Ali məktəblər öz başlarına çarə
qılacaqlar
Nazir bir tərəfdən sevinir, digər tərəfdənsə...
Azərbaycanın ali məktəblərində lüzumsuz kafedra və fakültələrin sayı azaldılmalıdır. Bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə deyib.
"Demirəm ki, kafedra və fakültələrin sayı kütləvi şəkildə azalsın. Sayın artırılmasındansa, hər halda məktəblərdə daha çox qabiliyyəti olan işçilər saxlanılmalıdır", - deyə Mərdanov bildirib. Onun sözlərinə görə, ali məktəb rəhbərləri "optimal, çevik bir variantı seçib, ali məktəbi yaşatmalıdırlar".
Nazir deyib ki, dövlət sifarişli yerlər üzrə tələbə qəbuluna başladıqda bunun ali məktəblərdə daha sağlam rəqabət mühiti yaradacağı və dövlət sifarişli yerlər üzrə daha çox tələbə qəbulu aparan məktəbin işinin yaxşı olacağı hesab edilib: "Əlbəttə, bütövlükdə bu istiqamətdə müsbət işlər getsə də, biz hələ gözlədiyimizi ala bilməmişik"("Trend").
Mərdanov əlavə edib ki, bu gün ali məktəblərin büdcələrinin iki əsas mənbəyi var. Onlardan biri ödənişli əsaslarla təhsil alan tələbələrin ödədiyi təhsil haqqı, digəri isə dövlət sifarişli yerlər üzrə təhsil alanlar üçün dövlətin ali məktəblərə verdiyi maliyyə vəsaitidir. Nazir hesab edir ki, eyni ixtisas üzrə dövlət sifarişli yerlərdə təhsil alanlar üçün dövlətin ali məktəblərə verdiyi maliyyə vəsaiti ödənişli yerlər üzrə təhsil alan şəxsin ödədiyi vəsaitdən kifayət qədər yüksək olmasa, bu addımın ciddi əhəmiyyəti olmayacaq.
Onun sözlərinə görə, ali məktəb dövlət sifarişli yerlər üzrə təhsil alanların sayının çox olmasında maraqlı olmalıdır. Bu maraq da o zaman ola bilər ki, dövlət sifarişli yerlər üzrə təhsil alanlar üçün dövlətin ali məktəblərə verdiyi maliyyə vəsait ödənişli yerlər üzrə təhsil haqqının məbləğindən yüksək olsun. "Hələlik bu istiqamətdə işlər aparılır. Ola bilər ki, gələcəkdə bu işin gedişində bəzi ali məktəblər üçün ciddi problemlər yaransın. Ona görə də ali məktəblərin rektorları, Elmi Şuraları bu məsələni ciddi müzakirə etməlidir".
Təhsil naziri hesab edir ki, ilkin mərhələdə Azərbaycanın dövlət ali məktəblərində işçilərin əmək haqlarının məktəb rəhbərliyi tərəfindən müəyyənləşdirilməsi məsələsi müəyyən qədər tənzimlənməlidir.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin (NK) "Dövlət ali məktəblərinin işçilərinin əmək haqlarının və ona əlavələrin verilməsi barədə qərarı"nın ləğv edilməsindən sonra ali məktəb rəhbərliyi istədiyi müəllimə müəyyən çərçivələr daxilində əmək haqqı verməlidir. Nazir deyib ki, indiyədək bu çərçivə bəlli idi və NK tərəfindən müəyyənləşdirildi. "Buna görə də indi hər halda həm nazirlik, həm də hər bir ali məktəb səviyyəsində müəyyən çərçivə sənədləri hazırlansa və ilkin vaxtlarda bu məsələ tənzimlənsə, daha səmərəli olar".
Nazir qeyd edib ki, hazırda ali məktəb rəhbərləri də bu məsələ ilə bağlı ona tez-tez müraciət edirlər. Ümumilikdə Nazirlər Kabinetinin son qərarını ürəkaçan bir sənəd hesab edən Mərdanov deyib ki, hər bir zaman təhsil müəssisələrinə muxtariyyət hüququnun verilməsi arzu edilib.
Onun sözlərinə
görə, ali məktəblərin bu hüquqları nə qədər geniş olsa, bir o qədər
yaxşı olar. "İndi
də Azərbaycan hökuməti Maliyyə Nazirliyinin
təklifi ilə ali məktəb
işçilərinin əmək haqlarının müəyyənləşdirilməsi
məsələsini ali məktəblərin
rəhbərliyinə - Elmi
Şuraların ixtiyarına verib. Bu, əslində sevindiricidir. Amma mən uzun müddət
ali məktəbdə
çalışmış bir insan kimi
bu qərarın necə icra olunması və onun ali təhsilə
necə fayda verməsi barədə bu gün fikir
söyləməkdən uzağam",- deyə Mərdanov
bildirib.
Ekspress. – 2012. – 13 noyabr. – S. 5.