Dövlət investisiyaları və
qeyri-neft sektorunun
inkişafı
Azad sahibkarlığın və liberal
iqtisadiyyatın təşviqi
Son illərdə Azərbaycanda
iqtisadiyyata yönəldilən investisiyaların daha çox
hissəsini daxili investisiyalar təşkil edir.
Rəsmi statistikaya görə, 2008-ci ildən
başlayaraq iqtisadiyyata qoyulan sərmayələrin 50%-dən
çoxu daxili sərmayələr olub. Həmin ildə
iqtisadiyyata 13,328 milyard manat sərmayə qoyulub. Sərmayələrin
7,7 milyard manatını (57,77 %) daxili investisiyalar təşkil
edib.
Sonrakı illərdə nisbət daha da
artıb və 2011-ci ildə cəmi investisiyaların 60 %-i, yəni
10,26 milyard manatı daxili investisiyalar olub. Ötən il xarici
investisiyaların həcmi 6,849 milyard manat təşkil edib.
Müqayisə üçün xatırladaq ki, 2003-cü ildə
daxili investisiyalar cəmi investisiyaların 22 %-ini, 2004-cü
ildə 22,75 %-ini, 2005-ci ildə 31,2 %-ini
formalaşdırıb.
Daxili investisiyaların həcminin
artmasında dövlət investisiyalarının həcminin kəskin
yüksəlməsi şərait yaradıb. Dövlət
investisiyalarının həcminin artmasına isə dövlət
büdcəsindən ayrılan əsaslı vəsait
qoyuluşunun çəkisinin yüksəlməsi imkan verib.
2009-cu ildə dövlət büdcəsindən əsaslı
vəsait qoyuluşu üçün 4,7 milyard manat, 2010-cu ildə
4,157 milyard manat, 2011-ci ildə 5,86 milyard manat ayrılıb.
2012-ci ildə dövlət büdcəsində əsaslı xərclərin
dövlət əsaslı vəsait qoyuluşu xərclərinə
yönəldilən hissəsi 5,77 milyard manat nəzərdə
tutulub. Bu göstəricilər iqtisadiyyata yönəldilən
cəmi daxili investisiyaların daha böyük hissəsini
formalaşdırıb.
Ümumi dinamikadan belə
görünür ki, dövlət büdcəsinin xərcləri
artdıqca əsaslı vəsait qoyuluşunun həcmi və
iqtisadiyyata yönəldilən daxili sərmayələrin həcmi
də artacaq. Buradan belə bir nəticə hasil olur ki, daxili sərmayələrin
əsas idarəedici dövlətdir. Dövlətin daxili sərmayələrdə
sahib olduğu inhisarçı mövqe dövlətə
daxili sərmayə siyasətinin formalaşdırılmasına
imkan verir. Amma burdan elə bir nəticə
çıxarılmamalıdır ki, dövlət yalnız
arzu etdiyi sahələrə sərmayə yönəldir, sərmayə
ünvanlarını müəyyənləşdirən zaman
səlahiyyətli şəxslərin istəyinə uyğun
davranır. Sərmayə qoyuluşunda əsas meyar
iqtisadiyyatın və sosial sahələrin davamlı
inkişafının təmin edən şəraitin
formalaşdırılmasıdır.
Dövlət həmin sahələrin
inkişafının zəruriliyi həqiqətini qəbul edərək
sərmayələrin mütləq əksəriyyətini həmin
sahələrə qoyur. Məhz bu cür yanaşma dövlətin
investisiyalardan nə dərəcədə səmərəli
istifadə etdiyinin əsas göstəricisidir.
Yaxın illərə nəzər
yetirdikdə aydın olur ki, 2009-cu ildə dövlət
büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu üçün ayrılan 4,71 milyard manat vəsaitin
bölgüsü əsasında Nəqliyyat Nazirliyinə
958,706 milyon manat, Mədəniyyət və Turizm Nazirliyinə
95,904 milyon manat, Səhiyyə Nazirliyinə 28,493 milyon manat, Gənclər
və İdman Nazirliyinə 45,234 milyon manat, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 43,146 milyon manat,
Təhsil Nazirliyinə 44,931 milyon manat, Ədliyyə Nazirliyinə
45,717 milyon manat, Bakı Metropoliteni İdarəsinə 107,25
milyon manat, "Azərsu" ASC-yə 97,062 milyon manat,
"Meliorasiya və Su Təsərrüfatı" ASC-yə
88,057 milyon manat, "Azərenerji" ASC-yə 240,526 milyon
manat, "Azərbaycan Hava Yolları" QSC-yə 54,721 milyon
manat və s. vəsait ayrılıb. 2009-cu ildə dövlət
investisiya proqramı çərçivəsində nəqliyyat
sektorunun xüsusi çəkisi 24,2 %, kommunal sektorun xüsusi
çəkisi 8,8 %, sənaye və energetika sahəsinin
xüsusi çəkisi 6,9 %, su ehtiyatları və irriqasiya
sektorunun xüsusi şəkisi 3 % təşkil edib. Səhiyyə
obyektlərinin tikintisi və təmirinə 58,92 milyon manat, elm
və təhsil obyektlərinin tikintisi və təmirinə
73,726 milyon manat, əlil və şəhid ailələri
üçün yaşayış evlərinin tikintisinə
41,146 milyon manat vəsait qoyulub.
