Yazıçılıq
peşə deyil, rütbədir...
Afaq Məsud: Sufilik
ildırımlı dəniz, ədəbiyyat vanna
otağıdır
"Bu gün kitab gözdən
düşüb, dəyərini elə itirib ki, insanlar ondan
üz çeviriblər"
"Mənə
elə gəlir ki, fiziki ömrümdən daha uzun ömür
yaşamışam. Amma harada, necə,
onu bilə bilmirəm. Bu, ola bilər ki,
ömrümün əsaslı hissəsini yazılarımda
keçirməyimlə bağlıdır".
Bu sözləri tanınmış yazıçı
Afaq Məsud "Kulis.az" internet dərgisinə müsahibəsində
deyib. Afaq xanım yaşıdlarına nisbətən
tez məşhurlaşmağını "Allahın
işi" sayır, digər səbəbini isə "Azərbaycan
ədəbiyyatının qəbul olunmuş ənənəvi
çərçivələrini dağıtmasında"
görür (Müsahibəni ixtisarla təqdim edirik).
- Bu barədə
ən çox 80-ci illərdə - "Sərçələr",
"Dovşanın ölümü", "İzdiham" və
s. bu kimi yazılar yazılan dövrlərdə deyirdilər. "Çərçivələrin
dağıdılması" dedikdə yəqin ki, nəzərdə
dilə gətirilməsi o dövrlərə qədər yasaq
olunanların yazılması idi. Söhbət
insanın özünün özünə etiraf etmək istəmədiyi,
yaxud, bunu edə bilmədiyi gizli psixoloji məqamlardan gedir.
Mən heç vaxt bunu şüurlu şəkildə
eləməmişəm, sadəcə, ayrı cür yaza bilməmişəm.
- İlk hekayəniz nə vaxt çap olunub?
- 1977-ci ildə. "Həsən əmi"
adlı hekayə idi. "Ulduz" jurnalında çap olunmuşdu. Onda mən tələbə idim, üçüncü kursda oxuyurdum. Dünyanın bozluğundan bəhs edən bu hekayəni mərhum Yusif Səmədoğlu (o zaman jurnalın baş redaktor o idi) düzəlişsiz-filansız nəşr etdi.
- İxtisasınız nədir?
- İxtisasca jurnalistəm. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Bu yaxınlarda oğlumla yazıçılıq barədə söhbət edərkən o, "Yazıçılıq nə peşədi? İnsan daim fikirləşməli, beyninə əziyyət verməlidi? deyəndə, "Axı yazıçılıq peşə deyil?!.." dedim. Həqiqətən də, peşə odur ki, onun təhsil
sistemi var. Məsələn, mühəndislik, həkimlik,
müəllimlik və sair. Yazıçılığın,
şairliyin isə məktəbi, təhsil mexanizmi yoxdu, bu,
ixtisas deyil. Olsun ki, bu, rütbədir,
az-çox qələmi olanlara verilir. Hansısa
xidmətlərinə görə. Bu da
Allahın işidi.
- Sizi
dilinizin nahamarlığına, kobudluğuna görə tənqid
edirlər...
- Bir vaxtlar
yazdıqlarımı nəşrə verməmişdən əvvəl
mütləq Natiqə (mərhum tərcüməçi Natiq
Səfərovu nəzərdə tutur -Kulis.az) göstərirdim
ki, baxsın. Natiq gözəl ədəbiyyatçı
idi. Hər dəfə yazını oxuyub bitirəndən
sonra gülə-gülə: "Bu möcüzədir -
deyirdi, - baxırsan ki, cümlə redaktə olunmalıdı,
sözlər yerində deyil, amma elə ki, toxunursan, bir
sözü burdan götürüb o biri yana qoyursan, cümlə
ölür, mətn sehrini itirir". Məncə
də ədəbiyyatda dil faktoru önəmli deyil. Əlbəttə, yazıçı ədəbi dil
normalarına riayət etməlidir, amma tək bir bununla
yazılanların adını "ədəbiyyat" qoymaq
düz deyil. Məhz bu səbəbdən
bu gün Azərbaycan dilində naxışlı cümlələr
yaza bilənlərin sayı gün-gündən artır və
artdıqca da "yazıçı" adı uğrunda qanlı
savaşlar gedir. Bu gün qələmi olan bir qisim gənclərimizi
çaşdıran da budur... Ədəbiyyat -
gözəl cümlələr yığnağı, hadisələrin
bədii təsviri deyil. Bu, ilk növbədə,
İlahi işığın daşıyıcısı olan
xüsusi növ mətnlərdir ki, onlar odda yanmır, Zaman
küləklərinin tozanağından bozarmır.
