Kiçik sahibkarların maliyyə təminatı

 

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

 

Həm xarici ölkələrdə, həm də Azərbaycanda kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin üzləşdiyi əsas çətinliklərdən biri maliyyə təminatı, maliyyə mənbələrinə çıxış imkanlarıdır. Uzun illərin təcrübəsi göstərir ki, hər üç KOS-dan ikisi üçün dövriyyənin maliyyələşdirilməsi problemdir və bu məsələlər onları daha çox narahat edir.

Son illərdə dünya və Avropa iqtisadiyyatında baş verən böhran KOS-ların maliyyə təminatı məsələlərini bir qədər də ağırlaşdırıb. Avrozonada kiçik və orta sahibkarlığın (KOS) maliyyəyə çıxış imkanları ilə bağlı Avropa Mərkəzi Bankı və Avropa Komissiyası tərəfindən 2011-ci ilin avqust-oktyabr aylarında avrozonada 8316 KOS arasında sorğu keçirib. Bütövlükdə sorğu nəticəsində KOS-ların maliyyə fəaliyyətinin pisləşdiyi müəyyən olunub. Sorğuda iştirak edən şirkətlərin 9%-i dövriyyəsinin azaldığını, 40%-dən çoxu əmək xərcinin artdığını, 15%-i isə mənfəətinin azaldığını qeyd edib. KOS-ların maliyyə vəziyyətinin pisləşməsi maliyyəyə çıxış imkanlarını da əngəlləyib. Sorğu nəticələri göstərir ki, əgər ötən illər bank krediti üçün hər 10 KOS müraciətindən 9-na müsbət cavab verilirdisə, hazırda bu 7-ə bərabərdir.

KOS-ların kredit əldə etməklə bağlı üzləşdiyi çətinliklər sadəcə Avropa ölkələrinin sahibkarları üçün aktual deyil. Azərbaycanda da KOS-lar maliyyə vəsaitlərinə olan ehtiyaclarını ödəmək məqsədilə kredit imkanlarından yararlanmağa çalışır. Amma KOS-ların kredit imkanlarından asanlıqla istifadə etdiyini söyləmək olmaz. Tədqiqatlara görə, KOS-ların öz əsas vəsaitlərinə investisiyalarında bank kreditlərinin payı 10%-i ötmür. Eyni göstərici dövriyyə kapitalının maliyyələşdirməsində də qalır. Kiçik sahibkarlar dövriyyə kapitalının maliyyələşdirilməsində və sərmayə qoyuluşunda əsasən öz vəsaitlərindən istifadə edir. Öz vəsaitlərindən istifadə səviyyəsi 80-90 % arasında dəyişir.

Qeyd edək ki, bazar iqtisadiyyatı sistemində yaşayan ölkələrdə təsərrüfat subyektlərinin əsas maliyyələşmə mənbəyi kredit təşkilatlarıdır. Bura bankları, bank olmayan kredit təşkilatlarını, lizinq təşkilatlarını aid etmək olar. Böhranla əlaqədar xarici ölkələrdə kredit təşkilatlarının vəsaitlərindən istifadə əvvəlki illərə nisbətən pisləşsə də lakin hələ də KOS-lar üçün əsas maliyyə qaynağı olaraq qalır.

Təəssüflər olsun ki, Azərbaycanda biz bunu görə bilmirik. KOS-lar kredit təşkilatlarının imkanlarından maksimum dərəcədə yararlana bilmir. Bunun bir neçə səbəbi var.

Ümumiləşdirsək səbəbləri kreditlərin faiz dərəcələri, kredit vəsaitinə təminat və kreditin müddəti şəklində qruplaşdırmaq olar.

Araşdırmalar göstərir ki, kredit götürməyə ehtiyacı olan, amma kredit götürməyən sahibkarların yarısından çoxu faiz dərəcələrinin yüksək olduğuna inandıqları üçün banklara kredit almaq üçün müraciət etmirlər. Faiz dərəcəsinin yüksək olması məsələsi sahibkarı daha çox narahat edir.

