İcazələr sistemi sahibkarlar üçün müəyyən çətinliklər
yaradır
Azad
sahibkarlığın və liberal
iqtisadiyyatın təşviqi
Azərbaycan
qanunlarına əsasən sahibkarların biznes fəaliyyətinə
başlaması üçün yalnız dövlət
qeydiyyatına alınması və fəaliyyət sahəsindən
asılı olaraq xüsusi razılıq - lisenziya əldə
etməsi kifayət etməyə bilər. Sahibkarlar bır
sıra hallarda öz fəaliyyətlərinə başlamaq
üçün icazələr də almalıdır.
Göründüyü kimi, icazələr heç də
lisenziya deyil və onların siyahəsi olduqca genişdir. Demək
olar, elə bir dövlət təşkilatı və ya
dövlət şirkəti yoxdur ki, o bu və ya digər məsələlərlə
əlaqədar icazə vermək səlahiyyətinə sahib
olmasın. Buna görə də iscazələrin
siyahısı olduqca böyükdür və təxminən
300-ə yaxın icazə var.
İcazə
anlayışı ayrı-ayrılıqda götürdükdə
əmr, sərəncam, rəy və s. mənanı ifadə
etmir. O sahibkarın fəaliyyətinin mümkün olmasına
dair bütün inzibati əmrləri özündə birləşdirir.
Hazırda icazə
anlayışının nə olduğunu
aydın təsvir edən və onun hüquqi əsasını, məqsədini və
səmərəliliyini təhlil etmək üçün
mexanizm mövcud deyil. İcazə sənədini almaq hüququ və onun fəaliyyətinin ləğv edilməsi
qaydaları müxtəlif hüquqi sənədlərlə tənzimlənir
və ümumiyyətlə, qeyri-aydındır. Ümumilikdə,
texniki prosedur "İnzibati icraat
haqqında" qanuna uyğun
olaraq aparılır. Bu
qanun hüquq və vəzifələrin
icrası zamanı meydana çıxan məsələlərlə
bağlı dövlət orqanlarının fəaliyyətini
tənzimləyən ümumi sistematik qanunvericilik
aktıdır.
Bəzi mütəxəssislərə
görə, sahibkarlarlıq fəaliyyəti üçün
icazələrin tətbiqi ya olmamalı, ya da minimum
həddə endirilməli, yaxud zəruri olan icazələr bir təşkilatda
cəmləşdirilməlidir. İcazələrə
qarşı olanların fikrincə, bu təcrübə
SSRİ-dən qalma ənənədir.
Digərləri icazələrin SSRİ dağılandan sonra olduğu kimi saxlanıldığını, islahatlar aparılmadığını
bildirirlər.
Etiraf edək ki, icazələrin olmasını sovet sisteminin
qalığı adlandırmaq olmaz. İnkişaf etmiş
ölkələrdə də bu təcrübə
var. Amma Azərvaycandan
fərqli olaraq icazələr sistemləşdirilib
və o dəqiq tənzimlənir. Məsələn,
Avropa Birliyi ölkələrində
icazələrə dövlətin iqtisadiyyatı tənzimləməsinin
bir aləti kimi
baxılır. Lakin icazə sistemi tətbiq edilən zaman
əsas prinsipə - sahibkarlıq fəaliyyətinin
azadlığı, əhalinin qorunması və dövlət
tənzimlənməsi arasında balansa ciddi əməl edilir.
Avropa Birliyi ölkələrində icazələr
risklərin idarə edilməsi prinsipinə əsaslanır.
İcazələr istehlakçıların
sağlamlığını və təhlükəsizliyini,
habelə ətraf mühitin
qorunmasını təmin etmək üçün
istifadə olunur. Konstitusiya
Məhkəməsi icazələr hüququndan
sui-istifadənin qarşısını alır və dövlət
orqanları tərəfindən tətbiq olunan
icazələrin siyahısına nəzarət edir.
Avropa Birliyində
konstitusion tələbə əsasən konkret fəaliyyətin icazə tələb
edib-etmədiyini parlamentin qəbul etdiyi qanun müəyyənləşdirməlidir.
İcazə yalnız qanunda nəzərdə
tutulduqda tələb oluna
və verilə bilər. Qanun həmçinin əsas meyarları müəyyənləşdirir.
İcazə tələb edən məqsəd və fəaliyyətlər,
icazələrin verilməsi üçün
material və prosedur
meyarları, icazə verən orqanların məsuliyyəti,
icazələrin verilməsi ilə bağlı rüsumlar, imtina və ya ləngimə hallarında qərar qəbul
etmə və digər hüquqi tədbirlər
(məsələn, "sükut -
razılıqdır" prinsipi) qanunda öz əksini
tapmalıdır.