"Don Kixot" kimi, "Qarqantua və Pantaqruel" kimi,
"Leyli və Məcnun" kimi...
- Siz xalq
yazıçısı Əli Vəliyevin nəvəsi, ədəbiyyatşünas
Məsud Əlioğlunun qızısınız. Babanız sizin yaradıcılığınıza
necə təsir edib? Amma əsərlərinizi oxuyanda
görürük ki, siz tamamilə başqa nəsrin
davamçısısınız...
- Bu yaxınlarda
"Budağın xatirələri" romanını redaktə
edirdim. Kitab Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə yenidən işıq
üzü görəcək. Bu romanı əvvəllər
də oxumuşdum, bu dəfə redaktor qismində daha diqqətlə
oxumalı oldum və babam olduğuna görə demirəm, bu
qənaətə gəldim ki, Əli Vəliyev biz
düşündüyümüzdən qat-qat maraqlı və
ciddi yazıçıdır. Əsərin mövzusuna gəlincə,
inqilabdan əvvəlki və sonrakı dövrlər, sovet
hakimiyyətinin qurulması illəri, qolçomaqlarla
mübarizə, həyata yeni gözlərlə baxan gənc
kommunistlər və sair bu kimi, məqamlar ilk baxışda
adama "zamanı ötmüş" kimi görünsə
də, alt qatdan sızan canlı həyat - az qala salnamə
effekti verən insan taleləri, yeni quruluşun məhv etdiyi bəy
ailələrinin qısa, təsirli tarixçələri,
yazıçının öz bioqrafiyasıyla bağlı səmimiliyi,
kimsəsizlik və itki ağrıları və sair öz
diriliyi, yazıldığı məqamların
ağrılarını özündə saxlaması qüdrəti
ilə məni heyran etdi. Mən Əli Vəliyevin
yaxşı yazıçı olduğunu bilirdim, ölməz
və əbədi mətnlər müəllifi olduğunu isə
yalnız indi anladım. Bu gün dünya ədəbiyyatı
xəzinəsini mükəmməl şəkildə ələkdən
keçirəndən sonra "Əli Vəliyev ölməz mətnlər
müəllifidir" demək elə də asan məsələ
deyil. O ki, qaldı mənim onu davam etdirməyimə, məncə,
bizi nəsrdə bir araya gətirən nə isə var. Amma
onun nə olduğunu hələ dəqiq anlaya bilmirəm.
- Yazdığınız
hekayələr babanızın xoşuna gəlirdi?
- Bunu bilə
bilmədim. O, sözün əsil mənasında, zəhmətkeş
idi. Günün əksər hissəsini yazı
masasının arxasında keçirirdi. Hətta
bildiyimə görə yay ayları istirahət evlərində
onunla bir dincələn yazıçıları da işləməyə
vadar edirdi. Qalan vaxtlarını o, uzaq
dağ kəndlərindən evinə axışan adamların
problemləri ilə məşğul olurdu. Evi, həyəti daim adamla dolu olardı. Bu qədər
vacib, əhəmiyyətli işlərin arasında mənim
hekayə yazmağım yəqin ki, onun diqqətini cəlb eləmirdi,
amma ara-sıra görüşdüyümüz zaman zarafatla mənə:
"Salam kolleqa" deyə müraciət eləməyindən
yazılarımı oxuduğunu anlayırdım. Bəlkə də o, mənim hekayə
yazmağıma bir o qədər də ciddi
yanaşmırdı, bunun ötəri həvəs, yaxud
baş qatma olduğunu düşünürdü. Hər halda mən özüm də onun
marağına, yaxud diqqətinə ehtiyaclı olduğumu
xatırlamıram.
- Neçə
vaxtdır kitab buraxmırsınız. Səbəb
nədir?