KOS-ların orta gəlirlilik göstəricisi ilə sahibkarlara verilən kreditlərin orta faiz dərəcələrini müqayisə edərkən, kredit alma şərtlərinin qeyri-münasib olduğu nəzərə çarpır. Kiçik sahibkarlar adətən qısa müddətə kredit götürmək imkanı olduğundan alınan borcun faiz dərəcəsi də yüksək olur. Mərkəzi Bankın məlumatına görə, verilən kreditlər üzrə orta faiz dərəcəsi 15,43%-dir. Hüquqi şəxslərə verilən kreditlərdə 13,47%, fiziki şəxslərə verilən kreditlərdə isə 18,5%-dir.

Statistika göstərir ki, verilən kreditlərin müddəti uzandıqca borclanma dərəcəsi də aşağı salınır. Kredit təşkilatları daha uzun müddətə verilən kreditlərdə faiz dərəcələrinin aşağı olmasında maraqlıdır. Buna görə də bir ilə qədər verilən kreditlərdə orta borclanma dərəcəsi 19%, bir ildən üç ilə qədər olan kreditlərdə 16,8%, üç ildən beş ilə qədər olanlarda 12%, beş ildən on ilə qədər olanlarda 8,4%, on ildən uzun müddətə olanlarda isə 7,2% təşkil edir.

KOS-lara qısa müddətə kredit verildiyindən faiz dərəcəsi də yüksək olur. Bir qayda olaraq kiçik sahibkarların mənfəət səviyyəsi də yüksək olmadığından alınan krediti geri qaytarmaq böyük risk yaradır.

İkinci əsas səbəb kreditlərin təminatıdır. Heç bir kredit təşkilatı sahibkara ayırdığı krediti təminatsız vermək istəməz.

Araşdırmalara görə, bankdan kredit tələbinə imtina cavabı almış beş sahibkardan üçü, imtinanın səbəbi kimi kredit üçün təqdim edilən təminatın kredit təşkilatı tərəfindən qeyri-qənaətbəxş qiymətləndirilməsini göstərir. Müşahidələr və təhlillər göstərir ki, banklar kredit alınmasının təminatı kimi daşınmaz əmlakın girov qoyulmasına üstünlük verir. Adətən alınan kreditin məbləği girov kimi qoyulan daşınmaz əmlakın dəyərinin 50%-ni ötməməlidir. Bundan əlavə, təminatı təşkil edən daşınmaz əmlak Bakı, Gəncə və ya Sumqayıt şəhərlərinin birində yerləşmirsə, o zaman sahibkarın krediti əldə etmək şansı bir qədər də çətinləşir. Buna görə də bəzi kredit verən təşkilatlar daşınmaz əmlak təminatı verə bilməyən sahibkara mirkrokreditlər təklif edir. Hansıki, belə kreditlər üçün təminat gızıl-zinət əşyaları ola bilər. Belə təşkilatlarda verilən kreditin məbləği 10 min manata qədərdir. Yenə də zinət əşyasının dəyərinin kreditin məblğindən 50-100% baha olması istənilir.

Üçüncü səbəb kreditin müddətidir. Azərbaycanda kommersiya bankları tərəfindən KOS-ların maliyyələşdirilməsi üçün kreditlər əsasən 6 aydan 18 ayadək müddət ərzində ödənilməsi şərti ilə verilir. Bu müddətə verilən kreditlər üzrə faiz dərəcəsi 19-dur. Müddətin qısa olması sahibkar qarşısında aylıq ödənişin yüksəl olması problemini yaradır. Bu problemi bir tərəfdən qısa müddətə verilən kreditlər üzrə faizlərin yüksək olması, digər tərəfdən qısa dövrə düşən borcun böyüklüyü yaradır. Qısa müddətin hansı çətinlik yaratdığını iki nümunənin müqayisəsində daha aydın başa düşmək olar. Birinzi halda 10 min manat kredit götürən kiçik sahibkar onu 1 ilə, ikinci halda 5 ilə qaytarmalıdır. Birinci misalda sahibkar illik 19 faiz borclanır və hər ay 921,5 manat kredit borcu qaytarır. İkinci misalda isə kredit 5 ilə və hər ili 12% olmaqla hesablanır. Bu halda sahibkarın aylıq kredit borcu cəmi 222,4 manat edir. Hətta illik borclanma dərəcəsi 19% qalsa belə kiçik sahibkar 5 illik müddətə aldığı kredit üçün hər ay 921,5 manat yox, 260 manat ödəməlidir. Yaxud, qısa müddətə verilən kredit üzrə illik dərəcə 12 faiz olsa belə aylıq qaytarılacaq borc 888 manat təşkil edir.

