4 sahəyə
daha çox güzəştli kredit verilir
Azad
sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Azərbaycanda növbəti illərdə
dövlət vəsaiti hesabına sahibkarlara veriləcək
güzəştli kreditlərin həcmində böyük
artımlar olacaq. Belə ki, 2013-cü ilin dövlət büdcəsinin
layihəsində artımlar öz əksini tapıb.
Güzəştli kreditlərin əsas mənbəyi
olan Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) gələn
il 150 milyon manat vəsaitin ayrılması nəzərdə
tutulur. Qeyd edək ki, SKMF-nin kreditlərindən bir qayda olaraq
kiçik və orta sahibkarlar istifadə edir. Əslində,
SKMF-nin yaradılmasında əsas məqsəd də
kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə
olan tələbatının ödənilməsidir. Fond
kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi,
onlara güzəştli kreditlərlə maliyyə dəstəyinin
genişləndirilməsini, müasir texnologiyalara əsaslanan
istehsal və emal sahələrinin inkişafını,
idxalı əvəz edən rəqabətə davamlı məhsulların
istehsalını stimullaşdıran infrastruktur layihələrinin
maliyyələşdirilməsi məqsədilə
yaradılıb.
Dövlət fondun xətti ilə
ayrılan vəsaitlərə tələbin
artdığını nəzərə alaraq, kredit
üçün vəsaitin həcmini artırmağı
lazım bilib. 2013-cü ilin dövlət büdcəsinin layihəsində
ayrılması nəzərdə tutulan vəsait 2012-ci illə
müqayisədə 59,9 milyon manat və yaxud 66,5 %, 2011-ci ilin
faktiki icrasına nisbətən isə 116 milyon manat və ya
4,4 dəfə çoxdur.
SKMF indiyədək üst-üstə əldə
etdiyi vəsaitin həcmi isə 1,1023 milyard manat olacaq. Bunun
612,9 milyon manatı dövlət büdcəsindən
ayrılan (2013-cü il də nəzərə alınmaqla) vəsaitdir.
Qalanı, yəni 489,4 milyon manatı verilən kreditlərin
qaytarılmasından daxil olan vəsaitdir.
2013-cü ildə büdcədən
ayrılacaq 150 milyon manat vəsaitlə bərabər geri
qayıdan vəsait hesabına əlavə 150 milyon manat həcmində
də kredit veriləcək. Gələn il SKMF-nin xətti ilə
veriləcək cəmi kreditlərin həcmi 300 milyon manat
olacaq. Bu məbləğ 2012-ci ildə verilməsi nəzərdə
tutulan 200 milyon manatdan 50 % çoxdur. 2011-ci illə müqayisədə
isə gələn il veriləcək kreditlərin həcmi 162
milyon manat və ya 2,17 dəfə artacaq.
Fondun əvvəllər verilən kreditlərin
hesabına geri qaytarılan vəsaitlərinin həcmi də
artmaqda davam edir. 2006-cı ilə qədər fond yalnız
dövlət büdcəsindən köçürülən
vəsaitlər hesabına kredit verib. Həmin dövrə qədər
ayrılan 68,1 milyon manat da məhz dövlət büdcəsinin
vəsiti olub. Yalnız 2006-cı ildən başlayaraq geri
ödənilən vəsaitlər də kredit şəklində
sahibkarlara verilib. Bu kreditləşmədə yeni mərhələ
olub və kreditlərin ildən-ilə sürətlə
artmasına önəmli töhvə verib. Belə ki,
2006-cı ildə verilən kreditlərin 15,9 milyon manatı,
2007-ci ildə 17 milyon manatı, 2008-ci ildə 14,8 milyon
manatı, 2009-cu ildə 56 milyon manatı, 2010-cu ildə 71
milyon manatı, 2011-ci ildə 104 milyon manatı geri
qaytarılan vəsaitlər hesabına verilən kreditlərdir.
2006-2011-ci illərdə 278,7 milyon manat geri qayıdan vəsaitlərdir.
2012-ci ildə ərzində SKMF-a 128 milyon
manat həcmində vəsait artıq geri qaytarılıb, bu
isə 2008-ci ilə nisbətən 8,6 dəfə çoxdur.
İlin sonuna qədər fonda qaytarılacaq vəsait 130 milyon
manatı ötəcək. 2013-cü ildə 150 milyon manat
qaytarılacaq və ilin sonunda qaytarılan vəsaitlərin həcmi
558,7 milyon manatı ötəcək. Amma unutmayaq ki, fond geri
qaytarılan vəsaitləri də kredit şəklində
yenidən verdiyindən həmin vəsaitlərin həcmində
də artım baş verir. Bütün vəsaitlərin
hesabına fondun aktivlərinin həcmi gələn il 1 milyard
manatı ötəcək.
