Qeyri-neft
sektorunun ixrac gücü yetərlidirmi?
Azad
sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Azərbaycan ixrac əməliyyatlarının,
xüsusilə də qeyri-neft sektoru üzrə ixracın həcminin
artırılması üçün fəaliyyətini
gücləndirməlidir. Kəmiyyət
etibarilə Azərbaycanın ixracının həcmi
yaxşıdır. 2011-ci ildə ölkəmiz 26,5 milyard dollarlıq mal və xidmətlər
ixrac edib ki, bu göstəriciyə görə Azərbaycan
dünyanın 70 ən yaxşı nəticəyə sahib
olan ölkəsindən biridir. Lakin neft-qaz amili
nəzərə alınmadıqda ölkəmizin ixrac göstəricilərinin
olduqca pis olduğunu söyləyə bilərik.
2012-ci ilin 9 ayının nəticələrinə
əsasən Azərbaycanın ixracı 17,79
milyard dollar təşkil edib. Bunun 15,255 milyard dolları (85,75 %) xam neftin satışı, 966,2 milyon
dolları (5,43 %) neft məhsullarının ixracı, 423,98
milyon dolları (2,38 %i) təbii qazın satışı olub.
Ümumilikdə neft və qaz sektoru üzrə ixrac 16,645
milyard dollar (93,56 %-i) olub. Neft və qaz
sektorundan kənar sahələr üzrə ixrac isə 6,44 % və ya 1,14 milyard dollar təşkil edib.
İxracın inkişaf dinamikası göstərir ki, 2012-ci
ilin sonunda qeyri-neft sektorunun ixrac həcmi 1,5-1,7
milyard dollar səviyyəsində olacaq.
Bu, Azərbaycan üçün
olduqca pis nəticədir. Müqayisə
aparsaq, Gürcüstanın illik ixracı 2,2 milyard dollar, Ermənistanın
1,3 milyard dollar, Moldaviyanın 1,9 milyard dollar,
Qırğızıstanın 2,3 milyard dollar, Latviyanın 10
milyard dollar, Estoniyanın 15 milyard dollardır. Bunlar
həmin ölkələrdir ki, ümumi daxili məhsulun
istehsal səviyyəsinə görə Azərbaycandan
çox geridir. Azərbaycan Latviyadan 2,2 dəfə,
Estoniyadan 2,9 dəfə, Gürcüstandan 4,5 dəfə, Ermənistandan
6,2 dəfə, Moldoviyadan 9 dəfə,
Qırğızıstandan 10 dəfə böyük
iqtisadiyyata sahibdir. Amma qeyri-neft məhsullarının
ixracı əsas götürüldükdə Azərbaycan
Gürcüstandan, Qırğızıstandan, Latviyadan,
Estoniyadan ixracda geri qalır, Moldoviya ilə bərabər nəticəyə
sahibdir, Ermənistandan isə bir qədər
güclüdür.
Belə bir vəziyyət heç bir
halda qəbul edilə bilməz. Düzdür,
Azərbaycanın qeyri-neft məhsullarının ixracı son
10 ildə bir neçə dəfə artıb. Dövlət
Gömrük Komitəsinin məlumatına əsasən,
2003-cü ildə həyata keçirilən 2,59
milyard dollarlıq ixracın 383 milyon dollarını qeyri-neft məhsulları
təşkil edib. 2007-ci ildə ixrac edilən 6 milyard
dollarlıq məhsulun 1,15 milyard dolları
qeyri-neft sektorunun məhsulları olub. Deməli, son 10 ildə
qeyri-neft məhsullarının ixracı 4,5
dəfə, son 5 ildə isə 1,5 dəfə artıb.
Qeyri-neft sektorunun ixracı artmaqla bərabər
ixrac edilən malların çeşid sayında da artım
görünür. 2003-cü ildə 1218 adda mal və
xidmət ixrac edilmişdisə, 2012-ci ilin 9 ayında 1992 adda məhsul
satılıb.
Yaxşılığa doğru dəyişən
digər göstərici ticarət əməliyyatlarında
iştirak edənlərin sayının artmasıdır. 2003-cü ildə 6756 hüquqi və fiziki şəxs
xarici-iqtisadi əlaqələrlə məşğul
olduğu halda, 2012-ci ildə onların sayı 7600 olub.
Həm ixrac edilən məhsulların
çeşidinin artması, həm də ticarət əməliyyatı
aparanların sayının artması onu göstərir ki,
qeyri-neft sektorunun ixrac imkanları genişlənir. Ancaq bir daha həmin fikrə qayıtmaq
lazımdır ki, qeyri-neft sektorunun hazırkı ixrac göstəriciləri
məqbul sayıla bilməz.