Aparılan müqayisə sübut edir ki, sahibkar üçün kredit müddətinin daha uzun olması çox önəmlidir. On min manat kredit götürən və aylıq gəliri 700-800 manat olan sahibkar indiki şərtlərlə bu kredit borcunu qaytarması qeyri mümkündür.

Lakin kredit dərəcəsinin yüksək olması, onun qısa müddətə verilməsi və s. sahibkar üçün çətinlik yaradan məsələlərə görə, kredit təşkilatlarını, ələlxüsus bankları qınamaq olmur. Çünki onlar kredit vermək üçün istifadə etdiyi vəsaiti baha əldə edir. Azərbaycanda banklar mürəkkəb maliyyə bazarı şəraitində fəaliyyət göstərirlər və istər hüquqi, istərsə də fiziki şəxslərdən depozitləri cəlb etmək üçün yüksək faiz dərəcələri təklif etmək məcburiyyətində qalırlar. Bankın marcasını nəzərə alaraq, bu dərəcə təklif edilən kreditlərin faiz dərəcələrində öz əksini tapması təbiidir.

KOS-ların kredit götürməkdə üzləşdiyi digər çətinlik birbaşa öz fəaliyyətləri ilə bağlıdır. Kiçik sahibkarların əməliyyatları adətən şəffaf deyil və bu hal da öz növbəsində bankları bütün mümkün riskləri kreditin dəyərinə daxil etməyə məcbur edir. Araşdırma nəticəsində əldə edilmiş məlumatlara əsasən, müəssisələrin 25%-i öz əməliyyatlarının üçdə birini "kölgə" əməliyyatları vasitəsi ilə həyata keçirir. Müvafiq olaraq, faktiki əməliyyat nəticələri maliyyə və mühasibat uçotu hesabatlarında əks olunmur və rəsmi rəqəmlər hər zaman faktiki rəqəmlərdən daha azaldılmış olur.

Ona görə də banklar həqiqi həcmləri və şirkətin əməliyyatlarının nəticələrini real qiymətləndirə bilmir. Beləliklə də bu, öz növbəsində bankın kredit istəyən şəxsin kredit ala bilmə qabiliyyətini və kreditin geri ödənilməsi imkanlarını qiymətləndirmək imkanını məhdudlaşdırır. Belə hallarda, banklar müştəriləri qiymətləndirərkən "ikili mühasibat" və qeyri-rəsmi uçot sənədlərinə etibar etməli olurlar. Geniş miqyasda dəqiq məlumatların olmaması, banklar tərəfindən aparılan sektoral təhlillərə mane olur və bu bazar seqmenti ilə iş istiqamətində onların mənafelərinə əks təsir edir ki, bu da başqa bir problemin ortaya çıxmasına gətirib çıxarır.

Bütün bunlar KOS-ları kreditləşdirən banklar üçün əlavə bir qeyri-müəyyənlik yaradır və yeni risklər doğurur. Bu riskləri minimallaşdırmağa çalışarkən borc verənlər kredit müddətini azaldır və öz təhlükəsizlikləri üçün daha yüksək tələblər irəli sürürlər. Bundan başqa qeyd edilməlidir ki, çox vaxt mövcud kreditlərin möhlət müddətləri çox qısadır və ya heç mövcud deyildir ki, bu da hər hansı bir qeyri-ticarət biznesinin uzun müddətli əməliyyatlara orta müddətli investisiya qoymasını çətinləşdirir.

KOS-larla bağlı digər çatışmazlıq sahibkarların bank xidmət növləri haqqında məhdud məlumatlara sahib olması və bu sahəni ümumiyyətlə yaxşı başa düşməmələridir. Kredit üçün heç vaxt müraciət etməmiş iş adamları belə, banklarla birbaşa əlaqədən çox, digərlərindən eşitdikləri bank şərtləri və müddəalardan şikayət edirlər. Digərlərinin məlumatına əsaslanaraq kredit ala bilməyəcəyini düşünən sahibkar kredit təşkilatının qapısını döyməyi əlavə vaxt itkisi hesab edir. Buna görə də yaxşılığa doğru dəyişən əlverişli vəziyyətdən yararlanmaq imkanını da itirirlər.

 

  

Vasif CƏFƏROV

 

Ekspress. – 2012. – 14 noyabr. – S. 9.