SKMF-dən başqa güzəştli
kreditlər dövlət büdcəsindən kənd təsərrüfatı
məhsullarının istehsalı ilə məşğul olan
fermerlərə də verilir. Kreditlərin verilməsi
üçün Kənd Təsərrüfatı Nazirliyi
yanında Kənd Təsərrüfatı Kreditləri üzrə
Dövlət Agentliyinə gələn il 8 milyon manat
ayrılacaq. Həmçinin, aqrar sahə üzrə
çalışan sahibkarlara kənd təsərrüfatı
texnikasının lizinq yolu ilə satışı
üzün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə
35 milyon manat vəsait də nəzərdə tutulub ki, bu da
güzəştli kreditləşmənin bir hissəsi
sayıla bilər.
Fəaliyyətə başladıqları
dövrdən dövlət büdcəsindən və digər
mənbələrdən ayrılan və daxil olan vəsaitlər
də nəzərə alınmaqla 2013-cü ildə
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətində
589,3 milyon manat (dövlət büdcəsindən ayrılan vəsait
391,9 milyon manat, cəmiyyətin dövriyəsindən daxil
olan vəsait 181,6 milyon manat, digər mənbələrdən
ayrılan vəsait 15,8 milyon manat), Kənd Təsərrüfatı
Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri
üzrə Dövlət Agentliyində 87,8 milyon manat (dövlət
büdcəsindən ayrılan vəsait 56 milyon manat, verilən
kreditlər üzrə faktiki qaytarılan əsas borcun məbləği
31,8 milyon manat) vəsait ehtiyatı yaranacaq.
SKMF-yə və "Aqrolizinq"
Açıq Səhmdar Cəmiyyətinə dövlət
büdcəsindən ayrılan vəsaitin həcmi
göründüyü kimi Kənd Təsərrüfatı
Kreditləri üzrə Dövlət Agentliyinə ayrılan vəsaitdən
xeyli dərəcədə böyükdür. Baxmayaraq ki,
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə
və Dövlət Agentliyinə vəsait ayrılmasına eyni
vaxtda (2007-ci ildə) başlanılıb, həmçinin
SKMF-nin vəsaitlərində nəzərəçarpacaq
artım da 5 il əvvələ təsadüf edib. Dövlət
Agentliyinə az vəsaitin ayrılması Kənd Təsərrüfatı
Nazirliyini də qane etmir.
Kənd Təsərrüfatı Nazirliyinin
şöbə müdiri İslam İbrahimov hər il
ayrılan təxminən 10 milyon manat vəsaitin az olduğu
fikrindədir (Gün.az). O bildirib ki, ayrılan vəsaitin 100
milyon manata çatdırılması üçün
müraciət etmələrinə baxmayaraq, hələ də
bu məbləğ artırılmayıb. Bu isə, həm
kreditin qaytarılması ilə bağlı mexanizmlərin təkmilləşdirilməsinə,
həm də əhalinin müəyyən bir hissəsinin 7 %-lə
kredit almasına imkan yaratmır.
Beləliklə, gələn il sahibkarlara əsasən
dövlət vəsaitləri hesabına 193 milyon manat, geri
qaytarılan vəsaitlə də nəzərə alınmaqla
350 milyon manatdan artıq güzəştli kredit veriləcək.
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və
Kənd Təsərrüfatı Kreditləri üzrə
Dövlət Agentliyinin xətti ilə ayrılan kreditlərin
hansı istiqamətlərdə istifadə edildiyi
aydındır. SKMF-nin xətti ilə ayrılan vəsaitin istiqaməti
isə müxtəlifdir. Fondun vəsaitlərindən bir
çox sahələrə kredit ayrılır. Nəzərə
alsaq ki, fondun vəsaitləri digərləri ilə müqayisədə
daha böyükdür o halda sahibkarlığın daha
çox sahələrinə kredit verilməsi imkanı var.
Fond kredit ayırarkən bir nezə istiqamət
üzrə layihələrə üstünlük verir.
İlk növbədə kənd təsərrüfatı məhsullarının
istehsalına diqqət ayrılır. O cümlədən
südlük və ətlik istiqamətli müasir heyvandarlıq
komplekslərinin yaradılması, müasir quşçuluq təsərrüfatlarının
yaradılması və ya bərpası, iri
taxılçılıq və ya toxumçuluq təsərrüfatlarının
yaradılması, üzümçülüyün və
şərabçılığın inkişafı,
müasir istixana komplekslərinin yaradılması, intensiv
bağçılıq (alma, armud, ərik, gavalı, nar və.
s) və ya tingçilik təsərrüfatlarının
yaradılması, çayçılığın və
sitrus meyvəçiliyinin intensiv inkişafı, məhsuldar
kartof və soğan əkilməsinə xüsusi fikir verilir.