2010-cu il ərzində bütün maliyyə
mənbələrindən əsas kapitala 9,7 milyard manat və
ya əvvəlki ildəkindən müqayisəli qiymətlərlə
21,2 % çox vəsait yönəldilib və onun 6,4 milyard
manatı tikinti-quraşdırma işlərində istifadə
edilib. Əsas kapitala yönəldilən vəsaitin 75 %-i
daxili mənbələr hesabına təmin edilib. Sərf edilən
sərmayələrin 48,6 %-i məhsul istehsalı, 51,4 %-i xidmət
sahələri obyektlərinin inşasında istifadə olunub.
2010-cu ildə dövlət investisiya
proqramı çərçivəsində nəqliyyat
sektorunun xüsusi çəkisi 40,5 %, kommunal sektorun xüsusi
çəkisi 7,6, sənaye və energetika sahəsinin
xüsusi çəkisi 5,7%, su ehtiyatları və irriqasiya
sektorunun xüsusi çəkisi 5,3 % təşkil edib. Səhiyyə
obyektlərinin tikintisi və təmirinə 82,92 milyon manat, elm
və təhsil obyektlərinin tikintisi və təmirinə
82,464 milyon manat, əlil və şəhid ailələri
üçün yaşayış evlərinin tikintisinə
67,496 milyon manat vəsait ayrılıb.
2011-ci ildə infrastruktur, sosial və digər
sahələrin inkişafına yönəldilən dövlət
əsaslı vəsait qoyuluşu xərclərinin həcmi
5,863 milyard manat təşkil edib.
2011-ci ildə infrastruktur layihələrinə
ümumilikdə 3,498 milyard manat vəsait, yəni dövlət
büdcəsində dövlət əsaslı vəsait
qoyuluşunun 59,7 %-i xərclənib.
Dövlət əsaslı vəsait
qoyuluşu üçün nəzərdə tutulan vəsaitin
1,933 milyard manatının (dövlət büdcəsində
dövlət əsaslı vəsait qoyuluşunun 33 %-i) nəqliyyat
layihələrinə yönəldilməsi bu sahənin
prioritetliyinin göstəricisidir. Kommunal infrastruktur layihələrinə
922,5 milyon manat (dövlət büdcəsində dövlət
əsaslı vəsait qoyuluşunun 15,7 %-i) vəsait
ayrılıb. Su ehtiyatları və irriqasiya layihələrinə
198,9 milyon manat (dövlət büdcəsində dövlət
əsaslı vəsait qoyuluşunun 3,4 %-i) vəsait yönəldilib.
Sənaye və energetika layihələrinə
413,1 milyon manat (dövlət büdcəsində dövlət
əsaslı vəsait qoyuluşunun 7,1 %-i), kənd təsərrüfatı
layihələrinə ayrılmış vəsait isə 17,6
milyon manat (dövlət büdcəsində dövlət əsaslı
vəsait qoyuluşunun 0,3 %-i) təşkil edib.
Sosial yönümlü layihələrə
2011-ci ildə ümumilikdə 1,627 milyon manat vəsait, yəni
dövlət büdcəsində dövlət əsaslı vəsait
qoyuluşunun 27,75 %-i ayrılıb.
Ümumtəhsil məktəblərinin və
peşə liseylərinin təmiri və tikintisinə 308
milyon manat (dövlət büdcəsində dövlət əsaslı
vəsait qoyuluşunun 5,25 %-i) vəsait ayrılıb.
Respublikanın ali təhsil müəssisələrinin
təmiri və tikintisi, eləcə də digər elm xərcləri
90,1 milyon manat (dövlət büdcəsində dövlət əsaslı
vəsait qoyuluşunun 1,5 %-i) təşkil edir. Səhiyyə
obyektlərinin tikintisi, təmiri və müasir
avadanlıqlarla təchiz olunması üçün
ümumilikdə 128,4 milyon manat (dövlət büdcəsində
dövlət əsaslı vəsait qoyuluşunun 2,2 %-i) nəzərdə
tutulub, respublikanın rayon və şəhərlərində
əlil və şəhid ailələri üçün
yaşayış evlərinin tikintisinə isə 42,5 milyon
manat (dövlət büdcəsində dövlət əsaslı
vəsait qoyuluşunun 0,7 %-i) yönəldilib.