Avropa Birliyi məkanında icazələr iki böyük qrupa ayrılır. Birincisi inzibati
xarakterli icazələrdir ki,
bura müəyyən fəaliyyəti həyata
keçirmək və başlamaq üçün yalnız dövlət
orqanının qərarı ilə verilən icazələri
(məsələn, ekologiya ilə
bağlı icazə, tikinti icazələri)
aid etmək olar.
İkinci qrup icazə qeydiyyat və
bildiriş sistemi ilə
bağlıdır. Burada fərd özü müəyyənləşdirir o, qanunun şərtlərinə
cavab verir, yoxsa yox. Bununla
bərabər fəaliyyət qeydiyyatdan və
ya bildirişdən sonra
başlayır. Dövlət orqanı müəyyənləşdirilmiş
şərt və meyarların yerinə yetirilməsinə nəzarət
etmək hüququna malikdir
və fəaliyyətin həyata keçirilməsini qadağan edə bilər (məs., iaşə
xidmətləri, pərakəndə ərzaq satışı
mağazaları və s.).
Azərbaycanda isə icazələrlə
bağlı vahid mexanizm,
qayda yoxdur. Qeyri-müəyyən
icazə sistemi var ki, bu da
bir sıra neqativ əməllərə
yol açır. Hətta bir
sıra hallarda qeyri-rəsmi ödənişlər
üçün imkanlar
yaranır.
Halbuki, icazə
onu alana konkret fəaliyyəti yerinə yetirmək hüququ verir. İcazə
xarakterli sənədin hüquqi
tərifinin olmaması həm icazə verən təşkilatlar,
həm də sahibkarlar arasında
çaşqınlıq yaradır. Bundan başqa sahibkarlar çox zaman icazələri
lisenziya ilə səhv salır. Lisenziya hər hansı sahibkarlıq fəaliyyətini
müntəzəm şəkildə həyata keçirməyə
imkan verən xüsusi
razılıqdır.
İcazə xarakterli sənəd isə səlahiyyətli orqan tərəfindən qəbul olunan, sahibkarlıq fəaliyyəti subyektinə
istənilən formada verilən və
sahibkarlıq fəaliyyəti zamanı hər hansı fəaliyyətin
həyata keçirilməsinə dair hüquq verən aktdır. İcazə xarakterli sənəd icazə,
razılıq, rəy və ya hər
hansı digər sənəd formasında ola
bilər.
Sertifikat, şəhadətnamə, uyğunluğun
qiymətləndirilməsi, icazələr və ya hər hansı biznes fəaliyyəti
üçün rüsumun
ödənilməsi, biznes fəaliyyətini
yerinə yetirmək hüquqi verən hər
hansı hüquqi sənəd də icazə
sayılır.
Azərbaycandakı
hazırkı icazə sisteminin iki mənbəyi var: sovet dövründə hazırlanmış və
müasir bazar
iqtisadiyyatının tələblərinə
uyğunlaşdırılmayan qayda və texniki tələblər, bir
də bazar iqtisadiyyatının tənzimlənməsi
məqsədilə son illərdə
hökumət tərəfindən qəbul edilən bir sıra normativ - hüquqi aktlar.
Ölkəmizdə son
illərdə iqtisadi fəaliyyətə başlamaq və davam etmək
üçün lazım olan
prosedurların sadələşdirilməsindən icazələr
sistemi də yan
keçməyib.
Buna misal kimi icazeler.gov.az
adlı elektron informasiya
portalının yaradılmasını göstərmək olar. Portal Azərbaycan mərkəzi və yerli
icra hakimiyyəti orqanlarının verdikləri
icazələr barədə məlumatı (icazə növünün adı, hüquqi
əsası, tələb edilən sənədlərin
siyahısı, icazəni verən orqanın adı, hüquqi ünvanı və s.)
özündə əks etdirir. Həmin
portalda sahibkarlıq fəaliyyəti ilə
məşğul olmaq üçün tələb edilən icazə
növləri üzrə (hüquqi əsası,
icazənin alınması üçün
tələb edilən sənədlərin siyahısı, icazəni
verən orqanın adı, hüquqi
ünvanı və s.) istifadəsi sadə
olan axtarış sistemi
də var.