İkinci əsas istiqamət müasir
texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli
və ixrac yönümlü yeyinti və digər sənayesi məhsullarının
istehsalıdır. Bura müasir meyvə-tərəvəz məhsullarının
emalı müəssisələrinin yaradılması,
müasir çörək zavodlarının
yaradılması, müasir ət emalı (kəsim fabriki)
müəssisələrinin yaradılması daxildir.
Digər istiqamətlər müasir soyuducu
anbar kompleksinin yaradılması, müasir texnologiyaların tətbiqi
ilə digər sənaye məhsullarının istehsalı və
emalı müəssisələrinin yaradılması, və
kiçik sahibkarlığın (o cümlədən gənclərin,
məcburi köçkünlərin və qadınların
sahibkarlıq fəaliyyətinə cəlb olunması)
inkişafı istiqamətləri kredit ayrılması
üçün nəzərdə tutulub.
Statistik məlumatların təhlili
göstərir ki, SKMF əsasən 4 istiqamətdə -
müxtəlif sənaye məhsullarının istehsalı, kənd
təsərrüfatı məhsullarının emalı, kənd
təsərrüfatı məhsullarının istehsalı və
xidmət üzrə kredit verir. İqtisadi fəaliyyət sahələri
üzrə təsnifləşdirsək 2012-ci ilin 3
rübü ərzində kreditlərin 48,6 %-i kənd təsərrüfatına,
39,8 %-i sənayeyə, qalanı xidmət sektoruna
ayrılıb.
2012-ci ilin 3 rübü ərzində
ayrılan 170 milyon manat kreditin müxtəlif sənaye məhsullarının
istehsalı və emalına 43,807 milyon manat (cəmi kreditlərin
25,8 %-i), kənd təsərrüfatı məhsullarının
emalına 23,86 milyon manat (cəmi kreditlərin 14 %-i), kənd
təsərrüfatı məhsullarının istehsalına
82,586 milyon manat (cəmi kreditlərin 48,6 %-i) və xidmət
(infrastruktur) sahələrinin inkişafına 19,7 milyon manat (cəmi
kreditlərin 11,6 %-i) üzrə verilib.
2010-cu ildə kənd təsərrüfatı
və məhsulların istehsalına kreditlərin 48,4 %i (55,651
milyon manat), sənayeyə 29,4 %-i (33,8 milyon manat) (o cümlədən
kənd təsərrüfatı məhsullarının
emalına 9 % (10,35 milyon manat)), xidmət sahəsinə 22,2 %-i
(25,548 milyon manat) (o cümlədən turizmin inkişafına
2,4 %-i (2,815 milyon manat)) ayrılıb.
2009-cu ildə sənaye sahələrinə
58,374 milyon manat (cəmi kreditlərin 45,1 %-i), o cümlədən
kənd təsərrüfatı məhsullarının
emalına 19,643 milyon manat (cəmi kreditlərin 15,2 %-i), xidmət
sahəsinə 47,761 milyon manat (cəmi kreditlərin 36,9 %i), o
cümlədən turizmə 0,7 % (0,85 milyon), kənd təsərrüfatına
22,57 milyon manat (17,4 %) ayrılıb.
Göründüyü kimi, SKMF kredit
ayırarkən əsas üstünlüyü kənd təsərrüfatı
məhsullarının istehsalı, saxlanılması və
emalına verir. Bu təqdir ediləsi haldır. Lakin
yaxşı olardı ki, güzəştli kreditlər
kiçik və orta sahibkarlığın fəaliyyət
göstərdiyi digər sahələrə da ayrılsın. Əgər
SKMF-nin yaradılmasında əsas məqsəd kiçik
sahibkarların inkişafını dəstəkləməkdirsə
onda sahibkarlıq subyektlərinin daha çox fəaliyyət
göstərdiyi sahələrə də hökmən kredit
verilməlidir. 2010-cu ilin məlumatına görə,
kiçik sahibkarlıq subyektləri ən çox ticarət
və nəqliyyat vasitələrinin təmiri sahəsində
fəaliyyət göstərib. Onların sayı 133,8 min və
ya cəmi kiçik sahibkarların 64,6 %-i qədərindədir.
Nəqliyyat və anbar təsərrüfatı istiqamətində
22,14 min, turistlərin yerləşdirilməsi və ictimai
iaşə istiqamətində 13,45 min kiçik sahibkarlıq
müəssisəsi var. Kənd təsərrüfatı
üzrə isə 4 min sahibkar fəaliyyət göstərir.
Vasif CƏFƏROV
Ekspress. – 2012.
– 6 noyabr. – S. 9.