- Tez-tez
kitab buraxmağın, oxucuların zəhləsini tökməyin
əleyhinəyəm. Bir də bununla məşğul
olmaq lazımdı, mənim isə buna vaxtım yoxdur. Təsəvvür edin, iki cildliyimi nəşrə
hazırlamağa düz iki ilim getdi. Düzdü,
arada bir nə isə qaralamağa imkan tapırdım, amma
tamlıqla özünə qapılmaq olmur. Kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə nəşr olunur, yaxın günlər işıq
üzü görməlidir. Bura erkən və
son hekayələr, romanlar, pyeslər, esse və məktublar,
müsahibələr və əlbəttə ki,
"Duyğular imperiyası" silsiləsi daxil edilib.
- Son
kitabınız nə zaman çap olunub?
- 2004-cü
ildə "Yazı" adlı kiçik kitabımı nəşr
etdim. Bu, latın qrafikasına keçəndən
bəri çap etdirdiyim ilk kitabımdı. Bu
ilin aprelində isə seçilmiş əsərlərimin
toplandığı "Roman-rasskaz" adlı rus nəşri
işıq üzü gördü. Kitabın
tərtibçisi və redaktoru moskvalı təndiqçi-jurnalist
Lyudmila Lavrovadır.
- Ədəbiyyatda
qadın və kişi ədəbiyyatı
bölgüsünə münasibətiniz necədir?
- Bu bölgü
mənə həmişə bizim məclislərdə tez-tez
rast gəlinən kişi-qadın bölgüsünü xatırladır.
Gedirsən ki, gözəl süfrə
açılıb, kişilər masanın bir tərəfdə
oturublar, qadınlar o biri tərəfində. Və yuxarı başda mütləq kişilər
oturub. Burda da belə. Bir
də olsun ki, bu, bizim bu günkü ədəbiyyat
qarmaqarışıqlığında nəyisə ayırd
etməkdən ötrü onu heç olmasa, iki hissəyə
- kişiyə və qadına ayırmaq ehtiyacından irəli
gəlir. Mənə gəlincə, ədəbiyyat
birdir və nəyinki kişi-qadın prizmasından, millət,
ərazi və zaman nisbətindən yanaşanda belə o,
birdir, əbədi və yeganədir. Və
əgər burda qadın nəfəsi necə isə, duyulursa,
bunu bu ədəbiyyatın üstünlüyü, yaxud əskikliyi
kimi qiymətləndirməyin məntiqi nədir? Corc Sandı və Virciniya Vulfu, yaxud Aqata Kristini
götürək. Corc Sand qadın
baxışları və hissiyyatı ilə dolu əsərlərin,
digərləri tam fərqli - cinsi bilinməz ədəbiyyatların
müəllifləridir. İndi necə deyək,
bunun hansı qadın ədəbiyyatıdır, yaxud hansı
hansından üstündür? Bu
çaşqınlıq qadın ədəbi qəhrəmanlarına
münasibətdə də var. Yaradıcılığım əsasında
doktorluq müdafiə etmiş avstriyalı Sena Dohan belə mənim
qadın qəhrəmanlarımın üzüntülərini
hüquqları tapdanmış qadının, Şərq
qadınının üzüntüləri kimi qiymətləndirib.
Əslində isə bu, özünü, öz ali
MƏNini darısqal sosiallıq məngənəsindən
qurtarmağa cəhd edən İnsan üzüntüləridi.
- Günel Mövlud yazır ki, Afaq Məsudun əsərlərindəki
qadınlar məişətdən bezmiş qadınlardır, amma
tipik Azərbaycan qadınlarının əsas problemi məişət
içində boğulmuş adamlardır. Bu fikirlə razısınız?
- Məişət
heç zaman mənim üçün problem olmayıb və bu
səbəbdən qəhrəmanlarımın problemi də bu
deyil. Sadəcə, yaşadığım ərazi
məişətə tam zidd bir qütb olduğundan o, məni
həmişə qıcıqlandırıb. Axı biz hamımız həyatın amansız diktəsi
altında yaşamağa məhkumuq?! Hər
səhər dişlərimizi fırçalamağa və sair
və ilaxır. Yəni bu var. Lakin "Sərçələr"in,
yaxud "Dovşanın ölümü"nün, ya
"İzdiham"ın qəhrəmanlarına gəlincə,
"bu qadın məişətdən bezdiyinə görə
bu hala düşüb" demək, ən azı bu mətnləri
anlamamaqdı.
- Tərcümələr
edirsiniz...
- Tərcüməyə,
əsasən öz yazı ərazimdən çıxdığım
vaxtlar ehtiyac duyuram. Bax, indi yenidən ora
qayıtmaqdan ötrü Əl Qəzalinin
"Yanlışlıqlardan qurtaran" elmi-mistik
traktatını tərcümə edirəm. "Xəzər"in növbəti sayında gedəcək.