Bu portal Azərbaycan prezidentinin
2011-ci ildə imzaladığı fərmana uyğun
olaraq hazırlanıb. Sözügedən
fərman icazələr sisteminin qaydaya salınması baxımından böyük əhəmiyyət kəsb edir. Fərman müəyyən sahibkarlıq fəaliyyəti
növləri ilə məşğul olmaq
üçün tələb edilən xüsusi razılıq (lisenziya)
və icazə sistemi ilə bağlı bəzi
məsələlər haqqındadır. Prezident
fərmanında qeyd edilir
ki, ölkədə sahibkarlıq fəaliyyəti
ilə məşğul olmaq üçün müxtəlif dövlət
orqanlarından çoxlu sayda
icazə almaq tələb edilir.
Bu isə öz
növbəsində, sahibkarlığın inkişafına, məşğulluğun
artmasına və iqtisadiyyata investisiya qoyuluşu
prosesinə mənfi təsir göstərir. Mövcud
vəziyyətin yaxşılaşdırılması
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tələb
edilən xüsusi razılıq (lisenziya) və icazə sisteminin
təkmilləşdirilməsini zəruri edir.
Prezident mövcud vəziyyəti qiymətlərndirərək
fərmanda "Lisenziyalar və icazələr
haqqında" Azərbaycan Respublikasının qanun layihəsini hazırlamaq
tapşırığını verir. Qanun layihəsinin 3 ay ərzində
hazırlanması Nazirlər Kabinetinə
tapşırılır. Fərmanda tələb edilir ki, hazırlanacaq qanun layihəsində lisenziya
və icazə tələb olunan fəaliyyət
növlərini aşağıdakı meyarları nəzərə
almaqla müəyyən etsin:
- fəaliyyət növü
dövlət təhlükəsizliyinə təsir edir;
- fəaliyyət növü
məhdud təbii ehtiyatlardan istifadəni
nəzərdə tutur;
- fəaliyyət növü
ətraf mühitin ekoloci
vəziyyətinə mənfi təsir göstərə bilər;
- fəaliyyət növü
həmin fəaliyyətin həyata keçirilməsində iştirak etməyən qeyri-məhdud sayda şəxslər üçün
təhlükə doğurur;
- fəaliyyət növü
qeyri-məhdud sayda şəxsləri, o cümlədən onların əmlakını
cəlb edir;
- fəaliyyət növü
həddən artıq gəlir əldə edilməsinə imkan yaradır və əlavə nəzarət
tələb edir.
Qeyd edək ki, prezidentin
imzaladığı fərmandan bir ildən
artıq müddətin keçməsinə baxmayaraq,
"Lisenziyalar və icazələr
haqqında" qanun layihəsi haqqında
hər hansı məlumat yoxdur.
İcazeler.gov.az
portalı ilə tanış olduqda görürük ki, Azərbaycanda
icazələrin sayı bir neçə yüzdür. Məhz buradan
irəli gələrək sahibkarların 80 faizdən
artığı fəaliyyət göstərdikdə ən
azı bir icazə almalı olur. Sahibkarlar tərəfindən
icazələrin verilməsini tənzimləyən bir çox normativ sənədlər bəzən diqqətlə
nəzərdən keçirilmir. Bir çox hallarda müxtəlif dövlət orqanları
sahibkarlar qarşısında ikiqat tələb qoyurlar. İkiqat tənzimləmə
"sertifikatlaşdırma + icazənin verilməsi"
formasında müşahidə olunur. Bu tələb sahibkarları artıq sertifikatlaşma prosedurundan
keçmiş fəaliyyət və ya məhsul üçün
icazə almağı məcbur edir. Məsələn,
"Yeyinti məhsulları
haqqında" Qanuna uyğun
olaraq ərzaq məhsullarının
satışı ilə məşğul olmaq
üçün sahibkar
Səhiyyə Nazirliyindən yeyinti məhsullarının
gigiyenik standartlara cavab verməsini təsdiq edən gigiyenik sertifikat
almalıdır. Bundan başqa, yuxarıda qeyd edilən Qanunun 11-ci
maddəsinə əsasən sahibkar yeyinti məhsullarının üzərində
"müalicəvi", "pəhriz" və ya "ekoloji təmiz"
adlarından istifadə etmək istəyirsə, o zaman Ekologiya
və Təbii Sərvətlər Nazirliyindən icazə
almalıdır. Yaxşı olardı ki,
bu səlahiyyətin bir
dövlət orqanına verilsin.
Bundan başqa, icazə verən müxtəlif
dövlət orqanlarının funksiyaları bəzən
üst-üstə düşür. Qanunvericiliyin təhlili göstərir ki, bir sıra hallarda eyni fəaliyyət
növü üçün
iki dövlət qurumu
eyni və ya oxşar icazə verir. Bu kimi ziddiyyətli və sahibkarlar qarşısında çətinlik yaradan hallar sadələşdirilməlidir.
Vasif CƏFƏROV
Ekspress. – 2012. – 8 noyabr. – S. 9.