdən Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) onun anım gecəsinin Kiyevdə Rusiya Mədəniyyət Mərkəzində keçirilməsi rəmzi məna daşıyır.

Azərbaycanın Ukraynadakı səfirliyinin 2-ci katibi Sabir Rzayev çıxış edərək bildirib ki, bütün Azərbaycan xalqı üçün Müslüm Maqomayev sənəti fəxr mənbəyidir: "Maqomayevin "Ey əziz anam, Azərbaycan" mahnısının ifası hər bir azərbaycanlının qanını dondurur.

Müslüm Maqomayev elə nadir şəxslərdəndir ki, öz xalqını bir çox diplomatdan daha geniş təmsil edir".

Rusiyanın Ukraynadakı səfirliyinin mədəniyyət və təhsil üzrə katibi Olqa Skolçuk isə bildirib ki, Müslüm Maqomayevlə bağlı belə bir anım gecəsinin keçirilməsini Rusiya tərəfi məmnunluqla qarşılayır: "Maqomayev Rusiya, Azərbaycan və Ukraynada eyni məhəbbətlə sevilən, dünyada tanınmış sənətkardır. Onunla bağlı təqdim olunan elektron kitab isə Ukraynada hazırki və gələcək nəsil üçün maraqlı vəsait olacaq".

Tədbirdə çıxış edən digər natiqlər Müslüm Maqomayevin özünəməxsus ifa tərzini, onun öz pərəstişkarlarını səmimiliyi və təbiiliyi ilə cəlb etdiyini qeyd ediblər.

Anım gecəsində Kiyev Opera Teatrının solistlərinin ifasında Müslüm Maqomayevin repertuarındakı əsərlər təqdim olunub.

 

 

Ekspress. – 2012. – 3-5 noyabr. –S. 20.