- Sufiliyə
maraq necə yarandı?
- Sufi mətnləri
ilə tanış olduğum ilk kitabı mənə
bizim Tehran (Tehran Vəliyev - Kulis.az) gətirmişdi, hələ
2002-ci ildə. Mənim xahişimlə. Bu marağın məndə haradan, necə
yarandığını indi dəqiq xatırlamıram, amma
Tehranın kitabı mənə verərkən, "onlarla bir
az ehtiyatlı olmaq lazımdı" dediyi yaxşı
yadımdadır. Onda bu xəbərdarlıq
mənə qəribə gəldisə də, kitabı
oxumağa başlayan kimi vəziyyətin həqiqətən təhlükəli
olduğunu başa düşdüm. Belə
ki, bunun oxuduğum ədəbiyyatlara bənzəməyən
tam fərqli mətnlər olduğunu mütaliə zamanı
içimdə yaranan təlatümə bənzər qəribə
axıntılardan anladım. Hətta arada
bir mənə elə gəldi ki, burdakı hərflər də
nə isə, tam fərqli, yəni istənilən məqam
yerlərini və yönlərini dəyişməyə qadir
mistik işarələrdir. Bu mətnlər
ilk baxışda fəlsəfi fikir yığnağı təsiri
bağışlasa da, onlarla işləməyə
başlayanda yuxuyla reallıq arasındakı hala bənzər
qəribə vəziyyətlərə
düşdüyümü hiss edirdim. Hər şey,
bütün reallıq mənasını və əhəmiyyətini
itirirdi... Qısaca desəm, bu mətnlərlə
işləmək - tam fərqli ərazilərə
düşmək deməkdi. Hər halda mənimlə
bu belə olur. Əlimdəki tərcümə
düşünürəm ki, onu anlayanlar üçün
astanasına çatdığımız xilas rolunu oynaya bilər.
- Amma Qəzalini
bəzi sufi təriqətlərini İslama
bağlaya bilmədikləri səbəbindən kafir elan
edirdilər...
- Bu, belə
deyil. Bir vaxtlar mənim də "sufi" deyəndə,
təsəvvürümə tərki-dünyalıq, uzunətəkli,
cır-cındır libaslarda mağaralarda yaşayan dərvişlər
gəlirdi. Böyük sufilər isə İslamı
dünyanın bir çox ölkələrində bərqərar
edən dərin bilikli mütəfəkkirlərdir, Bağdad,
Şam, Xorasan, Tus kimi şəhərlərin İlahiyyat
universitetlərinin, bizim dildə desək, prorektorları və
kafedra müdirləri, cild-cild mistik-elmi əsərlər
müəllifləridirlər.
- İslamla sufiliyi necə fərqləndirirsiniz?
- İslam - insanın, onun ailəsinin və yaşadığı
cəmiyyət modelinin qorunub saxlamasının təminatçısıdır.
Bu mənada İslam humanist dindir, o, ilahi sirləri
tam açıqlamır. Quranda bir çox
mətləblər müstəsna insan dərəcələri
üçün gizli işarələr və kodlarla verilir.
Burda məqsəd - orta insanın qavrayışının
nəzərə alınmasıdır. Quran
İlahiyə aparan yolun səmtini göstərirsə də,
eyni zamanda insanı öz şəfası və Rəhmi ilə
qoynunda qoruyub saxlaya bilir. İnsan
şüuru üçün dərkedilməz və bu səbəbdən
yasaq olunan ilahi həqiqətləri gizlidə saxlaya-saxlaya
insana məhvərindən çıxmağa imkan vermir.
Həqiqətən də, yol asan keçilən
yol deyil. Quran: "Ey Mühəmməd, səndən
ruhla bağlı soruşsalar, de ki, bu Rəbbimin sirlərindəndir",- deyib, ruh barədə bilgini gizli saxlayır. Çünki Freyd deyən kimi, "Əgər insan
öləcəyini bütün reallığı ilə dərk
edərsə, o bircə saat da yaşaya bilməz". İnsanın Ölüm dərki, yəni əbədi
mövcudluğun dərketmə nöqtəsi
bağlıdır. Bu həmin o nöqtədir
ki, Kainat və ruh haqqında bilgini qəbul edə bilmir.