Qeyd edək ki, qeyri-neft sektoru üzrə
ixracın artması Azərbaycan iqtisadiyyatı
üçün daha önəmli məsələdir.
İqtisadi İnkişaf Nazirliyi tərəfindən
hazırlanan 2011-2025-ci illər üçün Azərbaycanın
iqtisadi inkişafının uzunmüddətli strategiyasında
2025-ci ildə qeyri-neft sektoru üzrə ixracın
adambaşına düşən hissəsini 5 min dollara
çatdırma hədəf kimi qarşıya qoyulub. 2003-cü ildə bu göstərici 45 dollar,
hazırda isə 183 dollardır. 2025-ci ildə
5 min dollarlıq hədəfə çatmaq üçün
qeyri-neft məhsullarının ixracı 60 milyard dollara (Azərbaycan
əhalisinin sayının artımı da nəzərə
alınmaqla) çatdırılmalıdır.
İqtisadi İnkişaf Nazirliyi bu məqsədlə
xarici ticarət əlaqələrinin, ixracın genişləndirilməsi
üçün bəzi tədbirlər görür. İqtisadi İnkişaf Nazirliyi bildirir ki, 2011-ci ildə
xarici ticarətin inkişafı sahəsində əhəmiyyətli
işlər görülüb. Ötən il ölkədə istehsal olunan məhsulların
ixrac imkanlarının artırılması xüsusi diqqət
mərkəzində olub. Bu çərçivədə
qeyri-neft sektorunun inkişaf etdirilməsi və istehsal olunan
malların xarici bazarlara çıxarılmasının
asanlaşdırması istiqamətində işlər davam
etdirilib və mövcud ixrac potensialının daha səmərəli
reallaşdırılmasına və potensialın artırılmasına
xüsusi əhəmiyyət verilib.
2011-ci il ərzində
ikitərəfli ticarət əlaqələrinin tənzimlənməsi
və inkişaf etdirilməsi istiqamətində bir sıra
işlər görülüb. Azərbaycanın
xarici ölkələr ilə iqtisadiyyat və ticarət sahəsində
müqavilə-hüquq bazasının genişləndirilməsi
və təkmilləşdirilməsi məqsədilə yeni
sazişlərin razılaşdırılması istiqamətində
görülən işlər xüsusi yer tutur.
İl ərzində Azərbaycanın
Argentina, Bosniya-Herseqovina, Tunis, Suriya, İndoneziya və Rusiya
Federasiyasının bir sıra subyektləri ilə ticarət-iqtisadi
əməkdaşlıq haqqında sazişlərinin
razılaşdırılması istiqamətində müvafiq
işlər görülüb, həmçinin Almaniya-Azərbaycan
xarici ticarət palatasının yaradılmasına dair
müqavilə layihəsinə baxılıb.
Bu istiqamətdə həmçinin,
MDB çərçivəsində müzakirə edilən
"Sərbəst ticarət zonası haqqında"
müqavilə layihəsi üzrə müvafiq işlər
görülüb.
2011-ci il ərzində
xarici ticarət fəaliyyətinin hüquqi tənzimlənməsinin
təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər
həyata keçirilib. Bu istiqamətdə ilk növbədə
Azərbaycan Nazirlər Kabinetinin 2011-ci il sərəncamı
ilə təsdiq edilən "2011-2013-cü illər
üçün qeyri-neft məhsullarının
ixracının stimullaşdırılmasına dair Tədbirlər
Planı"na uyğun olaraq işlər görülüb. Tədbirlər Planına uyğun olaraq "Xarici
ticarətin dövlət tənzimlənməsi
haqqında" Azərbaycan qanun layihəsi hazırlanaraq
razılaşdırılmaq üçün aidiyyəti
üzrə təqdim edilib.
2011-ci ildə həmçinin digər
dövlət orqanları tərəfindən hazırlanan və
xarici ticarət fəaliyyətinə aid olan normativ-hüquqi
aktların layihələrinə baxılıb və rəy
bildirilib.