Mədəniyyət obyektlərinin
tikintisi, bərpası və yenidənqurulması işlərinə
979,8 milyon manat (dövlət büdcəsində dövlət
əsaslı vəsait qoyuluşunun 16,7 %-i) vəsait
ayrılıb. İdman obyektlərinin tikintisinə 57,3 milyon
manat (dövlət büdcəsində dövlət əsaslı
vəsait qoyuluşunun 1 %-i), qaçqınların və məcburi
köçkünlərin sosial-yaşayış şəraitinin
yaxşılaşdırılmasına dair tədbirlərin
maliyyələşdirilməsinə isə 17,3 milyon manat
(dövlət büdcəsində dövlət əsaslı vəsait
qoyuluşunun 0,3 %-i) vəsait ayrılıb.
Beləliklə, dövlətin investisiya
siyasətinin əsas prioritetlərini daha əlverişli
investisiya mühitinin təmin edilməsi üçün
ümumi biznes şəraitinin
yaxşılaşdırılması, xüsusi mülkiyyətin
qorunması və korporativ idarəetmənin təkmilləşdirilməsi,
bütün investorlar üçün azad rəqabət
mühitinin yaradılması, sabit normativ-hüquqi rejimin təmin
edilməsi və iqtisadi sabitliyin qorunması prinsiplərinə
əsaslanan istiqamətlər təşkil edir. Dövlət
istəyir ki, qoyduğu sərmayələr hesabına ölkə
iqtisadiyyatının, xüsusilə, qeyri-neft sektorunun
davamlı və tarazlı inkişafına, əhalinin iqtisadi
və sosial ehtiyaclarının təmin olunmasına,
regionların inkişafına, ölkənin iqtisadi təhlükəsizliyinin
təmin edilməsinə, ətraf mühitin mühafizəsinə
yönəldilmiş dövlət əhəmiyyətli
investisiya layihələrinin sistemli və səmərəli
şəkildə həyata keçirilməsini təmin etsin.
Son 3 ildə istifadə edilən vəsaitlərdən görünür
ki, dövlət investisiyalarında əsas ünvanlar
infrastruktur sahələrinin inkişafı və onların
davamlı istismarının təmin edilməsi, investisiya
axınının qeyri-neft sektorunun və regionların
inkişafına yönəldilməsinin
stimullaşdırılması, regionlar arasında
investisiyaların bölgüsünün
optimallaşdırılması, ölkədə investisiya fəaliyyətinin
sosial istiqamətinin gücləndirilməsi, insan
kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyi
olub. Neft gəlirlərindən səmərəli istifadə
etməklə bu vəsaitin bir hissəsi insan
kapitalının, qeyri-neft sektorunun inkişafını təmin
etmək üçün infrastrukturun yenidən qurulmasına,
iqtisadi-sosial inkişaf konsepsiyasına uyğun olaraq
bütün sahələr üzrə dövlət
proqramlarında nəzərdə tutulmuş tədbirlərin
maliyyələşdirilməsinə yönəldilir.
Önəmli məsələlərdən
biri budur ki, son illər qeyri-neft sektoruna qoyulan investisiyalar
artıb və onun xüsusi çəkisi 2003-cü ildəki
26,8 %-dən, 2011-ci 72,4 %-dən artıq olub. Bu da onu göstərir
ki, dövlət iqtisadiyyatın şaxələndirilməsi və
qeyri-neft sektorunun inkişafı istiqamətində tədbirlər
həyata keçirir. Ümumiyyətlə, 2012-2015-cü illər
üçün ölkədə dövlət investisiya siyasətinin
ana xəttini investisiya axınının qeyri-neft sektorunun və
regionların inkişafına yönəldilməsinin
stimullaşdırılması, regionlar arasında
investisiyaların bölüşdürülməsinin
optimallaşdırılması, ölkədə investisiya fəaliyyətinin
sosial istiqamətinin gücləndirilməsi, dövlət
investisiya siyasətinin tam şəffaflığının təmin
edilməsi, ölkənin iqtisadi təhlükəsizliyinin təmin
olunmasına nəzarətin gücləndirilməsi, dövlətin
müdafiə qabiliyyətinin artırılması olacaq.
Sadalanan hədəflərə nail olmaq dövlətin
investisiya qoyuluşundan səmərəli istifadə etməsindən
asılı olacaq.
Vasif CƏFƏROV
Ekspress. – 2012. – 13 noyabr. – S. 9.