Sufilik isə həmin o gizli nöqtənin sirrindən
təkan alır və burda daha İslamın qoruma mexanizmi işləmir.
Buna Allaha və onun misilsiz gözəlliklərinə
qapanan ilahi eşq mane olur. Məhz bu səbəbdən sufi İlahiyə aparan yolu bütün
uçurumları və hüdudsuz ənginlikləri ilə
insanın gözü qarşısında açmaqdan çəkinmir
və anlayanın sonrakı taleyinin fərqinə varmır. Sufi mətnləri ilə işləyərkən,
Ölümü bir addımlığında hiss edirsən.
Bu mətnləri sadəcə oxuyub, "sufiliklə
tanış oldum" demək də olar. Ölümü
yalnız yasda yadına salıb, "İnsan bu dünyadan
üç metrlik kətandan savayı nə aparır ki?"
deyən və yasdan birbaş dükan-bazara qaçanlar kimi.
Yəni bir var onu nəzəri cəhətdən
anlamaq, bir də var canında hiss etmək.
- Kimi
oxuyandan sonra yazmağa başladınız?
-
Açığını deyim, ədəbiyyat oxumuram. Oxuya bilmirəm. Bütün ədəbiyyatlar
mənə darıxdırıcı və mənasız gəlir.
Orta məktəb və tələbəlik illərində
oxuduqlarımdı. Bu da əsasən,
darıxdırıcı yay tətilləri zamanı baş
verirdi. Mən darıxmaqdan oxuyurdum. Atamın zəngin kitabxanası, üstəgəl
350 cildlik dünya ədəbiyyatı kitabxanası. Demək olar ki, hamısını oxumuşam.
- Son
zamanlar nə isə oxuyursunuz?
- Sufilərdən
sonra ədəbiyyat mənə üstü ildırımlı,
yağışlı dənizdən elektrik lampasıyla işıqlanan
dördkünc vanna otağına girmək təsiri bağışlayır.
Ara-sıra saytlara baxıram. Ötən həftə "Qafqazinfo"da Musa
Yaqubun ata ölümü mövzusunda yazdığı dahiyanə
bir şeirini oxudum. Kafkasayağı bir
atmosferə düşdüm. Atanın
ölümünü təsvir edən bu kiçicik şeirdə
həqiqi ölümünün, yəni o biri üzün
havası var. Burda hər şey, hava və ildırım, hadisələr
və personalar misralara hopmuş Ölümün rəngindədi.
Ədəbiyyat budur.
- Elif Şafakın
"Aşk" romanını oxumusunuz?
- Yox,
oxumamışam. Bu yazıçı barədə
yazılan bir məqalədə əsərlərindən
sitatlar gözümə dəyib. Onu deyə
bilərəm ki, romantik yazardı. Bu xanımın
Şəms Təbrizi kimi nəhəng sufinin həyatından
yazdığını eşitmişəm. Amma axı sufilik romantika deyil?! Ora
kələ-kötür, təhlükəli
uçurumlardır?
- Bədii ədəbiyyatda
bu haqda yazmağı düşünürsünüz?
- Mənsur Həllacın Allaha olan dəli eşqi
barədə mistik-psixoloji pyes yazmaq istəyirəm. Daha doğrusu, onu yazmağa başlamışam.
Bu, nəhəng sufidir, Allaha olan sevgisinə, Nəsimidən
bir neçə əsr əvvəl dediyi "ən-əl həqq!"
şüarına görə onu İsa peyğəmbər
kimi çarmıxa çəkiblər. Bir
qədər yazmışam, tam girişməyə isə hələ
ürək eləmirəm. Gərək
özü gəlsin. Bu mövzuya, yəni
ilahi eşq mövzusuna mən vaxtı ilə "O məni
sevir" əsərində toxunmuşam. Burda
isə bunu tarixi faktlarla açıqlamağa cəhd edəcəyəm.
Kərbəla hadisələri barədə pyes
yazmışam. Bu, Kərbəla faciəsinin
Afaq yozumudur. Əsər peyğəmbər
ümmətinin alilik və şəhidlik dərəcəsi
barədə, Həzrət Əlinin qızı Xanım Zeynəbin
bənzərsiz, pak şəxsiyyəti barədədir. Bu haqda daha ətraflı əsər inşallah
tamaşaya qoyulandan sonra danışarıq. İndi isə onu pyes halında yaxın günlərdə
işıq üzü görəcək ikicildlikdə oxuya bilərsiz.