Qeyri-neft sektorunun ixrac potensialından
daha da səmərəli istifadəsi və
bütövlükdə xarici bazarlara çıxış
imkanlarının genişləndirilməsi məqsədilə
Azərbaycan mənşəli malların güzəştli
şərtlərlə ixrac imkanlarının artırılması
istiqamətində işlər davam etdirilib. Bu çərçivədə bir sıra
inkişaf etmiş ölkələr tərəfindən tətbiq
edilən Ümumiləşdirilmiş Preferensiyalar Sistemi (GSP)
proqramlarından Azərbaycan ixracatçılarının
istifadə səviyyəsinin artırılması istiqamətində
işlər görülüb. Qeyd olunan proqramlar çərçivəsində
Azərbaycan məhsullarının dünya bazarlarının
böyük bir hissəsinə, o cümlədən ABŞ,
Avropa Birliyi ölkələri, İsveçrə, Kanada,
Türkiyə, Yaponiya və Norveçə rüsumsuz və
ya aşağı dərəcəli rüsumlarla ixrac edilməsi
imkanları ilə əlaqədar sahibkarların məlumatlandırılmasına
xüsusi əhəmiyyət verilib. Belə ki, Yevlax, Gəncə,
Quba və Bakı şəhərlərində sahibkarlarla
keçirilən konfransda şöbənin rəhbərliyi və
əməkdaşları tərəfindən GSP proqramları
ilə bağlı sahibkarlara ətraflı məlumatlar
verilib, konkret məhsul növləri və bazarlar üzrə
Azərbaycan mənşəli məhsullara verilən güzəştlər
haqqında sahibkarların sualları cavablandırılıb,
ixracatılara Avropa İttifaqı bazarları haqqında ətraflı
məlumatlar əldə edə biləcəyi və İqtisadi
İnkişaf Nazirliyinin internet səhifəsindən də
keçid verilən "Export Helpdesk" adlı internet səhifəsi
və istifadə qaydaları izah edilib.
Bundan əlavə, qeyri-neft sektoru
üzrə xarici ticarətin dinamikası, ixracın tərkibi
və coğrafi strukturu, əsas idxal mallarının strukturu
təhlil edilib, qeyri-neft sektoru üzrə idxal və ixrac
dövriyyəsinə, həmçinin bir sıra ölkə
və ölkə qrupları ilə ticarət əlaqələrinə
dair arayışlar hazırlanıb.
Dünya bazarlarında və bir
sıra ölkələrdə əsas məhsulların qiymətlərinin
dəyişmə dinamikası təhlil edilib və
arayışlar hazırlanıb. Bundan
əlavə, MDB ölkələrinin paytaxt şəhərlərində
əsas ərzaq məhsullarının qiymətlərinin dəyişmə
dinamikası haqqında müqayisəli təhlillər
aparılıb.
Azərbaycan istehsalçıları
tərəfindən təqdim olunan rəqabətqabiliyyətli
məhsulların siyahısına yenidən baxılıb və
məlumatlar yenilənərək saytda yerləşdirmək məqsədilə
MDB-nin İcraiyyə Komitəsinə təqdim olunub. Sözügedən siyahı İqtisadi
İnkişaf Nazirliyinin saytında da yerləşdirilib.
Cari ildə xarici ticarət siyasəti
sahəsində görülən işlərin əsas istiqamətlərindən
birini də xarici ticarət fəaliyyəti ilə
bağlı təhlillər təşkil etmiş və bu təhlillər
əsasında müvafiq arayışlar
hazırlanmışdır. Belə
ki, Azərbaycanın xarici ticarət fəaliyyətinin təhlili
ilə bağlı 80-ə yaxın ölkə üzrə
ikitərəfli ticarət əlaqələri, ticarətin
strukturu və dinamikası təhlil olunmuş və bu təhlilər
əsasında dövri arayışlar
hazırlanmışdır. Eyni zamanda ölkə
qrupları (Avropa İttifaqı, MDB, GUAM, İqtisadi Əməkdaşlıq
Təşkilatı, İslam Konfransı Təşkilatı, Mərkəzi
Asiya Regionu Ölkələrinin İqtisadi Əməkdaşlıq
proqramı (CAREC) və digər qruplar) üzrə də Azərbaycan
Respublikasının xarici ticarətinə dair dövri
arayışlar hazırlanmışdır. Həmçinin,
qeyri-neft sektoru üzrə idxal və ixrac dövriyyəsindəki
dəyişmə dinamikası təhlil edilib və müvafiq
arayışlar, eləcə də Azərbaycanın xarici
ticarət əlaqələrinə dair aylıq və
rüblük hesabatlar hazırlanıb. Arayışlar
İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet saytında
yerləşdirilib, xidməti istifadə üçün
müvafiq struktur bölmələrə və aidiyyəti
qurumlara təqdim olunub.
Yuxarıda qeyd edilənlər
müsbət xarakterli tədbirlərdir və onlar təqdir
oluna bilər. Lakin bununla belə qeyri-neft
sektorunun inkişafı və ixracın diversifikasiyası,
xarici sərmayələrin ölkəmizə cəlb edilməsi,
ölkə sərmayələrinin digər ölkələrə
yatırılmasının təşviqi, ölkəmizdə
istehsal olunan məhsulların və xidmətlərin yeni
bazarlara çıxarılması kimi iqtisadi maraqların təşviqi
istiqamətində fəaliyyət hökmən gücləndirilməlidir.
Vasif CƏFƏROV
Ekspress. – 2012.
- 9-12 noyabr. – S. 9.