- İnternetdə olursunuz? Facebookda
varsınız?
- Yox-yox,
buna nə vaxtım, nə də həvəsim yoxdu. Ümumiyyətlə, bu Facebook deyilənin nə
olduğunu bilmirəm. Ara-sıra vaxtım
olanda, müəyyən saytlara girirəm. Əsasən
ədəbiyyat portallarına baxıram. Sizin Kulis.az-a,
Kult.az.-a, Qafqazinfo-ya və sair. Amma başqa
saytlara mütəmadi baxa bilmirəm, çünki bundan
halım xarablaşır. Ümumiyyətlə,
mən mənə dəxli olmayan məlumatlardan pis oluram, elə
bil zəhərlənirəm. Başım
ağrıyır, ürəyim bulanır. Olsun ki, bu informasiyalar məndə olan ayrı xassəli
məlumatlarla reaksiyaya girir.
- Ədəbiyyatımızın indiki durumunu necə
görürsünüz?
- Bizim xalq
bir vaxtlar ədəbiyyatı sevirdi, oxuyurdu, kitaba hörməti
var idi. Bu gün isə kitab gözdən
düşüb, dəyərini elə itirib ki, insanlar ondan
üz çeviriblər. Əcaib mətnlərlə
dolu təhsil kitabları bir tərəfdən, sponsorlar
hesabına buraxılan özfəaliyyət ədəbiyyatlar
o biri tərəfdən, bir-biri ilə yarışa girən
"imza günləri", təqdimetmə mərasimləri bu
biri tərəfdən. Aləm bir-birinə
qarışıb. Yazıçılar dalğa-dalğa
gəlir, bir dalğa o birinin üstündən aşır... Dörd bir yandan "Bura baxın! Yazıçı mənəm!" deyən
qışqırtıları eşidilir. Heç kim də bu "ədəbiyyat", "bədii
əsər" deyilən şeyin nə olduğunun, bunun nə
ilə və necə yeyilməli olduğunun fərqinə
varmır. İlk əvvəl anlaşılmalıdır
axı ki, bu ədəbiyyat dediyimiz nədir?..
Dava nəyin uğrunda gedir? Bu,
nəfis tərtibli qalın kitabdırmı? Yoxsa, sinonim və antonimlər, təşbehlər və
bənzətmələr dolu misralar yığnağıdı?
Yoxsa, dava "yazıçı" adı
uğrunda gedir? Amma niyə və nədən
ötrü, bunu anlamıram. Axı daha heç kimə
bu ada görə nə ev, nə
maşın, nə torpaq sahəsi vermirlər?! Allah xətrinə,
kim yazmaq istəyir, yazsın,
"yazıçı" adını ona onun
yazdığı yox, ədalətli və amansız Zaman verəcək.
İnanmıram ki, hər hansı ciddi
yazıçı, ya şair "yazıçı"
adı qazanmaq uğrunda əsər yazıb. Hər halda beləsi yadıma gəlmir. Yazıçılıq, mənə görə, bu
dünyada diri-diri boğulub ölməməkdən
ötrü içində öz-özünlə
apardığın savaşlardan yaranır. Yaxud, belə də demək olar ki,
"yazıçı" adını bu dünyada
ölüb tamamilə ayrı ərazidə doğulan və
orda yaşayıb-yaradan müstəsna qələm adamları
qazanır. Yazmaq bir vaxtlar mənim
üçün də xilas yolu olub. Uzun
illərlə orda gizlənmişəm. İndi
isə bu, mənim yaşam tərzimdir. Yazdıqlarıma
görə heç vaxt heç bir təmənnam olmayıb.
Pulsuz-parasız yazmışam. Aylar və illərlə. Tanınmaq
təmənnam da olmayıb, bunu siz də bilirsiniz. İmzamın tanınmasını əlbəttə
ki, istəmişəm. Əsərlərimi
axtaran oxucularımın onları tapıb oxusunlar deyə.
Yəni sözümü ona gətirirəm ki,
ilk əvvəl ədəbiyyatın nə olduğunu dəqiqləşdirək.
Bu, çox vacibdir. Sonra ondan nə istədiyimizi
anlayaq...
Ekspress. – 2012. – 9-12 noyabr. – S. 11,23.